Məhkəmə qərarları › İş №2(106)-1844/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1844/2025

01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1844/2025 01.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-210/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 117000 manat əsas pulun və ödənilmiş 410 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-210/2025 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 20200 ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 38550 manat və ödənilmiş 308,67 manat dövlət rüsumunun əvəzinin tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi kimi göstərilən şəxs Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 363.1.1-ci və 363.1.1-1-ci maddələrinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarında olan etibarnamə məzmunu təhlil edildikdə müəyyən olunur ki, Cavabdeh tərəfindən Nümayəndə verilmiş səlahiyyətlər Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 102.2.1, 102.6, 102.8 və 102.9-cu maddələrinə istinad edilməklə formalaşdırılmışdır. Bu baxımdan, etibarnamənin hüquqi təyinatı ilkin mərhələdən etibarən cinayət prosesi icraatı ilə bağlı səlahiyyətlərin həyata keçirilməsi üçün verildiyini göstərir. Etibarnamədə hər hansı formada mülki məhkəmə icraatında iştirak, məhkəmədə tərəfi təmsil etmək, iddia qaldırmaq, prosesual vəsatətlər vermək və ya mülki qaydada çıxarılan məhkəmə aktlarından şikayət etmək kimi səlahiyyətlərin ayrıca və açıq şəkildə nəzərdə tutulmadığı görünür. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, etibarnamə mətnində “məhkəmə aktlarından şikayət verilməsi” ifadəsinə rast gəlinməsinə baxmayaraq, bu konstruksiya cinayət işləri üzrə məhkəmə aktlarının şikayət olunması imkanını ehtiva edir. Etibarnamənin ümumi məzmunu, istinad olunan maddələr, hüquqi konteks və formalaşdırılma məqsədi etibarnamənin yalnız cinayət işlərindən irəli gələn müdafiə və təmsilçilik proseslərinə aid olduğunu aydın şəkildə ortaya qoyur. Beləliklə, həmin səlahiyyət mülki işlər üzrə məhkəmə aktlarının şikayət olunması üçün etibarnaməyə daxil edilmiş xüsusi nümayəndəlik səlahiyyəti hesab edilə bilməz. Halbuki, Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsi mülki işlər üzrə nümayəndəlik institutunun həlledici tələblərindən birini müəyyən edir: məhkəmə aktından şikayət verilməsi səlahiyyəti nümayəndəyə yalnız təmsil olunan şəxsin verdiyi etibarnamədə xüsusi olaraq göstərildiyi halda mümkündür. Qeyd edilən norma mülki prosesdə nümayəndəlik səlahiyyətlərinin sərt şəkildə ayrılmasını, onların konkret və birmənalı formada təsbit edilməsini tələb edir. Mövcud etibarnamədə isə şikayətvermə səlahiyyətinin formal olaraq qeyd olunması, onun mülki hüquqi münasibətlərə şamil edilməsinə əsas vermir. Etibarnamənin mahiyyəti, sistematik təhlili və normativ istinadları belə bir nəticəyə gəlməyə imkan verir ki, sənəd mülki məhkəmə icraatı üçün nəzərdə tutulmamışdır və bu baxımdan, mülki iş üzrə apellyasiya şikayətinin verilməsi üçün zəruri olan xüsusi nümayəndəlik səlahiyyəti mövcud sayılmır. Bu səbəbdən Kollegiya hesab edir ki, təqdim edilmiş etibarnamə mülki məhkəmə icraatı çərçivəsində şikayət vermək hüququnu təsdiq edən hüquqi əsas kimi qəbul edilə bilməz. Etibarnamənin məzmunu cinayət prosesi ilə sərhədlənmiş, mülki işlərə şamil edilməsi mümkün olmayan səlahiyyətlərdən ibarətdir. Məhz buna görə də apellyasiya şikayətinin təmsilçilik əsasında verilməsi MPM-in 74.2-ci maddəsinin tələblərinə uyğun hesab edilmir. Avropa İnsan Hüquqları Məhkəməsi “X2rşı” işində vurğulamışdır ki, effektiv müdafiə hüququ yalnız səlahiyyətli şəxslər tərəfindən həyata keçirilə bilər və bu prosedur tələblərinin pozulması hüququn pozulması ilə nəticələnə bilər. X5 Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 267-269, 372, 384, 391 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar