Məhkəmə qərarları › İş №2(106)-293/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-293/2024

31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-293/2024 31.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən olunmuş miqdarının artırılması” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(036)- 2279/2023 saylı qətnaməsindən (hakim Ü.Qənbərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən olunmuş miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan doğulmuş 25 sentyabr 2015-ci il təvəllüdlü X3 və 03 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər bir uşaq üçün hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, birgə nikahdan doğulmuş 25 sentyabr 2015-ci il təvəllüdlü X3 və 03 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh onun xeyrinə 250 manat sabit pul məbləğində aliment kəsilmişdir. Lakin həmin məbləğ uşaqların maddi ehtiyacını və müalicə xərclərini ödəmək üçün kifayət etmir. Bundan başqa uşaqların böyüməsi ilə onların saxlanılması üçün tələb olunan vəsait ilbəil artır və ana olaraq uşaqların maddi ehtiyacının təmin olunmasında çətinlik çəkir. Ona görə də, qət olunmuş alimentin miqdarının artırılaraq ayda 440 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(036)-2279/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, tərəflərin birgə nikahından doğulmuş 25 sentyabr 2015-ci il təvəllüdlü X5 və 03 iyul 2017-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq bir uşaq üçün ayda 200 (iki yüz) manat olmaqla hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, iddiaçının tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni tam formada mübahisələndirir. Hesab edir ki, İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(036)-2279/2023 saylı qətnaməsi ilə hüquqları pozulmuşdur. Yüksək maaşlı daimi iş tapa bilmir. Ara işlərində günü 10 manata işləməklə ayda 300 manatadək qazancı olur, başqa gəliri yoxdur. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin izahına görə bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Aylıq minimum yaşayışı təmin edəcək vəsaiti yoxdur. Əvvəl müəyyən olunan 250 manat alimenti qohumların köməyi ilə ödəyə bilirdi. Valideynləri qoca və xəstədirlər, onları da saxlamaq borcudur. Bu vəziyyətdə alimentin artırılması qanuna ziddir. Alimentin artırılması üçün heç bir qanuni əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci madddəsinə əsasən Valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur. 76.1.2. iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. Həmin qanuna əsasən ayda 400 manat aliment verməsi üçün aylıq qazancı ən azı ayda 1200 manat olmalıdır. Məhkəmə Ailə Məcəlləsinin 78.2 və 112.1-ci madədlərinin tətbiq etməmişdir. Maddənin tələbləri üzrə hüquqları pozulub. Ailədə qoca xəstə valideynləri olmasına, aylıq qazancının mövsümi ara işlərlə bağlı az olmasına məhkəmə hüquqi qiymət verməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, cavabdehin rəsmi iş yeri olmasada, daimi gəliri olduğunu bildirib, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmiş, nümayəndələri vasitəsilə təmsil olunmamışlar və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə İmişli Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(036)-98/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin olunaraq tərəflər arasında 11 iyul 2018-ci ildə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 25 sentyabr 2015-ci ildə doğulmuş X3 və 03 iyul 2017-ci ildə doğulmuş X4 anaları İddiaçı yanında qalmalarının müəyyən edlilməsi, 16 oktyabr 2019-cu il tarixindən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 125 manat olmaqla, ümumilikdə 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsialiment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. Həmin Məcəllənin Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenum qərarları və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil etməsədə, artırılan hissədə alimentin məbləğinin azaldılmasının əsasını təşkil edir. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Baş vermiş dəyişikliklər isə ondan ibarətdir ki, keçən müddət ərzində ərzaq məhsullarının və digər zəruri tələbat mallarının dəyərində nəzərə çarpacaq dərəcədə artımlar baş vermiş, yaşayış minimumu 2023-cü ildə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. İmişli Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(036)-98/2020 nömrəli qətnaməsi ilə ilkin olaraq hər uşağa görə 125 manat aliment təyin olunan zaman ölkədə uşaqlar üçün qanunla müəyyən olunan yaşayış minimumu 170 manat təşkil edirdi ki, qətnamə ilə təyin olunan həmin məbləğ həmin dövr üçün yaşayış minimumunun 73.5% hissəsinə bərabər idi. 2023cü ildə uşaqlar üçün müəyyən olunan yaşayış minimumu 220 manat təşkil edir ki, artırılaraq hər uşağa görə müəyyən olunan 200 manat aliment yaşayış minimumunun 90.9% hissəsinə bərabərdir. Göründüyü kimi alimentin məbləğinin artım tempi zamanında qüvvədə olan yaşayış minimumlarına münasibətdə 73.5 faizdən 90.9 faizə dəyişmişdir. Kollegiya alimentin miqdarının artırılmasına dair iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, hesab edir ki, alimentin məbləğinin kifayət qədər əsaslar olmadan yaşayış minimumuna münasibətdə 73.5 faizdən 90.9 faizə artırılması işin faktiki halları ilə uzlaşmır. Belə ki, qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını alimentin müəyyən olunmuş miqdarının dəyişməsinin əsası kimi müəyyən etmişdir. Hazırki halda isə iş materialları ilə cavabdhehin ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verdiyi müəyyən olunmur. Ərzaq məhsullarının və digər zəruri tələbat mallarının dəyərində nəzərə çapacaq artımların baş verməsi ilə yanaşı, qanunvericiliklə uşaqlar üçün müəyyən olunan yaşayış minimumunun məbləğlərində də ilbəil artan tempdə dəyişikliklər olmuşdur. Odur ki, cavabdhehin ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməməsi nəzərə alınaraq, artırılacaq ailimentin miqdarı 2023-cü il üçün müəyyən olunan yaşayış minimumunun ilk dəfə təyin olunan zaman qüvvədə olan yaşayış minimumunun faizinə uyğun olmalıdır. Kollegiya hesab edir ki, alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində müəyyən olunması 2023-cü il üçün uşaqlara görə müəyyən olunan yaşayış minimumunun 77.2 faizinə bərabər olmaqla, işin hallarına daha uyğundur. Qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Hazırki iş üzrə alimentin məbləğinin artırılması haqqında iddianın mübahisələndirilən hissədə qiyməti (250X12=3000; 340X12=4080; 4080-3000=1080) 1080 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti 1080 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(036)-2279/2023 saylı qətnaməsi alimentin müəyyən olunan məbləği hissədə dəyişdirilsin, 25 sentyabr 2015-ci il təvəllüdlü X3 və 03 iyul 2017-ci il təvəllüdlü X1 üçün har ay hər birinə görə 200 (iki yüz) manat olmaqla hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar