Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2069/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X5 ibarət məhkəmə tərkibində, Kreditor X2 Borclu qarşı borcun alınması tələbi barədə mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(022)-555/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: X1 Şəban Nəbi oğluna qarşı məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu onun xeyrinə borclu olduğu 22700 manat borcun və ödənilmiş 158.10 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(022)-555/2022 saylı məhkəmə əmri ilə Biləsuvar rayonu İsmətli kəndində yaşayan xx.xx.1976-cı il tarixdə Biləsuvar rayonunda anadan olmuş Borclu Ağcabədi rayonu Avşar kəndində qeydiyyatda olan X2 xeyrinə borc qismində 22700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 158.10 manat məbləğində pul vəsaitinin tutulması müəyyən edilmişdir. Borclu Sefiyev X6 Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(022)-555/2022 saylı məhkəmə əmrinə etiraz edərək, həmin əmrin ləğv edilməsi və iddia icraatına keçirilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, sözügedən məhkəmə əmri ilə razı deyil və işə iddia icraatı qaydasında baxılmasını istəyir. Belə ki, məhkəmə həmin işə baxarkən o, Rusiya Federasiyasında olmuş, həmin məhkəmə əmrindən məlumatı olmamışdır. Pasportunda sərhəd keçid məntəqəsinin möhürü olması bir daha sübut edir ki, o, burada olmamış, məhkəmə əmrindən Biləsuvar rayon İcra və Probasiya şöbəsinin bildirişindən sonra məlumatı olmuşdur. Bundan sonra ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmiş və onun ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə məhkəmə əmrinin surəti ona verilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(022)-555/2022 saylı qərardadı ilə Borclu Biləsuvar Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 2(022)- 555/2022 saylı məhkəmə əmrinə etirazının geri qaytarılması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, Borclu Biləsuvar Rayon Məhkəməsinin 15 aprel 2022ci il tarixli 2(022)-555/2022 saylı məhkəmə əmrindən məlumatı olmuş, həmin məhkəmə əmrinin icrası istiqamətində tədbirlər görməklə xx.xx.2022-ci il tarixdə tələbkara 500 manat, daha sonra xx.xx.2023-cü il tarixdə 100 manat ödənişlər etməklə icra sənədini qismən icra etmiş, lakin məhkəmə əmrinə etirazını bildirmək hüququndan istifadə etməmişdir. Borclu Sefiyev X6 Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(022)- 555/2022 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 2(022)-555/2022 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(022)-555/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Biləsuvar Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(022)-555/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması və Biləsuvar Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(022)-555/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(022)-555/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. MPM-in 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. MPM-in 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. MPM-in 283-cü maddəsinə əsasən Borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Göründüyü kimi, qanunvericilikdə məhkəmə əmrinə etiraz verilməsi üçün konkret olaraq müddət nəzərdə tutulmuşdur. İş materiallarından da müəyyən edilir ki, borclu məhkəmə əmrindən xəbərdar olmuş, habelə kreditora müəyyən ödənişlər etmişdir. Borclu ötən müddət ərzində şikayət vermə hüququndan istifadə etməmiş və bu imkanından artıq məhrum olmuşdur. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad qanunidir və ləğvi üçün heç bir əsas yoxdur. MPM-in 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Nəzərə alınmaldır ki, Konstitusiyanın yuxarıda qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPMdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məhkəmə kollegiyası, eyni zamanda diqqətə çatdırır ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 2(022)-555/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2069/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2069/2023
25.12.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver