Məhkəmə qərarları › İş №2(106)-1939/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1939/2025

05.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1939/2025 05.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2657/2025 saylı, 21 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 yanvar 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 8(017)-54/2025 nömrəli qərardadı ilə 20 aprel 2018-ci il tarixdə anadan olmuş X1 üçün müəyyən edilmiş alimentin miqdarının azaldılaraq hər ay 130 manat həddində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2016-cı ildə evlənib ailə həyatı quraraq 13 fevral 2017-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından X9 adlı bir nəfər uşaqları anadan olmuşdur. Aralarımda olan ailə münasibətləri pisləşdiyindən Ağcabədi Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(017)-39/2020 qətnaməsi ilə aralarında olan nikah pozulmuş və X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Daha sonra Cavabdeh müraciəti əsasında təyin edilmiş aliment məbləği Ağcabədi Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 8(017)-54/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş, 20 aprel 2018-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bu isə faktiki olaraq, 272 manat məbləğində aliment məbləği deməkdir. Onun rəsmi iş yeri və daimi gəliri yoxdur və avtomobil ustasının yanında fəhlə işləyir. Bundan başqa, cavabdehdən rəsmi şəkildə ayrıldıqdan sonra 01 fevral 2022-ci il tarixdə X4 ilə evlənib ailə həyatı qurmuş və bu nikahdan 16 sentyabr 2022-ci il təvəllüdlü X11 və 16 oktyabr 2024-cü il təvəllüdlü X10 adlı iki nəfər uşağı vardır. Həmçinin Cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Xəstə Xidmətlər Şöbəsində qeydiyyatçı işləyir və aylıq əmək haqqısı 519 manat 81 qəpik təşkil edir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh onun qızıdır. Cavabdeh ilə İddiaçı 13 fevral 2017-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. İddiaçı ilə cavabdehin birgə nikahlarından 20 aprel 2018-ci il tarixdə X9 adlı bir nəfər uşaqları anadan olmuşdur. İddiaçı ilə cavabdeh aralarında olan ailə münasibətləri pisləşdiyindən Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş və X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Sonradan Cavabdeh müraciəti əsasında təyin edilmiş aliment məbləği Ağcabədi Rayon Məhkəməsinin qərardadı ilə indeksasiya olunmuş və alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində müəyyən edilmişdir. Cavabdeh “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Xəstə Xidmətlər Şöbəsində qeydiyyatçı işləyir və aylıq əmək haqqısı 500 manat təşkil edir. Hazırda Cavabdeh uşağının saxlanması üçün çətinlik çəkir. Həmçinin İddiaçı özünə məxsus avtomobil sexi vardır və yüksək gəlir əldə edir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2657/2025 saylı, 21 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Rəşad Nuriyev), iddianın qismən təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(017)-39/2020 nömrəli qətnaməsi ilə təyin olunmuş və Ağcabədi Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 8(017)-54/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləğinin dəyişdirilməsi, İddiaçı 20 aprel 2018-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aliment tutulması, miqdarı dəyişdirilmiş alimentin tutulmasının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2657/2025 saylı, 21 oktyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilməklə, iddiaçıdan azyaşlı uşağın saxlanılması üçün hər ay ölkə üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0, 78 misli həddində aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə apellyasiya şikayətinə şifahi formada etiraz edərək Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2657/2025 saylı, 21 oktyabr 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2657/2025 saylı, 21 oktyabr 2025-ci il tarixli qətnaməsini cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2657/2025 saylı, 21 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Qeydiyyat şöbəsinin 05 fevral 2020-ci il tarixli arayışından görünür ki, X9 20 aprel 2018-ci il tarixdə anadan olmuş, onun atası İddiaçı, anası isə X5r. İşdə olan və məhkəmə iclasında elan olunmuş Ağcabədi Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(017)-39/2020 qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 13 fevral 2017-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından 20 aprel 2018-ci il tarixdə anadan olmuş X9 anası Cavabdeh yanında saxlanılması, 20 aprel 2018-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində 170 manat alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Ağcabədi Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 8(017)-54/2025 nömrəli qərardadının surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(017)-39/2020 qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilmiş, 20 aprel 2018-ci anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında 01 mart 2022-ci il tarixdə Ağcabədi regional “ASAN xitmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 191 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X11 16 sentyabr 2022-ci il tarixdə, X10 16 oktyabr 2024-cü il tarixdə anadan olmuşlar və onların atası İddiaçı, anası isə X2r. İşdə olan və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 08 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Hacıyeva X6 Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Xəstə Xidmətlər Şöbəsində 01 aprel 2021-ci il tarixdən qeydiyyatçı vəzifəsində çalışır və aylıq əmək haqqısı 519 manat 81 qəpik təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.

1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.

2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutaraq iddianı qismən təmin etmişdir. Odur ki, “Ağcabədi Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(017)-39/2020 nömrəli qətnaməsi ilə təyin olunmuş və Ağcabədi Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 8(017)-54/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı 20 aprel 2018-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi məhkəmənin qətnaməsi ilə alimentin miqdarının azaltmaq 272 manatdan 200 manata endirmişdir. Cavabdeh isə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda cavabdehim apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 864 (72x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin Ağcabədi Rayon Məhkəməsinin 2(017)-2657/2025 saylı, 21 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar