Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-228/2024 09.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2 iştirakı ilə, Biləsuvar Rayon Мəhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ilə Cavabdeh xx.xx.2019-cu il tarixdən rəsmi nikahda olmuşlar. Birgə nikahdan 1 uşaq- xx.xx.2020-ci il təvəllüdlü Uğur doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-5411/2021 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.2020-ci ill təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub X5 verilməsi müəyyən edilmişdir. Hazırki tələbində İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5411/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2020-ci il təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatanadək hər ay aylıq qazancın 1/6 hisəssi miqdarında alimentin tutularaq cavabdeh Əsgərova (Bayramova) Aynur Əli qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əsgərova (Bayramova) Aynur Əli qızı ilə nikahı pozulduqdan sonra xx.xx.2022-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2-ci övladı- xx.xx.2023-cü il təvəllüdlü X9 oğlu anadan olmuşdur. Əvvəlki nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Bayramov Uğurun saxlanılmasına görə müəyyən edilmiş, qazancın ¼ hissəsində tutulan alimentin miqdarı hazırki nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X9 oğlunun saxlanılmasında çətinliklər yaradır. Ona görə də Sumqayıt şəhər məhkəməsinin 2(060)-5411/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdeh Əsgərova (Bayramova) Aynur Əli qızının rəsmi nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Bayramov Uğurun yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı hər ay aylıq qazancının 1/6 hisəssi miqdarında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, qanunun tələbinə görə bir uşaq üçün aliment aylıq qazancın ¼ hissəsi miqdarında müəyyən edilmişdir və qanunla 1/6 hissədə alimentin tutulması nəzərdə tutulmamışdır. Alimentin tutulması barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun dəyişdirilməsi və ya azad olması üçün tərəflərin maddi vəziyyətində dəyişiklik olmalı və bununla bağlı sübut təqdim edilməlidir. Hazırkı iş üzrə aliment iddiaçıdan sabit pul məbləğində deyil, iddiaçının əmək haqqına nisbətdə tutulmuşdur. Cavabdeh etirazında Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə İddiaçı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin (hakim N.Mirzəyev) 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı alimentin azaldılmasına səbəb ola biləcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə həm də işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2-ci övladıxx.xx.2023-cü il təvəllüdlü X9 oğlu anadan olmuşdur. Aylıq qazancından ¼ hissədə alimentin tutulması, 2-ci övladının saxlanılmasında çətinliklər yaradır. İzahatlar İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiasının təmin edilməsini, apellyasiya baxışını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Əsgərova (Bayramova) Aynur Əli qızı xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, tərəflər xx.xx.2019-cu il tarixdən rəsmi nikahda olmuşlar. Birgə nikahdan 1 uşaq- xx.xx.2020-ci il təvəllüdlü Uğur doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5411/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, nikahın pozulmasından sonra birgə nikahdan olan yetkinlik yaşına çatmayan X10 oğlunun anası X4 yanında saxlanılması, İddiaçı xx.xx.2020-ci il təvəllüdlü Uğurun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancın ¼ hisəssi miqdarında alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub X5 verilməsi qət edilmişdir. Hazırki tələbində iddiaçı alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay tutulan alimentin miqdarı 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 01 yanvar 2024-cü ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, alimentin miqdarının müəyyən edilməsindən sonra iddiaçının ailə vəziyyətində dəyişiklik baş versə də bu, təyin edilmiş alimentin miqdarının azalmasına əsas verən hal deyil. Belə ki, iddiaçı ikinci uşaq üçün alimentin ödənilməsinə cəlb edilmiş olsa belə, alimentin miqdarı onun əmək haqqının 50 faizini ötməyəcəkdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qanunun tələbinə görə, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğlə, lakin bir ildən artıq olmamaq şərti ilə, müəyyən edilir. (maddə 112.1.6). Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğin illik məcmusu) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Мəhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(022)-965/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-228/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-228/2024
09.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver