Məhkəmə qərarları › İş №2(106)-291/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-291/2025

24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-291/2025 24.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(073)-1174/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 aprel 2015-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 və Cavabdeh2 hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 ilə 2014-cü ildə ailə qurmuş və nikahlarını xx.xx.2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından övladları xx.xx.2015-ci il təvəllüdlü X11 doğulmuşdur. Cavabdehlə əvvəl ailə münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri pozulmuş və ayrılmışlar. Sonradan məhkəmə qətnaməsinə əsasən X12 ilə aralarında olan nikah qeydi pozulmuş və uşağın saxlanılması üçün aliment təyin edilmişdir. X4 məhkəmənin müvafiq hökmü ilə uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdehlər isə onun keçmiş əri X9 valideynləridir. Artıq bir müddətdir ki, azyaşılı uşaqları ilə birliktə valideynlərinin yanında yaşayır. Uşaqlarının normal yaşaması və ehtiyaclarını ödəmək üçün maddi cəhətdən çətinlik çəkir. Cavabdehlər tərəfindən isə uşağına heç bir maddi köməklik göstərilmir. Cavabdehlər könüllü olaraq uşaqların saxlanılmasında ona köməklik etmədiyi üçün məcbur qalaraq aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(073)-1174/2024 saylı qətnaməsi (hakim Elxan Əmirəliyev) ilə iddianın əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edilmişdir. İŞİNHALLARİ: İşdə olan: Cəlilabad Rayon Qeydiyyat Şöbəsi təfəindən verilmiş 19 mart 2024-cü il tarixli 340/12 saylı nikah haqqında arayışdan görünür ki, X12 ilə X7 nikahlarını 10 aprel 2015-ci il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 182 nömrə ilə qeydiyyat aparılmaqla, nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. Cəlilabad Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli 342/12 saylı doğum haqqında arayışdan görünür ki, X11 09 aprel 2015-ci ildə doğulmuş, atası X12, anası X3r. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə ona münasibətdə ədalətli və obyektiv olmamışdır. Belə ki, X12 ilə aralarında olan nikah qeydi pozulmuş və uşağın saxlanılması üçün aliment təyin edilmişdir. X4 məhkəmənin müvafiq hökmü ilə uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra isə ondan aliment almaq mümkün olmamışdır. Cavabdehlər isə onun keçmiş əri X9 valideynləridir. Artıq bir müddətdir ki, azyaşılı uşağı ilə birliktə valideynlərinin yanında yaşayır. Uşağının normal yaşaması və ehtiyaclarını ödəmək üçün maddi cəhətdən çətinlik çəkir. Cavabdehlər tərəfindən isə uşağına heç bir maddi köməklik göstərilmir. Cavabdehlər könüllü olaraq uşaqların saxlanılmasında ona köməklik etmədiyi üçün məcbur qalaraq aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan qanunun normasından da, göründüyü kimi uşağın saxlanılması və onun maddi tələbatlarının təmin edilməsi onunla yanaşı, keçmiş əri X9 da mübahisəsiz və şərtsiz vəzifəsidir. Lakin hazırki vəziyyətdə ondan aliment almaq mümkün deyil. Çünki, qeyd olunduğu kimi Əfqan Cəfərov uzun müddətdir ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda həbsdədir. O, hazırda işsizdir, valideynlərinin köməkliyi ilə çətinliklə uşaqlarını saxlayır. Heç bir yerdən maddi gəliri yoxdur. Valideyninin aldığı təqaüd əsasında ailəni saxlayır. Məhkəmə tərəfindən iddiasının rədd edilərkən onun maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmamışdır. Bundan başqa, qətnamədə cavabdehlərin zəruri vəsaitə malik olmamasını əsas gətirmişdir. Halbuki, iş materiallarından da görünür ki, cavabdehlər hər ay təqaüd alırlar və bundan başqa, onların dolanacaq yerləri vardır. Göründüyü kimi, mübahisənin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, mövcud sübut və dəlillər düzgün qiymətləndirilməmiş, bu səbəbdən mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və nəticədə ədalətli olmayan qətnamə qəbul edilmişdir. Qeyd olunan hallar mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə tərəfindən araşdırılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən onun hüquqları bərpa edilməmiş, məhkəməyə təqdim etdiyi dəlil və sübutları nəzərə alınmamış və qərəzli olaraq yalnız iddiaçı tərəfindən irəli sürülən formal dəlillərlə kifayətlənmişdir. Ona görə də, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən düzgün hüquqi nəticəyə gəlinməmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X12 ilə 2014-cü ildə ailə qurmuşdur. Nikahları 10 aprel 2015-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan 09 aprel 2015-ci il təvəllüdlü X11 doğulmuşdur. Daha sonra münasibətləri pisləşmiş və nikah qeydi pozulmuş və uşağın saxlanılması üçün aliment təyin edilmişdir. Keçmiş əri Əfqan Cəfərov məhkəmənin müvafiq hökmü ilə uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra isə ondan aliment almaq mümkün olmamışdır. Cavabdehlər onun keçmiş ərinin valideynləri – uşağın baba və nənəsidir. Bir neçə müddətdir ki, övladı ilə birlikdə öz valideynlərinin yanında yaşayır. Övladının saxlanılmasında çətinlik çəkir. Ailədə ata, ana, 6 yaşlı qardaşı və öz övladı ilə birlikdə yaşayır. Atası yaşa görə 362 manat, anası isə çoxuşaqlı ailə olduqları üçün 105 manat məbləğdə təqaüd alır. Valideynləri və özü heç bir yerdə işləmirlər. O, keçmiş qayınatasının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup əliliyə görə 400.0 manat və 2-ci qrup, ikinci qurup əliyə görə 393.34 olduğunu, ümumilikdə 793 manat 34 qəpik məbləğdə təqaüd aldığını bildirmişdir. Eyni zamanda, Cavabdeh1 taksi fəaliyyəti ilə məşğul olur. Bakı və Cəlilabad şəhərlərində onun evləri var və maddi imkanları yaxşıdır. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o aliment verə bilməyəcəyini, lakin iddiaçının və nəvəsinin onların yanında yaşadıqları halda onlara kömək edə biləcəyini demişdir. Arvadı xəstədir. Təqaüdü ancaq ailə xərclərinə çatır. O, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərə qarşı 09 aprel 2015-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehlərdən hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi tələbində haqlı deyildir. Uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək X9 valideynlik borcudur. İddia əsassız olduğundan təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası bildirir ki, “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (Am) 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Adıçəkilən Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası müəyyən edir ki, X2 Sistemindən çıxarılmış sosial müavinat və təqaüd haqqında arayışa əsasən Cavabdeh1 İİ qrup əlil olmaqla aylıq 363,87 manat, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 400 manat məbləğdə pensiya alır. Habelə Cəlilabad RİHB-nin Cəlilabad şəhər İƏDN-in 20 fevral 2025-ci il tarixli arayışına görə Cavabdeh2 dediyinə görə “Opel Astra” markalı minik maşınları var. Bununla yanaşı, qeyd edilməlidir ki, Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 21 fevral 2025-ci il tarixli məkubundan müəyən edilir ki, X12 həbs olunduğu üçün Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(073)-2198/2020 saylı icra sənədi Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən aidiyyəti üzrə onun cəza çəkdiyi 6 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Nəzərə alınmalıdır ki, 6 saylı Cəzaçəkmə Müəssisəsinin 21 fevral 2025-ci il tarixli məkubuna əsasən müəssisədə kifayət qədər iş yeri olmadığından məhkumun işlə təmin olunması və icra vərəqəsinə görə borcun ödənilməsi mümkün olmamışdır. Kollegiya diqqətə çatdırır ki, AM-in 89-cu maddəsinə görə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Göründüyü kimi, Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(073)-2198/2020 saylı icra sənədi üzrə borclu X12 hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir və icra vərəqəsinə görə borcun ödənilməsi mümkün olmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının cavabdehlərə qarşı iddia qaldırmaqda subyektiv hüququ mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən tərəflərin ailə, maddi və digər diqqətəlayiq halları, xüsusilə də cavabdehlərin zəruri vəsaitə malik olub-olmaması araşdırılmamışdır. Kollegiya baba və nənənin zəruri vəsaitə malik olub-olmaması məsələsinə qiymət verərkən qeyd edir ki, iş materiallarına əsasən baba - Cavabdeh1 hər ay ümumilikdə 793 manat 34 qəpik məbləğdə təqaüd – pensiya alır, habelə “Opel Astra” markalı minik maşını vardır. Göründüyü kimi, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan bu kimi hallar araşdırılmamış və onları təsdiq edən mötəbər sübutlara lazımi hüquqi qiymət verilməmiş və nəticədə yanlış qənaət əsasında qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Ancaq, kollegiya hesab edir ki, hal-hazırda nənənin – Cavabdeh2 hər hansı gəliri və ya əmlakının mövcudluğu isə mötəbər sübutlarla təsdiq edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 09 aprel 2015-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. AM-in 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də, kollegiya hesab edir ki, iddiaçı məhkəməyə 02 aprel 2024-cü il tarixdə müraciət etdiyi üçün aliment həmin vaxtdan tutulmalıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, onları məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(073)-1174/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 09 aprel 2015-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh1 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 02 aprel 2024-cü il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar