Məhkəmə qərarları › İş №2(106)-330/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-330/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-330/2024 06.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci ildən rəsmi nikahda olmuş, bu nikahdan uşaqxx.xx.2022-ci il təvəllüdlü Nurcahan doğulmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2022ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, münasibətləri pozulduğundan faktiki ayrılmışlar. Birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 Nərmin Rafiq qızının yanında qalmışdır. Uşağın maddi təminatını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanılmasında yardım göstərmir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü iddiaçının xeyrinə Cavabdeh hər ay 200 (iki yüz) manat sabit məbləğdə alimentin tutulması, alimentin tutulmasının əvvəlinin 07 sentyabr 2023cü il tarixdən hesablanması, qətnamənin dərhal icra olunması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və aliment məbləğinin azaldılıb ayda 100 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə onun maddi vəziyyətini tam araşdırmamaqla səhv nəticəyə gəlmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, qətnamənin dəyişdirilməsini və aliment məbləğinin azaldılmasını xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, tərəflər arasındakı rəsmi nikah pozulmamışdır. Oğlu (cavabdeh) şəkər zavodunda işləyir, 320 manat maaş alır; iddiaçı isə xəstəxanada işləyir və 800 manat maaş alır. Birgə nikahdan ikinci uşaq da doğulmuşdur, cavabdeh həmin uşağın saxlanılması üçün də aliment verməli olacaq. Nümayəndə alimentin miqdarının aylıq qazancın ¼ hissəsində tutulmasını xahiş etmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. O, məhkəməyə teleqram göndərərək cavabdehdən ikinci uşağı yenicə dünyaya gəldiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh 2021-ci ildən rəsmi nikahda olmuş, bu nikahdan uşaq- xx.xx.2022-ci il təvəllüdlü Nurcahan doğulmuşdur. Hazırki tələbində iddiaçı cavabdehdən birgə nikahdan doğulmuş bir uşağın saxlanılması üçün hər 220 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 01 yanvar 2024-cü ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəf etirazında maddi imkanının aşağı olduğunu, ikinci uşaq dünyaya gəldiyi üçün əlavə olaraq aliment ödəməli olacağını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, işin digər hallarını nəzərə almaqla uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutmuşdur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar alimentin miqdarının azaldılması üçün əsas deyil. Belə ki, tərəflərin birgə nikahından doğulmuş ikinci uşağın saxlanılması üçün aliment ödənilməsi barədə iddiaçı tərəfindən yenidən müraciət edilərsə iki uşağa görə alimentin miqdarı müəyyənləşdirilərkən bu hal (iki uşağa görə alimentin müəyyən edilməsi) nəzərə alına bilər. Beləliklə, Kollegiya, hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (ödəmənin bir illik məcmusu) Qanunla müəyyən edilmiş həddən az olduğu halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(036)-2586/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar