Məhkəmə qərarları › İş №2(106)-299/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-299/2024

22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-299/2024 22.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, mülki iş üzrə qətnamədən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: Salyan Rayon Məhkəməsinin 01 noyabr 2023-ci il tarixli, 2(057)-1661/2023 saylı qətnaməsi ilə (hаkim Ağarza Səmədov) İddiaçı Cavabdeh qarşı rəsmi nikahlardan doğulmuş uşağın X2 yetkinlik yaşına çatana qədər 250 manat alimentin əmək haqqından tutulması və uşağın baxılması üçün 3 yaşına qədər 150 manat əlavə xərclərə cəlb olunması tələbinə dair iddiası qismən təmin edilmiş və xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü ildən başlayaraq hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı ondan apellyasiya şikayəti vermişdir. İDDİANİN DƏLİLLƏRİ: İddiaçı iddia ərizəsində Cavabdeh ilə rəsmi nikahlarından doğulmuş azyaşlı uşağı X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 250 manat alimentin əmək haqqından tutulması və uşağın baxılması üçün 3 yaşına çatana qədər 150 manat əlavə xərclərə cəlb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə əlavə olunan sənədləri nəzərdən keçirib hesab etmişdir ki, cavabdehin aylıq əmək haqqısının 1/4 hissəsi olan 84 manat xx.xx.2023-cü il tarixdə anadan olmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona veriməlidir. Məhkəmə qətnamədə “Yaşayış minimumu haqqında” Qanunun tələbinə əsasən 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini qeyd etmiş və övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 84 manat məbləğində alimentin tutulmasını qət etmişdir. Cavabdeh müharibə veteranı olduğunu əsas gətirərək ondan ümumiyyətlə aliment tutulmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh müharibə veteranı olmasını nəzərə alan məhkəmə körpə uşağı 84 manat məbləğində alimentlə necə saxlayacağını nəzərə almamışdır. Cavabdehin müharibə veteranı olması o demək deyildir ki, o, azyaşlı Şəkər Əsədzadənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment verməməli və uşağın saxlanılması üçün əlavə xərclərdə iştirak etməməlidir. Bu səbəbdən də, iddiaçı qeyd edilən qətnamənin dəyişdirilməsini, cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, əlavə sabit pul məbləğində 150 manat aliment tutulması və iddia tələbinin uşağın 3 yaşına çatana qədər 150 manat əlavə xərclərə cəlb olunması hissəsində təmin olunması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib, ona uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd olunan Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmçinin MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbi alimentin müəyyən edilməsi hissəsində qismən edilmişdir. Cavabdeh qətnamə ilə razılaşaraq qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. İddiaçı isə qətnaməni alimentin məbləği və uşağın saxlanılması üçün cavabdehim əlavə xərclərə cəlb olunmasının təmin edilməməsi hissəsini mübahisələndirərək apellyasiya şikayəti vermişdir. Odur ki, kollegiya Salyan Rayon Məhkəməsinin 2(057)1661/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası Salyan Rayon Məhkəməsinin qətnaməsini maddi və prosessual hüquq normalarına əməl olunması baxımından yoxlayaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən əsaslıdır və bununla bağlı aşağıdakılar qeyd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 29.2-ci maddəsinə görə analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Qeyd olunan Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşağın saxlanması üçün onun valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsində aliment tutulur. Həmçinin AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Kollegiya yuxarıda göstərilən normaların tələblərini nəzərə alaraq, cavabdehin gəlirləri barədə araşdırma aparmış və müəyyən etmişdir ki, əslində cavabdehin hazırkı iş üzrə qərar qəbul edilərkən nəzərə alınması zəruri olan müəyyən gəliri vardır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Salyan X1 daxil olmuş 3-13-17-43/342/2023 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən də X3 Şöbəsində Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsində işləyir və ona verilən aylıq əmək haqqının ələ çatası məbləği 344 (üç yüz qırx dörd) manat 10 (on) qəpik məbləğ təşkil edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən AM-in 56, 75 və 78-ci maddələrinə istinad edərək azyaşlı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü ildən başlayaraq hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması qənaətinə gəlmişdir. Ancaq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən təmin edilən alimentin məbləği tərəflərin maddi və ailə vəziyətlərinə, işin diqqətəlayiq olan digər hallarına uyğun olmamaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını təmin edə bilməz. Göstərilənlərə əsasən və cavabdehin müəyyən stabil gəlirinin olmasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü ildən başlayaraq hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və eyni zamanda 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Alimentin məbləği müəyyən edilərkən isə mümkün məntiqi meyar kimi “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmalı, aliment həmin qanunun uşaqlar üçün müəyyən etdiyi yaşayış minimumuna yaxın həddə təyin edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa (2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir) müvafiq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, məhkəmə kollegiyası işin mübahisələndirilməyən faktiki hallarına uyğun olaraq uşaqların normal şəraitdə yaşamaq, habelə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək, habelə Cavabdeh aylıq əmək haqqının miqdarını nəzərə alaraq, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün kollegiya tərəfindən müəyyən edilmiş alimentin məbləğini qanuni və ağlabatan hesab edir. Kollegiya bundan əlavə, qeyd etməyi zəruri hesab edir ki, Salyan Rayon Məhkəməsinin 01 noyabr 2023-ci il tarixli, 2(057)-1661/2023 saylı qətnaməsinin iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə qalan hissədə dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. MPM-in 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmçinin MPM-in 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Odur ki, məhkəmə kollegiyası göstərilənlərə əsaslanıb və MPM-in 382, 384.0.3, 388, 392 və 402.1-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-1661/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş 11 fevral 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2023-cü ildən başlayaraq hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və eyni zamanda 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar