Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-319/2023 15.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddaçı İddiaçı, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil, Cavabdeh2, onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(072)- 575/2022 saylı qətnaməsindən (hakim T.Nüsrətov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi" tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzilə dair Cavabdeh2 iləarasında bağlanmış 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi”nin ləğv edilməsi və həmin mənzil üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır, birinci Qarabağ müharibəsi veteranıdır və 2-ci qrup əlildir. Uzun müddət “DSK-4” X12 işləmişdir. İşlədi müddət ərzində “DSK-4” X14 tərəfindən ona 30 aprel 2002-ci il tarixdə order əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil verilmişdir. 06 noyabr 2009-cu il tarixdə mübahisə predmeti olan həmin mənzili özəlləşdirməklə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. 13 may 2014-cü il tarixdə qızı X2 Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, lakin müəyyən ailədaxili səbəblərə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5901/2021 saylı 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. 31 may 2014-cü il tarixdə mübahisə predmeti olan həmin mənzili “Mənzil bağışlama müqaviləsi” əsasında Cavabdeh2 bağışlamışdır. Belə ki, bir müddət 2-ci qrup əlilliyi olan müharibə veteranlarının mənzillə təmin olunmaq imtiyazı olduğu üçün, bu imtiyazadan istifadə edərək, başqa mənzil əldə etmək istəmişdir. Şərtlərə əsasən 2-ci qrup əlilliyi olan müharibə veteranlarının mülkiyyətində başqa mənzil olmamalı idi. Bu səbəbdən də, mübahisə predmeti olan həmin mənzili öz doğması və qohumu kimi Cavabdeh2 bağışlamışdır. Hal-hazırda qızı X2 ilə Cavabdeh2 arasında olan rəsmi nikaha xitam verildiyi üçün, cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunlu izahatlar verərək, iddianın təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, məhəllə 2, yeni tikilidə yaşayır. İddiaçı onun keçmiş qayınatasıdır. Belə ki, o, 13 may 2014-cü il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, lakin müəyyən ailədaxili səbəblərə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5901/2021 saylı 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Ailə qurduqdan sonra “Mənzil bağışlama müqaviləsi” əsasında İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzili ona bağışlamışdır. Hal-hazırda mübahisə predmeti olan həmin mənzil mülkiyyət hüququ üzrə onun xüsusi mülkiyyətindədir. Onun xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrində 15 iyul 2014-cü il tarixdə qeydiyyata alınmış və ona Seriya RX ******* №-li çıxarış da verilmişdir. Eyni zamanda bildirir ki, bağışlama heç bir öhdəliklə şərtləndirilməmişdir. Belə ki, o, mübahisə predmeti olan həmin mənzilə dair bağışlama müqaviləsinə əsasən İddiaçı qarşısında heç bir öhdəlik götürməmişdir. Hesab edir ki, İddiaçı qərəzli olaraq ona qarşı bu məzmunda iddia tələbi irəli sürmüşdür və iddianın qanuni əsası yoxdur. Cəbrayıl Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(072)-575/2022 saylı qətnaməsi ilə iddia rədd edilmşdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, “hədiyyə verən” İddiaçı ilə “hədiyyə alan” Cavabdeh2 arasında Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzilə dair bağlanmış 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi” heç bir öhdəliklə şərtləndirilməmiş, şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Ümumiyyətlə, bağışlama müqaviləsinə əsasən “hədiyyə alan” “hədiyyə verən”in və onun vərəsələri qarşında heç bir öhdəlik götürməmiş, “hədiyyə verən”in və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməmiş, ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə vəzifələr qoyulmamış və bağışlama ilə bağlı heç bir öhdəlik götürməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məmunu ilə oxşar məzmunda əsaslandırmış, əlavə olaraq qeyd edilmişdir ki, Cəbrayıl Rayon Məhkəməsi iddia tələbini rədd etməklə hesab etmişdir ki, “ hədiyyə verən” İddiaçı ilə “hədiyyəni alan” Cavabdeh2 arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, mənzi 61-ə dair bağlanmış 31 may 2014-cü il tarixli “Mənzil bağışlama 11 müqaviləsi” heç bir öhdəliklə şərtləndirilməmiş, şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Ümumiyyətlə bağışlama müqaviləsinə əsasən “hədiyyə alan” hədiyyə verən"in və onun vərəsələri qarşısında heç bir öhdəlik götürməmiş, “hədiyyə verən”in və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməmiş, ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə vəzifələr qoyulmamış və bağışlama ilə bağlı heç bir öhdəlik götürməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh2 daşınmaz əmlaka dair (Bakı şəhəri, Binəqədi rayonu, Bələcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 31 saylı 1 mənzil) mülkiyyət hüququ qnunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın reyestrində dövlət qeydiyyatına alındığı üçün, yəni daşınmaz əmlakın mülkiyyətçisi olduğu onun xüsusi mülkiyyət hüququnun müdafiəsinə və toxunulmazlığına təminat verməlidir. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670, 670.3. və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 12 dekabbr 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu bağışlamaqdan imtina ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. MM-in 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. MM-in 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında MM-də, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 daşınmaz əmlaka dair mülkiyyət hüququ qnunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın reyestrində dövlət qeydiyyatına alındığı üçün, yəni daşınmaz əmlakın mülkiyyətçisi olduğu onun xüsusi mülkiyyət hüququnun müdafiəsinə və toxunulmazlığına təminat verməlidir. Belə olan halda iddaçı İddiaçı min bir əziyyətlə aldığı, formal bağışlama müqaviləsi əsasında kürəkənin adına rəsmiləşdirilən mənzilini yenidən mülkiyyətinə keçirmək istədiyi halda, dövlət onun yenidən xüsusi mülkiyyət hüququnun bərpasına təminat vermirsə, bu gün niyə bu məsələnin məhkəmə müstəvisində həll olunmasına şərait yaradır? Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətlədiriiə bilməz. İddiaçının qızının boşanması, uşaqların cavabdehdə qalması, uşaqlarla ananın görüşməsinə imkan verilməməsi, kürəkənin ailəsi tərəfindən qızının şantaj edilməsi və göstərlərə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməməsi, eləcə də cavabdeh tərəfindən mülkiyyətinə keçirilmiş mənzildən 8 ildən sonra mənzilin əsil sahiblərinin mənzildən çıxarılmasına dair digər məhkəmədə iddia qaladırılması, bir sözlə ailəni maddi və mənəvi olaraq məhv etmək istəyi insanlığa sığmayan bir çox hərəkətlərdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda qeyd edilən məzminu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, mübahisəli mənzili cavabdehə formal olaraq bağışlamışdır, həqiqətdə belə niyyəti olmamışdır, məqsədi isə birinci Qarabağ müharibəsi iştirakçısı və 2-ci qrup əlil olaraq Dövlətin verdiyi imtiyazlardan yararlanmaq, Dövlətdən mənzil almaq olmuşdur. Məhkəmədə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirib, yuxarıda şərh olunan məzminu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh2 və onun nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində vermiş olduqları izahatla oxşar məzmunlu izahatlar verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Digər cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisi məktubla məhkəməyə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasmının 29 dekabr 2014-cü il tarixli müayinə aktının nəticəsinə dair SER TSE-01№ 519512 saylı arayışdan görünür ki, 18 dekabr 1966-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı almış olduğu hərbi travma ilə bağlı müddətsiz 2-ci dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 03 sentyabr 2021-ci il tarixdə verilmiş M/V № 089341 saylı vəsiqənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı müharibə veteranı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 31 may 2014-cü il tarixli “Mənzil bağışlama müqaviləsi”nin surətindən görünür ki, “hədiyyə verən” İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən 06 noyabr 2009-cu ildə verilmiş MA0007893 seriyalı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzili kürəkəni “hədiyyə alan” Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların X8 daşınmaz əmlakın Dövlət reyestrindən 15 iyul 2014-cü ildə verilmiş **********63-05101-093021 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş iddiaçı Cavabdeh2 cavabdeh X1 (hazırki iş üzrə iddiaçının qızı) qarşı “nikahın porzulması, uşaqların atanın yanında qalmalarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(001)-5901/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin olunaraq tərəflər arasında 13 may 2014-cü il tarixdə Cəbrayıl rayon qeydiyyat şöbəsində qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 25 may 2015 və 05 may 2018 təvəllüdlü uşaqların atalarının yanında qalmalarının müəyyən olunması qət edilmişdir. İş materiallarında olan X-63 saylı, 15 mart 2022-ci il tarixli və 08 iyun 2022-ci il tarixli məktublardan görünür ki, cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Ofisi hər biri ayrı-ayrılıqda “Mənzil bağışlama müqaviləsi”nin ləğv edilməsi üçün İddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsas ola bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azəraycan Respublikasının Mülki Məcəlləsinin : 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir; 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər; 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər; 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. İddiaçının tələbini belə əsaslandırır ki, mübahisəli mənzili bağışladığı ərəfədə 2-ci qrup əlilliyi olan müharibə veteranlarının mənzillə təmin olunmaq imtiyazı olduğu üçün, bu imtiyazadan istifadə edərək, başqa mənzil əldə etmək istəmişdir. Şərtlərə əsasən 2-ci qrup əlilliyi olan müharibə veteranlarının mülkiyyətində başqa mənzil olmamalı idi. Bu səbəbdən mübahisə predmeti olan həmin mənzili öz doğması və qohumu kimi Cavabdeh2 bağışlamışdır. Əslində əsil niyyəti mənzili sözün həqiqi mənasında bağışlamaq deyil, bu yolla 2-ci qrup əlil Qarabağ müharibəsi iştirakçısı olaraq Dövlətin verdiyi imtiyazlardan yararlanmaq və əlavə mənzil almaq olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə : Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir; Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar); Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər; Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil; Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur, - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir, - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir; Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olubolmaması müəyyən edilməlidir. Kollegiya hesab edir ki, iddiaçının tələbini əsaslandırdığı hallardan mübahisənin həllinə yanaşılsa, o zaman iddiaçı məhkəmədə bağışlama müqaviləsinin ləğvi deyil, etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmalı idi. Çünki iddianın əsaslandırıldığı şərtlər də, məhz tərəflər arasında bağlanmış əqdin yalan əqd olmasına dəlalət edir. Belə ki, tərəflərin hazırki mübahisənin predmetini təşkil edən əqdi bağlayarkən həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluq olmuş, məqsəd hədiyyə verənin statusu (2-ci qrup əlil, Qarabağ müharibəsi iştirkçısı) nəzərə alınmaqla Dövlət tərəfindən verilən imtiyazlardan yararlanmaq üçün, üçüncü şəxs kimi müvafiq icra hakimiyyəti orqanında hədiyyə verənin mülkiyyətində mənzilin olmamasına dair yanlış təsəvvür yaratmaq olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi tələb üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı deyil, ləğvi tələbi ilə bağlı iddia qaldırdığından, ləğvi üçün isə qanunvericiliklə müəyyən olunan əsaslar mövcdud olmadığından, iddianı rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(072)-575/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-319/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-319/2023
15.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver