Məhkəmə qərarları › İş №2(106)-367/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-367/2024

21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-367/2024 21.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(057)- 887/2023 saylı qətnaməsindən (hakim Ə.Məmmədli) cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən əlavə xərc olaraq hər ay hər birindən 400 manat, cəmi 800 manat əlavə xərclərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər onun valideyinləridir. Atası Cavabdeh1 və anası Cavabdeh2 birgə evliliyindən doğulmuşdur. 2022-ci ildə Türkiyə Respublikasında yerləşən “Gümüşhane” universitetinin “Gümüşhane iktisadi ve idari bilimler” fakultəsinə daxil olmuşdur. Valideynləri uzun illər əvvəl ayrılmışlar. O, anasının himayəsində yaşamışdır və yetkinlik yaşına çatana kimi anası atasından məhkəmə qaydasında aliment tələb etmişdir. Məhkəmənin müvafiq qətnamələri ilə alıment kəsilmişdir. Atası həmişə alimenti vaxtı-vaxtında ödəmiş, ona qayğı ilə yanaşmışdır. Anası atasından ayrı yaşadığı vaxtlarda hətta bir neçə gün atasının yaşadığı Salyan rayonu, Qarabağlı kəndində onunla qalmışdır. Atasının ona olan diqqət və qayğısını heç vaxt unuda bilməz. Xaricı ölkədə təhsil aldığı üçün və orada yaşamaq və oxumaq xərc tələb etdiyindən məcburiyyət qarşısında qalıb hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehlərdən anası Cavabdeh2 onun təhsil xərcini tam ödəmişdir. O, universitetin yaxınlığında olan tələbə yataqxanasında qalır. Hər ay onun yemək, nəqliyyat və digər xərcləri 250 manat təşkil edir. 4 ilə 12000 manat yataqxananın ödənişi edir, 4 il təhsil almalıdır. Bakıdan İstanbula təyyarə ilə 300 manat, İstanbuldan isə Gümüşhanə şəhərinə 200 manat xərc edir. Bir il ərzində 2 dəfədən olmaqla, bu da 4 ilə 8 dəfə edir. Türkiyədən Bakıya gediş və gəliş ümumilikdə 1000 manat təşkil edir. 4 il ərzində Türkiyəyə gedib-gəlmək üçün 8000 manat tələb olunur. Odur ki, cavabdehlər Cavabdeh1 400 manat və Cavabdeh2 400 manat əlavə xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verib, iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, qızı yaxşı təhsil almaq istəyir, qızının xaricdə təhsil almasına əvvəl etiraz etsə də, qızının israrından sonra qəbul etmişdir. Hazırda onun səhhətində (gözündə) problem var, həkim nəzarətindədir. Sevdanın qaldığı yerin kirayə haqqı, qidalanması, gedib-gəlməsi üçün ona maddi kömək etməyin zəruri olduğunu başa düşür, ona görə hər ay qızına 200 manat pul ödəməyə söz verir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, qızı Sevdanın 18 yaşı tamam olanadək aliment ödəmişdir. Artıq heç bir yerdə işləmir və 23 may 2023-cü il tarixdən işaxtaran kimi qeydiyyatdadır. İkinci evliliyindən bir uşağı var, həyat yoldaşının səhhəti də yaxşı deyil. Onların maddi ehtiyacını ödəyə bilmir. İddiaçı oxumaq istəyirdisə, Azərbaycanda olan ali məktəblərdən birində təhsil ala bilərdi. Salyan Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(057)-887/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 19 aprel 2023-cü il tarixdən başlayaraq xx xxxxxx 2004-cü il təvəllüdlü İddiaçı ali təhsil müəssisəsini bitirənədək təhsil aldığı müddətdə Cavabdeh1 hər ay 100 (yüz) manat, Cavabdeh2 hər ay 200 (iki yüz) manat əlavə xərcin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv olunması, iddianın həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, Salyan Rayon Məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahlarından xx xxxxxx 2004-cü il tarixdə İddiaçı doğulmuşdur. Cavabdehlərin aralarında olan ailə münasibətləri uzun müddətdir ki, pozulmuşdur. Aralarında olan nikah pozularkən uşağın saxlanması üçün də aliment müəyyən edilmişdir və hər ay müəyyən edilmiş aliment məbləği ödənilmişdir. Uşağın, yəni İddiaçı 18 yaşı tamam olduğundan aliment öhdəliyinə xitam verilmişdir. Cavabdeh1 Cavabdeh2 ilə boşandıqdan sonra 30 iyul 2010-cu il tarixdə Həsənova Hicran Seyidağa qızı ilə rəsmi nikah münasibətinə girib evlənmişdir. Onların birgə nikahlarından 04 mart 2012-ci il tarixdə Fatimə adlı bir qızları doğulmuşdur. Halhazırda o, ailə üzvlərilə birlikdə Salyan rayonunun Yolüstü kəndində yaşayır. Özü və həyat yoldaşı heç bir yerdə işləmir. 04 mart 2012-ci il təvəllüdlü qızı Fatimə epilepsiya, tez-tez baş verən qıcolma tutmaları, sinir psixi inkişafın geriliyi diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaqdır. Uşaqın xəstəliyi ilə əlaqədar dövlət tərəfindən 220 manat müavinət və 80 manat uşaqa baxan anasına verilir və həmin pul da uşağın dərmanlarına və müalicəsinə çatmır. Başqa heç bir yerdən də gəliri yoxdur. Qızı İddiaçı təhsili ilə bağlı çəkdiyi xərcləri cavabdehdən tələb edir. O, heç bir əmək haqqı və pensiya almır, maddi imkanı yoxdur. Ailə vəziyyəti çox pisdir. İddiaçının təhsil xərclərini qarşılamaq iqtidarında deyildir. Bu günkü gündə cavabdeh olaraq özünün və ailə üzvlərinin maddi dəstəyə ehtiyacları var. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar valideynlərdən hər biri əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Lakin sadalanan halların heç biri iddiaçıya aid deyildir. Yetkinlik yaşına çatmış iddiaçının ağır xəstəliyi, şikəstliyi, habelə əmək qabiliyyətini itirməsi halları və maddi yardıma ehtiyacı yoxdur. Hesab edir ki, Salyan Rayon Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarının tələblərini pozulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunmasını əsassız hesab etmişdir. Lakin Salyan Rayon Məhkəməsi iddiaçının təhsil alması ilə əlaqədar cavabdehi əlavə xərclərə cəlb etmişdir. Ona görə də İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı, digər Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, qətnamənin ondan tutulan əlavə xərclər hissədə ləğv olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cişdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan X2 surətindən görünür ki, İddiaçı xx xxxxxx 2004-cü il tarixdə Donetsk Vilayəti, Qorlovka şəhərində doğulmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh2dır. İş materiallarında olan sənədlərdən görünür ki, Türkiyə Respublikasının Gümüşhane Üniversitesi tərəfindən İddiaçı Öğrənci Belgesi verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 81.1 - Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; Maddə 81.2 - Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; Maddə 81.3 - Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Plenum qərarına əsasən valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq qətnamə cavabdehlərdən Cavabdeh1 aidd hissədə ləğv olunmalı və iddia həmin hissədə rədd edilməlidir. Belə ki, uşağa görə valideyinin əlavə xərclərin ödənilməsinə cəlb olunmasının əsaslarını qanunverici dəqiq müəyyən etmişdir, bura ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi və digər hallar aiddir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh olunan qərarında isə maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallar dedikdə, qanunvericinin hansı halları nəzərdə tutduğu şərh edilmişdir. Hər bir halda Konstitusiya Məhkəməsi Plenumu bələ nəticəyə gəlmişdir ki, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki halda qətnamə üzrə mübahisələndirilən hissədə iddianın qiyməti Cavabdeh1 aid hissədə (təmin olunan 100manat X 12ay=1200manat) 1200 manat təşkil edir ki, prosessual qanunvericilikdə həmin qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlərdən Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(057)-887/2023 saylı qətnaməsi Cavabdeh1 hər ay 100 (yüz) manat əlavə xərcin alınması hissədə ləğv olunsun və iddia tələbi həmin hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar