Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1866/2024 27.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(032)-1247/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İddiaçı ilə Cavabdeh 2005-ci ildə ailə qurmuşlar. Birgə nikahdan 26 sentyabr 2009-cu il təvəllüdlü X6 və 05 oktyabr 2010-cu il təvəllüdlü X7 anadan olmuşdur. Şirvan şəhər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(032)- 621/2018 saylı qətnaməsinə əsasən iddiaçı X1 cavabdeh İddiaçı ilə Əli Bayramlı şəhər VVADQ şöbəsində 02 dekabr 2005-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 552 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 26 sentyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 05 oktyabr 2010-cu il tarixdə anadan olmuş X4 anası X1 yanında qalmasının müəyyən edilməsi, cavabdeh İddiaçı 26 sentyabr 2009-cu il tarixdə anadan olmuş X3 və 05 oktyabr 2010-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq uşaqların anası X2 verilməsi, alimentin müvəqqəti tutulmasına dair Şirvan şəhər Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qərardadının ləğv edilməsi, qətnamənin alimentin alınması hissədə dərhal icra edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(032)-621/2018 saylı icra vərəqəsinə əsasən əmələ gəlmiş 3150 manat məbləğində aliment üzrə borcu ödəməkdən azad edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2005-ci ildə ailə qurmuşlar. Bu ailədən qızları X6 26 sentyabr 2009-cu il təvəllüdlü və oğlu X7 05 oktyabr 2010-cu il təvəllüdlü anadan olmuşlar. 12 iyun 2018-ci il tarixdə cavabdehin iddiası əsasında məhkəmə yolu ilə boşanmışlar. Şirvan şəhər Məhkəməsinin 2(032)-621/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən azyaşlı uşaqları yetkinlik yaşlarına çatana qədər hər biri üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat məbləğində cavabdehin xeyrinə aliment ödəməyi müəyyən etmişdir. Məhkəmə bu zaman uşaqların köçkün kimi çörək pulu almalarını da nəzərə almışdı. Hazırda uşaqların hər biri üçün ayda 60 manat məbləğində cavabdeh çörək pulu alır. İşsiz olduğu üçün aliment ödənişində tez-tez borcu yaranırdı. Belində və qasıq nahiyyəsində əziyyətverici yırtıqlar olması səbəbindən ağır işlərdə işləyə bilmirdi. Yüngül iş tapa bilməyib. Dəfələrlə Dost xidmətinə (öncəki məşğulluq qurumuna) müraciət etsə, idarələrə getsə də yüngül iş tapa bilməmişdir. Ara işlərdə görməklə gündəlik qazandığı pullarla alimentin hamısını çatdırıb ödəyə bilmir, cavabdehə aliment borcu yaranmışdır. Uşaqlarını çox istəyir və onlar hər gün gəlib evində onunla söhbətləşir, onlara qulluq edir. Alimentdən əlavə pul xərcləyir. Uşaqların təhsili ilə maraqlanır, onlara nəsihət verir. Buna baxmayaraq bir qədər aliment borcu yaranan kimi cavabdeh icra məmuruna müraciət edir, oda inzibati xəta törətməyi ilə bağlı protokol tərtib edib inzibati məsuliyyətə cəlb olunmağı üçün onu məhkəməyə verir. Artıq 5 dəfə müddəti 10 gün və 15 gün olmaqla həbs növündə inzibati tənbeh tədbiri cəzası almışdır. Nəhayət 2023-cü ilin oktyabr ayından Şirvanda tikinti meydanında qaravul işi taparaq ora işə düzəlmişdir. Maaşı 400 manatdır, 200 manatını aylıq aliment borcu kimi, 80 manatını isə yığılmış aliment borcuma görə iş yerindən tutub cavabdehə verilir. Qalan 120 manat və birdə köçkün kimi hər ay aldığı 60 manatla çox çətinliklə, demək olar ki, bir qarın ac, bir qarnı tox yaşayır. Elə gün olur ki, heç çörəyi almağa pulu olmur. Soğanla, meyvə ilə çörək yeyir. Hazırda cavabdehə 3150 manat olan borcu belindəki və qasıq nahiyyəsindəki yırtıqlara görə ağır işlərdə işləyə bilmədiyi və yüngül iş də uzun müddət tapa bilməməsi səbəbindən yaranmışdır. Həmçinin düşünmüşdür ki, alimentdən kənar uşaqlarına xərclədiyi pulları cavabdeh nəzərə alar, teztez onu inzibati qaydada həbs etdirməz. Ancaq o, bunları nəzərə almır, onun həbs olunmasına çalışır. Yığılan aliment borcun da heç zaman qərəzli olmamışdır. Bu borc gerçəkdən çətin maddi durumu və xəstəliyi ucundan yaranmışdır. Hazırda aldığı maaşla cavabdehə hər ay 200 manat aliment öhdəliyini vaxtlı-vaxtında ödəyəcəkdir. Ancaq yığılan borcu ödəmək ona çətin həyat yaşamı yaradır, xəstəlikləri arta bilər bu işi də itirə bilər. Cavabdehə olan borcu ağır xəstəliyikdən, işsizlikdən, çətin maddi vəziyyətindən yarandığını nəzərə alıb cavabdehə olan 3150 manat məbləğində aliment borcu ödəməkdən azad edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, 2005-ci il tarixdə ailə qurmuşlar, 2008-ci il tarixdə nikahları pozulmuşdur. Cavabdehdən alimentə görə ayda 200 manat, aliment üzrə yaranmış borca görə isə ayda 80 manat məbləğində pul tutulur. Hal-hazırda alimentin ödənilməsinə dair heç bir problem yoxdur. Lakin bununla yanaşı hesab edir ki, aliment üzrə yaranmış borc da ödənilməlidir. Şirvan şəhər Məhkəməsinin Məhkəməsinin (hakim Etibar Hümbətov) 10 sentyabr 2024-cü il tarixli, 2(032)-1247/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə, “Uşaq hüquqları haqqına” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyaspının 3-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 107.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini iddiaçı Cavabdeh maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, hesab edir ki, aliment şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Odur ki, alimentin borcunun tutulmasından azad olunması uşaqların hüquqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. Odur ki iddia tələbi rədd olunmalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işsiz olduğu üçün aliment ödənişində tez-tez borcu yaranmışdır. Belində və qasıq nahiyəsində əziyyətverici yırtıqlar olması səbəbindən ağır işlərdə işləyə bilməmişdir. Dəfələrlə məşğulluq qurumuna, idarələrə getsə də, yüngül iş tapa bilməmişdir. Ara işlərində gündəlik qazandığı pullarla alimentin hamısını çatdıraraq ödəyə bilməmişdir, nəticədə cavabdehə 2800 manata qədər aliment borcu yaranmışdır. 2023-cü il oktyabr ayından Şirvanda ev tikintisində mühafizəçi işləyir. Maaşı 400 manatdır, 200 manatını aylıq aliment borcu kimi, 80 manatını isə yığılmış aliment borcuna görə maaşından tutaraq cavabdehə verirlər. Qalan 120 manat və birdə hər ay aldığı 60 manat çörək pulu ilə çətinliklə dolanır. İmkanı daxilində uşaqlara meyvə şirələri, meyvələr, məktəbli ləvazimatları, geyim alır, azda olsa xərclikdə verir. Pulsuzluqdan müalicə oluna bilmirəm. Ağrıkəsici dərmanlara, digər müalicə və təbii müalicələri etməyə pul tapmır. Dolanışıq vəziyyəti ağırdır. Cavabdehə olan borcu belindəki və qasıq nahiyəsindəki yırtıqlara görə ağır işlərdə işləyə, uzun müddət yüngül iş tapa bilməməsi səbəbindən yaranmışdır. Yığılan aliment borcumda heç zaman qərəzli olmamışdır. Bu borc həqiqətən çətin maddi vəziyyəti, işsizlik və xəstəliyi ucbatından yaranmışdır. Hazırda həm alimenti, həmdə borcu ödəmək ona çətinliklər yaradır. Odur ki, yığılan borcun ləğvi maddi vəziyyətini xeyli yüngülləşdirə bilər. Artıq bir ildir aliment öhdəliyinə müntəzəm əməl edir, borcu yaranmır. 2800 manat isə əvvəllər yaranmış borcdur. Məhkəmə iddiasını rədd edərkən nəzərə almamışdır ki, cavabdehə olan aliment borcu əziyyətverici, ağır işlərdə işləməyə imkan verməyən xəstəliyi ucbatından, eləcədə işsizlik və yüngül iş uzun müddət tapa bilməməyindən yaranmışdır. Bu xəstəliyini təsdiq edən tibbi sənədlər iş materiallarında vardır və məhkəmə onları qətnamənin təsviri hissəsində şərh etsə də, ancaq onlara hüquqi qiymət verməmiş, xəstəliyinin, işsizliyinin, yüngül iş tapa bilməməsinin borcun yaranmasına səbəb olmasını gözardına vurmuşdur. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. c) Proses iştirakçılarının izahatı: Məhkəmə baxış iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini, məhkəmənin qət etdiyi aliment məbləğini ödəmək imkanının olmadığını, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh Şirvan şəhər Məhkəməsinin Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(032)-1247/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.2.-ci aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 107.1-ci maddəsinə əsasən, aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2-ci maddəsinə əsasən, Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin yanaşması Məhkəmə daxili məhkəmələrin bütövlükdə ailə vəziyyətini və bir sıra amilləri, xüsusən də faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterli amilləri dərindən araşdırdıqlarını və uşaq üçün ən yaxşı həll yolunun nə olacağını müəyyənləşdirmək üçün hər bir insanın müvafiq maraqlarını balanslı və ağlabatan qiymətləndirdiklərini müəyyən etməlidir (Antonyuk Rusiyaya qarşı no.47721/10, paraqraf 134) İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsi milli hakimiyyət orqanlarının uşağın və valideynlərin maraqları arasında ədalətli tarazlığı təmin edilməsini tələb edir və balanslaşdırma prosesində, mahiyyəti və ciddiliyindən aslı olaraq valideynlərin maraqlarından üstün ola bilən uşağın ən yüksək maraqlarına xüsusi diqqət yetirilməlidir. Xüsusilə, 8-ci maddəyə əsasən valideynlərin uşağın sağlamlığına və inkişafına zərər vura biləcək tədbirlərin görülməsinə hüququ ola bilməz (bax Sahin Almaniyaya, § 66, və Sommerfeld Almaniyaya qarş, § 64, Mülki Prosessual Məcəllə 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası tərəflərin izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin müəyyən olunan halına görə, tərəflərin nikahından 26 sentyabr 2009-cu il təvəllüdlü X6 və 05 oktyabr 2010-cu il təvəllüdıü X7 doğulmuşdur. Şirvan Şəhər Məhkəməsinin 2(032)-621/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən azyaşlı uşaqların yetkinlik yaşlarına çatana qədər hər biri üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat məbləğində cavabdehin xeyrinə aliment ödəməyi müəyyən edilmişdir. İddiaçı isə həmin qətnamə üzrə müəyyən edilmiş və yığılmış 3150 manat aliment ödənişindən azad edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq, iddiaçının aliment borcunun tutulmasından azad olunacağı halda uşaqların hüquqlarının məhdudlaşdırılmasına səbəb olacağı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı tutulur. İddiaçı tələbində həmin borcu ödəməyə çətinlik çəkməsini göstərsə də, yaranmış 3150 manat aliment borcunun silinməsi uşaqların mənafeyinə ziddir. Kollegiya qeyd edir ki, aliment borcu valideynin uşaqlara qarşı olan qanuni və mənəvi məsuliyyətidir. Nəzərə alınmalıdır ki, iddiaçı aliment borcunun ödənilməsindən azad ediləcəyi təqdirdə bu hal uşaqların gələcək inkişafına maneələr törədəcək və uşaqların maddi və mənəvi rifahına mənfi təsir edəcəkdir. «AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, İddiaçı aylıq 441.14 manat əmək haqqı alır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi əsaslı qənaətə gəlmişdir. İddiaçı apellyasiya şikayətində və izahatında etirazını bununla əsaslandırmışdır ki, onun əlavə gəlir yeri yoxdur, belində və qasıq nahiyyəsində əziyyətverici yırtıqlar olması səbəbindən ağır işləyərdə işləyə bilmir. Bu hal iddiaçının əmək qabiliyyətinin olmaması anlamına gəlmir. Göründüyü kimi, məhkəmə qaydasında aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarına aliment borcunun onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi daxildir. Qanunvericilik bu halların müəyyən edilməsini məhkəmənin səlahiyyətinə aid edir. Kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallar hazırki iş üzrə aliment borcundan azad edilməsinə əsas verən hallar deyil. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin həqiqi hallarına uyğundur; qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(032)-1247/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1866/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1866/2024
27.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver