Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-323/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi barədə sazişin etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 767/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş vəsait hesabına Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0111 ha həyətyanı torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə sazişin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2005-ci il tarixində rəsmi nikaha daxil olmaqla, ailə qurmuşdur. Nikahları Kürdəmir Rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə nikahları dövründə 2005-2021-ci illərdə birgə nikah dövründə əldə edilmiş vəsait hesabına Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0111 ha torpaq sahəsi və onun üzərində yarıtikili şəklində olan fərdi ev almışlar. Torpaq sahəsinə dair 4Ə-685 nömrəli reyestrdə qeyd olunmaqla, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixində rəsmiləşdirilmişdir. Göstərilən əmlak birgə nikah dövründə əldə etdikləri vəsait hesabına alındığından iddiaçının da cavabdehlə bərabərhüquqlu qaydada sərəncam vermək hüququ vardır. Lakin cavabdeh boşanma ərəfəsində iddiaçının xəbəri olmadan sözügedən mübahisəli əmlakın alğı-satqı müqaviləsinin ləğvi barədə X17 ilə saziş bağlayaraq iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, həmin əmlakın alınmasında iddiaçının da razılığı və iştirakı olmuş, 15000 manat vəsait nağd şəkildə satıcıya iddiaçı tərəfindən verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-767/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri vəsait hesabına Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0111 ha həyətyanı torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AN- İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə saziş etibarsız hesab edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 2(041)-767/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi öz qərarını torpaq sahəsinin birgə nikah dövründə əldə edildiyi üçün tərəflərin birgə mülkiyyəti hesab olunması və iddiaçının razılığı olmadan müqavilənin ləğvinə dair bağlanmış sazişin onun hüquqlarının pozulmasına səbəb olması ilə əsaslandırmışdır. İddiaçı ilə cavabdeh xx.xx.2005-ci ildə nikaha daxil olmuşlar. Onların bu nikahdan Zəhra (xx.xx.2009-cu il təvəllüdlü), Yusif (xx.xx.2010-cu il təvəllüdlü) və Zahid (xx.xx.2012-ci il təvəllüdlü) adlı uşaqları dünyaya gəlmişdir. Nikaha daxil olduqları ilk gündən tərəflərin münasibəti yaxşı olmamış, iddiaçı uşaqları ilə maraqlanmamış, ailənin heç bir ehtiyacını qarşılamamışdır. Cavabdeh uşaqlarını yalnız atasının ona göndərdiyi maddi yardımlar hesabına saxlamışdır. İddiaçı 2016-cı ildən başqa qadınla qeyri-rəsmi nikahdadır, həmin tarixdən birgə yaşayırlar. İddiaçının bu münasibətdən xx.xx.2017-ci il təvəllüdlü Fatimə adlı nikahdankənar uşağı dünyaya gəlmişdir. İddiaçı başqa qadınla birgə yaşamağa başladığı 2016-cı ildən etibarən cavabdehlə birlikdə yaşamır, birgə təsərrüfat aparmırlar. Həmin tarixdən etibarən iddiaçı uşaqları ilə maraqlanmır, onların ehtiyaclarını ödəmir. Əksinə, iddiaçı cavabdehin və uşaqların yaşadıqları evə gələrək onun evində olan zəruri ehtiyac ola biləcək əşyaları digər yaşadığı qadının evinə aparmışdır. Cavabdeh iddiaçıdan qorxduğu üçün boşanmaq məqsədilə məhkəməyə müraciət edə bilməmişdir. Yalnız iddiaçı 2021-ci ildə boşanma ilə bağlı məhkəmədə iddia qaldırdıqdan sonra tərəflərin nikahı rəsmi olaraq pozulmuş və uşaqlar ananın himayəsində saxlanılmışdır. 2016-cı ildən 2021-ci ilədək tərəflərin nikahı yalnız sənəd üzərində mövcud olmuş, onlar həmin müddət ərzində birgə yaşamamış, birgə təsərrüfat aparmamışlar. Cavabdeh bu halı birinci instansiya məhkəməsində bildirsə də, məhkəmə cavabdehin öz şahidlərini məhkəməyə gətirməsinə şərait yaratmamışdır. 2016-cı ildən 2021-ci ilədək cavabdeh öz uşaqlarını atasının ona göndərdiyi pul yardımları hesabına saxlamışdır. Həmin tarixlərdə göndərilmiş pul vəsaitlərinin bir çoxunun qəbzi birinci instansiya məhkəməsinə təqdim olunsa da, iş materiallarına əlavə olunmamış və qətnamədə münasibət bildirilməmişdir. Cavabdeh iddiaçı ilə ayrı yaşadıqları müddətdə uzun illər uşaqları ilə birlikdə kirayədə yaşamışdır. Kirayədə yaşamaq asan olmadığı, həmçinin uşaqların gələcəyini düşünərək cavabdehin atası və qardaşı (pulun az bir hissəsi qaynanası (öz xalası) tərəfindən verilmişdir) Abşeron rayonu ərazisində onun üçün torpaq sahəsi almışlar, yəni torpaq sahəsinin dəyəri nə cavabdeh, nə də iddiaçı tərəfindən ödənilməmişdir. Cavabdehlə X8 (X18 tərəfindən təmsil olunub) arasında Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0111 ha torpaq sahəsinin alğı-satqısına dair bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli müqaviləyə əsasən, torpaq sahəsi 5000 manata Cavabdeh satılmışdır. Yəni rəsmi sənədlərdən görünür ki, torpaq sahəsi iddiaçının iddia etdiyi kimi 15000 manata deyil, cəmi 5000 manata alınmışdır. Alğı-satqı müqaviləsinin dəyəri də həmin gün cavabdehin qardaşı X19 tərəfindən satıcının təmsilçisi X4 hesabına köçürmə yolu ilə ödənilmişdir (bank çıxarışında xx.xx.2021-ci il qeyd edilsə də, “description” bölməsində əməliyyatın xx.xx.2021-ci il tarixində edildiyi aydın görünür). Başqa sözlə, həmin torpaq sahəsi iddiaçı ilə cavabdehin birgə gəlirləri hesabına deyil, atası və qardaşının bağışladığı pul hesabına cavabdehin adına alınmışdır. Cavabdeh iddia tələbinə bu etirazının əsasını məhkəmədə bildirsə də, bank çıxarışını məhkəməyə təqdim etsə də, məhkəmə bu əsasa lazımi hüquqi qiymət verməmişdir. Daha sonra cavabdehin özünün və uşaqları saxlamaq üçün ona yardım edən şəxslərin maddi vəziyyəti pisləşdiyi üçün, həmçinin cavabdeh özü maddi imkansızlığına görə orda ev tikintisi apara bilməyəcəyi qənaətinə gəldiyinə görə, eyni zamanda iddiaçı qanunla müəyyən edilən aliment öhdəliyini icra etmədiyi üçün uşaqları saxlaya bilmək, onların maddi ehtiyaclarını ödəyə bilmək üçün satıcıya müraciət edərək, torpağın alğı-satqı müqaviləsinin ləğv edilməsini və ödənilmiş 5000 manatın geri qaytarılmasını xahiş etmişdir. Həmin torpaq sahəsinin dəyəri başqa şəxs tərəfindən ödənildiyindən, həm də iddiaçı ilə cavabdeh uzun illər birgə təsərrüfat aparmadıqlarından həmin torpaq sahəsi birgə mülkiyyət hesab edilə bilməz. Buna görə də iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Həmçinin, torpaq sahəsi nikah dövründə birgə qazanc hesabına əldə edilmədiyindən həmin müqavilənin ləğvi ilə bağlı saziş bağlanarkən iddiaçının hər hansı hüququ pozulmamışdır. Bu səbəblə də birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. İddiaçı ilə cavabdeh torpaq sahəsinin alındığı tarixdə artıq beş il idi ki, ayrı yaşayır, birgə təsərrüfat aparmırdılar (həm tərəflərin birgə nikahından olan uşaqları, həm də hər iki tərəfin qohumları bunu şahid ifadələri ilə təsdiq edə bilərlər). Bundan başqa, əmlakın birgə mülkiyyət hesab edilməsi üçün iki vacib şərt müəyyən edilmişdir: əmlakın nikah dövründə əldə olunması və tərəflərin birgə gəlirləri əsasında əldə olunması. Hazırkı iş üzrə formal olaraq birinci şərt ödənilsə də, tərəflər beş ildən artıq müddətdə ayrı yaşadıqlarından hər hansı birgə gəlirdən və ya birgə təsərrüfatdan söhbət belə gedə bilməz. Mübahisəli torpaq sahəsi cavabdehin öz mülkiyyəti hesab edilir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmiş şərhi nəzərə almamış, həm də iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı cavabdeh tərəfin etirazlarına qətnamədə ümumiyyətlə münasibət bildirməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində atasının onun və uşaqlarının saxlanılması üçün göndərdiyi maddi yardımlara aid qəbzləri və qardaşının alğı-satqının dəyərini ödəməsi ilə bağlı çekləri məhkəməyə təqdim etsə də, satıcı ilə əlaqə yarada bilmədiyi üçün satıcının nümayəndəsi X9 bank hesabından çıxarışı məhkəməyə təqdim edə bilməmişdir. Yalnız iş üzrə məhkəmə qətnaməsi qəbul edildikdən sonra onunla əlaqə yaradıla bilmiş və bank hesabından çıxarış əldə edilmişdir. Bank hesabından çıxarış apellyasiya şikayətinə əlavə edilmişdir. Apellyasiya məhkəməsinin 15 fevral 2023-cü il və 05 aprel 2023-cü il tarixli iclaslarında iştirak edən Cavabdeh çıxış edərək bildirmişdir ki, İddiaçılə aralarındakı nikah rəsmi olaraq 08 dekabr 2021-ci il tarixədək pozulmasa da 5 ilə yaxındır ki, onlar faktiki olaraq ayrı yaşamaqla birgə təsərrüfat aparmırlar. Belə ki, İddiaçı başqa bir qadınla qeyrirəsmi ər-arvad kimi yaşayır və həmin qadından bir övladı da var. Mübahisəli torpaq sahəsi xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında 5000 manat müqabilində cavabdehə satılmış, torpaq sahəsi üçün 5000 manat məbləğində pulu onun qardaşı ödəmişdir. İddiaçı həmin torpaq sahəsinin alınmasında yalnız ilkin razılaşma zamanı iştirak etmiş, torpaq sahəsi üçün hər hansı ödəniş etməmişdir. Bundan əlavə, həmin torpaq sahəsində yarımtikili olmuş, aralarındakı qeyri-rəsmi razılaşmaya əsasən əlavə 18000 manat verilməsi şərti ilə həmin yarımtikili satıcı Əli Qəhrəmanov tərəfindən tamamlanaraq təhvil verilməli idi. Həmin əlavə 18000 manat puldan 10000 manat ödənilmiş, bu ödənişlərin yenə 5000 manatını cavabdehin qardaşı həyata keçirmişdir. İddiaçının ailəsinin pay torpaq sahəsi olmuş, həmin torpaq sahəsi 5000 manata satılmış, yarımtikili üçün əlavə 5000 manat məbləğində pul ödənilmişdir. Sonradan iddiaçının anası yazılı ərizə təqdim edərək pay torpaq sahəsinin satışından əldə olunmuş və yarımtikili üçün ödənilmiş puldan 4000 manatını nəvələrinə bağışlamış, bununla bağlı yazılı ərizə vermişdir. Çünki tərəflər arasındakı nikah münasibətinin pozulmasının səbəbi iddiaçının başqa qadınla birlikdə yaşaması olmuşdur. Beləliklə, iddiaçının həmin torpaq sahəsi və yarımtikili üçün rəsmi və qeyri-rəsmi ödənilmiş cəmi 15000 manat pulda yalnız pay torpağının satışından onun payına düşən 1000 manat vəsait olmuşdur. İddiaçı ilə münasibətləri tamamilə pozulduqdan sonra cavabdeh yarımtikili üçün ödənilməli olan qalan 8000 manat məbləğində pulu ödəyə bilməmiş, satıcı ilə 25 oktyabr 2021-ci il tarixində saziş bağlayaraq 16 aprel 2021-ci il tarixli müqaviləni ləğv etmişlər. Torpaq sahəsinə görə qardaşı tərəfindən ödənilmiş 5000 manat məbləğində pul ona qaytarılmış, ödənilmiş qalan 10000 manat pulun isə həmin daşınmaz əmlak başqa birinə satıldıqdan sonra qaytarılacağı ilə bağlı Əli Qəhrəmanovla razılaşmışlar. İddiaçı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin tərəfi olmadığından və torpaq sahəsinə görə hər hansı ödəniş etmədiyindən, torpaq sahəsinin alğı-satqısı zamanı ödənilmiş 5000 manat cavabdehin qardaşı tərəfindən ödənildiyindən, iddiaçının həmin torpaq sahəsi ilə bağlı hüququ yaranmamışdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil çıxış edərək bildirmişdir ki, torpaq sahəsinə dair müqavilə üzrə 5000 manat ödənişi cavabdehin qardaşı ödəmiş, iddiaçı həmin torpaq sahəsi ilə bağlı ödəniş etməmişdir. Bundan başqa, torpaq sahəsində bir ədəd yarımtikili mövcuddur. Tərəflər arasındakı qeyrirəsmi razılaşmaya görə, həmin yarımtikili 18000 manat ödəniş müqabilində Əli Qəhrəmanov tərəfindən tamamlanaraq, hazırkı iş üzrə tərəflərə təhvil verilməli idi. X30 cəmi 23000 manat pul verilməli idi. Həmin yarımtikiliyə görə ödənilməli olan 10000 manat pulun 5000 manatı yenə də cavabdehin qardaşı tərəfindən, 5000 manatı isə iddiaçının anası tərəfindən ödənilmişdir. Tərəflər arasında ailə münasibətləri tam pozulduqda, qeyd edilən vəsaitdən 8000 manatı hələ də ödənilməmiş qalırdı. Həmin 8000 manatı İddiaçı ödəməkdən imtina etdiyindən, Cavabdeh isə onu ödəməyə imkanı olmadığından, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğvi barədə saziş imzalanmışdır. Hesab edir ki, torpaq sahəsinin rəsmi alğı-satqısı zamanı əmlakın dəyəri kimi ödənilmiş 5000 manat vəsaitdə İddiaçı heç bir iştirakı olmadığından həmin müqavilənin ləğvi üçün də onun razılığı tələb olunmurdu. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-767/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə və cavabdeh tərəfin bildirdiklərinə etiraz edərək qeyd etmişdir ki, ev və torpaq sahəsi onunla birlikdə alınmışdır. Torpaq sahəsinə görə rəsmi alğı-satqı zamanı ödənilmiş 5000 manat məbləğində pul onun verdiyi vəsait hesabına cavabdehin qardaşının kartı ilə köçürülmüşdür. Həmin torpaq sahəsində bir ədəd yarımtikili də mövcud olmuş, həmin yarımtikilinin qiymətini isə 18000 manata razılaşmışlar. İddiaçı və ailəsi pay torpaq sahəsini və iddiaçı “Niva” markalı avtomobilini 1200 manata sataraq yarımtikili üçün pul ödəmişdir. Lakin iddiaçı ödənişləri birbaşa özü deyil, qohumları olan Davud əmi adlandırdıqları şəxs vasitəsilə etmişdir. İddiaçı bildirdi ki, torpaq sahəsi birgə nikah dövründə əldə edildiyindən onun da həmin torpaq sahəsi üzrə hüququ mövcuddur. Lakin müqavilə ləğv edilərkən ona hər hansı məlumat verilməmiş, iddiaçının bundan xeyli müddət sonra xəbəri olmuşdur. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş X17 məhkəmənin 05 aprel 2023-cü il tarixli iclasında iştirak edərək bildirmişdir ki, o, mübahisəli torpaq sahəsinin yerləşdiyi Masazır ərazisində ev tikintisi və satışı ilə məşğul olur. Mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ X6 adına qeydə alınmış olsa da, faktiki olaraq ona məxsusdur və onun tərəfindən hazırkı iş üzrə Cavabdeh etibarnamə əsasında satılmışdır. Belə ki, cavabdeh ona zəng edərək sahəyə baxmağa gəlmək istədiklərini bildirmiş, cavabdehin özü, qardaşı, əri və Davud əmi adlandırdığı şəxs bu məqsədlə onun yanına gəlmişlər. Bundan sonra, iddiaçını ümumiyyətlə gördüyünü xatırlamır. Onlar torpaq sahəsinin qiymətini 5000 manata razılaşmış, həmin pul cavabdehin qardaşı tərəfindən onun kart hesabına köçürülmüşdür. Torpaq sahəsinə görə iddiaçı tərəfindən ona hər hansı ödəniş edilməmişdir. Alğı-satqı müqaviləsinin bağlanması zamanı çox adam gəlmiş olsa da, o, iddiaçının orada iştirak etməsini xatırlamır. Torpaq sahəsində mövcud olan yarımtikilinin qiymətini isə 18000 manata razılaşmışlar. O, həmin yarımtikilini tamamlayıb təhvil verməli, tikilinin daxili təmirini tərəflər özləri etməli idilər. Lakin yarımtikiliyə görə cəmi 10000 manat ödəniş edilmiş, 8000 manat ödənilməmiş qalmışdır. İddiaçı ona hər hansı ödəniş etməmiş, qeyri-rəsmi razılaşma üzrə nağd ödənişlər də Davud əmi adlandırdıqları şəxs vasitəsilə edilmişdir. Daha sonra iddiaçı ona zəng edərək, cavabdehlə münasibətlərinin pisləşdiyini bildirərək, evin satılmasını təklif etmişdir. Bu səbəblə o, cavabdehlə əlaqə saxlamış, cavabdeh də evin satışına razı olmuş, ödədikləri məbləğin qaytarılmasını istəmişdir. O, tərəflərin evli olduğunu bilsə də, müqavilə cavabdehlə imzalandığından, torpaq sahəsinin ödənişi də cavabdehin qardaşı tərəfindən edildiyindən, iddiaçının iştirakına zərurət olmamışdır. Müqavilənin ləğvi barədə saziş bağlanarkən torpaq sahəsinə görə ona ödənilmiş 5000 manatı cavabdehə qaytarmışdır. Yarımtikili üçün ödənilmiş 10000 manatı isə hazırda nağd pulu olmadığına görə həmin yarımtikili başqa bir şəxsə satıldıqdan sonra qaytarmaq barədə razılaşmışlar. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşdə surəti olan Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(041)- 2333/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında 11 noyabr 2005-ci il tarixdə bağlanmış və Kürdəmir rayonu Topalhəsənli kənd İcra nümayəndəliyində 23 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X14 anası Cavabdeh yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 28 oktyabr 2021-ci il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat olmaqla, cəmi 360 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İşdəki Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X24 tərəfindən təsdiq edilmiş satıcı X8 (etibarnamə üzrə nümayəndəsi X17) ilə alıcı Cavabdeh arasında bağlanmış 16 aprel 2021-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0674 ha olan torpaq sahəsindən 0,0111 ha hissəsini alıcı Cavabdeh mülkiyyətinə verir, alıcı Cavabdeh isə satıcı X1 0,0111 ha torpaq sahəsini ondan 5000 manat qiymətinə alır. İşdəki Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X24 tərəfindən təsdiq edilmiş X8 (etibarnamə üzrə nümayəndəsi X17) ilə Cavabdeh arasında bağlanmış müqavilənin ləğvi barədə 25 oktyabr 2021-ci il tarixli sazişin surətindən görünür ki, Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən 16 aprel 2021-ci il tarixdə X6 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0674 ha torpaq sahəsindən 0,0111 ha torpaq sahəsinə dair bağlanmış 4Ə-685 reyestr nömrəli alğı-satqı müqaviləsi X6 etibarnamə əsasında nümayəndəsi X17 və Cavabdeh razılığı əsasında ləğv edilmişdir. İşdəki "xxxx" ASC-nin müştəri X11 hesabından çıxarışından görünür ki, Famil Fətəliyev tərəfindən öz hesabından “İBA mobile” tətbiqi vasitəsilə xx.xx.2021-ci il tarixində 5000 manat məbləğində pul köçürülmüşdür. İşdəki "xxxx" ASC-nin müştəri X12 hesabından çıxarışından görünür ki, Əli Qəhrəmanovun hesabına “İBA mobile” tətbiqi vasitəsilə xx.xx.2021-ci il tarixində 5000 manat məbləğində pul köçürülmüşdür. İşdəki Kürdəmir rayon Qeydiyyat şöbəsinin 15 dekabr 2022-ci il tarixli, 3/1201 nömrəli arayışından görünür ki, 21 may 2017-ci il təvəllüdlü X5 atası İddiaçı, anası X7r. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alınmış Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0111 ha həyətyanı torpaq sahəsi ilə bağlı xx.xx.2021ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə sazişin etibarsız hesab edilməsini tələb etmiş, tələbini həmin torpaq sahəsinin birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alındığından özünün də cavabdehlə bərabərhüquqlu qaydada sərəncam vermə hüququnun olmasına və torpaq sahəsinin alınması zamanı 15000 manat ödəməsinə istinad edərək əsaslandırmışdır. Cavabdeh isə öz etirazını iddiaçının 5 ildir ki, başqa qadınla yaşaması, onların uşağının olması, iddiaçı ilə birgə təsərrüfat aparmamaları, torpaq sahəsinə dair müqavilənin tərəfi kimi iddiaçının deyil, özünün çıxış etməsi, həmin torpaq sahəsinin pulunun öz qardaşı tərəfindən ödənilməsi ilə əsaslandırmışdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında nikah 11 noyabr 2005-ci il tarixində bağlanmış və Kürdəmir rayonu Topalhəsənli kənd İcra nümayəndəliyində 23 nömrə ilə qeydə alınmışdır. X8 (etibarnamə üzrə nümayəndəsi X17) ilə alıcı Cavabdeh arasında bağlanmış 16 aprel 2021-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə X3 rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0674 ha olan torpaq sahəsindən 0,0111 ha hissəsini alıcı Cavabdeh mülkiyyətinə vermiş, alıcı Cavabdeh isə satıcı X1 0,0111 ha torpaq sahəsini ondan 5000 manat qiymətinə almışdır. Müqavilə üzrə 5000 manat ödəniş cavabdehin qardaşı X19 tərəfindən “İBA Mobile” tətbiqi vasitəsilə xx.xx.2021-ci il tarixində X12 hesabına köçürülmüşdür. X2 (etibarnamə üzrə nümayəndəsi X17) ilə Cavabdeh arasında bağlanmış müqavilənin ləğvi barədə 25 oktyabr 2021-ci il tarixli sazişlə 16 aprel 2021-ci il tarixdə X6 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0674 ha torpaq sahəsindən 0,0111 ha torpaq sahəsinə dair bağlanmış 4Ə-685 reyestr nömrəli alğı-satqı müqaviləsi X6 etibarnamə əsasında nümayəndəsi X17 və Cavabdeh razılığı əsasında ləğv edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(041)-2333/2021 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Beləliklə, iddiaçının hazırkı iş üzrə etibarsız hesab edilməsini tələb etdiyi müqavilə X8 (etibarnamə üzrə nümayəndəsi X17) ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2021-ci il tarixli müqavilənin ləğvi barədə 25 oktyabr 2021-ci il tarixli sazişdir. İddiaçı bildirir ki, 16 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə əldə edilmiş torpaq sahəsi birgə nikah dövründə əldə edilmişdir. Bu səbəbdən də həmin müqavilənin ləğvi barədə saziş bağlanarkən də onun xəbərdar edilməsi zəruri olmuş, lakin bu barədə ona hər hansı məlumat verilməmişdir. Bu səbəbdən də 16 aprel 2021-ci il tarixli müqavilənin ləğvi barədə 25 oktyabr 2021-ci il tarixli saziş etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ərarvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunubolunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq bildirir ki, tərəflərin rəsmi nikah münasibətlərinin davam etməsi hər bir halda onların birgə təsərrüfat aparmaları və ya tərəflərdən birinin əldə etdiyi əmlakın onların nikah dövründə əldə edilmiş birgə mülkiyyətini təşkil etməsi kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə də əldə edilmiş 0,0111 ha torpaq sahəsi tərəflərin nikahının qüvvədə olduğu vaxtda əldə edilsə də, tərəflərin birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə edilməmiş, həmin torpaq sahəsinin qarşılığında 5000 manat məbləğində pul cavabdehin qardaşı tərəfindən ödənilmişdir. Müqavilə üzrə torpaq sahəsinin qiyməti olan 5000 manat məbləğində pulun cavabdehin qardaşı tərəfindən ödənilməsi isə həm iş materialları ilə, həm də məhkəmə iclasında iştirak etmiş tərəflərin və üçüncü şəxsin izahatları ilə öz təsdiqini tapır. Həmçinin, 16 aprel 2021-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi satıcı X8 (etibarnamə üzrə nümayəndəsi X17) ilə alıcı Cavabdeh arasında bağlanmışdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı həmin müqavilənin tərəflərindən biri olmamışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. MM-in 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarının 42-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsinə dair müqavilə istənilən notariat ofisində müqavilə tərəflərinin iştirakı ilə təsdiq edilə bilər. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi 16 aprel 2021-ci il tarixli müqavilənin ləğvi barədə 25 oktyabr 2021-ci il tarixli saziş də həmin müqavilənin tərəfləri olan satıcı X8 (etibarnamə üzrə nümayəndəsi X17) ilə alıcı Cavabdeh arasında müqavilə ilə eyni formada bağlanmışdır. Həmçinin, iddiaçı tərəfindən yarımtikili üçün qeyri-rəsmi şəkildə üçüncü şəxslərə hər hansı pul məbləğlərinin verilməsi onu MM ilə müəyyənləşdirilmiş şərtlərə uyğun bağlanılmış müqavilənin tərəfinə çevirməmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı etibarsız hesab edilməsini tələb etdiyi müqavilə üzrə tərəf olmadığından, torpaq sahəsinin alğı-satqısına görə ödənilmiş 5000 manat məbləğində pul birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə edilmədiyindən və cavabdehin qardaşı tərəfindən ödənildiyindən, iddiaçının müqavilənin ləğvi barədə saziş bağlanarkən xəbərdar edilməsinə zərurət olmamışdır. Eləcə də, müqavilənin ləğvi barədə saziş müqavilənin özü ilə eyni formada və qanunla müəyyən edilmiş qaydada bağlandığından, MM ilə müəyyənləşdirilmiş şərtləri pozmadığından, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə sazişi etibarsız hesab etməklə yanlış nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən yarımtikili üçün verildiyini iddia etdiyi pul məbləğləri müstəqil qaydada iddia ərizəsi əsasında verildiyi şəxsdən tələb edilə bilər. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-767/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi barədə sazişin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-323/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-323/2023
13.04.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver