Məhkəmə qərarları › İş №2(106)-2038/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2038/2025

04.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2038/2025 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Tarel oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı manelərin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli 2(041)-1751/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kürdəmir rayonunun Şahsevən kənd sakini Cavabdeh tərəfindən mülkiyyətində olan "Elektrod" kiçik dövlət müəssisənin ərazisində qanunsuz inşa etdiyi talvar və yardımçı tikililərin (sanitar qovşaq və su hövuzu) onun öz hesabına sökülməsi, istifadəyə edilən maneələrin aradan qaldırılması və onun zəbt etdiyi torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx xxxx 1952-ci il tarixdə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olmuşdur. Ailəlidir və 3 (üç) övladı vardır. Hazırda təqaüdçüdür. ona məxsus Kürdəmir şəhəri, Bakı prospektində yerləşən "Elektrod" kiçik dövlət müəssisəsi vardır. Həmin müəssisənin ümumi 1401,05 sot torpaq sahəsi vardır. Həmin müəssisənin ərazisndən 475 kv.metr ölçüdə, 6 il bundan öncə cavabdeh - Cavabdeh icarəyə vermiş. Lakin aralarında heç bir rəsmi sənədləşmə işləri aparılmamışdır. Cavabdeh ona heç bir xəbərdarlıq etmədən, özbaşına olaraq müəssisənin ərazisində talvar və yardımçı tikililər (sanitar qovşaq və su hövuzu) tikmişdir. O cavabdehə bu barədə, yəni qanunsuz tikililərin sökülməsi barədə xəbərdarlıqlar etməyinə baxmayaraq, o buna əməl etməmişdir. Bu barədə oğlu Məmmədov X2 RPŞ-nə xx.xx.2025ci il tarixdə rəsmi ərizə ilə müraciət etmiş, Kürdəmir RPŞ-nin qərarı ilə ona Məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. 2024-cü ilin dekabr ayında cavabdeh-Cavabdeh törətmiş olduğu cinayət əməlinə görə həbs olunmuşdur. Qeyd olunan ərazini isə, hazırda "şifer" materialları ilə yanlarını hasara alıb. Cavabdehin bu kimi qanunsuz hərəkətlərinin nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Kürdəmir Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli 2(041)-1751/2025 saylı qətnaməsi ilə (hakim: Xaliq İmanov) iddia təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, Kürdəmir Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2(041)-1751/2025 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Tarel oğlu izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Mübahisələndirilən əmlak “Elektrod” kiçik dövlət müəssisəsinin ərazisidir və həmin müəsissə atasına məxsusdur. Həmin ərazinin bir hissəsində cavabdeh tikinti materialları satırdı. Torpaq sahəsini cavabdehə icarə müqaviləsi olmadan vermişlər. Cavabdehin tikinti materiallarını satdığı ərazidə fərdi yaşayış evi yoxdur, sanitar qovşağı, su hovuzu, talvar mövcuddur. Həmin tikililərin cavabdeh tərəfindən sökülməsini istəyirik. Buna görə də, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, təmsil olunmamışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə ərizə göndərmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. AR MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2(041)-1751/2025 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. İşdə olan “Elektron məhkəmə” informasiya sisteminə İddiaçı barəsində məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh barəsində məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. MPM-in 24.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-in 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 24.3.-cü maddəsinə əsasən Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il tarixli 18 sentyabr 10 saylı Qərarında müəyyən edilmişdir ki:

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.

28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir”. İş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus Kürdəmir şəhəri, Bakı prospektində yerləşən “Elektrod” kiçik dövlət müəssisəsinin ərazisinin bir hissəsi cavabdeh tərəfindən uzun müddət ərzində faktiki istifadə edilmiş, həmin ərazidə talvar və yardımçı tikililər (sanitar qovşaq və su hovuzu) inşa olunmuş, habelə torpaq sahəsi hasarlanaraq istifadəyə cəlb edilmişdir. Cavabdehin göstərilən torpaq sahəsindən istifadəsi müvəqqəti və təsadüfi xarakter daşımamış, davamlı şəkildə həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, tərəflər arasında torpaq sahəsinin istifadəsi ilə bağlı münasibətlər təxminən altı il müddətində davam etmiş, bu münasibətlər çərçivəsində torpaq sahəsi müəssisənin istehsal-təsərrüfat ərazisinin tərkib hissəsi kimi istifadə edilmişdir. Həmin münasibətlərin yaranması və davam etməsi sahibkarlıq subyekti olan müəssisənin ərazisindən istifadə ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti olan torpaq sahəsindən istifadə, orada tikililərin inşa edilməsi və həmin tikililərin sökülməsi ilə bağlı tələblər tərəflər arasında formalaşmış hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu münasibətlər mahiyyət etibarilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ayrılmış ərazidən istifadə ilə bağlı yaranmışdır. Bu səbəbdən, hazırkı iş üzrə mübahisə şəxsi-məişət xarakterli mülki münasibətlərdən irəli gəlmir, əksinə, iqtisadi dövriyyə çərçivəsində, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq formalaşmış hüquq münasibətlərindən qaynaqlanır. Belə mübahisələr isə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq kommersiya mübahisələrə baxan məhkəmələrin səlahiyyətinə aiddir. Lakin birinci instansiya məhkəməsi iş üzrə yaranmış hüquq münasibətlərinin xarakterini, mübahisənin əsasını və predmetini, habelə məhkəmə aidiyyəti məsələsini lazımi qaydada araşdırmadan, bu hallara hüquqi qiymət vermədən, işə mahiyyəti üzrə baxmış və iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydalarına əməl edilməmiş, nəticədə MPM-in aidiyyətə dair müddəələrinin tələbləri pozulmuşdur. Göstərilən prosessual pozuntu isə qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslılığını istisna edən hal kimi qiymətləndirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini, tərəflərin subyektiv tərkibi, mübahisənin predmetini, eləcə də hüquq münasibətlərinin xarekterini nəzərə almaqla hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndlərinin (bax §§7- 8) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə Plenum Qərarının 12ci bəndində (bax §8) formalaşdırılmış hüquqi mövqelərdən də aydın olur ki, işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bununla yanaşı, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Eyni zamanda, kollegiya onu da qeyd edir ki, işə baxılarkən tələflərin qarşılıqlı tələblərinin olması mümkündür və bu hal işin MPM-in 30-ci maddəsinin tələbi baxımından kommersiya məhkəməsində baxılmasını zəruri edir. Beləliklə, tərəflər arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından məhkəmə tərkibi belə nəticəyə gəlir ki, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu görünür. Lakin birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını, mübahisənin əsasını, predmetini, aidiyyət məsələsini aydınlaşdırmadan və məhkəmə aidiyyəti qaydalarının pozulması ilə iddia tələbinə baxaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmiş, bununla da MPM-in məhkəmə aidiyyəti ilə bağlı müddəalarında nəzərdə tutulmuş tələbləri pozmuşdur. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən, yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mahiyyətini və mübahisənin xarakterini digər hallarla birlikdə nəzərə alaraq hesab edir ki, iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehlərin rəsmi qeydiyyat ünvanı Kürdəmir rayonu olduğundan, hazırkı iş aidiyyəti üzrə onun rəsmi qeydə alındığı yer üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli Qərarına əsasən, Kürdəmir rayonu ərazi vahidi kimi Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, işə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığı üçün cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli 2(041)-1751/2025 saylı qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384.0.4, 385.1.1, 387.2.9, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli 2(041)-1751/2025 saylı qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar