Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1967/2025 21.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X17 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçı Nıametdin Mırzalıyevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli 2(050)-3637/2025 saylı qətnaməsindən (hakim Elşən Hüseynov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, сavabdehlə birgə nikahından doğulmuş 20 yanvar 2020-ci il təvəllüdlü X8, 17 iyul 2021-ci il təvəllüdlü X7 və 5 sentyabr 2022-ci il təvəllüdlü X1 üçün Masallı Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(050)- 2063/2025 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının (mislinin) azaldılaraq əmək haqqının ikidə bir hissəsi miqdarında müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi Tələb onunla əsaslandırılmışdır ki, müəyyən edilmiş aliment məbləği ilə razı deyildir və həmin məbləğin azaldılmasını tələb edir. Belə ki, o, “Kənan” şirkətində elektrik vəzifəsində çalışır və aylıq 420 manat əmək haqqı alır. Bu məbləğdə əmək haqqı aldığı halda hər uşaq üçün 140 manat aliment tutulması onun maddi vəziyyətinə uyğun deyildir. 3 övladı vardır, aldığı əmək haqqı 420 manat, ödədiyi aliment də 420 manat təşkil edir ki, bu məbləği ödəməsi mümkün deyildir. Hazırda çox çətin maddi vəziyyətə düşmüş, şəxsi zəruri xərclərini ödəmək üçün vəsaiti qalmamışdır. Ölkə üzrə minimum əmək haqqı 400 manat olduğu şəraitdə 420 manat aliment ödəməyi real deyildir. Uşaqların saxlanılması yalnız onun yox, cavabdehin də, vəzifəsidir. Əgər yüksək əmək haqqı alsaydı, uşaqları üçün daha yüksək aliment ödəyəcək, lakin hazırkı şəraitdə aliment əmək haqqına uyğun müəyyən edilməlidir. Alimentin tutulmasının məqsədi uşaqların əvvəlki həyat səviyyəsini qorumaqdır, lakin birlikdə yaşadıqları dövrdə uşaqlara aylıq 420 manat xərcləməmişlər, daim kasıbçılıq şəraitində yaşamışlar və əmək haqqı buna imkan verməmişdir. Onun əlavə gəlir mənbəyi yoxdur və hazırda yalnız əmək haqqı ilə dolanır. Azərbaycan Respublikası Konstitusiyası və Ailə Məcəlləsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcu olsa da, hazırda bu tələb pozulur və xərclər tam həcmdə ondan tələb olunur. Alimentin azaldılması ilə bağlı mediasiya orqanına müraciət etmiş, lakin cavabdehin iştirak etməməsi səbəbindən baxılmasından imtina olunmuşdur. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. İddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, hər bir uşaq üçün hər ay 100 manat məbləğində aliment verə bilər. Aliment tutulmasına dair qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli 2(050)-3637/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Konstitusiyanın 25-ci maddəsində qadın və kişinin hüquqları və azadlıqları bərabər şəkildə təsbit olunmuşdur və X18 haqqında Qanuna əsasən Konstitusiya hüquqi müəyyənlik baxımından ən üstün hüquqi qüvvəyə malikdir. Həmçinin, Ailə Məcəlləsi də, qadın və kişinin uşağa münasibətdə bərabər hüquq və vəzifələrinin olmasını təsbit edir. Belə olan halda aliment uşaqların saxlanması öhdəliyidir və valideynlər həmin öhdəliyə münasibətdə bərabər hüquqa malik olmalıdır. 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən olunmuşdur ki, bunun yarısı 123 manat edir, əgər belədirsə o zaman həmin minumum təminatının qarşılanması cavabdehlə mənim tərəfimdən bərabər şəkildə olmalıdır. Cavabdehdə işləyə bilər və uşaqların saxlanmasında iştirak etməlidir. Hazırda ümumi məhkəmə təcrübəsində qadınlardan da aliment tutulur, əgər tutulursa o zaman qadınlar da, uşaqların saxlanması xərclərində iştirak etməlidir. Mən 420 manat əmək haqqı ilə uşaqların və özümün minimum təminatımı qarşılaya bilmərəm, uşaqları dünyaya mən tək gətirməmişəm ki, onlarıda tək mən saxlayım, cavabdehində, borcudur ki, uşaqların saxlanmasında iştirak etməlidir. Biz birgə yaşadığımız dövrdə uşaqların saxlanması üçün ay ərzində təxminən 200-250 manat vəsait xərcləmişik və kasıbçılıqla yaşamışıq. Mənim maddi imkanım hər zaman pis olmuşdur və hazırda ayrılmışıq deyə mənim maddi imkanım yaxşılaşmamışdır. Aliment müəyyən olunarkən mütləq şəkildə tərəfin maddi vəziyyəti və əvvəlki maddi təminatı nəzərə alınmalıdır. Hazırkı vəziyyətdə mən çox əziyyət çəkirəm, məcburən piyada gəzirəm və işə piyada gedirəm ki, gündəlik xərcim çıxmasın, belə davam edərsə mən məcbur olaraq işdən də çıxmalıyam, çünki artıq heç bir şəkildə dolana bilmirəm. Bu gün ölkədə minimum əmək haqqı 400 manatdır və çox şirkətlər işçilərinə 400 manat əmək haqqı verirlər, məndə şirkətdə elektrik işləyirəm və 420 manat əmək alıram. Bundan artıq heç bir gəlirim yoxdur, cavabdeh aliment tələb edən tərəfdir və mənim əlavə gəlirimin olmasını cavabdeh sübut etməlidir, lakin mənim əlavə gəlirim barədə heç bir sübut yoxdur. Mən bu vəziyyətdə aylıq əmək haqqımın yarısını övladlarıma verə bilərəm, bundan artıq mənim imkanım yoxdur. Qalan yarısı ilə özüm çətinliklə də olsa dolanaram. Cavabdeh də işləməli və övladlarımıza baxmalıdır. Təbii ki, mənim əmək haqqım yüksək olmuş olsaydı, o zaman mən də uşaqlarım üçün daha çox vəsait ayırmaq istəyərdim. Lakin hazırkı vəziyyətdə bunu etməyim mümkün deyildir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli 2(050)-2063/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı 5 sentyabr 2022-ci il tarixdə Masallı şəhərində doğulmuş X5 atası olması müəyyən edilmiş, 26 may 2025-ci il tarixdən başlayaraq 20 yanvar 2020-ci il təvəllüdlü X6, 17 iyul 2021-ci il təvəllüdlü X2 və 5 sentyabr 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. X12 alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli 2(050)-3637/2025 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Nıametdın Mirzalıyev həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, həmin apellyasiya şikayəti aşağıda göstərilənlərə əsasən təmin edilməməli, Masallı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, alimentin məbləğinin dəyişdirilməsini (artırılması və ya azaldılmasını) nəzərdə tutan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1 -ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi qanunvericilik məhkəmə tərəfindən təyin olunmuş alimentin miqdarının sonradan dəyişdirilməsi üçün iki halı müəyyənləşdirmişdir. Bunlardan biri tərəflərin maddi vəziyyəti, digəri isə ailə vəziyyətində dəyişikliyin olması ilə bağlıdır. Hazırkı iş üzrə həmin halların heç biri mövcud deyildir. İddiaçı tələbinin əsasını əmək haqqının az olması ilə əsaslandırmışdır ki, hələ aliment təyin edilməsi ilə bağlı işə baxılarkən də, qarşı tərəf eyni arqumentlə çıxış edib aliment az təyin edilməsini xahiş etmişdi. Lakin məhkəmənin aliment təyini barədə qətnaməsi qanuni qüvvəsini almış və o, həmin qətnamədən şikayət verməmişdir. Yəni iddiaçının aliment təyinindən sonrakı dövrdə maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Bu isə alimentin azaldılması üçün əsasın olmamasını göstərir. Bundan başqa Ailə Məcəlləsində alimentin təkcə əmək haqqından deyil, aylıq gəlirdən tutulması qeyd edilmişdir. Əmək haqqı isə aylıq gəlirlərin yalnız tərkib hissəsidir. Bundan başqa iddiaçının rəsmi qeydə alınmasa da, yaşadığı evin həyətində dükanı vardır ki, orada da ərzaq məhsullarının satışı ilə məşğuldurlar. İstifadəsində bahalı avtomobili vardır. Bütün bunlar iddiaçının yalnız alimentdən yayınmaq üçün hazırkı əsasız iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini göstərir. Özü isə heç bir yerdə işləmir. Uşaqlar körpə olduqlarından onlara baxmağı ilə bağlı işləyə bilmir. Uşaqlara təyin edilən alimentin miqdarının azaldılması isə onldarın dolanışığının daha da pisləşməsinə səbəb olmaqla, hüquqlarının pozulması demək olacaqdır. Halbuki həm yerli, həm də beynəlxalq qanunvericilik uşaq hüquqlarının daha üstün tutulmasını tələb edir. İddiaçı isə aliment təyin edildikdən sonra maddi vəziyyətində onun aliment ödəməsinə təsir edəcək dəyişikliyin olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf özünün tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin tələbinə əsasən iddiaçının irəli sürdüyü arqumentləri, yəni maddi vəziyyətinin aliment ətyinindən sonra alimentin ödənilmsəinə təsir edəcək pisləşməsini sübut etmək vəzifəsi onun üzərinə düşür. Lakin iddiaçının qeyd olunan xüsusatlarla bağlı hər hansı sübut təqdim etməməsi onun tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsini göstərir. Bu isə iddianın rədd edilməsi üçün əsasdır. Bütün bunlar birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasını, iddiaçının apellyasiya şikayətinin isə əsassız olmaqla uşaqların hüquqlarının pozulmasına, onsuz da az təyin edilmiş (140 manat) alimentin daha da azalmasının uşaqların mənafeyinə uyğun olmamaqla onların çətin maddi durumda qalmasına yönəlməsini göstərir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmişdir. Kollegiya MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın təminini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdkılar müəyyən edilir. İddiaçı Cavabdeh Nıametdin Mirzalıyevə qarşı “atalığın müəyyən olunması və alimentin tutulması” tələbinə dair iş üzrə Masallı Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(050)-2063/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı 5 sentyabr 2022-ci il tarixdə Masallı şəhərində doğulmuş X5 atası olması müəyyən edilmiş, 26 may 2025-ci il tarixdən başlayaraq 20 yanvar 2020-ci il təvəllüdlü X6, 17 iyul 2021-ci il təvəllüdlü X3 və 5 sentyabr 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. DYİ seriyalı 00***** nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1980-cı il təvəllüdlü İddiaçı Türkmənistan vətəndaşıdır, icazə 11 oktyabr 2022-ci il tarixdə verilmiş, icazə vəsiqəsi 11 oktyabr 2027-ci il tarixədək etibarlıdır. TKM seriyalı P tipli A2443942 nömrəli pasportun surətindən görünür ki, xx xxxxxx 1980-cı il təvəllüdlü İddiaçı Türkmənistan Respublikasının vətəndaşıdır. “KƏNAN” şirkəti tərəfindən verilmiş 13 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həmin şirkətdə işləyir, 420 manat məbləğində əmək haqqı alır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının X18ı və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvesiyasının 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demoktratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. "Elşolts Almaniyaya qarşı" işi üzrə Avropa İnsan hüquqları Məhkəməsinin 13 iyul 2000-ci il tarixli qərarında qeyd edilir ki, Konvesiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyin uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 246 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Göründüyü kimi yuxarıda qeyd olunan qanunvericilik aktları, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarları ilə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Masallı Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2(050)-2063/2025 saylı qətnaməsi ilə alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, Masallı Rayon Məhkəməsi tərəfindən ilkin olaraq alimentin tutulması tələbinə dair işə baxılarkən hazırda iddiaçı Nıametdin Mırzalıyevin iddiasında istinad etdiyi hallar mövcud olmuşdur. Yəni həmin zaman da “Kənan” şirkətində elektrik işləmiş və aylıq əmək haqqı 420 manat təşkil etmiş, istinad etdiyi hal, əvvəl alimentin tutulmasına dair iddiaya baxılarkən araşdırma predmeti olmuşdur. Hazırda iddiaçı həmin əsaslardan çıxış edərək tələbini belə əsaslandırır ki, “Kənan” şirkətində elektrik vəzifəsində çalışır və aylıq 420 manat əmək haqqı alır. Bu məbləğdə əmək haqqı aldığı halda hər uşaq üçün 140 manat aliment tutulması onun maddi vəziyyətinə uyğun deyildir. 3 övladı vardır, aldığı əmək haqqı 420 manat, ödədiyi aliment də 420 manat təşkil edir ki, bu məbləği ödəməsi mümkün deyildir. Bununla belə, iddiaçı birinci instansiya məhkəməsində hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazında iddiaçının rəsmi qeydə alınmasa da, yaşadığı evin həyətində dükanı olduğunu, orada ərzaq məhsullarının satışı ilə məşğul olduğunu, istifadəsində bahalı avtomobili olduğunu bildirmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasından asılı etmişdir. Alimentin miqdarı təyin olunduqdan sonra isə baş vermiş dəyişiklik yalnız ondan ibarətdir ki, 2026-cı ildə uşağın saxlanması üçün yaşayış minimumu 246 manatdan 260 manata artmışdır. Göründüyü kimi müəyyən olunan alimentin məbləğinin dəyişdirilməsi, yəni azaldılması üçün üçün əsaslar yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti (400X0.35=140; 140X3=420; 420X12=5040; 420:2=210; 210X12=2520; 5040-2520=2520) 2520 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli 2(050)-3637/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2(106)-1967/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1967/2025
21.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver