Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1896/2024 11.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2077/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan AZ-İV № 733814 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 05 may 2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ № 476939 nömrli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı aliment tələbi üzrə ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 manat mediasiyaya dair xərci ödəmişdir. Lakin Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarışdan görünür ki, Cavabdeh müəllim işləyir və aylıq əmək haqqı 1163.4 (bir min yüz altmış üç manat qırx qəpik) təşkil edir. İş materiallarında “Facebook” sosial şəbəkəsindən Cavabdeh tərəfindən elan olunmuş fiziki tərbiyə fərdləri və ya sertifikasiya hazırlığı ilə bağlı reklam xarekterli məlumatlar mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2023-cü ilin yanvar ayından başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay cavabdehin aylıq gəlirinin ¼ hissəsi miqdarında alimentin, həmçinin uşağının 3 yaşına çatanadək onun (iddiaçının) saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin və mediasiya xərcinə görə ödədiyi 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Cəlilabad Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Vüsal Cəbrayılov ) 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının 12 iyul 2024-cü il tarixdən hesablanması, ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin 30 (otuz) manatı Cavabdeh alınaraq, İddiaçı verilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 76.1.1, 78.1, 78.2, 100.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 234.2.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşağını saxlamağa borclu olduğunu nəzərə alaraq uşağın saxlanılması üçün tələb edilən alimentin miqdarı hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməli, Məhkəmə iddia tələbinin uşağın üç yaşına çatanadək iddiaçının özünə də hər ay 200 manat məbləğində aliment verilməsi hissəsinə qiymət verərək hesab edir ki, aliment iddiaçının deyil, uşağın saxlanılması üçün ödənildiyindən iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü müəyyən edilən alimentin tutulmasının əvvəli iddiaçının iddia ərizəsində qeyd etdiyi vaxtdan yəni, 2023-cü ilin yanvar ayından deyil, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Yəni, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən narazı qalan tərəflər apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın sabit pul məbləğində alimentin onun tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuş, iddiaçının apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxıl olmamışdır. Etirazda göstərilir ki, Cavabdeh işləyir və kifayət qədər yüksək məbləğdə əmək haqqı alır, aldığı əmək haqqı 1163,40 manat təşkil edir, bunun 1/4 hissəsi,yəni təxminən 280 manat hissəsi uşağın saxlanması üçün tutulacaqdır, qalan 883 manat pul mənim saxlanmağım üçün vəsait ödəməyə kifayət edir. Ailə Məcəlləsinin tələbinə əsasən zəruri vəsaitə malik ər arvadın saxlanması üçündə aliment ödəmləlidir. Həmçinin, cavabdehdən xx.xx.2023-cü il tarixdə ayrılmış, artıq 2 ilə yaxındır ki, ayrı yaşayır, cavabdeh həmin müddət ərzində uşağına baxmamış və aliment ödəməmişdir. Məhkəmə cavabdehin maddi vəziyyətini və uşağın və mənim saxlanmağım üçün aliment ödəməyə kifayət qədər imkanı olmasını nəzərə almamışdır. Onun uşağı azyaşlı olduğundan və xəstə olduğundan işləyədə bilmir, məcbur uşağa baxır, buna görə də cavabdehin borcudur ki, saxlanmağı üçün də aliment ödəsin. Məhkəməyə təqdim etmiş olduğum uşağın xəstəliyi və hər ay müalicə reseptlərinə hüquqi qiymət verilməmiş, bu barədə qətnamədə heç bir qeydiyyat aparılmamışdır. Halbuki, uşaq astroezofagaeal refloks xəstəliyindən əziyyət çəkir və hər ay müalicəsinə təxminən 200-250 manat pul xərclənir. Cavabdeh iş yerindən əlavə repititor fəaliyyəti ilə məşğul olur, müəllimlərin işə düzəlməsi ilə bağlı onlara təlimlər keçir, facebook hesabında elanlar paylaşır, dərsləri online formada keçir, aylıq digər banklarda olan kartlarına pullar göndərilir və əlavə gəlir yeri yaranmış olur. Həmin sübutları məhkəməyə təqdim etsəmdə məhkəmə bunada hüquqi qiymət verməmişdir. Ümumiyyətlə mənim təqdim etdiyim sübutların heç biri qətnamə göstərilməmiş və həmin sübutlara qiymət verilməmişdir. Mediasiyaya müraciət İyun ayında olmuşdur. Mediasiyaya və məhkəmə iclaslarına gəlməmiş, iş məhkəmə baxış iclaslarında olarkən 20000 AZN Beynəlxalq bankdan krediti götürərək atası ilə birgə yaşadığı həyətdə 2-ci ev kimi tikdiyi 2 mərtəbəli villanın təmirinə sərf etmişdir. Həmin puldan da 1 manat uşağına verməmişdir. Elçinin düşüncəsinə görə, ikinci hal kimi kredit ödənişi olduğu təqdirdə aliment ödənişini 2 ilə yaxın ödəmədiyi kimi, xx.xx.2029 cu ilə kimi də ödəməkdən yayınar. Hazırda cavabdeh şikayətində qeyd edir ki, atasının müalicəsinə xərc çəkir, bankdan kredit götürmüşdür, lakin bütün bunlar olub-olmamasından asılı olmayaraq uşağını saxlamaq öhdəliyindən cavabdehi azad etmir, cavabdeh işləyir, rəsmi və qeyri-rəsmi (müəllimlərin işə qəbulu hazırlığından) əmək haqqı alır, aylıq gəliri 1163,40 manat və əlavə hazırlıq gəlirindən formalaşan gəlir təşkil edir. Cavabdehin kifayət qədər vəsaiti vardır ki, uşağın saxlanmasından əlavə mənim saxlanmağım üçündə aliment ödəməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, cavabdeh 2023-cü ilin yanvar ayından hazırkı vaxtadək uşağın saxlanması üçün maddi köməklik göstərməmiş, valideynlik vəzifəsini yerinə yetirməmişdir. Ailə Məcəlləsinin tələbinə əsasən uşağı saxlamaq valideyinlərin borcudur. Lakin cavabdeh valideynlik borcunu yerinə yetirmir və uşağa baxmır. Uşağın sağlamlığında problemlər var, xəstəliklə bağlı sübutlar mülki işə əlavə edilmişdir. İddiaçı uşağı təkbaşına valideynlərinin yardımı ilə saxlayır, onun maddi tələbatını İddiaçı valideynləri qarşılayır. Cavabdeh atasının müalicəsinə xərc çəkdiyini göstərsə də, atasının mülkiyyətində 2 ədəd avtomobili var, Bakı şəhərində evi var. Cəlilabad rayon Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyində müəllim işləyir və iş yerindən əlavə repetitor fəaliyyəti ilə məşğul olur. İddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixdə ayrılmışdır, artıq 2 ilə yaxındır ki, ayrı yaşayırlar, cavabdeh həmin müddət ərzində uşağına baxmamış və aliment ödəməmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh izahatında bildirdi ki, övladı bir yaşına çatanadək onların bütün maddi ehtiyaclarını qarşılamışdır. O, atasının əməliyyat olunması üçün 20000 manat kredit götürmüş və bu vəsaiti onun açıq ürək əməliyatı üçün istifadə etmişdir. Halhazırda aylıq 671 manat kredit ödənişi edir. Onun rəsmi gəliri aylıq 951 manatdır. Bu səbəbdən aliment miqdarının gəlirinin ¼ hissə deyil, aylıq sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı və cavanbdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, iddiaçı tərəf qətnaməni alimentə dair iddia tələbinin təmin edilməmiş hissəsində, cavabdeh tərəf isə təyin olunmuş aliment məbləğini mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə yoxlanılmasını düzgün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; miqdarda aliment tutulur. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.3.-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Həmin Qərarın 8.7.-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Mülki Prosessual Məcəllə: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfin isə apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq bildirir ki, həqiqətən də, hazırkı işin müəyyən edilmiş halları birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını zəruri edir. Bununla yanaşı, məhkəmə kollegiyası yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin müəyyən edilməsi zamanı işin hallarının, tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq olan digər halların tam nəzərə alındığını bildirir. Cavabdeh tərəfin apellyasiya şikayətində mübahisələndirdiyi uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin məbləğinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh müəllim işləyir və aylıq əmək haqqı 1163.4 (bir min yüz altmış üç manat qırx qəpik) təşkil edir. Bununla yanaşı iş materiallarında mövcud olan “Facebook” sosial şəbəkəsindən Cavabdeh tərəfindən elan olunmuş fiziki tərbiyə fərdləri və ya sertifikasiya hazırlığı ilə bağlı reklam xarekterli məlumatlar onun əlavə qazanc yerinin olması qənaətinı gəlməyə əsas verir. Cavabdeh tərəf apellyasiya şikayətinin dəlili kimi alimentin qazancın və başqa gəlirlərin ¼ hissəsi kimi deyil, sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Kollegiya Ailə Məcəlləsinin tələblərini, o cümlədən Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin mövqeyini də rəhbər tutaraq bu dəlilə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən qanunverici valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin hallarından göründüyü kimi, alimentin sabit pul məbləğində təyin edilməsi üçün qeyd edilən hallardan heç biri mövcud deyildir. Həmçinin alimentin cavabdehin aylıq qazancının və gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən edilməsi uşağın ən üstün mənafeyinə uyğundur. Cavabdeh apellyasiya şikayətində kredit borclarının, himayəsində xəstə valideyninin olduğunu bildirsə də, belə halların mövcud olması yalnız diqqətəlayiq olan hal kimi səciyyələndirilə bilərdi, ancaq bu hal da cavabdehi uşaqlarını saxlamaq vəzifəsindən azad edən bir əsas kimi qəbul edilə bilməz. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə alimentin cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və iddiaçının məhz həmin məbləğdə aliment tələb etməsini əsas götürmüşdür; Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində tutulmasını müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Alimentin tutulma vaxtı ilə bağlı iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibətdə kollegiya qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edildiyindən alimentin tutulması həmin tarixdən hesablanmalıdır. İddiaçı alimentin 2023-cü ilin yanvar ayından etibarən tutulmalı olmasını qeyd etsə də, cavabdehin həmin vaxtdan başlayaraq alimenti ödəməkdən boyun qaçırmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı uşağın xəstəliyi və hər ay müalicə reseptlərinə məhkəmənin hüquqi qiymət verilmədiyini qeyd etsə də, bu dəlilə münasibətdə kollegiya qeyd edir ki, valideyinin əlavə xərclərdə iştirakı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələbinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. İddiaçının belə bir tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq, verilmiş tələblər üzrə qətnamə qəbul etmişdir. “Uşağın üç yaşına çatanadək özünün saxlanılması üçün hər ay 50 manatın cavabdehdən xeyrinə tutulması” ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbini bu hissədə rədd edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, aliment iddiaçının deyil, uşağın saxlanılması üçün ödənildiyindən iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Kollegiya bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır. Belə ki, Ailə Məcəlləsinin 84.2-ci , 84.2.2-ci, 86-cı maddəsinə görə isə, ər-arvad arasında saziş olmadıqda, ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, arvadın ərdən aliment tələb etməsi bir-neçə şərtin – ərin zəruri vəsaitə malik, eləcə də arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment tələb olunan ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda (keçmiş) arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin (keçmiş) arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Hazırkı işin hallarından aydın olur ki, həmin şərtlər mövcuddur; onun işlədiyi və müstəqil qazanca sahib olduğu müəyyən edilməmiş, cavabdehin isə zəruri vəsaitə malik olması müəyyən edilmişdir. Kollegiya hesab edir ki, cavabdehdən ondan arvadının (keçmiş) saxlanılması üçün 50 (əlli) manat tutulması ədalətli hesab olunmalıdır. Kollegiya izah edir ki, Ailə Məcəlləsində nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək əsaslarından biri kimi, qadının hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvadın saxlanılması üçün alimentin təyin edilməsinin müəyyən olunmasının əsas məqsədləri bunlardır: 1.Uşağın sağlam və layiqli mühitdə böyüməsi üçün ananın maddi təminatını qorumaq; 2.Anaya, uşağa tam qayğı göstərə bilməsi üçün dəstək olmaq; 3.Həmçinin uşağın maraqlarının qorunmasını təmin etməkdir. Kollegiya onu da vurğulayır ki, nəzərə alınmalıdır ki, ananın uşağa baxması nəticəsində əmək fəaliyyəti ilə məşğul ola bilməməsi, onun gəlir əldə imkanlarını məhdudlaşdırır. Lakin işə baxan birinci instansiya məhkəməsi cavabdehin rəsmi gəlir yeri və əlavə qazancının olmasına baxmayaraq, qeyd edilən halları nəzərə almamış, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbləri baxımından tərəflərin maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının saxlanılması baxımından düzgün qənaətə gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını, uşağın iddiaçının himayəsində qalmasını və onun üzərinə uşağın saxlanması ilə bağlı daha çox yük düşdüyünü nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfin isə apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 2077/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qətnaməsi qismən, 08 may 2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək İddiaçı aliment məbləğini təyin edilməməsi hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilərək xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması və ya azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(073)-2077/2024 saylı qətnaməsi «08 may 2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək İddiaçı aliment məbləğini təyin edilməməsi» hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin olunsun. xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1896/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1896/2024
11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver