Məhkəmə qərarları › İş №2(106)-357/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-357/2023

23.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-357/2023 23.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1780/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2020-ci il, 2(041)-988/2020 nömrəli Kürdəmir rayon qətnaməsi üzrə tutulan alimentin məbləğinin dəyişdirilərək 193 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il 2(041)-988/2020 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmə qətnaməsi ilə aliment 120 manat məbləğində tutulur. Hal-hazırda ata fərdi təsərrüfatla məşğul olduğu üçün alimentin artırılması daha məqsədəuyğun olduğu üçün məhkəməyə müraciət edir. Azyaşlı övladının məktəbə getməsini nəzərə alaraq həmçinin onun hal-hazırda işləməməsini və heç bir yerdən maddi yardım almadığı üçün alimentin artırılmasına ehtiyac yaranmışdır. Hal-hazırda hər uşağa görə ödənilməli olan alimentin məbləği 193 manatdır. Ona görə də xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2020-ci il, 2(041)-988/2020 nömrəli Kürdəmir rayon qətnaməsi üzrə tutulan alimentin məbləğinin dəyişdirilərək 193 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilmiş, o, məhkəməyə ərizə göndərib heç bir yerdə işləmədiyini, AR ƏƏSMN-nin X2 Sistemindən aldığı Məşğulluq haqqında arayışı ərizəsinə əlavə edib ərizənin nəzərə alınmasını xahiş etmiş, lakin iddia tələbini qəbul edib-etmədiyi və işə onun iştirakı olmadan baxılıb-baxılmamasına heç bir münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(041)1780/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim:M.Bayramov), iddia tələbinin qismən təmin edilməsi, Kürdəmir rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(041)-988/2020 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilməsi, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 41 (qırx bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 112 -ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 2(041)1780/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1780/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Kürdəmir Rayon Məhkəməsinin 2(041)1780/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsini Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)1780/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ 697850 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 23 mart 2016-cı il tarixdə Fatimə adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-988/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, həmin qətnaməyə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 anası X4 yanında saxlanılmış və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq X6 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ 333402 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 ilə olan nikah ləğv edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.

1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.

2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutaraq iddianı qismən təmin etmişdir. Odur ki, “xx.xx.2016cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi ilə alimentin məbləği İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilməsi müəyyən edilmiş, daha sonra cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 600 ((170-120)x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)1780/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar