Məhkəmə qərarları › İş №2(106)-2017/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2017/2024

06.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2017/2024 06.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-1174/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 aprel 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(073)-1174/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 09 aprel 2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İş üzrə İddiaçı apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(073)-1174/2024 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-1174/2024 saylı (X7) qərardadı ilə İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(073)-1174/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. İddiaçı Cəfərova X2 rayon məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-1174/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin 7 gün müddətində işlə birlikdə Apellyasiya instansiya məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 2(073)-1174/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə apellyasiya şikayətinin geri qaytarılmasını, apelyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsi ilə əlaqələndirmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı apellyasiya şikayətində Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət etmədən, yəni cavabdeh məhkəmə qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməsinə dair dəlilləri, məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları göstərsə də, həmin halları təsdiq edən (qətnamənin əsassızlığına dair sübutları, cavabdehlərin zəruri vəsaitə malik olmalarını təsdiq edən sübutları) sübutları apellyasiya şikayətinə əlavə etməmiş, yalnız apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin normalarını sadalamış və İddiaçı apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(073)- 1174/2024 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə müşayiət olunmuş, birinci instansiyası məhkəməsinin işin hallarına formal yanaşması cavabdehin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müxtəlif qərarlarında sərgilənən mövqeyinə görə, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir. Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X5rşı iş üzrə 1994-cü il 21 sentyabr §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli §31 Qərarlar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

7. şikayətə əlavə edilən sənədlərin siyahısı. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə nəzər yetirdikdə də görünür ki, şikayətin dəlilləri aydın şəkildə göstərilmiş, şikayətdə hansı maddi hüquq normalarının pozulması və bununla bağlı dəlillər aydın şəkildə ifadə edilmişdir. Kollegiya hesab edir ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsin məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilərək Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-1174/2024 saylı qərardadı ləğv edilməli, Cəlilabad Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(073)-1174/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara və Mülki Prosessual Məcəllənin 263, 264, 366.3, 395-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(073)-1174/2024 saylı qərardadı ləğv edilsin. Cəlilabad Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 2(073)-1174/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar