Məhkəmə qərarları › İş №2(106)-241/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-241/2024

22.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-241/2024 22.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)1191/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh MMC-dən əmək haqqı və məzuniyyət pulu olaraq cəmi 1075 manat, eləcə də həmin məbləğin 2022-ci ilin iyul ayının 5-dən etibarən 1 %-i məbləğində ödənişin, yəni ümumilikdə 3550 (üç min beş yüz əlli) manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verilməsinə baxmayaraq əmək və məzuniyyət haqları ona ödənilməmişdir. Bu fakt öz təsdiqini tapmaqla direktor Nərminə Rəhimov barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cəmiyyətin ona 2022-ci ilin iyun ayı üzrə 450 manat, iyul ayı üzrə 450 manat, cəmi 900 manat əmək haqqı, istifadə olunmamış məzuniyyət haqqı olaraq 175 manat məzuniyyət pulu, ümumilikdə 1075 manat ödəməli olduğu son haqq hesab vardır. Bundan əlavə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən “hər gecikdirilmiş gün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödəniş verilməlidir. Bununla bağlı cavabdehə mediasiya təklifi, pretenziya məktubu da göndərilmiş və təklif və pretenziya onun tərəfindən alınsa da, mübahisəni sülh yolu ilə həll etmək mümkün olmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, əmək haqqı və məzuniyyət pulu olaraq cəmi 1075 manat, eləcə də həmin məbləğin iyul ayının 5- dən etibarən 1%-i məbləğində, yəni ümumilikdə 3550 manat məbləğində ödəniş ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Cavabdeh MMCnin direktoru X1 məhkəməyə ərizə ünvanlayaraq işlərinin çoxluğu və bəzi üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, baxış iclasının sentyabrın 18-dən sonrakı tarixə təxirə salınmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 2(057)1191/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Ənnağı Məmmədli), iddianın qismən təmin edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı 2022-ci ilin iyun və iyul ayları üçün ödənilməmiş 900 manat əmək haqqı, istifadə edilməmiş məzuniyyətlərə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya və 2022-ci ilin iyun və iyul ayları üçün əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödənişin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144, 154 və 172ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh MMC Salyan Rayon Məhkəməsinin 2(057)1191/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Salyan Rayon Məhkəməsinin 2(057)1191/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası icraatın tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlilləri həddində Salyan Rayon Məhkəməsinin 2(057)1191/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırdmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 135-ci maddəsinin 2-ci bəndinə görə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinin 1-ci hissəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 172-ci maddəsinin 5-ci hissəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin 2(057)1191/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin rəhbərliyinə İddiaçı tərəfindən ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verilməsinə baxmayaraq əmək və məzuniyyət haqları ona ödənilməmişdir. Bu fakt öz təsdiqini tapmaqla direktor Nərminə Rəhimov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cəmiyyətin ona 2022-ci ilin iyun ayı üzrə 450 manat, iyul ayı üzrə 450 manat, cəmi 900 manat əmək haqqı, istifadə olunmamış məzuniyyət haqqı olaraq 175 manat məzuniyyət pulu, ümumilikdə 1075 manat ödəməli olduğu son haqq hesab vardır. Bundan əlavə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən “hər gecikdirilmiş gün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödəniş verilməlidir. Bununla bağlı cavabdehə mediasiya təklifi, pretenziya məktubu da göndərilmiş və təklif və pretenziya onun tərəfindən alınsa da, mübahisəni sülh yolu ilə həll etmək mümkün olmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, əmək haqqı və məzuniyyət pulu olaraq cəmi 1075 manat, eləcə də həmin məbləğin iyul ayının 5-dən etibarən 1%-i məbləğində, yəni 3550 manat məbləğində ödəniş ödənilməsini xahiş etmişdir. Əks halda, məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını qeyd etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən X2 Xidmətinin rəisi cənab Vəli Quliyevə ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixində Cavabdeh MMC şirkətində mühasib vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixində öz istəyi ilə işdən çıxmışdır. Ancaq buna baxmayaraq hələ də həmin ilin iyun və iyul aylarının əmək haqqısını və son haqq-hesabı almamışdır. Bununla bağlı müdriyyətə dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir tədbir görülməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində son haqq hesabı ödəyəcəklərini rəsmi sms-lə göndərdikləri halda heç bir ödəniş edilməmişdir. Bu məsələ ilə bağlı qanun çərçivəsində onun hüquqlarının bərpa edilməsini, onun əmək haqqı və son haqq hesabını və gecikdirilən gün üçün kompensasiya almasında ona köməklik olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şirkətin ona iyun (450 manat) və iyul (450 manat) ayları üçün 900 manat əmək haqqı borcu və istifadə olunmamış məzuniyyət üçün 175 manat borcu vardır. Ümumilikdə xx.xx.2022-ci il tarixində şirkətin ona ödəməli olduğu son haqq hesabı 1075 manat təşkil edir. Ancaq nəzərə alsaq ki, 3 aydan çoxdur ki, o bu məbləği ala bilmədiyinə görə həmin məbləğin gecikdirilməsinə görə Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının ən azı bir faizi məbləğində ödəniş verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən son haqq-hesab ödənilmədiyi aşkar olunmuş, qeyd olunan pozuntuya görə cəmiyyətin direktoru Nərminə Rəhimova barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 23 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının əmək hüquqlarının pozulması barədə müraciətinə X2 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış, bununla əlaqədar Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən son haqqhesabının ödənilmədiyi qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən də, Cavabdeh MMC-nin direktoru Nərminə Rəhimova barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda yol verilmiş nöqsanların aradan qaldırıması Cavabdeh MMC-nin həmçinin əmək haqqının düzgün hesablanıb ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə rəsmi məktub göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də əmək müqaviləsi əsasında aylıq əmək haqqı 450 manat olmaqla, mühasib vəzifəsində işə qəbul edilmiş və 31 iyul 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC tərəfindən 2022-ci ilin iyun-iyul ayları ərzində İddiaçı iki ay üçün 900 manat əmək haqqı ödəməmişdir. Nəticədə cavabdeh təşkilatın iddiaçıya cəmi 900 manat əmək haqqı borcu qalmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, tərəflər arasında olan əmək müqaviləsinə xitam verildikdən sonra cavabdeh iddiaçıya ödəməli olduğu 2022-ci ilin iyun və iyul ayları üçün 900 manat əmək haqqını, istifadə edilməmiş məzuniyyətlərə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanı ödəməmiş, həmçinin əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 01 faizi məbləğində cavabdehə əmək haqqı borcu yaranmışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, İddiaçı şirkətə aid olan kommersiya sirrli məlumatları yaymaqla aralarında olan əmək müqaviləsinin şərtlərinə əməl etməmiş, həmçinin əmək haqqının ödənilməməsində də işə götürənin təqsiri olmamışdır. Bu səbəbdən də, ona əmək haqqı ödənilməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır. Belə ki, işçi və işə götürən arasında bağlanmış əmək müqaviləsinin şərtlərinin pozulması yaxud işçi tərəfindən müqavilədə qeyd olunan şərtlərə əməl olunmaması, həmin işçiyə işlədiyi işə görə əmək haqqının və məzuniyyət haqqının verilməməsi əsası kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırdmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmçinin əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair ” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 aprel 2023cü il tarixli qərarında qeyd etmişdir ki, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Həmin qərarda həmçinin qeyd olunur ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Cavabdeh MMC-nin nümayəndəsinin apellyasiya şikayətinin digər dəlili isə işin aidiyyəti üzrə kommersiya məhkəməsində baxılması ilə bağlıdır. Kollegiya cavabdeh tərəfin apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmır. Belə ki, İddiaçı iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olmayan, işçinin işəgötürənə qarşı işlədiyi aylara görə əmək haqqı və ödənilməmiş məzuniyyət haqqı tələbinə aid ümumi məhkəmələrin sələhiyyətinə aid olan mübahisə ilə bağlı olduğundan işə baxmış məhkəmə səlahiyyətli məhkəmə olmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, maddi və prosessual hüquq normalarına düzgün tətbiq etmiş, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar formal mülahizələrə söykəndiyindən Salyan Rayon Məhkəməsinin 2(057)1191/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənaətinə gəlir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Salyan Rayon Məhkəməsinin 2(057)1191/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, cavabdehə münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (iddia tələbi 3550 manat təşkil edir.) beş min manatdan az olduğundan qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)1191/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar