Məhkəmə qərarları › İş №2(106)-2385/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2385/2022

20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2385/2022 20.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin 2(032)1388/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 dekabr 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6800 manatlıq cehiz əşyalarını və dövlət rüsumu kimi ödədiyi 89 manat pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə 2019-cu ilin əvvəllərində el adəti ilə ailə qurmuşlar. Lakin nikahlarını rəsmi qaydada qeyd etdirməmişlər. Birgə nikahlarından övladları olmamışdır. Birgə yaşadıqdan bir müddət sonra aralarında olan münasibət pozulmuşdur. Aralarında olan narazılığıa əsasən atası evinə qayıdarkən cehiz əmlakı onların gəlin gedib yaşadığı otağında qalmışdır. Ayrıldıqdan sonra Cavabdeh2 ona deyirdi ki, “mən səninlə barışacağam, gəlib səni evimizə gətirəcəyəm”. O da inanırdı. Sonra onu aldatdığını hiss etdi. Bu səbəbdən də cehiz əmlakının məhkəmə vasitəsi ilə alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Cehiz əmlakını keçmiş Asudə vaxt mərkəzindən, indiki mebel mağazasından atası ilə almışdır. Mebelini Cavabdeh2 evində mağazanın işçiləri qurublar. Mebelin alınıb gətirilməsində qardaşı X3, X2, X1 da şahiddirlər. Cehizlərinin bəzədilməsində qadınlardan anası Zərxara, bacısı Könül, qonşulardan İlhamə iştirak ediblər. Hal-hazırda cehizlərini Cavabdeh2 və Cavabdeh1 könüllü olaraq vermirlər. Cehiz əmlakı hal-hazırda onların qanunsuz istifadəsindədir. Cavabdehlərin qanunsuz istifadəsində qalmış cehiz əmlakı bunlardır: taxt, yanında 2 tumba, şifoner 6 qapılı 600 manat, trümu 6 tumbalı 300 manat, künc divanı üstündə 6 ədəd paduşkalar, jurnal stolu 1000 manat, mətbəx divanı, stolu və 2 ədəd oturacağı 600 manat, künc divanı 150 manat, stol və 6 ədəd oturacağı 600 manat, döşək 4 dəst 300 manat, yorğan 4 dəst 200 manat, yastıq 8 ədəd 200 manat, nalça 6 ədəd 80 manat, nazik yorğan 2 ədəd 100 manat, taxt üstlüyü 70 manat, tüklü adyal 100 manat, iki otaq üçün alt və üst pərdələr 500 manat, kaşmir xalça 2 ədəd 400 manat, stol üstülüyü 40 manat, böyük tava 70 manat, kiçik tava 30 manat, 5 ədəd çuqun qazan dəsti 80 manat, boşqab dəsti 200 manat, çay dəsti 120 manat, 6 ədəd bakal dəsti 50 manat, samovar 120 manat, ütü 80 manat, çömçə dəsti 30 manat, xrustal qablar 48 ədəd 200 manat, tokla işləyən sokçəkən. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəməyə şikayət-etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, oğlu Cavabdeh2 Aəzr oğlu 2019-cu ildə İddiaçı Əkram qızı ilə ailə həyatı qurub. Ailə qurduqları ildə nikahları olmayıb. Gəlin onun evinə gələndə heç bir cehiz gətirməyib. Məhkəməyə yalan ifadə verib ki, o evə 6800 manatlıq cehiz aparmışdır. Bu tamamilə yalandır.İddiaçı 2019-cu ildə onun oğlu ilə ailə həyatı qurub. İndiyə qədər onlardan heç bir şey tələb etməyib. İndi isə 2022-ci ildir, artıq onun məhkəmə qarşısında iddia qaldırıb onlardan tələb etməyə ixtiyarı yoxdur. 3 ildən artıqdır ki, onun evini tərk edib. Bir ana kimi öz hüquqlarını çox gözəl bilir. 3 il vaxt bitdikdən sonra o, heç bir zaman məhkəmə qarşısında ondan nəsə tələb edə bilməz. Hər şey göz qabağındadır. Onun evində hansısa bir cehizi olsa idi evi tərk etdiyi gündən gəlib bütün əşyalarını aparardı. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Lakin cavabdeh məhkəmə iclasında izahat verərkən, iddiaçıya məxsus olan döşək 4 dəst, yorğan 4 dəst, yastıq 8 ədəd, nalça 6 ədəd, iki otaq üçün alt və üst pərdələr, böyük tava, kiçik tava, 5 ədəd çuqun qazan dəsti, boşqab dəsti, çay dəsti, 6 ədəd bakal dəstinin iddiaçı tərəfindən gəlin gələrkən özü ilə gətirdiyini və hazırda ünvan 1 ünvanında olduğunu, iddiaçının istədiyi vaxt gəlib apara biləcəyini bildirmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)1388/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim S.Məmmədova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 17A, mənzil 52-də yerləşən: cehiz əşyaları: döşək 4 dəst dəyəri 300 manat, yorğan 4 dəst dəyəri 200 manat, yastıq 8 ədəd dəyəri 200 manat, nalça 6 ədəd dəyəri 80 manat, iki otaq üçün alt və üst pərdələr dəyəri 500 manat, böyük tava dəyəri 70 manat, kiçik tava dəyəri 30 manat, 5 ədəd çuqun qazan dəsti dəyəri 80 manat, boşqab dəsti dəyəri 200 manat, çay dəsti dəyəri 120 manat, 6 ədəd bakal dəsti dəyəri 50 manat olan əşyaların özləri alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş 38 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1 739.1 və 740.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)1388/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətini müdafiə edərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)1388/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərini şifahi etiraz edərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)1388/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, yəni iddianın təmin edilməyən hissəsində Şirvan Şəhər Məhkəməsinin 2(032)1388/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Müllki Məcəllənin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, birinci instansiya məhkəməsində toplanılmış sübutları tədqiq edərək, həmçinin cavabdehin iddia tələbinə etirazında və iddiaçının apellyasiya şikayətində qeyd olunan dəlillərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunan hissəsində düzgün nəticəyə gəlsə də, iddianın təmin olunmayan hissəsi üzrə sübutları, işin (mübahisənin) faktiki halları arasındakı ziddiyyətləri düzgün araşdırmayaraq, sübutları düzgün qiymətləndirməyərək işin həqiqi hallarını düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını səhv tətbiq və təfsir etməklə gəldiyi nəticənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cehiz əmlakların cavabdehlərdən alınaraq iddiaçıya verilməsinin təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Göründüyü kimi cavabdeh iddiaçının təmin edilən hissəsini mübahisələndirməmiş, iddiaçı isə iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. Odur ki, Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində, yəni cehiz əmlaklarının təmin edilməyən hissəsində Şirvan Şəhər Məhkəməsinin 2(032)1388/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında rəsmi nikah bağlamadan ər-arvad münasibəti yaranmış və iddiaçı özünə məxsus cehiz əşyalarını cavabdehlərə məxsus evə aparmışdır. Bir müddət mehriban yaşadıqdan sonra aralarında olan ər-arvad münasibətinə son qoymuşlar. Hazırda iddiaçı özünə məxsus cehiz əşyalarını cavabdehlərdən tələb edir və tələbində iddia ərizəsində qeyd olunan 28 adda cehiz əmlakın cavabdehdə qaldığını iddia edir. Cavabdeh isə iddia tələbinə etiraz edir və onun evində iddiaçıya məxsus yuxarıda qeyd olunan təmin edilən 21 adda cehiz əmlakının olduğunu etiraf edir. Göründüyü kimi iddiaçının iddia tələbinin hüquqi əsası özgəsinin qanunsuz sahibliyində olan əmlakın geri tələbidir. Tələbin hüquqi əsası isə mülki məcəllənin 157.2-ci maddəsi təşkil edir. Məhkəmə kollegiyası işdə olan sübutları apellyasiya şikayəti ilə müqayisəli tədqiq edərək müəyyən edir ki, iddiaçı R. Əsgərova iddia ərizəsində tələb etdiyi bir ədəd taxt yanında iki tumba dəyəri 500 manat, şifoner altı qapılı dəyəri 600 manat, termo 6 tumbalı dəyəri 300 manat, künc divanı üstündə altı ədəd paduşkalar, jurnal üstü dəyəri 1000 manat, kuxna divanı, stolu və 2 ədəd oturacağı dəyəri 600 manat, künc divanı dəyəri 150 manat, stol və 6 ədəd oturacağı dəyəri 600 manat olan cehiz əşyaları barədə “Perla” mebel mağazasından qeyd olunan cehiz əşyalarının alınması barədə məhkəməyə sübut təqdim etmiş, lakin məhkəmə həmin sübuta tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymət vermədən, təqdim olunan “Perla” mebel mağazası tərəfindən təhvil aktını iddiaçının özü tərəfindən doldurulduğu və imzalandığı bildirməsi əsası ilə iddianı təmin etməmişdir. Kollegiya qeyd edir ki, məhkəmə iddia tələbini iddiaçı tərəfindən kifayət qədər sübut verməməsi əsası ilə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə iddiaçının qismən etirafı yalnız şifahi izahatda ifadə edildiyidən,bu, MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işinhallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Göründüyü kimi birinci instansiya məhkəməsi “İddiaçı tərəfindən təqdim edilmiş “Perla” mebel mağazasının 029852 № təhvil aktına gəldikdə isə, məhkəmənin suallarına cavabında iddiaçı həmin blankın özü tərəfindən doldurulmasını, təhvil verdi və təhvil aldı qrafasında özünün ayrı-ayrı imza etməsini etiraf etmiş, bununla da həmin aktın doğruluğunu və həqiqətən də iddiaçı tərəfindən qeyd olunan mağazadan iddia ərizəsində göstərmiş olduğu mebelləri almasını böyük sual altında qoyur. Belə vəziyyətdə isə məhkəmənin yekun qərar qəbul edərkən şübhəli hallara və dəlillərə istinad etməsi qanunauyğun hesab edilə bilməz.” qənaəti yuxarıda qeyd olunan prosessual qanunvericiliyin tələbləri baxımından qanuni və əsaslı hesab oluna bilməz. Halbuki cavabdeh apellyasiya icraatı zamanı iddiaçının tələb etdiyi lakin məhkəmə tərəfindən təmin edilməyən mebel əşyalarının mövcud olduğunu etiraf edərək, həmin əşyaların iddiaçıya deyil, onlara onlara məxsus olmasını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə İddiaçı iddia tələbinin əsasını təşkil edən “Perla” mebel mağazasının 029852 № təhvil aktına əsasən ona alqı-satqı müqaviləsi əsasında aldığı mebel əşyaların növü, çeşidi və sayı qeyd edilən, həmin əşyaların “Perla” mebel mağazasından aldığını təsdiq edən təhvil-təslim aktını məhkəməyə təqdim etmişdir. Cavabdeh1 izahatında onu da göstərmişdir ki, İddiaçı iddia olunan mebel əşyalarının qaytarılması tələbini ondan deyil, keçmiş əri Samirdən tələb etməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə olan halda kollegiya iddianın sübut olunduğu lakin təmin edilməyən 7 adda bir ədəd taxt yanında iki tumba dəyəri 500 manat, şifoner altı qapılı dəyəri 600 manat, termo 6 tumbalı dəyəri 300 manat, künc divanı üstündə altı ədəd paduşkalar, jurnal üstü dəyəri 1000 manat, kuxna divanı, stolu və 2 ədəd oturacağı dəyəri 600 manat, künc divanı dəyəri 150 manat, stol və 6 ədəd oturacağı dəyəri 600 manat olan cehiz (əmlakın) əşyaların olması barədə sübutu qəbul edir və həmin əmlakların cavabdehlərdən alınaraq iddiaçıya verilməsinin təmin edilməməsini qanuni və əsaslı hesab etmir. Beləliklə məhkəmə kollegiyası iş materialları, tərəflərin həm birinci instansiya məhkəməsi həm də apellyasiya icraatı zamanı verdikləri izahahatları və verilmiş apellyasiya şikayətinin etirazın əsasları ilə birlikdə maddi və prosessual hüquq normalarına uyğun müqayisəli təhlil edərək yekun olaraq belə qənatə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan bütün faktiki hallar sübut olunmamış və qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Odur ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)1388/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bir ədəd taxt yanında iki tumba dəyəri 500 manat, şifoner altı qapılı dəyəri 600 manat, termo 6 tumbalı dəyəri 300 manat, künc divanı üstündə altı ədəd paduşkalar, jurnal üstü dəyəri 1000 manat, kuxna divanı, stolu və 2 ədəd oturacağı dəyəri 600 manat, künc divanı dəyəri 150 manat, stol və 6 ədəd oturacağı dəyəri 600 manat olan cehiz (əmlakın) əşyaları və ya onun dəyəri alınaraq İddiaçı verilməlidir. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir (MPN-nin 222.1-ci maddəsi). Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçının iddia tələbi mübahisələndirilən hissəsində iddianın qiyməti 3750 manat, yəni beş min manatdan az olduğundan tələb üzrə qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.3, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)1388/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bir ədəd taxt yanında iki tumba dəyəri 500 manat, şifoner altı qapılı dəyəri 600 manat, termo 6 tumbalı dəyəri 300 manat, künc divanı üstündə altı ədəd paduşkalar, jurnal üstü dəyəri 1000 manat, kuxna divanı, stolu və 2 ədəd oturacağı dəyəri 600 manat, künc divanı dəyəri 150 manat, stol və 6 ədəd oturacağı dəyəri 600 manat olan cehiz (əmlakları) əşyaları və ya onun dəyəri alınaraq İddiaçı verilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minr. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar