Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-222/2023 26.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X14 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair” mülki işi üzrə Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-788/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Astara rayonu, Pensər kəndi ərazisində yerləşən fərdi yaşayış evinə onu, 03 dekabr 2018-ci il tarixdə anadan olmuş X5 və 22 fevral 2020-ci il tarixdə anadan olmuş X8 ilə birlikdə köçürülməkləri və həmin evdən istifadə etmələrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyriləri tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun keçmiş qaynanası, Cavabdeh2 isə keçmiş baldızıdır. O, mərhum X6 ilə 09 fevral 2018-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olub evlənmişlər. Evləndikdən sonra o, Astara rayonu, Pensər kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bu münasibətlərindən onların 03 dekabr 2018-ci il təvəllüdlü X5 və 22 fevral 2020-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. X3 05 noyabr 2020-ci il tarixdə ikinci Qarabağ müharibəsi zamanı gedən döyüşlər nəticəsində şəhid olmuşdur. Əri öldükdən (şəhid olduqdan) sonra cavabdehlərin onunla münasibətləri pozulmuşdur. Belə ki, ərinin ölümündən bir il keçdikdən sonra cavabdehlər onu azyaşlı uşaqları ilə birgə evdən qovmuşlar. Yaşamağa başqa bir yeri olmadığından o, valideynlərinin yaşadığı fərdi yaşayış evinə getmişdir. Qeyd etdi ki, mübahisəli mənzilin inşa edilməsində onun da, zəhməti olmuşdur. Bütün bunları nəzərə alaraq o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsində izahat verərək, bildirmişdir ki, iddiaçı onun keçmiş gəlni olmuşdur. Mərhum X1 iddiaçı ilə 09 fevral 2018-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olub evlənmişlər. Birgə nikahdan iki uşaqları doğulmuşdur. X1 05 noyabr 2020-ci il tarixdə ikinci Qarabağ müharibəsi zamanı gedən döyüşlər nəticəsində şəhid olmuşdur. Oğlu şəhid olduqdan sonra İddiaçı onlarla yaşamaq istəmədiyini bildirərək azyaşlı uşaqları ilə birgə evdən çıxıb getmişdir. Bütün bunları nəzərə alaraq o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Cavabdeh2 digər Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək Cavabdeh1 göstərdiyi xüsusatları bir daha da təsdiq etmişdir. Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-222/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı azyaşlı uşaqları 03 dekabr 2018-ci il təvəllüdlü X5 və 22 fevral 2020-ci il təvəllüdlü X8 ilə birlikdə Astara rayonu, Pensər kəndində yerləşən fərdi yaşayış evinə köşürülməsi, iddia cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyriləri tərəfindən maneələrin aradan qaldırılması barədə hissəsində təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Birgə apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğlu Pərvin Salmanzadə 05 noyabr 2020-ci il tarixdə Vətən müharibəsində şəhid olmuşdur. Oğlu şəhid olduqdan sonra Sümeyra ona qarşı çox hörmətsiz davranmış, onu söymüş, təhqir etmiş, onunla qalmayacağı, uşaqları da götürüb evdən gedəcəyini bildirmişdir. Yaşadığı evdə onun heç bir zəhməti olmamışdır. Vərəsəlik qaydasında çıxarış üzrə aldığı dörddə bir hissəni ona verilməsini istəmir. Çünki onun buna mənəvi haqqı yoxdur. O, şəhid adına hörmətsizlik edir. Onun yaşadığı mənzilə köçürülməsi onun ölümümə səbəb olar. Qeyd etmişdir ki, İddiaçı Təbriz Salmanzadənin ikinci həyat yoldaşıdır, onun birinci həyat yoldaşından da üç övladı vardır ki, bu barədə qətnamədə qeyd olunmamışdır. O və qızı Cavabdeh2 onun mülkiyyətinə verilmiş dörddə bir hissənin haqqını ödəməklə onun mənzilə köçürülməsinə qəti etiraz edir və Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(018)- 788/2022 nömrəli qətnaməsinin ləğv edilməsini istəmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli 2(018)-788/2022 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 ilə X7 arasında olan nikah 09 fevral 2018-ci il tarixdə, 05 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Salmanzadə” soyadı verilmişdir. İş materialında olan Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X6 ilə X4 birgə nikahdan 03 dekabr 2018-ci il təvəllüdlü X5 və 22 fevral 2020-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. İşdə olan “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X6 05 noyabr 2020-ci il tarixdə ölmüşdür. 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin olub olmaması barədə məktubundan görünür ki, 15 mart 1980-ci il təvəllüdlü Cavabdeh2 adına Astara rayonu, Pensər kəndində yerləşən paylı (3/4 hissə) mülkiyyətdə olan ümumi sahəsi 103 kv.m olan fərdi yaşayış evi dövlət qeydiyyatına alınmışdır. Sorğuda qeyd olunan digər vətəndaş Cavabdeh1 adına hazırda 10 saylı Lənkəran ərazi idarəsində qeydiyyata alınmış yaşayış sahəsi aşkar edilməmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 sentyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Astara rayonu, Pensər kəndində 0.14 hektar torpaq sahəsi üzərində yerləşən 103 kv.m fərdi yaşayış evi X4 ¼ hissədə və Cavabdeh2 ¾ hissədə xüsusi paylı mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Göründüyü kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 sentyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Astara rayonu, Pensər kəndində 0.14 hektar torpaq sahəsi üzərində yerləşən 103 kv.m fərdi yaşayış evi üzərində X4 ¼ hissə payı vardır. X2 həmin evin paylı mülkiyyətçilərindən biridir və o qanunla həmin ev üzərində istifadə, sahiblik və sərəncam vermək hüquqlarına malikdir. Bütün bu hüquqlar heç kəs tərəfindən məhdudlaşdırıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş birgə apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(018)-788/2022 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-222/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-222/2023
26.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver