Məhkəmə qərarları › İş №2(106)-269/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-269/2023

31.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-269/2023 31.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X2 ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Lənkəran Rayon Məhkəməsinin (hakim T.Məmmədov) 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə R.Qasımovanın iddiası qismən təmin edilmiş, xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-137/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin məbləğdə alimentin uşaq yetkinlik yaşına çatanadək Cavabdeh alınıb İddiaçı ödənilməsi, Cavabdeh alimentin alınması iddiası üzrə qanunvericiliklə müəyyən olunmuş iddia qiymətinə müvafiq olaraq 41 manat məbləğində dövlət rüsumunun alınıb dövlət mədaxilinə köçürülməsi, mediatora ödənilmiş 50 (əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları Cavabdeh ilə İddiaçı faktiki nikahda olmuşdur. Faktiki nikahdan bir uşaq- 22 dekabr 2013-cü il təvəllüdlü Mələk doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 22 dekabr 2013-cü il təvəllüdlü Mələyin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Astara Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 120 manat müəyyən edilmişdir. Hazırki tələbində İddiaçı Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)- 137/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, Cavabdeh xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsi, mediasiya prossesinin həyata keçirilməsi üçün ödədiyi 50 manat və 1 manat bank xidmət haqqının cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alimentin təyin edilməsindən uzun müddət keçmişdir və 2019-cu il tarixli qətnamədə müəyyən edilmiş aliment hazırda uşağın tələbatının ödəməsinə çatmır. Uşaq böyüdükcə onun tələbatları da artdığından o, uşağın saxlanmasında maddi çətinlik çəkir. Belə ki, uşaq artıq orta məktəbə gedir, onun xərcləri demək olar ki, ikiqat artmışdır. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5, 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunununa və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, hazırda o, başqa qadınla- X7 ilə rəsmi nikahdadır. Onların nikahdan 11 iyun 2017-ci il təvəllüdlü Məhsumə və 19 may 2019-cu il təvəllüdlü Sunara adlı iki uşağı doğulmuşdur. Yaxın vaxtlarda üçüncü uşağı da dünyaya gələcəkdir. Özü işləmir və gəliri yoxdur. Məhkəmə tərəfindən təyin edilən alimentin məbləği isə həddindən artıq çoxdur. Birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyinə görə sübutlarını təqdim edə bilməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh, onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İddiaçıya müəyyən edilmiş qaydada məlumat verilmiş, iddiaçı məhkəməyə teleqram göndərərək, iştirakı olmadan işə baxılmasını, alimentin məbləğinin artırılmasını və cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəməyə X3 teleqramı daxil olmuş, P.Hüseynova teleqramda iş üzrə həyat yoldaşı Cavabdeh apellyasiya şikayəti verdiyini, Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən narazı olduğunu bildirmiş, məhkəmənin tərəfindən qətnamə qəbul edərkən onların 3 azyaşlı uşaqlarının hüquqlarının nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh faktiki nikahda olmuşlar. Faktiki nikahdan bir uşaq- 22 dekabr 2013-cü il təvəllüdlü Mələk doğulmuşdur. Əvvəllər məhkəmə qətnamələri ilə aliment müəyyən edilmişdir. Astara Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 120 manat müəyyən edilmişdir. İddiaçı hazırda əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin artırılmasını, ayda 250 manat müəyyən edilməsini, eyni zamanda mediasiya xərci və banka ödədiyi xidmət haqqını tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 01 yanvar 2022-ci ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 03 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə almışdır. Eyni zamanda birinci instansiya məhkəməsi mediasiya xərcini tutarkən doğru qənaətə gəlmişdir. Apellyasiya şikayətində Cavabdeh hazırda başqa bir qadınla- X7 ilə rəsmi nikahda olduğunu, onların bu nikahdan 11 iyun 2017-ci il təvəllüdlü Məhsumə və 19 may 2019-cu il təvəllüdlü Sunara adlı iki uşağının doğulduğunu, yaxın vaxtlarda üçüncü uşağının dünyaya gələcəyini, özünün işləmədiyini və gəlirinin olmadığını qeyd etmişdir. Kollegiya qeyd edir ki, göstərilən hallar, o cümlədən cavabdehin iş yerinin olmaması alimentin miqdarının müəyyən qədər artırılmasından imtina üçün əsas deyil. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, tərəflərin birgə nikahından olan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq alimentin miqdarını artırarkən əsaslı qənaətə gəlmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin həqiqi hallarına uyğundur; apellyasiya şikayətində göstərilənlər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(049)-2022/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar