Məhkəmə qərarları › İş №2(106)-1842/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1842/2023

14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1842/2023 14.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, iddiaçının iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ilə Cavabdeh 2014-cü ildən faktiki nikahda olmuş, bu nikahdan 1 uşaqxx.xx.2015-ci il təvəllüdlü Tuncay doğulmuşdur. Beyləqan Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə uşağın yaşayış yerinin müəyyən edilməsi ilə bağlı işə baxılmış, uşağın ata İddiaçı yanında qalması müəyyən edilmişdir. Hazırki tələbində İddiaçı Cavabdeh birgə nikahdan doğulmuş, xx.xx.2015-ci il təvəllüdlü Tuncayın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki nikahlarından xx.xx.2015-ci ildə Tuncay adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə xeyli vaxdır ki, ailə münasibətləri pozulduğundan ayrılmışlar və bir yerdə yaşamırlar. Hazırda uşağı onun yanında qalıb yaşayır. Məhkəmə qətnaməsi ilə uşağının onun yanında qalıb yaşaması müəyyən edilmişdir. Uşağını saxlamaqda çətinlik çəkir. Uşağın saxlanması üçün cavabdeh heç bir köməklik göstərmir. Cavabdehin aliment ödəməyə və ya maddi yardım etməyə imkanı vardır. Lakin cavadeh könüllü olaraq aliment ödəmək istəmir və müxtəlif bəhanələrlə bundan imtina edir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçı ilə münasibətlərinin pozulmasının və ayrılmaqlarının səbəbi onun xəstəliyi olmuşdur. Belə ki, o, xəstə olmaqla İ qrup əlildir, əmək qabiliyyəti yoxdur. Yeriyə bilmir, oturaq həyat tərzi keçirir. Özünün kənardan köməyə ehtiyacı vardır. Onun özünə anası baxır və bütün ehtiyaclarını ödəyir. Kənar şəxsin ona qulluğu olmadan yaşaması qeyri mümkündür, dava-dərmanla yaşayır. Hər ay 270 manat müavinat və 200 manat prezident təqaüdü alır. Başqa gəliri yoxdur. Həmin pul onun dərmanlarına belə çatmır. Anası onu öz pensiyası ilə saxlayır. Aliment ödəməyə imkanı yoxdur. İddiaçının isə maddi vəziyyəti yaxşıdır. Hər ay 305 manat əmək pensiyası və 500 manat Prezident təqaüdü alır. İddiaçının bir neçə avtomobili vardır. Bundan başqa iddiaçının yaşadığı kənddə ət dükanı və başqa obyektləri vardır. İddiaçının uşağı saxlamaqdan ötrü imkanı genişdir. Başqa nikahda da bir azyaşlı uşağı vardır. Həmin uşağı da anası saxlayır. Çünki özünün maddi imkanı çox aşağıdır. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, tərəflərin maddi vəziyyəti düzgün qiymətləndirilməmişdir. Belə ki, iddiaçının mülkiyyətində “Kamaz” markalı yük maşınıın olması və onun sahibkarlıq fəaliyyəti ilə yəni ət satışı ilə məşğul olması, həmçinin obyektinin olması formal mülahizələrə əsaslanır. Belə ki, “Kamaz” markalı yük maşını uzun müddət əvvəl başqa şəxsə baş etibarnamə əsasında satılmış, iddiaçının sahibkarlıq fəaliyyəti ilə yəni ət satışı ilə məşğul olması faktı hər hansı sənəd və ya sübutla təsdiq olunmamışdır. İddiaçının əvvəlki və hazırki maddi vəziyyəti və digər diqqətəlayiq hallar aydınlaşdırılmamış, yalnız cavabdehin ifadəsi əsas götürülmüşdür. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın tam edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, əvvəlki nikahından 2 uşağı vardır və onların tərbiyəsi və təhsili ilə də məşğul olur. Özü qazidir, anası xəstədir. Cavabdehin hərəkət məhdudluğu barədə dedikləri həqiqətə uyğun deyil. Belə ki, o, cavabdehi görəndə cavabdeh gəzirdi. İndi isə sürünə-sürünə gəzdiyini bildirir. Özü hazırda evlidir, himayəsində digər övladları var. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işdə iştirak etməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh 2014-cü ildən faktiki nikahda olmuş, bu nikahdan 1 uşaq- xx.xx.2015-ci il təvəllüdlü Tuncay doğulmuşdur. Beyləqan Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə uşağın ata İddiaçı yanında qalması müəyyən edilmişdir. Hazırki tələbində iddiaçı cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəf alimenti ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Belə ki, o, İ qrup əlildir. Yeriyə bilmir və oturaq həyat tərzi keçirir. 270 manat pensiya və 200 manat prezident təqaüdü alır. Kollegiya hesab edir ki, iddia təmin edilməməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunun mənasına görə, məhkəmə qaydasında tutulan aliment bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan vəsaitdir. Birinci instansiya məhkəməsinə həm iddiaçının, həm də cavabdehin maddi təminatı barədə arayışlar təqdim edilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN-in tabeliyində olan Dövlət Sosial Müdafiə X4 X1 rayon qəbul şöbəsinin 14 avqust 2023-cü il tarixli 3-17-2-Ə -182755/2023 saylı arayışından görünür ki, Cavabdeh İ dərəcəli əlilliyə görə 270 manat məbləğində sosial müavinət və 200 manat məblğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. - Dövlət Sosial Müdafiə X4 X1 rayon qəbul şöbəsinin 18 sentyabr 2023-cü il tarixli 3-17- 1/2-214108/2023 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İ dərəcəli əlil kimi 305.30 manat məbləğində əmək pensiyası və 500 manat məblğində Prezident təqaüdünü alır. - Beyləqan rayon Mərkəzi Xəstəxanasının 18 sentyabr 2023-cü il tarixli 2485 saylı arayışından görünür ki, Cavabdeh “Uşaq serebral iflici, kvadriplegik forma, yerişin pozulması”diaqnozu ilə xəstədir, dispanser qeydiyyatındadır. Xəstə İ qrup əlildir. - İddiaçı mülkiyyətində mühərrik nömrəsi A0551085, ban tipi Sedan, Ban nömrəsi WBA3A5G56FNS88415, istehsal ili 2015 olan ağ rəngli BMW 328 dövlət qeydiyyat nişanlı minik avtomobili, mühərrik nömrəsi 7501846, ban tipi Sedan, Ban nömrəsi XTJ**********6054, istehsal ili 2008 olan ağ rəngli OKA SEAZ dövlət qeydiyyat nişanlı minik avtomobili, mühərrik nömrəsi 969988, ban tipi Konteyner daşıyan (bortlu), Ban nömrəsi KAB928990 B-sız, istehsal ili 1986 olan mavi rəngli KAMAZ-5410 Yük furqonu, istehsal ili 1987 olan göy rəngli QKB8350 dövlət qeydiyyat nişanlı qoşqusu vardır. Birinci instansiya məhkəməsi sabit pul məbləğində alimentin tutulmasından imtina edərkən tərəflərin maddi təminatını və ailə vəziyyətini, işin digər hallarını nəzərə almışdır. Müəyyən edilir ki, cavabdehin maddi təminatı aşağıdır, o, müavinət və təqaüdünü xəstəliyi ilə bağlı dərmanlarına sərf edir və anasının hesabına dolanır. İ qrup əlil olmaqla onun hərəkət məhdudiyyəti və kənar şəxs tərəfindən qulluq göstərilməsinə ehtiyacı vardır. Kollegiya hesab edir ki, tərəflərin maddi təminatı, ailə vəziyyəti, eləcə də onların əmək qabiliyyəti ilə bağlı məlumatlar hazırki vaxtda birgə nikahdan doğulan uşağa görə cavabdehdən aliment tutulmasına imkan vermir. Kollegiyanın qənaətinə görə, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar alimentin ödənilməsinin təmin edilməsi üçün əsas deyil. Beləliklə, Kollegiya, hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (ödəmənin bir illik məcmusu) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(020)-1451/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar