Məhkəmə qərarları › İş №2(106)-226/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-226/2024

21.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-226/2024 21.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “əmək haqqı və pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-562/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə 29 mart 2023-cü ildə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin iddiaçıya hələ də ödəmədiyi xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinə qədər olan 8 aylıq əmək haqqı, cəmi 6776 manatın cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru – təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 MMC iddiaçının 6776 manat məbləğindəki əmək haqqının ödənilməsini gecikdirdiyi 229 günün hər günü üçün cəmi əmək haqqının azı 1 faizi məbləğində ödəncin, cəmi 15343 manat pulun cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru – təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 MMC-nin iddiaçıya hələ də ödəmədiyi son-haqq hesabın hesablanıb cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru – təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 100 manat hüquqi xidmət xərcinin və 50 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru – təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 təsisçisi və halhazırda direktoru olduğu digər Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsi əsasında iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər 8 ay müddətində aylıq 900 manat əmək haqqı ilə həmin MMC-nin direktoru vəzifəsində çalışmışdır. İddiaçının əmək müqaviləsinə onun ərizəsi əsasında xx.xx.2022-ci ildə xitam verilmişdir. Lakin hələ də iddiaçının çalışdığı həmin 8 aylıq müddətə aid ştat cədvəlinə uyğun olaraq təyin olunmuş və hesablanmış 6776 manat məbləğindəki əmək haqqı (2021-ci ilin dekabr ayı üçün 364 manat, 2022-ci ilin yanvar ayı üçün 801,50 manat, 2022-ci ilin fevral ayı üçün 801,50 manat, 2022-ci ilin mart ayı üçün 801,50 manat, 2022-ci ilin aprel ayı üçün 801,50 manat, 2022-ci ilin may ayı üçün 801,50 manat, 2022-ci ilin iyun ayı üçün 801,50 manat, 2022-ci ilin iyul ayı üçün 801,50 manat, 2022-ci ilin avqust ayı üçün 801,50 manat) ödənilməmişdir. Bundan başqa, iddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilsə də, ona son haqq-hesab da cavabdehlər tərəfindən ödənilməmişdir. İddia tələbinin 1-ci hissəsi həmin 6776 manat əmək haqqının və son haqq-hesabın Cavabdeh1 MMC-dən və onun direktoru və təsisçisi Cavabdeh2 müştərək qaydada tutulub iddiaçıya ödənilməsi ilə bağlıdır. İddiaçı bu hissədə tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 3.5-ci, 44.1-ci, 49.1-ci, 83.2-ci, 154-cü və 156.1-ci maddələrinə istinad etmişdir. İddia tələbinin 2-ci hissəsi əmək haqqı ödənişinin gecikdirildiyi hər gün üçün əmək haqqının azı 1 faizi məbləğində ödəncin cavabdehlərdən tutulması ilə bağlıdır. İddiaçı bu hissədə tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad etmişdir. Cavabdehlər iddiaçının 6776 manat məbləğindəki əmək haqqını ən gec xx.xx.2022-ci ildə ödəməli idi. Həmin tarixdən iddianın verildiyi xx.xx.2023-cü ilə qədər 229 gün ötürülmüş, lakin hələ də təqsirli olaraq ödənilməmişdir. Gecikdirilmiş əmək haqqının 1 faizi isə 67 manatdır. Belə olan halda cavabdehdən gecikdirilmiş 229 gün üçün işçinin əmək haqqının azı bir faizi məbləğində ödənc olaraq 15343 manat pulun tutularaq iddiaçıya ödənilməsi qanunun tələbidir. İddiaçı ilə cavabdeh arasındakı əmək mübahisəsinin həll oluna bilməsi üçün iddiaçı mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya iclasına gəlməmişdir. Bu səbəblə də mediasiya təşkilatı iddiaçıya arayış vermişdir. İddiaçı 02 may 2023-cü ildə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin iddiaçıya hələ də ödəmədiyi xx.xx.2021-xx.xx.2022-ci il tarixinə qədər olan 8 aylıq əmək haqqı, cəmi 6776 manatın cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru - təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 MMC iddiaçının 6776 manat məbləğindəki əmək haqqının ödənilməsini gecikdirdiyi 229 günün hər günü üçün cəmi əmək haqqının azı 1%-i məbləğində ödənc, cəmi 15343 manat pulun cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru - təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 MMC-nin iddiaçıya hələ də ödəmədiyi son haqq-hesabın hesablanıb cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru - təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, əmək münasibəti zamanı cavabdehlərin iddiaçıdan aldığı 2441 manat pulun cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru - təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 100 manat hüquqi xidmət xərcinin və 50 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru - təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə prosesi zamanı iddia tələbinin dəqiqləşdirilməsi zərurəti əmələ gəlmişdir. Belə ki, iddiaçı, Cavabdeh1 MMC-nin təsisçisi və indiki direktoru Cavabdeh2 hiyləsinə məruz qalaraq öz şəxsi pulu hesabına cavabdeh MMC-nin torpaq vergisini (1000 manatı) ödəmiş və həmin MMC üçün kompüter və digər avadanlıqlar alınması üçün 1441 manat öz şəxsi vəsaitini sərf etmişdir. Cavabdeh1 MMCnin təsisçisi və indiki direktoru Cavabdeh2 iddiaçıdan xahiş etmişdir ki, həmin vəsaitləri ödəsin, o, özü şəxsən həmin pulu qısa bir zamanda iddiaçıya qaytaracaq. İddiaçı da buna inanaraq şəxsi pulundan 2441 manat pulu MMC-nin işləri üçün sərf etmişdir. Lakin hələ də həmin pul ona qaytarılmamışdır. Hesab edir ki, həmin 2441 manat pulun, Cavabdeh1 MMC-dən və onun direktoru və təsisçisi Cavabdeh2 müştərək qaydada tutulub iddiaçıya ödənilməsi qanuni tələbdir. Bundan sonra 13 iyun 2023-cü ildə iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin iddiaçıya hələ də ödəmədiyi xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinə qədər olan 8 aylıq əmək haqqı, cəmi 8253 manatın cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 MMC iddiaçının 8223 manat məbləğindəki əmək haqqının ödənilməsini gecikdirdiyi 229 günün hər günü üçün cəmi əmək haqqının azı 1%-i məbləğində ödəncin, cəmi 18899 manat pulun cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru - təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 MMC-nin iddiaçıya hələ də ödəmədiyi son haqq-hesabın hesablanıb cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru - təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, əmək münasibəti zamanı cavabdehlərin iddiaçıdan aldığı 2441 manat pulun cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru - təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 100 manat hüquqi xidmət xərcinin və 50 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh1 MMC-dən və onun direktoru - təsisçisi Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə prosesi zamanı iddia tələbinin bir daha dəqiqləşdirilməsi zərurəti əmələ gəlmişdir. Belə ki, əmək haqqı hesablanarkən vergi və digər məcburi ödənişlər nəzərə alınmamışdır. Biləsuvar Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(022)-562/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev) iddia qismən təmin edilmiş, Cavabdeh1ndən İddiaçı xeyrinə əmək haqqı qismində 6495,76 manat ödənilməyən əmək haqqının, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 18899 manatın, cəmi 25394,76 manat pul vəsaitinin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(022)-562/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə istinad etsə də, maddənin qeyd hissəsini nəzərə almamış və maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, adı çəkilən normanın qeyd hissəsində bildirilir ki, “Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir”. Göründüyü kimi, qanunverici əlavə ödəncin verilməsi üçün işəgötürənin təqsirinin olması faktını müəyyən etmiş və təqsirin özündə nəyi ehtiva etdiyini dəqiq göstərmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürəni əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. İş materiallarında işəgötürənin təqsirini müəyyən edən heç bir sübuta rast gəlinmədiyindən, apellyator hesab edir ki, məhkəmə qeyd edilən maddi hüquq normasını pozmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının MMC-nin direktoru vəzifəsində işləməsini, yuxarıda qeyd edilən funksiyaların hamısını özü həyata keçirməli olduğunu nəzərə almamış və MMC və ya onun təsisçisinin təqsirini sübut edəcək heç bir sübut tələb etməmiş, iddiaçını sübutetmə yükündən azad edərək prosessual hüquq normasını pozmuşdur. İddiaçı 14 yanvar 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə vəsatətlə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-562/2023 saylı qətnaməsi 13 iyul 2023-cü il tarixində qəbul edilmiş və həmin qətnamə 16 iyul 2023-cü ildə Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində olan kabinetinə yerləşdirilmişdir. Dolayısı ilə MPM-in tələblərinə görə həmin qətnamə 17 avqust 2023-cü il tarixində qanuni qüvvəyə minmişdir. Belə ki, MPM-in “Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi” adlanan 135-ci maddəsinə görə, “135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır”. Məlum olduğu kimi, cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət olub, kommersiya hüquqi şəxsdir. Qanunvericiliyin tələblərinə görə bütün kommersiya hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemində “elektron kabinet”ləri onlar qeydiyyata alındığı zaman avtomatik olaraq yaradılır. Yəni MPM-in 135.6-cı maddəsində deyildiyi kimi, Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslərdən biri kommersiya hüquqi şəxsdirsə, onun “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Belə ki, həmin kommersiya hüquqi şəxsi qeydiyyata alındığı zaman o eyni zamanda “Elektron məhkəmə” informasiya sistemində də qeydiyyatdan keçirilir və ona avtomatik olaraq “Elektron məhkəmə” informasiya sistemində “elektron kabinet” açılır. Məlum olduğu kimi, Cavabdeh1 kommersiya hüquqi şəxs olması və onun “Elektron məhkəmə” informasiya sistemində də qeydiyyatdan keçib “elektron kabinet”ə sahib olması və həmin kabinetə qeyd edilən qətnamənin xx.xx.2023-cü il tarixində yerləşdirildiyi işin mübahisəsiz halıdır. MPM-in 135.5-ci və 135.6-cı və digər maddələrinin tələblərini nəzərə alaraq demək mümkündür ki, Biləsuvar Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(022)-562/2023 saylı qətnaməsi cavabdeh kommersiya hüquqi şəxs Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində olan “elektron kabinet”inə yerləşdirildiyi xx.xx.2023-cü il tarixində rəsmi qaydada Cavabdeh1nə verilmiş hesab edilir. Dolayısı ilə Cavabdeh1 bu qətnamədən 16 iyul 2023-cü ildən başlayaraq 1 ay ərzində, yəni 17 avqust 2023-cü ilə qədər apellyasiya şikayəti verə bilərdi. Lakin Cavabdeh1 həmin apellyasiya şikayətini düz 2 ay 15 gün gecikdirib xx.xx.2023-cü il tarixində vermişdir. Həmin tarixdə Biləsuvar Rayon Məhkəməsi həmin apellyasiya şikayətini müddətin ötməsi səbəbi ilə geri qaytarmışdır. Daha sonra xx.xx.2023-cü ildə Cavabdeh1 müddətin bərpası ilə bağlı ərizə də verərək təkrar apellyasiya şikayəti vermişdir. Həmin ərizədə deyilir ki, “Nəzərinizə çatdırmaq istəyirəm ki, məhkəmənin yuxarıda adı çəkilən qətnaməsi, MMC-yə çatdırılmamış və yalnız 27 sentyabr 2023-cü il tarixdə nümayəndəmiz vasitəsi ilə qəbzə imza etməklə əldə edilmişdir”. Dolayısı ilə cavabdeh MMC apellyasiya şikayətinin verilməsi müddətinin 27 sentyabr 2023-cü ildən başlanmalı olduğunu bildirmiş, Biləsuvar Rayon Məhkəməsi isə MPM-in 135.5-ci və 135.6-cı maddələrinin imperativ tələblərini pozaraq cavabdehin haqlı olduğunu qəbul etmiş və iclas keçirmədən xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək müddəti bərpa etmişdir. MPM-in 133.2-ci maddəsinə görə, “Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir”. Məhkəmə həmin müddətin bərpası tələbli ərizəyə baxarkən heç bir iclas keçirməmiş, keçiribsə də iddiaçı tərəfi həmin iclasa çağırmamışdır. Bununla da MPM-in 133.2-ci və digər maddələrini pozmuşdur. Bundan başqa, məhkəmə xx.xx.2023-cü il, e-2(022)-562/2023 saylı qərardad ilə MPM-in 135.5-ci və 135.6-cı maddələrinin tələblərini pozaraq, heç bir əsas olmadığı halda sırf işin uzadılması məqsədi ilə verilmiş apellyasiya şikayəti üzrə müddəti bərpa etmiş, bununla qanunvericiliyi kobud şəkildə pozmuşdur. Bundan başqa, məhkəmə həmin qərardadı MPM-in tələblərinə uyğun olaraq hazırlamamışdır. Belə ki, qərardadın nəticə hissəsində deyilir ki, “Cavabdeh1 ərizəsi təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 13 iyul 2023cü il tarixli, 2(022)-562/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi üzrlü hesab edilməklə bərpa edilsin və apellyasiya şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz”. MPM-in 133.6-cı maddəsinin tələbinə görə, “Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər”. Göründüyü kimi, məhkəmə həmin qərardada “şikayət verilə bilməz” yazaraq qanunvericiliyin imperativ tələblərini pozmuşdur. Bütün bunlardan göründüyü kimi, barəsində 14 noyabr 2023-cü il tarixində apellyasiya şikayəti verilmiş Biləsuvar Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(022)-562/2023 saylı qətnaməsi 17 avqust 2023-cü ildə qanuni qüvvəyə minmişdir. MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 366.1-ci maddəsinə əsasən, “Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir”. Bu prosessual əsaslara apellyasiya şikayətinin verilmə müddəti də daxildir. MPM-in 366.2-ci maddəsinə əsasən, “Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər”. Demək ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddət ötürülübsə, o, mümkün hesab edilməməli idi. Bundan başqa, MPM-in 432-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə aktına yenidən baxılmasının əsasları da tənzimlənmişdir. Bütün bunlar onu göstərir ki, cavabdeh bilərək və istəyərək apellyasiya şikayətinin verilməsi müddətini 2 ay 15 gün ötürmüşdür. Belə olan halda onun apellyasiya şikayətinin 2 ay 15 gün sonra icraata qəbul edilərək bu barədə qətnamənin qəbul edilməsi MPM-in imperativ normalarına zidd olduğu kimi, həm də iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə müəyyən edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş “ədalətli məhkəmə hüququnun”, həm də Konstitusiya Məhkəməsinin bir çox qərarında üzərində durduğu “hüquqda müəyyənlik” prinsipinin pozulmasıdır. Ona görə də hesab edir ki, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul olunmalıdır. Bu səbəblə xahiş edir ki, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul olunsun. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, əvvəllər Cavabdeh2 tanımamışdır. O, hərbi xidmətdən təxris olunduqdan sonra hərbçi yoldaşı Murad Həmidov onunla əlaqə saxlayaraq işləmək istəyib-istəmədiyini soruşmuşdur. O isə işləmək istədiyini bildirdikdən sonra cavabdeh MMC-yə gedərək müqavilə bağlamışdır və ona direktor olduğunu bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, direktor həmin MMC-nin bütün fəaliyyətinə görə cavabdehlik daşıyır. Bir müddət həmin MMC-də işləsə də, sonradan mübahisələr yaranmış və o, öz ərizəsi əsasında işdən çıxmışdır. Lakin onun işlədiyi müddət ərzində almalı olduğu əmək haqqı hələ də ödənilməmişdir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mübahisələndirdiyi hissədə qanuni və əsaslıdır. Həmçinin, bildirdi ki, Cavabdeh2 aralarında mübahisə yarandıqdan sonra X1 Əbu-Dabi şəhərinə getmiş və orada həbs olunmuşdur. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 17 yanvar 2024-cü il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil1 14 yanvar 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş vəsatətin məzmununa uyğun çıxış edərək, Cavabdeh1 MMC-nin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməli olduğunu qeyd etdi. O, həmçinin apellyasiya şikayətinin cavabdehin təqsirliliyini təsdiq edən hər hansı sübutun təqdim edilməməsi ilə bağlı dəlilinə dair qeyd etdi ki, Əmək Məcəlləsinin tələblərinə əsasən hazırkı iş üzrə əmək haqqının ödənilməsinin gecikdirilməsində təqsirinin olmamasını məhz cavabdeh özü sübut etməlidir. Onun apellyasiya şikayəti verməkdə yeganə məqsədi ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsinə nail olmaqdan ibarət olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı halda Cavabdeh1 MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 MMC-nin apellyasiya şikayətinin dəlilləri əsasında mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Hazırda cavabdeh “X7” MMC-nin apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini ondan tutulması qət edilmiş pulun məbləğinə dair hissədə deyil, yalnız əmək haqqının ödənilməsinin gecikdirilməsinin onun təqsiri ucbatından baş verməməsi əsası ilə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddiaçı tərəfin 14 yanvar 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair vəsatəti ilə bağlı bildirir ki, həmin vəsatətin yeganə dəlili cavabdeh MMC-nin apellyasiya şikayətini onun verilməsi müddəti başa çatdıqdan sonra verməsi olmuşdur. Bununla bağlı, məhkəmə kollegiyası bildirir ki, Cavabdeh1 MMC tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüş olsa da, onun ərizəsi əsasında Biləsuvar Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il, e-2(022)-562/2023 saylı qərardadı ilə buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Lakin həmin qərardaddan iddiaçı tərəfindən hər hansı şikayət verilməmişdir. İddiaçı öz vəsatətində sözügedən qərardadın sonunda ondan şikayətin verilə bilməyəcəyinin qeyd edilməsinə istinad etsə də, məhkəmə kollegiyası bildirir ki, bu cür qeyd iddiaçının qanunda nəzərdə tutulmuş şikayət vermək hüququnun aradan qalxmasına əsas vermir və iddiaçı həmin yanlışlığın aradan qaldırılması barədə müraciət edərək, həmin qərardaddan şikayət verə bilərdi. Hazırkı halda bu cür şikayətin olmamasını nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hazırda Biləsuvar Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il, e-2(022)-562/2023 saylı qərardadının yoxlanılması üçün hər hansı əsas yoxdur. Ona görə də iddiaçı tərəfin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair vəsatətinin dəlilləri əsaslı hesab oluna bilməz və Cavabdeh1 MMC-nin apellyasiya şikayəti üzrə apellyasiya icraatı davam etdirilməlidir. İşdəki Cavabdeh1 MMC təsisçilərinin ümumi yığıncağının 30 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla Cavabdeh1 MMC-nin direktoru X4 tutduğu vəzifədən azad edilmiş, Cəmiyyətdə direktor vəzifəsinə İddiaçı təyin edilmiş, direktorun dəyişdirilməsi ilə əlaqədar dəyişikliyin dövlət qeydiyyatına alınması İddiaçı etibar edilmişdir. İşdəki 08 dekabr 2021-ci il tarixində imzalanmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında 08 dekabr 2021-ci il tarixli əmək müqaviləsi bağlanmış, İddiaçı həmin MMC-də direktor vəzifəsinə təyin olunmuş, işçinin aylıq əmək haqqının məbləği 400 manat, əmək müqaviləsinin qurtardığı tarix isə 08 dekabr 2022-ci il olaraq müəyyən edilmişdir. İşdəki Cavabdeh1 MMC-nin işçinin vəzifə maaşının artırılması barədə 25 yanvar 2022-ci il tarixli, 03 nömrəli əmrinin surətindən görünür ki, həmin əmrlə Cəmiyyətin baş direktorunun vəzifə maaşı artırılaraq 900 manat məbləğində müəyyən edilmişdir. İşdəki Cavabdeh1 MMC-nin 29 dekabr 2021-ci il tarixli, 3 nömrəli əmri ilə təsdiq edilmiş 2022-ci il üçün 1 yanvar – 31 dekabr tarixlərinə olan ştat cədvəlindən görünür ki, 2022-ci il üçün baş direktorun əmək haqqı məbləği 900 manat müəyyən edilmişdir. İşdəki Cavabdeh1 MMC-nin yeganə təsisçisi Cavabdeh2 02/22 saylı, 08 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla Cəmiyyətin baş direktoru İddiaçı səlahiyyətlərinə vaxtından əvvəl xitam verilərək onunla bağlanılmış əmək müqaviləsinin ləğv olunması, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq son haqq-hesabın ödənilməsi qərara alınmışdır. İşdəki əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən Cavabdeh1 MMC və işçi İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən – tərəflərdən birinin təşəbbüsü əsasında xx.xx.2022-ci ildə xitam verilmişdir. İşdəki “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 iyul 2023-cü il tarixli, 003 nömrəli məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli və 12 yanvar 2022-ci il tarixli əmək müqaviləsi bildirişlərinə əsasən 08 dekabr 2021-ci il – 09 avqust 2022-ci il tarixləri aralığında müvafiq aylar üzrə tam iş günləri işlədiyi təqdirdə, İddiaçı hesablanıb ödənilməli olan əmək haqqı aşağıdakı kimi olmalıdır: 1) 2021-ci ilin dekabr ayı - əmək haqqı 400 manat, hesablanmış əmək haqqı 309,09 manat, əmək haqqından tutulma (DSMF, büdcə) 21,55 manat, ödəniləcək əmək haqqı 287,54 manat; 2) 2022-ci ilin yanvar ayı - əmək haqqı 900 manat, hesablanmış əmək haqqı 761,11 manat, əmək haqqından tutulma (DSMF, büdcə) 81,14 manat, ödəniləcək əmək haqqı 679,97 manat; 3) 2022-ci ilin fevral ayı - əmək haqqı 900 manat, hesablanmış əmək haqqı 900 manat, əmək haqqından tutulma (DSMF, büdcə) 98,50 manat, ödəniləcək əmək haqqı 801,5 manat; 4) 2022-ci ilin mart ayı - əmək haqqı 900 manat, hesablanmış əmək haqqı 900 manat, əmək haqqından tutulma (DSMF, büdcə) 98,50 manat, ödəniləcək əmək haqqı 801,5 manat; 5) 2022-ci ilin aprel ayı - əmək haqqı 900 manat, hesablanmış əmək haqqı 900 manat, əmək haqqından tutulma (DSMF, büdcə) 98,50 manat, ödəniləcək əmək haqqı 801,5 manat; 6) 2022-ci ilin may ayı - əmək haqqı 900 manat, hesablanmış əmək haqqı 900 manat, əmək haqqından tutulma (DSMF, büdcə) 98,50 manat, ödəniləcək əmək haqqı 801,5 manat; 7) 2022-ci ilin iyun ayı - əmək haqqı 900 manat, hesablanmış əmək haqqı 900 manat, əmək haqqından tutulma (DSMF, büdcə) 98,50 manat, ödəniləcək əmək haqqı 801,5 manat; 8) 2022-ci ilin iyul ayı - əmək haqqı 900 manat, hesablanmış əmək haqqı 900 manat, əmək haqqından tutulma (DSMF, büdcə) 98,50 manat, ödəniləcək əmək haqqı 801,5 manat; 9) 2022-ci ilin avqust ayı - əmək haqqı 900 manat, hesablanmış əmək haqqı (məzuniyyət, son haqq-hesab) 806 manat, əmək haqqından tutulma (DSMF, büdcə) 86,75 manat, ödəniləcək əmək haqqı 719,25 manat olmaqla, yekun hesablanmış əmək haqqı 7276,20 manat, əmək haqqından tutulmalar 780,44 manat, ödəniləcək yekun əmək haqqı 6495,76 manat. Məhkəmə kollegiyası iddia tələbinin ödənilməmiş əmək haqqının tutulmasına dair hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 156-cı maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 9-cu maddəsinin d bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci, 2-ci və 4-cü hissələrinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin a bəndinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. X2 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Qeyd edilən normalardan da göründüyü kimi, işçinin əmək müqaviləsi üzrə əsas hüquqlarından biri qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri işçiyə əmək haqqının vaxtında ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işəgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Hazırkı işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh1 MMC-də 08 dekabr 2021-ci ildən 08 avqust 2022-ci ilədək əmək müqaviləsi əsasında direktor vəzifəsində çalışmış, lakin həmin dövrdə əmək haqqı almamışdır. İddiaçının əmək haqqı 2021-ci ilin dekabr ayında 400 manat, 2022-ci ilin yanvar-avqust aylarında isə 900 manat olmuş, tutulmalı olan məbləğlər çıxıldıqdan sonra iddiaçıya ödənilməli olan yekun əmək haqqı məbləği isə 2021-ci ilin dekabr ayında 287,54 manat, 2022-ci ilin yanvar ayında 761,11 manat, 2022-ci ilin fevral-iyul aylarında 801,5 manat, 2022-ci ilin avqust ayında isə 719,25 manat təşkil etmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, tutulmalar çıxıldıqdan sonra iddiaçıya ödənilməli olan, lakin ödənilməmiş əmək haqqının ümumi məbləği 6495,76 manat təşkil edir. Bu səbəbdən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi əmək haqqı qismində ödənilməmiş 6495,76 manat əmək haqqının Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. İddia tələbinin digər təmin edilmiş hissəsi isə əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin tutulması ilə bağlıdır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürəni əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Cavabdeh1 MMC apellyasiya şikayətində iddiaçının əmək haqqının ödənilməsinin gecikməsində onun təqsirinin olmasının sübuta yetirilmədiyinə istinad etmiş, onun təqsirinin sübuta yetirilmədiyi halda iddia tələbini həmin hissədə təmin etməklə məhkəmənin maddi hüquq normasının tətbiqində səhvə yol verdiyini vurğulamışdır. Həmçinin, apellyasiya şikayətində qeyd olunmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının MMC-nin direktoru vəzifəsində işləməsini, qeyd edilən funksiyaların hamısını özü həyata keçirməli olduğunu nəzərə almamış və MMC və ya onun təsisçisinin təqsirini sübut edəcək heç bir sübut tələb etməmiş, iddiaçını sübutetmə yükündən azad edərək prosessual hüquq normasını pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Həmçinin, iddiaçı müəssisənin direktoru olmasına baxmayaraq, onun özünün də Cavabdeh1 MMC ilə işəgötürən-işçi münasibətində olduğundan öz təqsirinə görə özünə verilməli olan əmək haqqı məbləğinin ödənilməsini gecikdirməsi ağlabatan deyil. Bundan əlavə, hazırkı iş materiallarından göründüyü kimi, iddiaçının əmək haqqının gecikmələrlə ödənilməsi iddiasına qarşı cavabdeh tərəfindən bu halı təkzib edən hər hansı mötəbər sübutlar təqdim olunmamış, əksinə, apellyasiya şikayətinin dəlillərindən də aydın olmuşdur ki, cavabdeh MMC iddiaçıya əmək haqqının ödənilməmiş olması və gecikdirilməsi halını təkzib etmir, yalnız bu cür gecikdirmənin iddiaçının özünün təqsiri ucbatından baş verdiyini qeyd edir. Buna baxmayaraq, Cavabdeh1 MMC iddiaçının əmək haqqının ödənilməsinin gecikdirilməsinin MMC-nin təqsiri ucbatından baş verməməsinə dair hər hansı sübut təqdim etməmiş, ödənişlərin məhz hansı səbəbdən gecikdirilmiş olmasına dair dəlil irəli sürməmiş, sadəcə bunu iddiaçının özünün həyata keçirməli olduğunu qeyd etmişdir. Buna baxmayaraq, cavabdeh MMC öz etirazının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün də hər hansı sübut təqdim etməmiş, əmək haqqı ödənişlərinin verilməsi üzrə iddiaçının müstəqil səlahiyyətlərə malik olmasını və bunu etmək üçün sərəncamında pul vəsaitinin olmasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə iddiaçının xeyrinə cavabdeh MMC-dən pul tutmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası bu yerdə bir daha xatırladır ki, cavabdeh “X7” MMC apellyasiya şikayətində ondan tutulması qət edilmiş pulun məbləğinin düzgün hesablanmamasına dair hər hansı dəlil irəli sürməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir. Odur ki, Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(022)-562/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(022)-562/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar