Məhkəmə qərarları › İş №2(106)-1824/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1824/2023

07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1824/2023 07.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X30 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yığılmış aliment məbləğinin silinməsi və aliment öhdəliyindən azad edilmə tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, e-2(049)-1967/2023 saylı qətnaməsindən (hakim R.Məmmədov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2(106)-1878/2018 saylı qətnaməsi ilə X2 üzərinə qoyulmuş 26 iyul 2005-ci ildə anadan olmuş X14, 29 oktyabr 2009-cu ildə anadan olmuş X18 və 01 may 2012-ci ildə anadan olmuş X11 yetkinlik yaşına çatanadək aylıq qazancının yarısı, əlavə olaraq hər bir uşaq üçün 69 manat manat olmaqla cəmi 207 manat miqdarında sabit alimentin tutularaq Məlikov Zahidə babacan qızına verilməsinə dair aliment öhdəliyindən azad edilməsi və yaranmış 5.592 (beş min beş yüz doxsan iki) manat aliment borcunu silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı qardaşı və qəyyumu X5 2004-cü ildə Cavabdeh ilə ailə həyatı qurmuş, onların birgə nikahdan onların üç övladları dünyaya gəlmişdir - 26 iyul 2005-ci il təvəllüdlü X12, 29 oktyabr 2009-cu il təvəllüdlü X20 və 01 may 2012-ci il təvəllüdlü X15. Ailə həyatı qurduqdan sonra uzun müddət münasibətləri yaxşı olmuşdur. Lakin 2016-ci ildən başlayaraq qardaşı Məlikov Fizulinin ailəsində baş verən xoşgəlməz hadisələrə görə nikahları pozulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1878/2018 saylı 07 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən 26 iyul 2005-ci il təvəllüdlü X12, 29 oktyabr 2009-cu il təvəllüdlü X20 və 01 may 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər X1 aylıq qazancın yarısı, əlavə olaraq hər uşaq üçün 69 manat olmaqla cəmi 207 manat miqdarında sabit aliment tutularaq X10 ödənilməsi qət edilmişdir. X23 2008-ci ildən ikinci qrup əlillik dərəcəsi təyin edilmş və hər 5 ildən bir Tibbi Sosial Ekspert Komissiyasından keçməklə pensiya təyin edilirdi. Fizuli Məlikovun psixi qüsurları üzündən sonralar öz hərəkətlərini anlaya bilməməsi və idarə edə bilməməsi nəticəsinə görə nə dövlət sektorunda, nə də özel sektorda hər hansı işə düzələ bilmirdi. Zaman-zaman fiziki və psixiki qüsurları onun psixoloji və mənəvi durumunda kəskin gərginliklər yaratdı, şəxsi təsərrüfat işləri ilə də məşğul ola bilmədi. 2021-ci ilin iyun ayında Fizuli Məlikovun xaricdə müalicədə olmasına və Azərbaycanda olmamasına görə pensiyası dayandırıldı. Nəticədə 8 ay alimenti pensiyasından ödənilmədi. 2022-ci ilin yanvar ayında pensiyanın yenidən təyin edilməsi üçün Ekspert komissiyasından keçdi, yenidən pensiya təyin edildi, ikinci qrup əlilliyi bərpa edildi. Bundan sonra onun öz hərəkətlərini idarə edə bilməməsi görə fəaliyyət qabiliyyəti olmayan şəxs olması barədə Lənkəran rayon Məhkəməsinə müraciət etdik. Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edildi. Lənkəran Rayon İcra Hakimiyyətin Başcısının 16 mart 2023-cü il tarixli sərəncamı ilə İddiaçı onun üzərində qqəyyum təyin edildi. Məlikov Fizulinin 2007-ci ildən bəri (şizofreniya fasiləsiz gedişli paranoid forma remissiya baş verməyən psixotik) vəziyyət xəstəliyindən müalicə olunduğuna, əqli cəhətdən zəifliyi və ruhi xəstəliyinin olmasına görə istər dövlət sektorunda istərsə də özəl sektorda işə düzələ bilmir. Habelə öz hərəkətlərini idarə edə bilmədiyi və onların mənasını anlaya bilmədiyinə görə şəxsi təsərrüfatla da məşqul ola bilmir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Fizulinin pensiyasının ödənilməsinin dayandırılması ilə əlaqədar, Fizuli Məlikovun 5592 manat məbləğində aliment borcu yaranmışdır. Bildirmək istəyirəm ki, hal- hazırda Fizuli Məlikovun əqli zəyifliyi və ruhi xəstəliyi ilə əlaqədar Lənkəran Şəhər Psixiatriya Xəstəsxanasında həkim nəzarəti altında müalicəsini davam etdiririk. Fəaliyyət qabiliyyəti olamayan şəxsin aliment ödəməsini, yaranmış 5592 manat borcun ödənilməsi onun tərəfindən mümkünsüzdür. Onun xəstəliyi ilə əlaqədar aldığı pensiya öz şəxsi tələbatını ödəmək iqtidarında deyil. Digər tərəfdən onun üzərində aliment öhdəliyinin olması və yaranmış borcun işləyib verməməsi icra orqanı ilə bir sıra problemlər yaradır. Ona görə də yaranmış borc silinməli, o, fəaliyyət qabiliyyəti olmadığına görə aliment öhdəliyindən azad edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, o iddianı qəbul etmir. Belə ki, İddiaçı onun xəbəri olmadan uşaqların atası X3 2016-cı ildən həmişə uşaqlardan və ondan gizlətmişdir. Saxta sənədlər əsasında X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Aliment borcun silinməsinə gəldikdə isə bu uşaqların haqqıdır. Bundan əlavə aliment borcu yaranan zaman X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməmişdir. Xahiş edir ki, İddiaçı ona qarşı aliment öhdəliyində azad edilməsi və yaranmış 5592 manat aliment borcunun silinməsi barədə qətnamə edilməsi barədə iddianı rədd edilməsi barədə qətnamə qəbul edilsin. Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, e-2(049)-1967/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Eyni zamanda həmin maddənin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Belə ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən maddələrin tələblərini pozmuş, hazırkı mülki işə tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. X2 fəaliyyət qabiliyyəti olmaması, onun ağıl zəifliyindən və şizofreniya xəstəliyindən əziyyət çəkməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir. Qeyd edilən maddə ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılan fiziki şəxslərə mütləq fəaliyyət qabiliyyəti olmayan şəxs olduğu göstərilir. Mütləq fəaliyyət qabiliyyəti olmamaq , yəni mülki fəaliyyət qabiliyyəti olmayan şəxs müstəqil surətdə hər hansı mülki Hüquqi məsələni həll etməyə ixtiyarı çatmır. Bu şəxsləri əqd bağlamaq və hər hansı bir mülki hüquqi nəticə doğuran hərəkət edə bilməz. Eyni zamanda hüquqi nəticə doğuran hərəkətlər edə bilmədiyi kimi, delikt qabiliyyəti, yəni məsuliyyət daşımaq qabiliyyəti də yoxdur. Lənkəran Rayon Məhkəməsi tərəfindən artıq X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul edilib. Artıq onun delikt qabiliyyəti yoxdur. Delikt qabiliyyəti olmadığı zaman onun hələdə öhdəlik daşımasının məhkəmə tərəfindən saxlanması, mülki hüquqi məsuliyyət daşımasını saxlamaq qanunsuz və əsassızdır, onun delikt qabiliyyəti yoxdur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi AM-in qeyd edilən maddəsini tətbiq etməmişdir və tətbiq etməməsini onunla əlaqələndirmişdir ki, Cavabdeh onun və X5 ilə birgə nikahıdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tələbinə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən və müvafiq aliment təyin edilərkən aliment öhdəliyi olan X2 2-ci dərəcəli əlil olması nəzərə alınmış və aliment təyin edilmişdir. Göründüyü kimi Fizuli Məlikovun iddiada qeyd olunan xəstəliyi aliment təyin edildikdən sonra, aliment təyin edilməmişdən əvvəl də mövcud olmuş və məhkəmə həmin halları nəzərə alaraq aliment təyin etmişdir. Hesab edirlər ki, hazırkı yanaşma tamamilə yanlışdır. AR qanunverciliyi ikinci qrup əlilin, eyni zamanda qeyd edir ki, birinci qrup əlilin işləməsini qadağan etmir və onlar işləyib öz ailəsini dolandıra bilər. Amma burada məsələ mütləq fəaliyyət qabiliyyəti olmayan, öz hərəkətlərinə görə hesabat, cavab verə bilməyən , eyni zamanda məsuliyyət daşıya bilməyən şəxsdən söhbət gedir. Aliment təyin edilərkən işin bu halları yox idi. Şəxsin fəaliyyəti qabiliyyəti məhdudlaşdırılmamışdır. Yeni hal məhz onun mütləq fəaliyyət qabiliyyətinin olmamasıdır. Onu qeyd edir ki, hazırda F.Məlikov ikinci qrup əlil olmasına görə 180 manat müavinət alır. İşləməsidə qanunla qadağan edilib. AR Prezidentinin fərmanı ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat müəyyən edilib. 246 manat yalnız ən zəruri ehtiyacları üçündür. Qeyd edir ki, ağır formalı şizofreniya xəstəliyinə görə daima həkim nəzarəti altında olmalı və bahalı dərmanlar qəbul etməlidir. Bu halda iddiaçın aliment ödəmək imkanı imkansız bir duruma düşübdür. Lənkəran Rayon Məhkəməsinin hakimi sübutlara obyektiv qiymət verməmiş, qərəzli və birtərəfli yanaşmışdır. Belə ki, tərəflərindən təqdim edilən sübutların iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq hüquqi qiymət verilməmişdir c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, silinməsi tələb edilən 5.592 (beş min beş yüz doxsan iki) manat aliment məbləği X2 əvvəlki dövrlərə aid olan ödənilməyən aliment məbləğidir. Hazırda onun aliment məbləği icra məmuru tərəfindən dayandırılmışdır. Belə ki, o məhkəmə qaydasında fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilmişdir. Hesab etmişdir ki, X5 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edildiyindən onun yaranmış olan aliment borcu silinməli, həmçinin o aliment öhdəliyindən də azad edilməlidir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh hər hansı bir üzrlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. O, məhkəməyə teleqram vuraraq məhkəmə iclasda iştirak edə bilməyəcəyini bildirmiş, həmçinin apellyasiya şikayətinin təmin edilməməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna əsasən də, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1. maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1. maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 8-ci prinsipinə əsasən, uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin üçüncü hissəsinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1 -ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi "Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 28.9-cu maddəsinə görə fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışın surətindən görünür ki, X21 01 may 2012-ci il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində doğulmuşdur. X13, atası X4r. Doğum haqqında arayışın surətindən görünür ki, X25 29 oktyabr 2009-cu il tarixdə Lənkəran rayonu Mollakənd kəndində doğulmuşdur. X13, atası X4r. Doğum haqqında arayışın surətindən görünür ki, X16 26 iyul 2005-ci il tarixdə Lənkəran rayonu Mollakənd kəndində doğulmuşdur. Cavabdeh, atası X4r. Lənkəran şəhər İCra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli sərəncamından görünür ki, Lənkəran rayonunun Mollakənd kəndinin sakini, 6 sentyabr 1977-ci il təvəllüdlü İddiaçı qardaşı X5 üzərində qəyyum təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1878/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)- 555/2018 nömrəli qətnaməsi «qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 26 iyul 2005-ci il tarixdə anadan olmuş X16, 29 oktyabr 2009-cu il tarixdə anadan olmuş X25 və 01 may 2012-ci il tarixdə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla, hər ay üç uşaq üçün cəmi 360 manat sabit pul məbləğində aliment cavabdeh X1 tutularaq iddiaçı X9 verilməsi» hissəsində dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 26 iyul 2005-ci il tarixdə anadan olmuş X16, 29 oktyabr 2009-cu il tarixdə anadan olmuş X25 və 01 may 2012-ci il tarixdə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanması üçün X1 aylıq qazancının yarısı, əlavə olaraq hər bir uşaq üçün 69 manat olmaqla, cəmi 207 manat miqdarında sabit aliment tutlaraq X9 verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2447/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, Cavabdeh onun və X5 ilə birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tələbinə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən və müvafiq aliment təyin edilərkən aliment öhdəliyi olan X2 2-ci dərəcəli əlil olması nəzərə alınmış və aliment təyin edilmişdir. Göründüyü kimi Fizuli Məlikovun iddiada qeyd olunan xəstəliyi aliment təyin edildikdən sonra, aliment təyin edilməmişdən əvvəl də mövcud olmuş və məhkəmə həmin halları nəzərə alaraq aliment təyin etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2 və 112.1 -ci maddələrinin dispoziya şərtləri mövcud deyil, mövcud olsa belə bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə iddianın qiyməti 5000 manatdan çoxdur. Buna görə də, hazırkı qətnamədən qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, e-2(049)-1967/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar