Məhkəmə qərarları › İş №2(106)-343/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-343/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-343/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə qəbul edilmiş Şirvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(032)-1572/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər bir uaşağa 235 olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin hər ay alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(032)-1572/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Mustafayev) xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 90 manat, ümumilikdə 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması, Cavabdeh 41.6 (qırx bir manat altmış qəpik) dövlət rüsumun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Daha sonra İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə göndərərək bildirmişdir ki, iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qeyd olunan faktdan sonra mübahisə edilən hüquq münasibəti üzrə hüquq varisliyi yolverilməz olduğundan iş üzrə icraata xitam verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə cavabdeh tərəf öldüyü üçün Şirvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(032)-1572/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. “Elektron məhkəmə” informasiya sistemində olan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Kollegiyanın qənaətinə görə, iddia tələbi bilavasitə cavabdeh şəxsin şəxsiyyəti ilə bağlı olan və hüquq varisliyinə yol verməyən tələblər olduğundan hazırkı icraatın davam etdirilməsi mümkün deyildir. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə görə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı - iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(032)-1572/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə ondan Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar