Məhkəmə qərarları › İş №2(106)-2011/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2011/2025

24.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2011/2025 24.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızından (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və məcburi işburaxma üçün kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinin nümayəndəsi Nümayəndə mülki işə baxan məhkəmə sədrinə edilmiş etiraza yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, onunla Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 25 avqust 2025-ci il tarixli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi və məcburi işburaxma üçün həmin tarixdən cari tarixədək olan dövr üzrə hesablanmış əmək haqqı həcmində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 06 oktyabr 2025-ci ildə məhkəmənin icraatına daxil olaraq baxılması üçün Neftçala Rayon Məhkəməsinin sədri X1 icraatına verilmişdir. 05 dekabr 2025-ci il tarixli məhkəmə iclasında cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinin nümayəndəsi Nümayəndə hakim X2 etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında olan 2(053)-1521/2025 nömrəli mülki iş üzrə internet portalından əldə edilmiş məlumata görə, hakim Ceyhun Qədimovun İddiaçı mənzilində daha əvvəl kirayə qalması barədə məlumat mövcuddur. Qeyd edilən hal tərəflər arasında əvvəlcədən tanışlıq münasibətlərinin olduğunu göstərir. Bu səbəbdən, hakimin işə obyektiv və qərəzsiz yanaşacağına dair əsaslı şübhələrin yarandığı bildirilərək, mülki işin hakim Ceyhun Qədimovun icraatından alınaraq başqa hakimin icraatına verilməsi xahiş edilmişdir. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(053)-1521/2025 saylı qərardadı ilə cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinin nümayəndəsi Nümayəndə sədrlik edən hakim – Neftçala Rayon Məhkəməsinin sədri X2 etirazı baxılması üçün hazırkı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və etirazın dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin mülki işə baxan məhkəmə sədrinə edilmiş etiraz təmin edilməlidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 19.1-ci maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə (19.1.1), o, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə (19.1.2), o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə (19.1.3), o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə (19.1.4), o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə (19.1.5), o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa (19.1.6), onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa (19.1.7); 21.2-ci maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun; 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. 23.2.-ci maddəsinə əsasən Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli, 3 saylı “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum Qərarının 1.-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. 3.1.-ci bəndinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında işdə iştirak edən şəxslərin, inzibati məhkəmə icraatının iştirakçılarının və cinayət məhkəmə icraatında cinayət prosesi iştirakçılarının hakimə (məhkəmə tərkibinə) etiraz etmələri həmin şəxslərin subyektiv hüquqları olub, onların öz mülahizələrinə əsasən həyata keçirilir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə icraatında ədalətli araşdırmanın təmin olunması, tərəflərin hüquq və mənafelərinin qərəzsiz şəkildə qorunması birbaşa olaraq işə baxan hakimin obyektivliyi və qərəzsizliyi ilə sıx bağlıdır. Belə ki, hakimə etiraz institutu yalnız formal prosedur xarakteri daşımır, əksinə hakimə etirazla bağlı prosessual vasitədən istifadə imkanı tərəflərin prosesdə bərabər və ədalətli münasibət gözləntisinin hüquqi ifadəsidir. Xüsusilə qeyd edilməlidir ki, mülki prosessual qanunvericilik tərəflərdən hakimin qərəzliliyini mütləq və danılmaz şəkildə sübut etməyi tələb etmir, kifayətdir ki, mövcud hallar işə baxan hakimin obyektivliyinə dair şübhə yaratmaq imkanına malik olsun. Bu yanaşma məhkəmə icraatında yalnız faktiki qərəzin deyil, eyni zamanda qərəz təəssüratının belə aradan qaldırılmasını hədəfləyir ki, bu da ədalət mühakiməsinin mahiyyəti ilə uzlaşır. Nəticə etibarilə, hakimə etiraz institutu məhkəmə icraatında obyektivlik və qərəzsizlik prinsiplərinin real təmin olunmasına xidmət etməklə yanaşı, qəbul edilən məhkəmə qərarlarının legitimliyinin və ictimai etibarının qorunmasını təmin edən mühüm prosessual vasitə kimi çıxış edir. Məhkəmə kollegiyası iş materiallarını və etirazın əsaslarını araşdıraraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində mülki işə baxan məhkəmə sədri- hakim Ceyhun Qədimova qarşı verilmiş etiraz təmin edilməlidir. Kollegiya tərəfindən aparılmış araşdırma zamanı kütləvi informasiya vasitələrində və açıq xəbər mənbələrində dərc edilmiş məlumatların mövcudluğu təsdiqlənmiş, həmin məlumatlarda məhkəmə sədri-hakim Ceyhun Qədimovun mülki iş üzrə İddiaçı mənzilində müəyyən müddət kirayə qalması faktının yer aldığı müəyyən edilmişdir. Göstərilən hal tərəflər arasında əvvəllər mövcud olmuş şəxsi münasibətlərin olduğunu ortaya qoymaqla yanaşı, bu münasibətlərin ictimaiyyət üçün də məlum olması səbəbindən, işə baxan hakimin obyektivliyi və qərəzsizliyi barədə kənar müşahidəçi baxımından əsaslı şübhə yaradır. MPM-in 19.1.7-ci maddəsinə əsasən şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxılmasına yol verilmir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülki işə Neftçala Rayon Məhkəməsində baxılması, ən azı zahiri baxımdan, kənar və ağlabatan müşahidəçinin nəzərində qəbul ediləcək məhkəmə qərarının obyektivliyinə dair əsaslı şübhələr yaradır. Nəzərə alınmalıdır ki, məhkəmə aktı yalnız daxili məntiqi baxımdan ziddiyyətlərdən azad olmaqla kifayətlənməməli, eyni zamanda zahiri cəhətdən də obyektivlik və qərəzsizlik təəssüratı yaratmalı, onun qanuniliyi və əsaslılığı cəmiyyətdə inam doğurmalıdır. Hakimin qərəzsizliyinə dair hətta minimal ehtimal mövcud olduqda belə, bu halda qəbul ediləcək qərarın qərəzsizliyindən danışmaq mümkün deyildir. “X3rşı” işi üzrə (ərizə № 47221/99, 22 iyun 2004-cü il, §27) Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəsi çərçivəsində müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli araşdırma hüququnun əsaslandırılması ilə bağlı eyni məntiqi ifadə etmişdir: “27. ‘Qərəzsizlik’ tələbinin iki aspekti mövcuddur. Birincisi, məhkəmə subyektiv baxımdan şəxsi qərəz və ya meyillərdən azad olmalıdır. İkincisi isə, o, obyektiv baxımdan da qərəzsiz olmalıdır, yəni bu baxımdan hər hansı əsaslı şübhəni istisna etməyə kifayət edən təminatları təqdim etməlidir. Məsələ ondan ibarətdir ki, demokratik cəmiyyətdə məhkəmələr ictimaiyyətə və hər şeydən əvvəl məhkəmə icraatının tərəflərinə etibar aşılamalıdır…”. “Hauschildt Danimarkaya” qarşı işi üzrə (1989, 12 EHRR 266) Avropa İnsan Hüquqları Məhkəməsi bu meyarı aşağıdakı kimi izah etmişdir: “Obyektiv meyar çərçivəsində, hakimin şəxsi davranışından asılı olmayaraq, onun qərəzsizliyinə dair şübhə yarada biləcək müəyyən edilə bilən faktların mövcud olub-olmadığı müəyyən edilməlidir. Bu baxımdan, hətta zahiri görünüş belə müəyyən əhəmiyyət kəsb edə bilər”. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəaların pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur. Beləliklə, yuxarıda qeyd edilən hallar və hüquqi əsaslar nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, hakimin obyektivliyi və qərəzsizliyi ilə bağlı yaranmış şübhələrin aradan qaldırılması, məhkəmə icraatına və qəbul ediləcək məhkəmə aktına ictimai etimadın təmin olunması məqsədilə verilmiş etiraz təmin edilməlidir. Odur ki, hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 22, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinə qarşı «əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və məcburi işburaxma üçün kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə cavabdeh Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon komitəsinin nümayəndəsi Nümayəndə mülki işə baxan məhkəmə sədri X2 qarşı edilmiş etiraz təmin edilsin. Mülki iş baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar