Məhkəmə qərarları › İş №2(106)-305/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-305/2025

22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-305/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi, mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2011/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər rayon X13 bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru İddiaçı3 raportu və Bəhruz İmanverdiyevin ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı3 raportla Şöbə rəhbərliyinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 00:01 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi 14 saylı binanın 1-ci mərtəbəsində kirayə yaşadığı mənzildə istirahət edən zaman blokdan qışqırıq səsləri gəldiyini və kiminsə yaşadığı mənzilin qapısını aqressiv formada döydüyünü eşitdiyini, qapının gözlüyündən baxdıqda həmin şəxsin əvvəllər ondan dəfələrlə yuxarı orqanlara əsassız şikayətlər edən və onunla qərəzli olan Cavabdeh olmasını görmüş, Cavabdeh ona şər və böhtan ata biləcəyindən ehtiyyat edərək, qapını açmadığını, lakin Cavabdeh uca səslə nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək, onun və bina sakinlərinin dincliyini pozaraq xüliqanlıq nərəkətləri etdiyini bildirmişdir. Araşdırma zamanı izahat vermiş şəxslər - İddiaçı2, X7, X15, X12, X8 və X9 izahatlarında Cavabdeh ünvansız küçə söyüşləri söydüyünü bildirmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X22 İdarəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məlumatda qeyd edilmişdir ki, Lənkəran rayonunun Girdəni kənd sakini Cavabdeh Lənkəran ŞRPŞ DYPB-nin rəisi polis kapitanı İddiaçı1 tanımadığı şəxslərlə görüşərək onlara spirtli içki qəbul etdirməsinə və idarə etdikləri avtomobillər haqqında məlumatı bildirməsinə məcbur etməsi, eləcə də həmin bölmənin YPX inspektorları İddiaçı3 və İddiaçı2 onu öz evlərinə apararaq qadın-kişi münasibətində olmalarını təklif etmələri, o cümlədən bölmə rəisindən uzaq durmasını tələb etmələri barədə müraciətləri əsasında cari ilin mart və aprel aylarında X22 idarəsində araşdırma aparılmış, göstərilən xüsusatların təsdiqini tapmaması və müəllifin şikayətinin olmaması barədə növbəti müraciəti nəzərə alınaraq, müraciətlərə baxılması dayandırılmışdır. Bununla yanaşı, vət. Cavabdeh əvvəllər də dəfələrlə Lənkəran ŞRPŞ-nin əməkdaşları barədə də şikayət məzmunlu müraciətlər etmiş, aparılmış araşdırmalar zamanı göstərdiyi xüsusatlar təsdiqini tapmamışdır. Vətəndaş Cavabdeh tərəfindən 2022-2023-cü illər və cari ilin ötən dövrü ərzində DİN-in «102» Xidməti - Zəng mərkəzi sisteminə ümumilikdə 91 müraciət ünvanlanmış, o cümlədən daxili işlər orqanlarının əməkdaşları barədə 11 müraciəti üzrə aparılmış araşdırma nəticəsində göstərilən xüsusatlar təsdiqini tapmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barələrində yuxarı təşkilatlara ünvanladığı işgüzar nüfuzlarının ləkələnməsi ilə bağlı etdiyi müraciətlərində qeyd etdiklərinin təkzib edilərək onlardan üzr istəməsi və cavabdehdən işgüzar nüfuzlarını ləkələyən həmin məlumatların yayılması ilə bağlı onlara vurulmuş mənəvi ziyana görə 10.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsinə dair qətnamə qəbul qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh barələrində yuxarı təşkilatlara ünvanladığı işgüzar nüfuzlarının ləkələnməsi ilə bağlı etdiyi müraciətlərində qeyd etdiklərinin təkzib edilərək onlardan üzr istəməsi və cavabdehdən işgüzar nüfuzlarını ləkələyən həmin məlumatların yayılması ilə bağlı onlara vurulmuş mənəvi ziyana görə hər iddiaçıya 5.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində və vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq onlara ödənilməsinə dair qətnamə qəbul qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hüseynov X1 ŞRPŞ-nin DYPB-nin rəisi vəzifəsində, Əliyev X6 ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru vəzifəsində və Qocayev X16 ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru vəzifəsində işləyirlər. İş üzrə cavabdeh olan Lənkəran rayonu, Girdəni kənd sakini olan Cavabdeh əvvəllər tanımamışlar və onunla hər hansı bir münasibətləri də olmamışdır. Cavabdeh 2023-cü ilin əvvəllərindən başlayaraq yuxarı hüquq mühafizə orqanlarına telefon zəngləri edərək onlardan böhtan və yalan dolu məlumatlar vermişdir. Belə ki, Cavabdeh onun, yəni Lənkəran ŞRPŞnin DYPB-nin YPX-nin baş inspektoru İddiaçı3 barəsində DİN-nin 102 xidmətinə zəng edərək onun Elsevər adında hansısa əməkdaşa pul verməyi barədə şikayət etmişdir. Bundan sonra Cavabdeh polis şöbəsinə dəvət edilmiş, bu barədə ondan soruşulduqda əsəbi olduğu üçün bu barədə zəng etdiyini, hal-hazırda heç bir şikayət tələbinin olmadığını və aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. O, bu barədə Lənkəran ŞRPŞ-nin rəisinin adına xx.xx.2023-cü il tarixdə ərizə də yazmışdır. Bundan sonra Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 00.59-da onun, yəni Lənkəran ŞRPŞ-nin DYPB-nin rəisi İddiaçı1 barəsində həm DİN-nin 102 xidmətinə zəng edərək DYPB-nin rəisi ilə problem olması səbəbindən sərnişin olduğu taksinin saxlanılması və özünün də Lənkəran ŞRPŞ-nə aparılmasından narazı olduğunu və həm də xx.xx.2024-cü il tarixdə msaat 09:49-da Azərbaycan Respublikası Baş X2 müraciət edərək Lənkəran ŞRPŞ-nin DYPB-nin rəisi Miri Hüseynov arasında olan şəxsi münasibətlərdən istifadə edərək ona qarşı qanunsuz hərəkətlər etdiyini bildirmişdir. Bundan sonra Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 00:01 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, 14 saylı binanın 1-ci mərtəbəsində onun, yəni Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru İddiaçı3 kirayə yaşadığı mənzildə istirahət edən zaman blokda qışqıraraq yaşadığı mənzilin qapısını aqressiv şəkildə döydüyünü görmüş, ona şər və böhtan atacağından qorxaraq qapını açmamış, cavabdeh isə əl çəkməyərək qonşuların eşidəcəyinə məhəl qoymadan ünvanına uca səslə nalayq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək, onun və bina sakinlərinin dincliyini pozaraq xuliqanlıq hərəkətləri etmişdir. O, da bu barədə raportla Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Azər Cahangirova müraciət etmişdir. Onun müraciəti törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 649 sayla qediyyata alındıqdan sonra araşdırılması üçün Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Baxşəli Rufullayevə həvalə edilmişdir. Araşdırma zamanı Cavabdeh atası X3 şöbəyə ərizə ilə müraciət edərək övladı olan Cavabdeh psixi durumunun yerində olmamasını, cəmiyyət üçün təhlükəli vəziyyətdə olmasını, dəfələrlə idarə və təşkilatlara daxil olaraq həmin idarə və təşkilatlarda səs-küy yaradaraq iş fəaliyyətini pozduğunu bildirərək, gələcəkdə cəmiyyətdə hər hansı bir bədbəxt hadisənin baş verməsinin qarşısını almaq üçün övladı Cavabdeh müalicə alması üçün Lənkəran rayonlararası Psixiatriya xəstəxanasına yerləşdirilməsi üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibi olmasa da, şahid ifadələri ilə Cavabdeh əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 521-ci maddələrinin tərkibi olduğundan material üzrə 11 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək gələcəkdə cəmiyyətdə Cavabdeh tərəfindən bədbəxt hadisələrin törədilməsinin qarşısının alınmasından ötrü Lənkəran rayonlararası Psixiatriya xəstəxanasına yerləşdirilməsi məsələsinə baxılması üçün və Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 521-ci maddələri ilə tədbir görülməsi üçün İTB-nə göndərilmişdir. Bundan sonra Cavabdeh valideyninin müraciəti əsasında xx.xx.2024-cü il tarixdə ŞRPŞ-yə dəvət olunaraq Lənkəran rayonlararası Psixiatriya xəstəxanasına yerləşdirilmiş və müalicə almışdır. Eyni zamanda Cavabdeh həmin xəstəxanada “şəxsiyyətin isterik tip pozuntusu, dekompensasiyası fazası" dioqnozu ilə qeydiyyatdadır. Bundan başqa Cavabdeh eyni məzmunlu müraciəti əsasında DİN-nin X22 İdarəsində də araşdırma aparılmış, qeyd olunan xüsusatlar təsdiqini tapmamışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim Anar Pənahov) 2(049)-2011/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi ziyan tələbi barədə iddia tələbinin təmin edilməməsi, iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi ilə əlaqadar vəkilə ödənilmiş 300 manat iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46, 57-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci, 23.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 107 119.1-ci maddələrinə, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanunun 1.1, 5.1-ci maddəsinə, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Ali Məhkəmənin 14 may 1999-cu il tarixli qərarının 7-ci bəndinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, cavabdehin iddiaçılar barəsində hüquq mühafizə orqanlarına müraciət etməsi onun vətəndaş kimi pozulmuş hər hansı hüququnun pozulması ilə bağlı dövlət orqanlarına sərbəst surətdə müraciət etmək hüququ ilə bağlıdır. Belə müraciətlərdə və ya şikayətlərdə məlumatlar haqqında müraciət edilən şəxsin şərəf və ləyaqəti ləkələyən və yalan məlumatlar (təhqir, böhtan və.s kimi) məlumatlar olmamalıdır. Cavabdeh tərəfindən edilmiş müraciətin iddiaçıların şərəf və ləyaqətinə xələl gətirməsi dəlili əsaslı sayıla bilməz. Belə olan halda iddia tələbi cavabdehin üzərinə müraciətdə göstərilənlərin təkzib edilməsi və üzr istənilməsi barədə vəzifə qoyulması hissədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin cavabdehdən iddiaçıların xeyrinə hər iddiaçıya 5.000 manat mənəvi zərərin tutulması ilə bağlı isə qeyd edilməlidir ki, cavabdehin polis orqanlarına müraciətində şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların olması sübuta yetirilməməklə həmin hissədə iddia təmin edilmədiyindən həmin tələbdən irəli gələn bu hissədə də iddia tələbi təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı3 oğlunun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası MPM-nin 388-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması nəticəsinə gəlinərkən qətnamədə bu nəticə üçün mühüm əhəmiyyət kəsb edən hal, yəni onların şərəf və ləyaqətlərini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsinin cavabdeh tərəfindən sübut edilməli olduğu halda həmin faktı dəqiq araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 389-cu maddəsinin tələbləri pozulmuşdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehin izahatında göstərdiklərinin doğru olması qənaətinə gəlsə də, lakin bu faktı təsdiq edən heç bir mötəbər sübut iş materiallarında olmadığı halda məhkəmə bu halı sübut edilmiş kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası MPM-nin 390-cı maddəsinin tələbləri pozulmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən mübahisə üzrə qeyd etdiklərinin (cavabdeh izahatında “o, heç vaxt iddiaçıların şərəf və ləyaqətini tapdalayan hərəkətə yol verməmişdir.” göstərmişdir.) əsası ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyi halda, işə baxan məhkəmənin bu halı sübut edilmiş kimi qəbul etməsi işin hallarına qətiyyən uyğun deyildir. Daha sonradan İddiaçı3 apellyasiya instansiyası məhkəməsinə ərizə göndərərək, Cavabdeh ilə barışdığını bildirmiş, ona görə də apellyasiya şikayətinin ona aid olan hissəsinin araşdırılmasının dayandırılmasını, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2011/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş, cavabdeh etirazında iddianın əsassız olduğunu bildirmişdi. Şikayət etmək onun hüququdur. O, İddiaçı3lə barışmışdır. Apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2011/2024 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apelyasiya baxışında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv olunaraq iddia tələbinin təmin olunmasını xahiş etdi. Apelyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2(049)-2011/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti vermişdir. Hazırda qətnamə iddiaçılar İddiaçı1, İddiaçı3 münasibətdə mübahisələndirilən hissədə yoxlanılır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçılardan İddiaçı3 iddianın təmin edilməməsi barədə qətnamədən narazı qalmaqla apellyasiya şikayəti versə də, apellyasiya icraatı zamanı həmin iddiasının davam etdirməməsini məhkəmə kollegiyasının diqqətinə çatdırmış, kollegiya İddiaçı3 ərizəsini nə iddiadan imtina, nə də apellyasiya şikayətindən imtina kimi qəbul etmir və verilmiş apellyasiya şikayəti həddində qətnamənin qanuni və əsaslı olmasının yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 46-cı maddəsinin 1 -ci hissəsinin tələbinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir; 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir; 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarında izah edilir ki, vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzvləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Həmin Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, mənəvi ziyanın tutulması bir qayda olaraq vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində tətbiq edilir. Vətəndaşların əmlak hüquqlarının pozulması ilə əlaqədar mənəvi ziyanın tutulmasına qanunvericilikdə bilavasitə müəyyən olunmuş hallarda yol verilir. Mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənilməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdırlar. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Beləliklə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirrlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və. s), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin yanaşması Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) cavabdehin üzərinə üzr istəmək öhdəliyinin qoyulmasının ifadə azadlığını məhdudlaşdırdığına dair mövqeyini əks etdirən konkret qərarlardan biri “X5rşı” (2011) işidir. AİHM bu işdə ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı vurğulamışdır ki, üzr istəmək öhdəliyi ifadə azadlığına birbaşa müdaxilədir və bu müdaxilənin yalnız zəruri və mütənasib olduğu hallarda əsaslandırıla biləcəyini araşdırmaq lazımdır. Avropa Məhkəməsi mənəvi zərəri "nigarançılıq, ruhi sarsıntı və iztirab”, "həyəcan, acizlik və sarsıntı”, "məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri- müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi "Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətində istinad edilmiş dəlillərlə bağlı, Kollegiya aşağıdakıları qeyd edir. - Apellyasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh xx.xx.2024-cü il tarixdə saat 00.59da İddiaçı1 barəsində həm DİN-nin 102 xidmətinə zəng edərək DYPB-nin rəisi ilə problem olması səbəbindən sərnişin olduğu taksinin saxlanılması və özünün də Lənkəran ŞRPŞ-nə aparılmasından narazı olduğunu və həm də xx.xx.2024-cü il tarixdə saat 09:49-da Azərbaycan Respublikası Baş X2 müraciət edərək Lənkəran ŞRPŞ-nin DYPB-nin rəisi Miri Hüseynov arasında olan şəxsi münasibətlərdən istifadə edərək ona qarşı qanunsuz hərəkətlər etdiyini bildirmişdir. Kollegiya bu dəlillə razılaşmayaraq aşağıdakıları qeyd edir: Əvvəla, dövlət orqanlarına müraciət etmək hüququ konstitusion hüquq olmaqla yanaşı, demokratik cəmiyyətin əsas təməl prinsiplərindən biridir və vətəndaşların dövlətlə qarşılıqlı əlaqəsində şəffaflığın, ədalətin və hesabatlılığın təmin olunmasında mühüm rol oynayır. Bu hüquq, vətəndaşların öz problemlərinin həllini tələb etməsinə, dövlət orqanlarının fəaliyyətinə nəzarət mexanizmi olaraq iştirakına və cəmiyyətin inkişafına töhfə verməsinə şərait yaradır. Bundan əlavə, müraciət etmək hüququ, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində mühüm bir vasitədir və onların qanunların tətbiqindəki ədalətsizlikləri və ya yanlışları aradan qaldırmaq üçün hüquqi yollardan istifadə etməsinə imkan yaradır. Bu hüquq, həm də dövlətin vətəndaş qarşısındakı məsuliyyətini vurğulayır, çünki dövlət orqanları vəzifələrini yerinə yetirərkən, müraciətləri diqqətlə qiymətləndirməli və qanunauyğun, ədalətli qərarlar qəbul etməlidirlər. Dövlət orqanlarına müraciət etmək hüququ yalnız şəxsi problemlərin həlli üçün deyil, həm də hüquqi dövlətin effektivliyinin təmin olunması üçün vətəndaşların cəmiyyətdə fəal iştirakını təşviq edən bir vasitədir. Müraciət etmək hüququnun təsbit edilməsi, hüquqpozuntularına qarşı cəmiyyətin biganə qalmamasını və bu kimi halların qarşısını almaq üçün vətəndaşların qanun çərçivəsində fəal mövqe nümayiş etdirməsini təmin etmək məqsədi daşıyır. Bu hüquq, həmçinin, hüquqpozuntulara barışmaz yanaşmanın hüquqi müstəvidə ifadə olunmasına və onların aradan qaldırılmasına şərait yaradır. Beləliklə, Cavabdeh Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Azərbaycan Respublikası Baş X2 müraciət etməsi onun şikayət etmək hüququndan irəli gəlmiş və bu hüququnun konstitusion təminatlar çərçivəsində qanuni şəkildə həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Onun bu hüququnu realizə etməsi, qanunla müəyyən edilmiş qaydada dövlət orqanlarına müraciət etmək azadlığına əsaslandığı üçün şəxsin şərəf və ləyaqətinə xələl gətirən hərəkət kimi dəyərləndirilə bilməz. Bu kimi hallarda, müraciət etmək hüququnun həyata keçirilməsi, yalnız hüquqi məzmuna malik olmaqla yanaşı, şəxsə öz mövqeyini ifadə etmək və mövcud problemlərin qanun çərçivəsində həllini tələb etmək imkanı verir. Bu hüququn istifadəsi heç bir halda şəxsi məsuliyyətə cəlb olunma və ya mənəvi zərər tələbi ilə nəticələnə bilməz, çünki həmin hərəkətlər qanunla qorunan hüquqlar çərçivəsində baş vermişdir. - Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsin tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İ hissəsinin tələbi pozulmuşdur. Çünki, birinci instansiya məhkəməsi qəbul etmiş olduğu qətnamədə sözügedən maddi hüquq normasına istinad etsə də, lakin nəticədə iddia tələbini rədd etməklə onların şərəf və ləyaqətlərinin müdafiəsinin təmin olunmaması qənaətinə gəlmişdir. Bu hal onların konstitusion hüquqlarının kobud şəkildə pozulması deməkdir. Kollegiya bu dəlillə razılaşmayaraq aşağıdakıları qeyd edir: Şərəf və ləyaqət şəxsi xarakterli qeyri-əmlak hüquqları hesab edilir. Onlar səlahiyyəti şəxsin, yəni həmin hüquq sahibinin, hüquq daşıyıcısının şəxsiyyətini fərqləndirməyə yönəlir. Şərəf və ləyaqət hüquqları, bir qayda olaraq, onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olur, özgənikiləşdirilmir. Şərəf dedikdə- şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimai-mənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki halda iddia ərizəsinin məzmunundan və iddiaçıların özlərinin məhkəmədə verdiyi izahatlarından da göründüyü kimi, iddiaçıların özləri də hüquq mühafizə orqanlarına cavabdeh tərəfindən edilmiş müraciətlərdə onların təhqir edən hər hansı ifadələrdən istifadə edildiyini bildirməmiş, yalnız onların polis orqanlarında işlədiyini göstərməklə bu müraciətlərin onların şərəf və ləyaqətinə xələl gətirdiyini bildirmişlər. Yuxarıda qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, cavabdeh tərəfindən edilmiş müraciətin iddiaçıların şərəf və ləyaqətinə xələl gətirməsi dəlili əsaslı sayıla bilməz. Mənəvi zərərin mövcud olub-olmaması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı). Məhkəmə araşdırması zamanı cavabdehin dövlət orqanlarına müraciətində şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatların olması sübuta yetirilməməklə həmin hissədə iddia təmin edilmədiyindən həmin tələbdən irəli gələn mənəvi ziyan tələbi də təmin edilməməlidir. Mənəvi zərərin iddia edilməsi, şəxsin şərəf, ləyaqət, işgüzar nüfuz və ya psixoloji vəziyyətinə dəymiş ziyanın müəyyən olunmasını tələb edir. Lakin belə iddiaların müvəffəqiyyətlə müdafiə olunması üçün iddiaçının mənəvi zərərin mövcudluğunu və səbəb-nəticə əlaqəsini sübut etməsi zəruridir. Mülki Prosessual Qanunvericiliyə əsasən, iddia irəli sürən tərəf öz iddiasını əsaslandırmaq üçün kifayət qədər sübut təqdim etməlidir. Mənəvi zərər halında bu, adətən aşağıdakı elementləri əhatə edir:

1. Ziyanın mövcudluğu: Mənəvi zərərin baş verməsi faktı – məsələn, psixoloji stress, narahatlıq və ya sosial nüfuza dəymiş ziyan.

2. Hərəkətin qanunsuzluğu: Mənəvi zərərin mənbəyi olan hərəkətin və ya hərəkətsizliyin qanunsuzluğu.

3. Səbəb-nəticə əlaqəsi: Zərərin qarşı tərəfin hərəkətləri nəticəsində baş verdiyi sübut edilməlidir. Hazırkı işin hallarından görünür ki, iddiaçıların mənəvi zərərin ödənilməsi ilə bağlı tələbi üçün tələb olunan hüquqi elementlərdən heç biri sübut olunmamışdır. Belə ki, mənəvi zərərin mövcudluğu və bu zərərin İddiaçı1 və İddiaçı3 tərəfindən psixoloji stress və ya digər narahatlıq şəklində yaşanması məhkəməyə təqdim edilən sübutlarla təsdiqini tapmamışdır. Bu səbəbdən, Kollegiya hesab edir ki, mənəvi zərərin vurulması iddiaçılar tərəfindən lazımi qaydada sübuta yetirilmədiyi üçün birinci instansiya məhkəməsi tərəfindən bu hissədə də təmin ediməməsi işin hallarına uyğun olmuşdur. Kollegiyanın bu nəticəsi, mənəvi zərərin yalnız subyektiv iddialarla deyil, obyektiv və yetərli sübutlarla təsdiqlənməsinin zəruriliyi prinsipinə əsaslanır. İddiaçı tərəfin Cavabdeh barələrində yuxarı təşkilatlara ünvanladığı işgüzar nüfuzlarının ləkələnməsi ilə bağlı etdiyi müraciətlərində qeyd etdiklərinin təkzib edilərək onlardan üzr istəməsi tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir ki, iddiaçıların tələbi bu hissədə haqlı olaraq təmin edilməmişdir. Əvvəla cavabdehi üzərinə üzr istəmək məcburiyyəti qoymaq, cavabdehin ifadə azadlığı hüququnu poza bilər. Bu səbəbdən, belə bir qərar qəbul edilərkən hər iki tərəfin hüquqlarını balanslaşdırmaq və proporsionallıq prinsipinə riayət etmək vacibdir. Üzr istəmək tələbini hüquqi məcburiyyət kimi qoymağın qeyri-proporsionallığı isə özündə aşağıdakı ünsürləri ehtiva edir: Məhkəmə qərarları proporsionallıq prinsipinə uyğun olmalıdır. Belə ki: • Zərərçəkmişin hüquqlarının bərpası üçün daha uyğun və balanslaşdırılmış vasitələr mövcuddur (məsələn, mənəvi təzminat və ya zərərçəkmişin cavabdeh haqqında dərc etdiyi fikirlərinə cavab vermək hüququ). • Üzr istəmək tələbini qoymaq, həm cavabdehin, həm də zərərçəkmişin hüquq balansını pozacaq ölçüdə qeyri-proporsional bir tədbir hesab edilir. Cavabdehin üzr istəmək məcburiyyətinə salınması onun fikirlərini məcburi şəkildə dəyişməyə və ya ifadə etməyə məcbur edilməsidir. Bu, ifadə azadlığı hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Belə bir məhdudiyyətin tətbiqi yalnız “demokratik cəmiyyətdə zəruri” olduğu hallarda mümkündür, lakin işin hallarına əsasən belə bir zərurətin olmadığı müəyyən edilmişdir. Əgər üzr istəmək məcburiyyəti bu zərurətə əsaslanmırsa, bu, insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Cavabdeh öz sözlərinin və ya hərəkətlərinin doğru olduğuna inanırsa, üzr istəmək onun mənəvi dəyərlərinə zidd ola bilər. Həmçinin, «Kazakov Rusiyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, üzr istənilməsini təklif etmə vəzifəsi şübhəsiz öz fikrində qalmaq hüququnun pozulmasıdır, ona görə ki, bir nəfərin deməyə vadar olduğu nəyəsə digəri inanmaya bilər. Kimisə özünün səhv olduğunu qəbul edərək öz fikrindən çəkindirmək şübhə doğuran bir düzəliş formasıdır və bu, «zəruri» olmaya bilər. Şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə t e t d i:

İddiaçılar İddiaçı1, İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2011/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı3 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar