Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2355/2022 20.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)2871/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay uşağa 300 manat sabit pul məbləğində aliment, X1 üç yaşa qədər qulluq edilməsinə görə hər ay uşağa görə ayda 100 manat və mediasiya şurasına ödədiyi 55 manat pulu cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə 2020-ci ilin aprel ayında cavabdehin valideynlərinin yaşadığı evə gəlin köçmüş, cavabdeh ilə nikahları rəsmiləşdirməmişdir. Birgə yaşadıqları vaxtda xx.xx.2021-ci il tarixdə X3 adlı uşağları doğulmuşdur. Uşaq sağ-salamat dörd aydan çoxdur ki, yalnız onun himayəsindədir. O Cavabdeh ilə ailə qurarkən onun xasiyyətinə bələd olmamış, ailə qurandan ər-arvad kimi yaşasalarda, cavabdehin ailəyə qarşı davranışının yaxşı olmadığı görmüşdür. Belə ki, uşağına və ailəsinə məsuliyyətsiz yanaşırdı. Cavabdeh ilə birlikdə yaşadıqları vaxtda onunla həmişə mübahisə etmişdir. Artıq cavabdehin hərəkətlərinə dözməyib, dörd aydan çoxdur ki, cavabdeh ilə əlaqəni kəsmişdir. Cavabdeh öz uşağını və onu axtarmır. Hər hansı maddi yardım etmir. Cavabdeh fərdi (ev təmiri ilə məşğuldur) əməklə məşğuldur. O onunla yaşadığı vaxtda buna şahid olmuşdur. Onun aylıq gəliri 1000 manatdan çoxdur. Özü heç yerdə işləmir. Uşağına qulluq edir. Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Uşaq üçün ayda 300 manat aliment tələb edir. Çünki uşağın aylıq xərci 400 manatdan çoxdur. Dənizin qüsuru olduğu üçün həmişə həkim nəzarətinə ehtiyacı vardır. Onun həmişə qulluğa ehtiyacı vardır. Hər üç aydan bir həkim müayinəsindən keçir. Cavabdeh nə uşağına könüllü aliment ödəmir. Dəfələrlə aralarında mübahisə olmuşdur. Ona görə Cavabdeh aliment tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddiaçı ilə 2020-ci ilin aprel ayında ailə həyatı qurublar. Nikahları qeydə alınmamışdır. Ailə həyatının əvvəlində valideynlərinə məxsus olan evdə yaşayıblar. Uşaq doğulana qədər və ondan bir neçə ay sonra valideynlərinə məxsus evdə yaşayıblar. İddiaçının çox əsəbi, aqressiv və dalaşmaya meyilli xarakteri ailəsində tez-tez mübahisəyə səbəb olmuşdur. 2021-ci il iyul ayının axırlarında növbəti belə mübahisədən sonra uşaqla birlikdə öz valideynlərinin yanına gedib. Mübahisələrdə anasını günahlandırırdı. Valideynlərigildə olanda onların yanına gedib gəlirdi. Onu evlərinə geri qaytarmaq istəyirdi. Valideynləri də mübahisələrdə anasını günahlandırırdı. Buna görə ailəlikcə Bakı şəhərinə gedib orada kirayədə yaşadılar. Orada da mübahisələr oldu. Az müddət Bakıda kirayədə yaşayandan sonra rayona qayıtdılar. Onun valideynləriylə yaşamaq istəmədi, öz valideynlərinin evində yaşamağa başladı. O özü Bakı şəhərinə qayıdıb. İddiaçı öz valideynlərinin evində yaşadığı bütan müddət ərzində onların zəruri maddi ehtiyaclarını ödəyib. Ya ərzaq, müxtəlif əşyalar alıb göndərmişdir. Bir də qohumlarından birinin bankomat kartının nömrəsini verib, həmin karta pul yükləyib, başqa yollarla da pul göndərib, özü də gəlib mütəmadi olaraq onları yoluxub, hər dəfə gələndə də əliboş gəlməyib, yalnız qohumunun kartına iki yükləməyə dair qəbzlər onda qalıb, onları bilavasitə məhkəməyə təqdim edəcək. Yəni iddiaçının, onun uşağa heç bir diqqət və maddi yardım göstərməməyi barədə yazdıqları həqiqəti əks etdirmir. 2022-ci ilin mart ayının əvvəlində yenə Bakı şəhərinə gedib orada kirayədə yaşadılar. 2022-ci ilin may ayının 15-də geri qayıtdılar. İddiaçı yenə valideynlərinin evinə gedib, sonra geri qayıtmışdır. Bu il iyul ayının əvvəlində Qurban bayramı vaxtı kəndə qayıtmış və həmin vaxtdan kənddədir. Valideynlərinin evində yaşadığı bütün müddətdə imkan daxilində qayğı və diqqətini, maadi dəstəyi əsirgəməmişdir. Onun daimi işi yoxdur. İş olanda ustalıq edir. Bu iş də həmişə olmur. Elə ay olur ki, heç bir iş olmur. İddiaçının onun aylıq qazancının 1000 manatdan çox olması barədə yazdıqları da onun növbəti yalanıdır. Onun özünün də səhhətində problemlər var, bu səbəbdən də xəstə olanda işləyə bilmir. Uşağı da sağlam doğulub, onun heç bir qüsuru yoxdur. Ailə münasibətlərinin pozulmasının əsas səbəbi iddiaçının, əvvəldə qeyd etdiyi kimi, çox əsəbi, aqressivlik, dalaşmaya meyilli kimi xarakterə malik olması olmuşdur. Bu mübahislərə son qoymaq, normal və səmimi ailə həyatı yaşamaq üçün Bakıda olduqları müddətdə buna görə ona müalicə etdirməyi təklif edib, lakin qəti olaraq təklifini qəbul etməyib. İddiaçının ayda 300 manat aliment və uşaq üç yaşa çatana qədər uşağa qulluq üçün özünə ayda 100 manat istəməsi əsassızdır. Onun qazancı o qədər vəsaiti heç dörddə birinə yetmir. Lakin o uşağının saxlanmasında iştirakdan imtina etmir, bu vaxta qədər bunu edib, bundan sonra da sağlamlığı imkan verdikcə bu vəzifəni yerinə yetirməyə çalışacaq. İddiaçı uşağa görə ondan ayda 300 manat aliment, uşağa qulluğa görə özü üçün ayda 100 manat tələb edir, lakin uşaqla ünsiyyətinə şərait yaratmır. Uşağı ondan gizlədir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)2871/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim:R.Məmmədov), iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat və uşağın üç yaşınadək ona quluq edilməsinə görə hər ay 50 manat sabit pul məbləğində aliment, həmçinin mediasiya prosesinə görə ödənilmiş 55 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, və 84.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)2871/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, alimentin məbləğini 80-100 manat miqdarına azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı məhkəmə kollegiyasına cavabdeh tərəfindən verilən apelyasiya şikayətinə etiraz ünvanlayaraq bildirmişdir ki, “Bildirirəm ki, Cavabdeh alimentin azaltmasına dair şikayəti tam əsassızdır. Belə ki, onun şikayəti yalnız yalan və böhtanlarla qurulmuşdur. Əgər onun hər hansı sübutu var idisə Lənkəran rayon məhkəməsinə təqdim edə bilərdi. Cavabdehin maddi vəziyyətinə gəldikdə o, fərdi (ev təmiri ilə məşğuldur) əməklə məşğuldur. Onunla yaşadığım vaxtda buna şahid olmuşam. Onun aylıq gəlir 1000 manatdan çoxdur. Hazırda kəndimizdə işləyir. Həmin işin qiyməti ev sahibi ilə 1500 manat razılaşmışdır. Hazırda bir uşaq üçün 193 manat nəzərdə tutulmuşdur. Hamıya məlumdur ki, azyaşlı uşağın tələbatı və xərci çoxdur. Bundan əlavə Lənkəran rayon məhkəməsi işi kifayət qədər araşdırmışdır. Himayəmdə az yaşlı uşağım olduğuna görə Şirvan Apellyasiya Məhkəməsində iştirak edə bilmirəm. Xahiş edirəm etirazımı nəzərə alıb cavabdehin şikəyətinin rədd edilməsi barədə qərar qəbul edəsininz d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəmə kollegiyasına ünvanlandığı etirazda himayəsində azyaşlı uşağının olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyəni bildirmişdir. Cavabdeh iştirak etməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lənkəran Rayon Məhkəməsinin 2(049)2871/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)2871/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə olunmuş Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan, Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X1 atası Cavabdehdur. İş materiallarında olan Lənkəran ŞİHB-nın Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Qasımova X2 rayonu, Balıqçılar qəsəbəsində yaşayır və ailə üzvləri yoldaşı Cavabdeh və qızı Abdullayeva Dəniz qızından ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.
1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.
2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Belə ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutaraq iddianı qismən təmin etmişdir. Odur ki, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat, həmçinin uşağın üç yaşınadək iddiaçının özünün saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə alimentin məbləği xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 150 manat və uşağın üç yaşınadək ona quluq edilməsinə görə hər ay 50 manat sabit pul məbləğində aliment müəyyən edilərək Cavabdeh hər ay tutulub İddiaçı ödənilməsi müəyyən edilmiş, daha sonra cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 1200 ((200-100)x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)2871/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.