Məhkəmə qərarları › İş №2(106)-1990/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1990/2024

12.12.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1990/2024 12.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(049)-5184/2018 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Kreditor MMC-nin Borclu qarşı borcun tutulması tələbi barədə mülki iş üzrə xx.xx.2018-ci il tarixli 2(049)-5184/2018 nömrəli məhkəmə əmrinə əsasən iddia tələbi təmin edilmişdir. xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə qanunla müəyyən edilmiş müddətdə etiraz verilməmiş, məhkəmə əmri qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Borclu Bağırov X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-5184/2018 nömrəli məhkəmə əmrinə xx.xx.2024-cü il tarixdə etiraz vermişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-5184/2018 nömrəli qərardadına əsasən Kreditor MMC-nin Borclu qarşı borcun tutulması tələbi barədə mülki iş üzrə xx.xx.2018-ci il tarixli 2(049)-5184/2018 saylı məhkəmə əmrinə borclunun verdiyi xx.xx.2024-cü il tarixli etirazın geri qaytarılması qərara alınmışdır. Həmin qərardadda etirazın qaytarılmasının əsası olaraq etirazın qanunla müəyyən edilmiş müddət bitdikdən sonra verilmiş olması qeyd edilmişdir. Borclu Bağırov X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-5184/2018 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-5184/2018 saylı məhkəmə əmrinin ləğv edilərək işə iddia icraatı qaydasında onun iştirakı ilə baxılması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Kreditor MMC ona qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Onun bu barədə heç bir məlumatı olmamışdır. Nə məhkəmənin keçirilməsi, nə də barəsində qəbul edilmiş məhkəmə əmrinin surətindən xəbərdar olmamışdır. Heç həmin əmrin icrası ilə bağlı belə xx.xx.2024-cü il tarixə kimi heç bir məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə ona poçt vasitəsi ilə Lənkəran Rayon İcra və Probasiya Şöbəsindən məktub təqdim olunmuş, zərfin içindən çıxan xəbərdarlıq məktubunu oxuyanda ona məlum olmuşdur ki, barəsində Lənkəran Rayon Məhkəməsinin 2(049)-5184/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli məhkəmə əmri var. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 18 oktyabr 2024-cü il tarixli, 2174/2019-25-19 saylı, xx.xx.2024-cü il tarixdə ona təqdim olunan xəbərdarlıq məktubuna əsasən Lənkəran Rayon Məhkəməsinin 2(049)-5184/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli məhkəmə əmri ilə Kreditor MMC-yə onun 1896.78 manat borcu var. Onun Kreditor MMC ilə heç bir alqı-satqısı olmamışdır ki, ora borcu yaransın. Həmin borcun nədən ibarət olmasını bilmir. Onun Kreditor MMC-yə heç bir borcu yoxdur. Məhkəmə əmri ona bu günə kimi təqdim olunmamışdır. Onun Kreditor MMC-nin onunla bağlı iddia tələbindən ümumiyyətlə heç bir xəbəri olmamışdır ta ki, yuxarıda qeyd etdiyi xəbərdarlıq məktubunu alana kimi. O, Lənkəran Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin 2(049)-5184/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli məhkəmə əmrinə etiraz vermiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-5184/2018 saylı, 01 noyabr 2024-cü il tarixli qərardadı ilə etiraz geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-5184/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli məhkəmə əmri ünvanına 02 noyabr 2018-ci ildə poçt vasitəsi ilə göndərilmişdir. Nəzərə çatdırır ki, iş materiallarında Lənkəran Rayon Məhkəməsinin 2(049)-5184/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli məhkəmə əmrinin ona hansı tarixdə təqdim olunması ilə bağlı heç bir sübut ola bilməz. Çünki, bir daha təkrar edir ki, nə məhkəmənin keçirilməsi, nə də barəsində qəbul edilmiş məhkəmə əmrinin surətindən xəbərdar olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-5184/2018 saylı, 01 noyabr 2024-cü il tarixli qərardadı ilə razı deyil. Bu qərardadı qəbul edərkən hüquqlar bilərəkdən pozulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2(049)-5184/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(049)-5184/2018 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli 2(049)-5184/2018 nömrəli məhkəmə əmri xx.xx.2018-ci il tarixdə borcluya (onun qeydiyyatda olduğu Lənkəran rayonu Sütəmurdov kəndinə) göndərilmişdir. Həmin məhkəmə əmrinə qanunla müəyyən edilmiş müddətdə etiraz verilməmiş və məhkəmə əmri qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, Borclu xx.xx.2018-ci il tarixli 2(049)-5184/2018 nömrəli məhkəmə əmrinə etirazı həmin məhkəmə əmrinin ona göndərildiyi vaxtdan 6 ilə yaxın müddət keçəndən sonra vermiş, lakin əgər bu müddət üzürlü səbəblərdən keçmişsə, buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə vəsatət verməmişdir. Məkhəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi etirazı geri qaytarmaq barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 281.3-cü maddəsinə əsasən məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadda xx.xx.2018-ci il tarixli 2(049)-5184/2018 nömrəli məhkəmə əmrinin xx.xx.2018-ci il tarixdə borcluya (onun qeydiyyatda olduğu Lənkəran rayonu Sütəmurdov kəndinə) göndərilməsini qeyd etsə də, iş materiallarında borclunun həmin məhkəmə əmrini almasını təsdiq edən hər hansı bir sənəd (xəbərnamə, poçt göndərişindən çıxarış vəs.) mövcud deyil. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, Lənkəran rayon İcra və Probasiya şöbəsi xx.xx.2024-cü il tarixdə Borclu tələbin könüllü icrası barədə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xəbərnamənin surətindən (səh.62-63) görünür ki, həmin məktub Borclu tərəfindən xəbərnaməyə müvafiq imza atılmaqla xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi borclu sözgüdən məhkəmə əmrindən yalnız icra mərhələsi zamanı məlumatlı olmuşdur. Birinci instansiya məhkəməsi sözügedən məsələləri araşdırmadan verilmiş məhkəmə əmrini geri qaytarmaqla yanlış nəticəyə gəlmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayət qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(049)-5184/2018 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2(049)-5184/2018 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar