Məhkəmə qərarları › İş №2(106)-358/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-358/2023

07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-358/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh oğluna qarşı alimentin tutulması tələbinə dair Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1932/2022 saylı 31 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(041)-1932/2022 saylı qərardadına (hakim M.Bayramov) əsasən İddiaçı Cavabdeh oğluna qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Kürdəmir Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(041)-1932/2022 saylı qərardadında göstərilmişdir ki, İddiaçı iddia ərizəsinə ilkin mediasiya prosesində iştirakla bağlı sənəd (arayış) əlavə edilməmişdir. İddiaçı qəradaddan şikayət vermişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1932/2022 saylı 08 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1932/2022 saylı 31 oktyabr 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alımışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-inb 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edərək yekun hüquqi nəticəyə gələrkən prosessual hüquq normasının tələblərinə düzgün əməl etmişdir. MPM-in 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə ilə razılaşır. Belə ki, MPM-in 149.2.4-1.-ci maddəsinə əsasən iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Ancaq iş materiallarından aşkar olunur ki, məhkəməyə daxil olmuş iddia ərizəsində tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələbinə riayət edilməsinə dair məlumat göstərilməmişdir. MPM-in 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 150.0.8-ci maddəsinin tələbinə görə iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Habelə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 25.1-ci maddəsinə görə tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. Adıçəkilən Qanunun 26.1-ci maddəsinə görə isə ailə münasibətlərindən irəli gələn nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr barədə mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 152.1.6-1-ci maddəsinə əsasən hakim “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, iddiaçının şikayəti əsassız olmaqla Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1932/2022 saylı 31 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1932/2022 saylı 31 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar