Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1852/2024 27.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli 2(071)-677/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları 5 saylı Bakı Asan Xidmət Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli AZ-T № 055709 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən edilir ki, Cavabdeh və İddiaçı xx.xx.2023-cü il tarixdə 1281 №-li akt qeydi ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahdan sonra ərə Həsənzadə, arvada Söhbətova Həsənzadə soyadı verilmişdir. İş materiallarında olan “Paşa-K” firması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 045 nömrəli arayışa əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən “Paşa-K” firmasında qablaşdırıcı vəzifəsində işləyir, əmək haqqı isə 350 manat təşkil edir. İddiaçı barəsində verilmiş sosial arayışdan müəyyən edilir ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X12-Tədqiqat İnstitutunda texnik və tyutor vəzifələrində işləmiş, əmək haqqı məbləği 241- 645,39 manat aralığında təşkil etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İV 946976 №-li doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X2 adlı övladları var. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat, xx.xx.2024-cü il təvəllüdlü X1 3 yaşına çatana qədər hər ay 65 manat sabit pul məbləğində alimentin və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2023-cü ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan övladı xx.xx.2024-cü il təvəllüdlü övladı X3 doğulmuşdur. Hal-hazırda tərəflər faktiki olaraq ayrı yaşayır, cavabdeh uşağın saxlanılmasında iştirak etmir və bu səbəbdən alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla yanaşı iddiaçı, uşaq 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq cavabdehdən hər ay 65 manat tutularaq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara əsasən əlavə olaraq bildirir ki, o, uşaq doğulmamışdan öncə rəsmi qaydada işləyib məvacib almış, lakin hazırda uşağa qulluq etdiyi üçün işləyə bilmir, cavabdeh isə ona maddi cəhətdən uşağın saxlanılması üçün köməklik göstərmir. Belə ki, övladının anadan gəlmə xəstəliyi olmaqla daimi qulluğa ehtiyacı vardır. Bu dövrdə isə cavabdeh ona maddi yardım etmədiyindən uşağın saxlanılmasında çətinlik çəkir. O, cavabdehə uşaqla ünsiyyətlə bağlı problem yaratmır və istənilən vaxt görüşməsi üçün şərait yaratmasına baxmayaraq cavabdeh özü buna cəhd göstərmir. Hazırda uşağın xərcləri çoxdur. Bu səbəbdən aliment alması zəruridir. Nikah dövründə cavabehlə Bakı şəhərində kirayədə yaşamış, hazırda isə tək kirayədə yaşamaq məcburiyyətində qaldığından maddi çətinliyi artmışdır. Eyni zamanda qeyd edir ki, cavabdeh “Paşa-K” firmasında qablaşdırıcı vəzifəsində işləməklə 350 manat maaş almasına dair arayış təqdim etməsinə baxmayaraq, “WhatsApp” mobil tətbiqi vasitəsilə yazışmalarında cavabdeh ona məvacibdən əlavə gəlirlərinin olmasını təsdiq etmişdir. Həmin yazışmalarının mətnini məhkəməyə sübut olaraq təqdim etmişdir. Odur ki, göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X10 iddia tələbinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. O, izahatında əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim etdiyi arayışdan da göründüyü kimi, cavabdeh “Paşa-K” firmasında işləməklə rəsmi gəliri 350 manat təşkil edir. Bu səbəbdən iddia tələbində qeyd edilən aliment məbləği cavabdehi maddi cəhətdən çətin vəziyyətə salır və ödəmək iqtidarında deyildir. Həmçinin iddiaçı tərəfindən ailənin davam etdirilməsi mümkün deyil və boşanma ilə bağlı müraciət etməsinə baxmayaraq uşaq bir yaşına çatmadığı üçün mümkün olmamışdır. Yalnız uşağın 1 yaşı olduqdan sonra cavabdeh nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edəcək, hazırki halda isə qanunvericilik buna imkan vermir. İddiaçının cavabdehlə olan yazışmalarının sübut olaraq qəbul edilməsinə razı deyil. Belə ki, cavabdeh yazışmada qeyd olunduğu kimi, əlavə gəlirinin olmasını bildirməsinə baxmayaraq, gələcəkdə bu gəlirin stabil olması bəlli deyildir və faktiki olaraq cavabdehin rəsmi gəliri 350 manat təşkil edir. Bununla yanaşı iddiaçı uşaqla görüşməsi üçün cavabdehə şərait yaratmır. Buna baxmayaraq iddiaçının ümumi tələb etdiyi aliment məbləği 150- 200 manat arası olsa, cavabdeh tələbi qəbul edə bilər. Yəni, iddianı qismən qəbul edir. Çünki rayon yerində uşağın saxlanılması xərcləri nisbətən aşağı olur. Hesab edir ki, uşağın saxlanması üçün ağlabatan aliment məbləği təyin olunmalıdır. Hacıqabul Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Günel Əkbərli) 20 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, eyni zamanda Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək, yəni xx.xx.2027-ci il tarixədək hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi və Cavabdeh 50 manat dövlət rüsumunun dövlət nəfinə tutulması qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 100.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 119.2-ci, 234.2.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, cavabdehin 350 manatdan başqa əlavə gəlirinin olmasını etiraf etməsini, iddiaçının uşağa qulluqla bağlı işləməməsini nəzərə alaraq uşağın saxlanması üçün hər ay cavabdehdən 235 manat sabit aliment məbləğinin tutulması hissəsində tələb əsaslı olmaqla təmin edilməli, iddiaçının əvvəllər işləyərək gəlir əldə etməsini və hazırda uşağa qulluqla bağlı işləmək iqtidarında olmamasını, tərəflərin hazırda da rəsmi nikahda olmalarını və cavabdehin gəlirini nəzərə alaraq xx.xx.2024-cü il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq, İddiaçı verilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin əlavə xərclərlə bağlı hissədə tam ləğv edilməsi, aliment hissəsində isə əmək haqqısı nəzərə alınmaqla 150 manat miqdarında təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı təqdim edilmiş arayışdan görünür ki, onun aldığı əmək haqqı miqdarı 350 manat təşkil edir. Bu fakt məhkəmə tərəfindən sorğu edildikdən sonra da öz təsdiqini tapmışdır. Məhkəmə sübutları tədqiq edərkən onun “Whatsapp” yazışmalarına istinad etmişdir. Bu yazışma işin məhkəmə baxışı gedişində verildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməzdi və məhkəmə ona istinad edərək iddia tələbini böyük hissədə təmin etməzdi. O, xəstəlikdən əziyyət çəkir. Bu fakt iddiaçının özü tərəfindən məhkəmədə etiraf edilmişdir. O, xəstəliyi ilə əlaqədar müalicə olunur. Anası aritmiya xəstəsidir və onun himayəsindədir. Onun xəstəliyi ilə əlaqədar da məsuliyyət onun üzərinə düşür. Məhkəmənin bu qərarı çıxarması onun gələcəkdə maddi cəhətdən böyük çətinliklər yaşamasına səbəb olacaq və o, alimenti ödəmədiyi təqdirdə məsuliyyətə cəlb oluna bilər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmişdir. Cavabdeh elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və apellasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən etibarlı məlumat verilmiş, lakin gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin əlavə xərclərlə bağlı hissədə tam ləğv edilməsini və hər ay 150 manat olmaqla, sabit pul məbləğində alimentin tutulmasını xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini alimentin məbləğinə dair hissədə mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək məhkəmə kollegiyası belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmasını qət etməklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq hər uşaq üçün minimum dolanacaq xərclərinə uyğun məbləği aliment məbləği kimi müəyyən etmişdir. Cavabdeh apellyasiya şikayətində sağlamlıq vəziyyətində problemlərin olduğunu bildirsə də, həmin halı təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Lakin əgər belə bir sübut təqdim edilmiş olsaydı belə, cavabdehin sağlamlıq vəziyyətində problemin mövcud olması yalnız diqqətəlayiq olan hal kimi səciyyələndirilə bilərdi, ancaq bu hal da cavabdehi uşaqlarını saxlamaq vəzifəsindən azad edən bir əsas kimi qəbul edilə bilməz. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə aliment 235 manat həddində tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və iddiaçının məhz həmin məbləğdə aliment tələb etməsini əsas götürmüşdür; Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 235 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. “Uşağın üç yaşına çatanadək özünün saxlanılması üçün hər ay 50 manatın cavabdehdən xeyrinə tutulması” ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ailə Məcəlləsinin 84.2-ci , 84.2.2-ci, 86-cı maddəsinə görə isə, ər-arvad arasında saziş olmadıqda, ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, arvadın ərdən aliment tələb etməsi bir-neçə şərtin – ərin zəruri vəsaitə malik, eləcə də arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment tələb olunan ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda (keçmiş) arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin (keçmiş) arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Hazırkı işin hallarından aydın olur ki, həmin şərtlər mövcuddur; onun işlədiyi və müstəqil qazanca sahib olduğu müəyyən edilməmişdir; cavabdeh isə kifayət qədər yüksək qazanc əldə etməklə həmin alimenti ödəməyə imkanının olduğunu özü etiraf etməkdədir. Məhz cavabdehin özünün bildirdiklərini əsas götürərək kollegiya hesab edir ki, ondan arvadının (keçmiş) saxlanılması üçün əlavə 50 (əlli) manat tutulması ədalətli hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(071)-677/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1852/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1852/2024
27.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver