Məhkəmə qərarları › İş №2(106)-293/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-293/2023

16.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-293/2023 16.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işi üzrə Salyan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(057)-1316/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 28 iyul 2018-ci il tarixdə faktiki ailə qurub evlənmiş, rəsmi nikahları olmamışdır. Birgə yaşadıqları müddətdə 14 noyabr 2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh, qaynatası və baldızı onu yola vermədiklərinə görə 2020-ci ilin avqust ayının 2-dən uşağı Mirağa Mirzəyevlə birgə ayrılaraq valideynlərinə məxsus evə qayıtmışdır. Həmin müddət ərzində cavabdeh nə onunla, nə də uşağı ilə maraqlanmamışdır. Cavabdeh ustalıqla məşğul olur və qazancı yaxşıdır. Hesab edir ki, cavabdeh bir ata kimi uşağını saxlamağa borcludur. Sadalananları nəzərə alaraq, 14 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 193 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(057)1316/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, 14 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsində İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, iddianı müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edib, İİİ qrup əlil olduğunu əlilliyə görə müddətsiz 120 manat sosial müavinət aldığını bildirərək iddiaçının tələb etdiyi miqdarda aliment vermək iqtidarında olmadığını bildirmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 14 noyabr 2019-cu il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsisnin 2 saylı Şirvan-Salyan regional filialının arayışından görünür ki, Cavabdeh İİİ dərəcəli ümumi səbəbdən əlilliyə görə müddətsiz 120 manat sosial müavinət təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş TSEK-nın sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, cavabdeh “Digər idiopatik skoliozlar. Onurğa sutununun bel hissəsinin-üçüncü dərəcəli idiopatik skaliozu. Digər daimi ağrı, daimi ağrı sindromu. Xroniki respirator çatmamazlıq, XTÇ-İİ st” diaqnozu ilə xəstədir və müddətsiz əlillik və sağlamlıq imkanları məhdudddur. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, cavabdeh Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Apellyasiya instansiyası məhkəməsindəki icraat. a) Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia tələbində işləmədiyini, Azərbaycan Respublikasında 2022-ci ildə yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən edilməsini əsas tutaraq Cavabdeh uşaqları Mirağa Mirzəyevin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsini xahiş etsə də, məhkəmə Cavabdeh xəstəliyini, müddətsiz 3-cü qrup əlil olmasını, 120 manat sosial müavinət almasını və sağlamlıq imkanının məhdud olmasını əsas tutaraq sabit pul məbləğində 80 manat alimentin tutulmasını qət etmişdir. Halbuki o, Cavabdehlə 2 ildən artıq müddətdə faktiki ailəli olduğu müddətdə yaşadığı Salyan rayonu ərazisində və Qaraçala qəsəbəsində ustalıqla və montaj işi ilə məşğul olaraq müəyyən məbləğdə qazanc əldə etmişdir. Yaşadıqları fərdi yaşayış evini də özü düzəltmişdir. Hazırda da o, ustalıqla və montaj işi ilə məşğul olaraq qazanc əldə edir. Təqdim etdiyi fotoşəkillər də bunu sübut edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh göstərmişdir ki, İİİ qrup əlildir. İşləyə bilmir. İddiaçı ilə birgə yaşadıqları dövrdə müəyyən yerlərdən 250 manat civarında gəlir əldə etmişdir. 120 manat pensiya alır. Hazırda pensiya məbləği artaraq 150 manat olmuşdur. Azyaşlı uşağı üçün 90-100 manat ödəyə bilər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Sübutların qiymətləndirilməsi: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator Salyan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(057)1316/2022 saylı qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin tam təmin olunması və alimentin miqdarının artırılaraq sabit pul məbləğində 193 manat müəyyən olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası Salyan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(057)-1316/2022 saylı qətnaməsini tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, alimentin tutulması qaydası və məbləği dəyişdirilməlidir. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin təmin edilməsi və alimentin tutlması qaydası və məbləğinin dəyişdirilməsi üçün əsaslıdır. Belə ki, birinci instаnsiyа məhkəməsi аlimentin miqdаrını müəyyən edərkən tərəflər arasındakı qarşılıqlı münasibətə, uşağın azyaşlı olmaqla ananın himayəsində olmasına, tələbin alimentin sabit məbləğdə müəyyən edilməsi, alimentin eləcə də uşaqlar üçün yaşayış minimumunun məbləğinə xüsusi diqqət yetirməmişdir. Cavabdehin məhkəmə iclasında qeyd etdiyi dəlillər onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşaqları saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin izahatında qeyd etdiyi dəlillər, onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi atanın da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi 14 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının 80 manat sabit pul məbləğində müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən cavabdehdən 80 manat sabit pul məbləğində alimentin tutulması uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün heç də kifayət qədər yetərli sayıla bilməz. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən tutulacaq alimentin məbləği 120 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(057)- 1316/2022 saylı qətnaməsi alimentin tutulması onun məbləğinə münasibətdə dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu (120-80=40; 40x12=480) 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qətetdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(057)-1316/2022 saylı qətnaməsi müəyyən olunmuş alimentin miqdarı hissəsində dəyişdirilsin. Salyan Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 2(057)-1316/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 14 noyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar