Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-276/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X18 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdehlər Cavabdeh3, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(018)-637/2023 saylı qətnaməsindən (hakim İ.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Lənkəran rayonu 1 saylı Notariat kontoru tərəfindən 25 yanvar 2023-cü il tarixdə Astara rayonunun Maşxan kəndində yerləşən 2 otaqlı, 1 mətbəxli və 2 şüşəbənd koridoru (cəmi sahəsi 87.5 kv.metr) olan evə, 0.22 hektar torpaq sahəsinə dair Cavabdeh3 və Cavabdeh1 ilə Astara rayonunun Hamoşam kənd sakini Cavabdeh2 Xosamir oğlu arasında bağlanan AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, Astara rayon Maşxan kənd sakini X4 ilə rəsmi nikaha girdikdən sonra həmin vaxt onların yaşadığı evə köçmüş və orda yaşamışdır. Yaşadığı dövrdə həmin ev köhnə olduğu üçün evdə tikinti işləri aparıb, evi yeniləmişdir. Birgə nikahlarından Fəridə və Pərvanə adlı qızları olmuşdur. Qızları hazırda onun yaşadığı evdə yaşayırlar. Qızları onun qocalığından sui istifadə edərək aldatma yolu ilə, razılığı olmadan alqı-satqı edərək, həmin evi Astara rayon Toradi kənd sakini olan Cavabdeh2 12000 manata satmışdır. Onu Astara rayon Təngərüd kənd İcra Nümayəndəliyinə aparıb, savadsız olduğu üçün ona hiss etdirmədən sənədlərə imza yazdırmışlar. Hazırda qızları evi satıb, onu evdən qovmaq istəyirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddianı qəbul edib izahatında göstərmişdir ki, özünə məxsus 0.22 hektar torpaq sahəsini və Astara rayonunun Maşxan kəndində yerləşən 2 otaqlı, 1 mətbəxli və 2 şüşəbənd koridoru (cəmi sahəsi 87.5 kv.metr) olan evin özünə dair hissəsini Cavabdeh2 Xosamir oğluna 19000 manata satmışdır. Lakin sonradan bilmişdir ki, evin qiyməti daha bahadır. 0.22 hektar torpaq sahəsini Cavabdeh2 qalmasını, lakin evin onlara qaytarılmasını istəyir. Cavabdeh2 tərəfindən onlara verilən 19000 manat pulu kredit borcuna ödəmişlər. Cavabdeh2 veriləcək pul onların əmək haqqından hissəhissə tutula bilər. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul edərək, Cavabdeh3 izahatı ilə oxşar məzmunda izahat vermişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, o, həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında 19000 manata alıb, sənədlər notarius tərəfindən yoxlanılıb, heç bir qanunsuzluğa yol verilməyib. Əgər bilsəydi ki, həmin torpaq sahəsi mübahisəlidir, gedib başqa yerdən torpaq alardı. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı çıxarış alıb və torpağ mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Ona görə də iddiaçının tələbi tamamilə əsassız və qanunsuzdur. Əlavə olaraq bildirdi ki, məhkəmə iclasında digər cavabdehlər tərəfindən alqı-satqıya görə onlara ödənilmiş 19.000 manat pulun kredit borcuna ödədiklərini və alqı-satqı ləğv edilərsə onların əmək haqqlarından tutulmasını bildirmişlər. Buda onu göstərir ki, alqı-satqı onların istədiyi ilə baş tutub. Astara Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(018)-637/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını, iş üzrə yeni obyektiv qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz və əsası olmayan bir qətnamə qəbul etmişdir. Həmin qətnamənin qanunsuz və əsassız olmasını aşağıda qeyd edilənlərlə təsdiq edir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun 85 yaşı vardır. Astara rayonu, Turadi kənd sakini, “makler” Kamran adlı şəxs (mobil əlaqə-***-***-**-**) mobil telefonla ona zəng etmiş və onu Lənkəran rayonu, Hirkan qəsəbəsində, idarəetdiyi “Niva” markalı avtomaşınla Astara rayonunun Təngərud kənd icra nümayəndəliyinə aparmışdır. Orada icra nümayəndəsi Süleymanın yanında bir kağıza imza etdirmişdir. Lakin həmin vaxtı xəstə olduğundan, gözlərinin görmə qabiliyyəti zəif olduğundan və latın qrafikası hərflərini oxuya bilmədiyindən hansı sənədə imza etməsini bilməmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh qızları, həyat yoldaşı və “makler” Kamranla cinayət əlaqəsinə girərək onu aldatmış və mübahisə predmeti olam evin satılmasına razılıq verilməsi barədə tərtib edilmiş sənədə imza etdirmişlər. Mülki iş üzrə cavabdeh olan Pərvanədən hansı kağıza imza etməyini soruşduqda qızı onun yenidən aldatmış və həyətdə yeni bir ev tikilməsinə ondan razılıq almasını bildirmişdir. Aldadılmasını bilən kimi dərhal polisə və məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin işin nəticəsində marağı olmuş, nəticədə iddia ərizəsində qeyd edilən faktlar araşdırılmamış, “makler" Kamranın və icra nümayəndəsi Süleymanın izahatları alınmamış, “makler" Kamranın icra nümayəndəliyində iddiaçıya, hər hansi bir sənədə imza etdirməyə səlahiyyətinin olub-olmaması aydınlaşdırılmamışdır. Ona görə də iddiaçının iddia tələbinin təmin edilməməsi istiqamətində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bu səbəblərdən Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(018)-637/2023 saylı qətnaməsi ləğv edilməlidir. İddia ərizəsində qeyd etmişdir ki, 35 il ərzində bütün varlığı ilə çalışmış, qəza vəziyyətində olan evin dam örtüyünü dəyişmiş, evin otaqlarının döşəmələrini və tavan hissəsini öz qazancı ilə təzələmişdir. Evin qapı və pəncərələrini yenisi ilə dəyişmişdir. Yeni pilləkan və hamam tikmişdir. Ev üçün su çəni qaldırmışdır. Fərdi yaşayış evinə uzunluğu 12 metr və eni 3 metr olan tikili əlavə etmişdir. Həvətində 2 tikili, eni 4 metr, uzunluğu 12 metr olan saray və bir başqa heyvan tövləsi tikmişdir. Həyətində su quyusu qazdırmış və istifadəyə verilmişdir. Həyətində 450 ədədə yaxın limon, mandarin, feyxoa, türk qozu və başqa meyvə ağacları əkmişdir. İddia ərizəsində qeyd etdiklərini məhkəmə baxışı zamanı izahatında bir-bir məhkəmənin diqqətinə çatdırmışdır. Həm də bildirmişdir ki, çəkdiyi bu qədər zəhmətdən və 85 yaşından sonra, qoca yaşında evin satılmasına necə icazə verə bilərdi? Çünki onun digər yaşayış yeri yoxdur. Bütiin bunları məhkəmədə qaldırsa da, “makler” və həm də cavabdeh olan qızlarının onu aldatması və məzmununu başa düşə bilmədiyi bir sənədə imza etdirmələri Astara Rayon Məhkəməsini zərrə qədər maraqlandırmamışdır. Həm də həmin evin alqı-satqısı zamanı dələduzluq faktının olması və həmin faktın ustalıqla həyata keçirilməsinə də hüquqi qiymət verilməmişdir. Sual oluna bilər-iddiaçı əyərsə fərdi yaşayış evinin və torpaq sahəsinin satılmasına könüllü razılıq vermişdirsə, onda nə üçün alqı-satqıdan dərhal sonra polisə şikayət etmiş və məhkəmədə iddiia qaldırmışdır. Bu onu sübut edir ki, iddiaçı olan qoca bir ata tam dəqiqiliyi ilə aldadılmışdır. Bunu onun atdığı “şikayət addımları” bir daha sübut və təsdiq edir. Bu səbəbdən Astara Rayonn Məkməsinin xx.xx.2023-cü il tarixli, 2(018)- 637/2023 saylı qətnaməsi ləğv edilməlidir. Aldatma yolu ilə evin hüquqmüəyyənedici sənədləri qızları Cavabdeh3 və Cavabdeh1 adına keçsə belə, həyat yoldaşı ilə birgə nikahda olduğundan və 35 il ərzində həmin fərdi yaşayış evinə yatırım (yəni pul və zəhmət) qoyduğundan, qanunsuz satılan evdə onun da payının və yaşamaq hüququnun olması qanunla təsdiq olunur. Həmin pay və yaşamaq hüququ isə dələduzluq yolu ilə onun əlindən alınmışdır. Yəni məhkəmənin diqqətinə çatdırmışdır ki, həyat yoldaşı X4, qızları Cavabdeh3 və Cavabdeh1 qızları birləşərək onu aldatma yolu ilə evi satmışlar. Qeyd olunan məsələlər tərəfindən həm iddia tələbi üzrə və həm də məhkəmə baxışı zamanı qaldırılsa da, Astara Rayon Məhkəməsi tərəfindən araşdırılmamış və həmin məsələlərə hüquqi qiymət verilməmişdir. Ona görə də Astara Rayonn Məkməsinin xx.xx.2023-cü il, 2(018)-637/2023 saylı qətnaməsi ləğv edilməlidir. Mübahisə predmeti olan evi və torpağı satan tərəf alqı-satqı müqaviləsi bağladığı zaman vicdanlı tərəf olmamışdır. Çünki iddiaçının xəstə olduğu, məzmununu başa düşə bilmədiyi və sənədi oxuya bilmədiyi bir vəziyyətdə həmin sənədə aldadılaraq imza etdirmələri onu sübut edir ki, həmin sənəd saxtadır və alqı-satqı müqaviləsinin bağlanılması üçün həmin sənədin hüquqi əhəmiyyəti ora bilməz. Astara Rayon Məhkəməsində Cavabdeh3 iddianı qəbul etmişdir. Həm də izahat verərək bildirmişdir ki, evin və torpağın satışı zamanı qiymətin təyin edilməsində o da, aldadılmışdır. Çünki küçə kənarında və yuxarıda qeyd edilən həcmdə yaşayış evinin, əlavə tikintilərin, meyvə ağaclarının hamısının bir yerdəki qiyməti 19000 manat ola bilməz. Yəni satılan predmetin qiymətinin daha baha olmasına baxmayaraq, “makler” tərəfindən aldadılaraq ucuz qiymətə satmışdır. Odur ki, evin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Digər qızı, Cavabdeh1 da, iddianı qəbul etmişdir. O da, satılan evin qaytarılmasını xahiş etmişdir. Lakin işin nəticəsində maraqlı olan Astara Rayon Məhkəməsi cavabdeh olan qızlarının iddia tələbinin qəbul etmələrini nəzərə almamış, onların da aldadılmasını qəbul etməmiş, izahatlarına düzgün hüquqi qiymət verməmişdir. Qətnamənin “müəyyən etdi“ hissəsinin 18-ci abzasında qeyd edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakın satışına həmin daşınmaz əmlak olan evdə pasport qeydiyyatında olan iddiaçının həyat yoldaşı X5 notarial qaydada təsdiq edilmiş ərizəsi ilə razılıq vermişdir. Amma qətnamənin heç bir yerində X5 ilə rəsmi nukahda olan, 35 il ərzində iki övladını böyüdüb boya-başa çatdıran, onların tərbiyəsi ilə məşğul olan, uşaqlarına təhsil verən və işlə təmiri edən, onların toyunu edib ər evinə göndərən, evin “qəza vəziyyətindən” normal yaşayış vəziyyətinə çatdıran ata olan iddiaçının mübahisə predmeti olan daşınmaz əmlakın satılması ilə əlaqədar alqı-satql müqaviləsinin rəsmiləşdirildiyi zaman notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin tələb edilməsi barədə heç bir qeyd, sübut və ya dəlildən söhbət getmir. İddia ərizəsinin və həmin iddia ərizəsi üzrə qəbul edilən qətnamənin məzmunundan başa düşülür ki, mübahisə predmeti olan fərdi yaşayış evi və onun altında yerləşən 0.22 hektar torpaq sahəsi iddiaçının həyat yoldaşı X3 məxsus olmuş və sonradan cavabdehin qızının adına keçirilmişdir. Lakin 35 il ərzində iddiaçı aldığı əmək haqqı və əldə etdiyi gəlirlər hesabına həmin fərdi yaşayış evini qəza vəziyyətindən normal yaşayış vəziyyətinə gətirib çıxarda bilmişdir. Həmin torpaq sahəsində əlavə binalar, artırmalar, tövlə, saray və başqa əlavə tikililər inşa etmişdir. Həmin torpaq üzərində 450-dən çox mənfəət gətirən meyvə ağacları əkmiş və hər il ondan bar götürərək dəyərini ailə üzvlərinə xərcləmişdir. Belə olan halda iddiaçı, çəkdiyi xərcləri müqabilində əmlaka sahiblik hüququ əldə etmişdir. Mülki qanunvericiliyin tələblərinə görə onun əldə etdiyi əmlak həm də ər-arvadın birgə mülkiyyəti kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikaı Mülki Məcəlləsinin 225.4-cü maddəsinin tələblərinə görə “ərarvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərinin əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu, (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqlarla təchiz etmə və i.a) müəyyənləşdirilsin. Lakin iddia ərizəsində və məhkəmə baxışı zamanı iddiaçı tərəfindən həmin məsələlərin mübahisələndirilməsinə və onlara hüquqi qəymət verilməsinin tələb olunmasına baxmayaraq, məhkəmə işin nəticəsindən maraqlı olduğu üçün həmin məsələlər nəzərə alınmamış və onlara hüquqi qiymət verilməmişdir. Astara Rayon Məhkəməsinin qəbul etdiyi həmin qətnamənin məzmunundan belə başa düşülür ki, ərlə-arvad rəsmi nikahda olduğu zaman pasport qeydiyyatında olan arvadın daşınmaz əmlakdan payı vardır və o, həmin əmlakın satılmasına notarial qaydada razılıq verə bilir. Amma rəsmi nikahda ola-ola, yaşadıqları fərdi yaşayış evinin qəza vəziyyətindən yaşayış üçün tam yararlı hala gətirən, 35 il ərzində həmin evdə yaşayaraq həmin evə xərc qoyan və qulluq edən, lakin həmin evdə pasport qeydiyyatında olmayan 85 yaşlı İddiaçı sözü gedən fərdi yaşayış evinin alqı-satqısı zamanı notarial qaydada razılığı tələb olunmur. İddiaçının həyat yoldaşının razılıq ərizəsi notarial qaydada təsdiq edilsə də, amma iddiaçının notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi alınmamışdır. Mülki Məcəllənin 225.4-cü maddəsinin tələblərinin məhkəmə tərəfindən kobud şəkildə pozulması onu bir daha təsdiq edir ki, Astara Rayon Məhkəməsi həmin mülki işin nəticəsindən maraqlı olmuş və düzgün qiymətləndirmə verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı X16 və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmədə cavabdehlərdən Cavabdeh3 apellyasiya şikayətinin əsaslı olduğunu bildirib təmin olunmasını xahiş etdi. İzahatında göstərdi ki, Valehlə evin satış qiyməti 27000 manata danışılmış, Valeh həmin puldan 7000 manatını nəğd şəkidə ödəmiş, qalıq 12000 manatını isə notariusda ödəmişdir. İcra nümayəndəliyində atasının adından yazılan izahatdakı xətt onun xəttidir, məcburiyyətdən yazmışdır. Məhkəmədə cavabdehlərdən Cavabdeh2 apellyasiya şikayətininin əsassəz olduğunu bildirib, təmin olunmamasını xahiş etdi. İzahatında göstərdi ki, mübahisəli evin satılmasına dair internet resurslarında elan verilmişdi. Elanla əlaqədar gəlib onlarla danışmışdır. Həmin vaxt Fəridə evdə yox idi, evdə anası və Pərvanə idi. Dedilər 19000 manata satırıq, Pərvanənin adına olan torpaq sahəsində isə yarımtikili var idi, oranı isə 11000 manata satırdılar. O, könə evi və torpaq sahəsini almağa razılaşmış, icra nümayəndəliyində Fəridə öz xəttii ilə izahat yazdı, ucadan oxumuş, atası Əyyub kişi imzalamış, hətta xeyir-dua vermişdi. 12000 manatı notariusda vermiş, 3000 manatı isə əlbəəl vermiş, 4000 manat isə boclu qalmışdır. 4000 manatı ödəmək üçün sentyabr ayına kimi vaxt verilsə də, Fəridə həmin vaxt tamam olmamış zəng vurub pulun qalanını istəmiş, o da gedib borc tapıb vermişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlərdən Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddiasının tam edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş İddiaçı oğunun Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(106)-373/2022 saylı qətnaməsindən aşağıdakılar müəyyən olunur: İddiaçı oğu Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayon notariat ofisində 20 iyun 2019-cu ildə 4Ə-404 nömrə ilə qeydə alınmış 0.22 hektar torpaq sahəsinin bağışlanmasına dair bağışlama müqaviləsinin etibarsız hesab edilib ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir; Tələb onunla əsaslandırmışdır ki, arvadı X6 ilə birgə nikahlarından 2 övladları olmuşdur. Paylı mülkiyyətlərində 0.44 ha torpaq sahəsi vardır. Astara rayon notariat ofisində 20 iyun 2019-cu ildə təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən həmin torpaq sahəsinin 0.22 ha hissəsini övladları Cavabdeh3, 0.22 ha hissəsini isə digər övladları Cavabdeh1 bağşlamışlar. Qızı Cavabdeh1 Lerik rayonu, Havi kənd sakini X13 oğlu ilə ailə həyatı qurmuşdur və əri Pərvanəni məcbur edir ki, ona bağışladıqları torpaq sahəsini Pərvanə də öz növbəsində ərinə bağışlasın. Asiman Şirvanovun məqsədi torpaq sahəsinin adına rəsmiləşdirilməsinə nail olduqdan sonra torpağı satmaqdır. Onlar isə torpağı qızlarına bağışlamışlar ki, onu əkib becərsin və ailəsinin ehtiatlarını təmin etsin. Lakin əri buna imkan vermir. Beləliklə vacib əhəmiyyətli yanılma təsiri altında torpaq sahəsini bağışlamışlar; Astara Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(018)-1134/2021 saylı qətnaməsi ilə iddia rədd edilmşdir; Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir; İş materiallarında olan sənədlərə əsasən (DƏDRX tərəfindən 12 iyun 2019-cu ildə verilmiş **********55-10301 reyestr nömrəli çıxarış) mübahisəli Astara rayonu Maşxan kəndində yerləşən 87.50 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ üzrə X1 tam olaraq, həmin evin yerləşdiyi 0.44 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ əsasında X7, Cavabdeh3 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olduğu, İddiaçı tərəfindən 20 iyun 2019-cu il tarixdə notariat ofisinə verilmiş ərizəyə əsasən sonuncu arvadı X2 mülkiyyətində olan həmin fərdi yaşayış evi və torpaq sahəsinin bağışlanmasına etiraz etmədiyi, 20 iyun 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən hədiyyə verən X4 tərəfindən xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ üzrə ona məxsus olmaqla Astara rayonu Maşxan kəndində yerləşən 87.50 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.44 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindəki payının hər birinə ½ hissədə olmaqla qızları Cavabdeh1 və Cavabdeh3 bağışlandığı müəyyən edilmişdir; İddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(018)-1134/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş mübahisələndirilən “alqı-satqı müqaviləsi” üzrə notariat işindəki sənədlərdən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 dekabr 2020-ci ildə verilmiş **********0-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu Maşxan kəndində yerləşən 87.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.44 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında hər birinin ½ hiisədə payı olmaqla Cavabdeh3 və Cavabdeh1 paylı mülkiyyətindədir, Astara rayon İcra Hakimiyyəti Başçısının Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən notariat ofisinə təqdim edilməsindən ötrü 24 yanvar 2023-cü il tarixdə verilmiş arayışa əsasən mübahisəli fərdi yaşayış evində X4, Cavabdeh3, Cavabdeh1 və nəvəsi X14 qeydiyyatdadırlar; X7 25 yanvar 2023-cü ildə notariat ofisinə yazılı şəkildə verdiyi ərizə ilə Cavabdeh3 və Cavabdeh1 tərəfindən paylı mülkiyyətlərində olmaqla Astara rayonu Maşxan kəndində yerləşən ümumi sahəsi 87.5 kv. metr olan fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir; AN-İ N ******* nömrəli 25 yanvar 2023-cü il tarixli Daşınmaz Əmlakin alqı-satqı müqaviləsinə əsasən satıcılar Cavabdeh3 və Cavabdeh1 paylı mülkiyyətlərində olmaqla Astara rayonu Maşxan kəndində yerləşən ümumi sahəsi 0.44 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 87.5 kv. metr olan fərdi yaşayış evini, Cavabdeh3 isə torpaq sahəsində olan ½ payını, yəni 0.22 ha torpaq sahəsini alıcı Cavabdeh2 12000 manata sataraq, sonuncunun mülkiyyətinə vermişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 mart 2023-ci ildə verilmiş **********0-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu Maşxan kəndində yerləşən 87.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.22 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 Xoşəmir oğlunun, 0.22 ha torpaq sahəsi isə Cavabdeh1 paylı mülkiyyətindədir. İş materiallarında olan İddiaçı məxsus AZE N 0******* sayı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şirvanov X15 rayonu, Bürcəli kəndində qeydiyyatdadır. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Astara rayonu, Maşxan kənd sakini İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar, 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir, 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir, 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir, 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür, 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir, 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir, 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir, 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır, 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz 337.1, 337.4 və 337.5, 340.2-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2023-cü til tarixli qərarında bir daha vurğulanmışdır ki, əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Kollegiya hesab edir ki, bağlanmış alğı-satqı müqaviləsi tərəflərin həqiqi iradələrini ifadə edən bir müqavilə olmuşdur. Belə ki, apellyasiya baxışı zamanı mübahisəli fərdi yaşayış evinin satılmasına dair mülkiyyətçilər olaraq iddiaçının qızları tərəfindən internet resurslarında elan yerləşdirildiyi, alıcı olan Cavabdeh2 məhz həmin elanla bağlı onlara müraciət etdiyi, satışa çıxarılan evin və torpaq sahəsinin ev yerləşən 0.22 ha hissəsinin 19000 manata satılmasını razılaşdıqları, alqı-satqı qiymətinin 7000 manat hissəsinin nəğd, 12000 manat hissəsinin notariatda alqı-satqı müqaviləsi bağlanan zaman ödənildiyi müəyyən edilmişdir. Hazırda isə iddiaçı tərəfi olmadığı müqavilənin ləğvini istəyir, hərçənd ki, həmin hüquq yalnız müqavilə tərəflərinə xasdır. İddiaçı müqavilənin etibarsızlığı tələbini irəli sürə bilərdi ki, yuxarıda qeyd olunanlar baxımından müqavilədə subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlərə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(018)-637/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsi ilə qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-276/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-276/2024
28.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver