Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1857/2025 23.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X1 ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, tərəflərin iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh ilə İddiaçı ilə xx.xx.2023-cü ildən rəsmi nikahda olmuşlar. Birgə nikahdan bir uşaq- xx.xx.2024-cü il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay onun xeyrinə cavabdehdən sabit pul məbləğində 246 manat məbləğində alimentin və uşaq üç yaşına çatana qədər özü üçün 100 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2023-cü ildə rəsmi nikah münasibətinə girib evlənmişlər və xx.xx.2024-cü il təvəllüdlü X4 adlı bir uşaqları var. Bir neçə aydır ki, cavabdehlə ailə münasibəti pozulmuşdur. Belə ki, qayınana onların mehriban yaşamalarına mane olmuş və cavabdeh də anasını müdafiə etmişdir. 10 aydır ki, onu uşaqla evdən çıxarıblar. Uşağı ilə İmişli şəhərində atasının evində yaşayır. Aliment ödənilməsi barədə cavabdehlə razılıq yoxdur. Cavabdeh uşağa baxmır, uşağın dolanışığı ilə maraqlanmır, uşağa və ona maddi köməklik göstərmir. Cavabdeh əmək qabiliyyətlidir, işləyir, kifayət qədər qazanır. Lakin uşaq və özü maddi cəhətdən ehtiyac içində yaşayırlar. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı əsasən qəbul etmiş və izahatında bildirmişdir ki, təyin olunmuş alimenti ödəməyə hazırdır, lakin 100 manat alimentlə bağlı hissədə ola bilər ki, hissə-hissə ödəmələr etsin. İmişli Rayon Məhkəməsinin (hakim G.Ağayeva) 06 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla 246 manat, yəni iddianın verildiyi vaxtda qüvvədə olmuş minimum aylıq əmək haqqı məbləğinin 0,615 misli miqdarında sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, xx.xx.2024-cü il təvəllüdlü X2 üç yaşına çatanadək iddiaçının saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq 100 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində rüsumun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 61.52 manat məbləğində dövlət rüsumunun, 7.2 manatdan ibarət məhkəmə xərcinin tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, uşağa qulluq üçün hər ay 100 (bir yüz) manat aliment tutulması ilə bağlı hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, onun aylıq əmək haqqı 600 manat təşkil edir. Uşağın saxlanması üçün 246 manat, iddiaçının özünə görə də əlavə olaraq 100 manat tutulduqdan sonra ona aylıq 254 manat vəsait qalır. Həmin vəsaitlə onun bir ay ərzində yaşamağı mümkün deyil. Nəticədə onun da bir insan kimi diqqətəlayiq mənafeyi pozulur. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamışdır. Şikayətə görə, qətnamə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsinin tələblərinə də ziddir. Belə ki, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Göründüyü kimi, bütün hallarda onun aldığı 600 manat əmək haqqının yarısına, yəni 300 manata tutma yönəldilə bilməz. Lakin işə baxan məhkəmə bu maddi hüquq normasının tələbini pozaraq ondan 600 manat əmək haqqının yarıdan çoxunu, yəni 346 manatını tutmuşdur. İzahatlar Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, uşağa qulluq üçün hər ay 100 (bir yüz) manat aliment tutulması ilə bağlı hissədə iddia tələbinin rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, 1il 6 ay ailəli olmuşdur. Aralarında mübahisə yaranmış və fktiki ayrılmışlar. Hazırda Bakı şəhərində “Məmmədoğlu” mebel sexində operator işləyir. Təyin edilmiş 246 manat olan alimentə heç bir etirazı yoxdur. Lakin uşağın 3 yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 100 manat məbləğində alimentə etiraz edir. İddiaçı özü işləyir, maaş alır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, o, 460 manat əmək haqqı alır. İşlədiyi üçün övladına anası baxır. O da nəzərə alınmalıdır ki, uşaq xəstədir. Uşağa xüsusi baxım lazımdır, buna görə də əlavə pul xərclənməlidir. Əsaslandırma Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin hallarından görünür ki, tərəflər xx.xx.2023-cü ildən rəsmi nikaha olmuşlar və onların bu nikahından bir uşaq- xx.xx.2024-cü il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün alimentin və uşaq 3 yaşına çatana qədər özünün saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinin tələbinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Cavabdeh qətnaməni uşaq 3 yaşına çatana qədər özünün saxlanılmasına görə ayda 100 manat aliment tutulmasına dair hissədə mübahisələndirmişdir. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya işə cavabdehin apellyasiya şikayəti həddində baxır. Cavabdeh tərəf apellyasiya şikayətində və izahatında maddi imkanının aşağı olduğunu, 600 manat maaş aldığını, aylıq qazancının çox hissəsinin alimentə görə tutulduğunu, iddiaçının da işlədiyini bildirmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini aşağıdakılara görə əsaslı saymır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən:
1. Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
2. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
3. Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən: 65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. 65.3. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Göstərilənlər onu deməyə imkan verir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar alimentin miqdarının azaldılması üçün əsas deyil. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (mübahisələndirilən məbləğin illik məcmusu) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
qətetdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(036)-2757/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.