Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-347/2025 13.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli 2(020)-1037/2024 saylı qərardadından (hakim X.Cabbarlı) Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, 22 sentyabr 2021-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 2(020)-1037/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 22 sentyabr 2021-ci il təvəllüdlü X1 5 iyun 2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 200 (iki yüz) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmiş və qətnamə dərhal icraya yönəldilmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmuru Mərdəli Nəcəfovun 17 sentyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Beyləqan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 2(020)-1037/2024 saylı qətnaməsi əsasında verilən icra vərəqəsi üzrə icraata başlanmış, 19 sentyabr 2024 tarixində icra sənədi üzrə borclu Cavabdeh tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərpoçt» X4 Filialının 29 noyabr 2024-cü il tarixli 123 nömrəli məktubundan görünür ki, Beyləqa Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 2(020)-1037/2024 saylı qətnaməsi poçt vasitəsilə cavabdehə göndərilmiş və qətnamə 14 avqust 2024-cü il tarixdə eyni ünvanda yaşayan X2 xüsusi kitabda imza etdirməklə təqdim edilmişdir. 25 oktyabr 2024-cü il tarixdə Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 2(020)-1037/2024 saylı qətnaməsi cavabdehə göndərilməmiş, qətnamənin mövcudluğundan cavabdeh icra şöbəsindən zəng olunan zaman xəbərdar olmuşdur. Beyləqan Rayon Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli 2(020)-1037/2024 saylı qərardadına əsasən cavabdehin qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil şikayət verərək ləğv olunmasını, buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qətnamə naməlum şəraitdə 4 oktyabr 2024-cü il tarixdə cavabdehə gəlmiş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpası barədə ərizə yazmışdır. Beyləqan Rayon Məhkəməsi özünün 6 dekabr 2024-cü il tarixli 2(020)-1037/2024 saylı qərardadı ilə müddətin ötürülməsini üzrlü hesab etməyərək bərpa etməmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanunsuz olmaqla, əsassızdır. Məhkəmə müddəti bərpa etməməklə məhkəməyə təkrar müraciət etmək və hüquqlarını bərpa etmək üçün Konstitusiya ilə təminat verilən hüuqularına qəsd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Lakin iş materiallarında məhkəmə sənədinin prosessual qanunvericiliyin tələbinə uyğun olaraq çatdırılması barədə heç bir sənədin olmadığı halda, məhkəmə müddəti əsassız olaraq bərpa etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə müddətin buraxılmasını üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin əizəsi ilə buraxılmış müddəti bərpa edir. Məhkəmə qətnamənin cavabdehə çatdırılması barədə barədə məlumat olmadığı halda (məhkəmə sənədinin çatdırılması barədə məhkəməyə qaytarılmalı olan sənədin kötüyü), əsassız olaraq müddəti bərpa etməmiş (qətnaməsinin ləğv edilməsi və dəyişdirilməsi ehtimalından ehtiyatlanaraq), Konstitusiyada təsbit olunmuş məhkəməyə təkrar müraciət etmək hüququnu əlindən almışdır. İş materiallarından göründüyü kimi qətnaməsi cavabdehə və nümayəndəsinə (atasına) rəsmi qaydada verilməmişdir. Məhkəmə İmişli regioanal poçt şöbəsinin məktubuna əsasən müddəti bərpa etməmiş, lakin nəzərə almamışdır ki, həmin məktuba məhkəmə sənədinin çatdırılması barədə heç bir sənəd əlavə edilməmişdir. Məhkəmə gəldiyi nəticəni mötəbər olmayan dəlillə əsaslandırmış, qətnamənin cavabdehin qardaşına verilməsi barədə məktuba istinad etməklə, əsassız nəticəyə gəlmişdir. Poçt xidməti həmin məktubun cavabdehin qardaşına çatdırılması barədə sənədi məhkəməyə təqdim etməmiş, məhkəmə isə məktubun məzmununa inanaraq müddətin bərpasından imtina etmişdir. Biinci instansiya məhkəməsi müddətin bərpasından imtina edərkən, qətnamənin cavabdehin qardaşına verildiyi ilə əsaslandırmışdır. Lakin bu hal məhkəmə tərəfindən sübut edilməmişdir. Beyləqan Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2(020)-1037/2024 saylı qərardadı ilə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil verdiyi şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəblərin olmadığını əsas gətirərək ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Kollegiya hesab edir ki, Cavabdeh apellyasiya qaydasında mübahisələndirmək istədiyi qətnaməni 14 avqust 2024-cü il tarixdə rəsmən alması(iş materiallarında olan xəbərnamə) əsas götürülərək, hər hansı bir üzürlü səbəb olmadan buraxılmış prosessual müddətin bərpa olunması istəyi təmin oluna bilməz. Əvvəla ona görə ki, cavabdeh vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək buraxılmış prosessual müddətin bərpasını xahiş etməklə, müddəti ötürdüyünü təsdiq edir. Əks halda prosessual müddətin buraxılmamış hesab edilməsini xahiş edər, buna dair əsaslandırma gətirərdi. Bundan başqa iş materiallarına əsasən icra mərhələsində tələbin könüllü icrasına dair bildiriş 19 sentyabr 2024-cü il tarixdə rəsmən cavabdehə imza etdirilməklə təqdim olunmuşdur. Yəni cavabdeh qətnamənin mövcudluğundan həmin tarixdə əlavə olaraq xəbərdar edilmişdir. Hətta həmin tarix əsas götürülsə belə, cavabdehə münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət iş günü hesab edilən 21 oktyabr 2024-cü il tarixində bitmiş olmuşdur. Cavabdehin vəkili və eyni zamanda nümayəndəsi tərəfindən isə apellyasiya şikayəti 25 oktyabr 2024-cü il tarixdə saat 22:40da elektron sistemə yüklənməklə verilmişdir. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün hər hansı bir üzürlü səbəbin baş verməsinə dair sübutların təqdim edilməməsini nəzərə alan birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirmədən saxlayığ şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli 2(020)-1037/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-347/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-347/2025
13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver