Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-378/2025 06.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- alimentin artırılması, alimentin indeksasiyası) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-902/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 21 noyabr 2015-ci il təvəllüdlü X2 üçün onun yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi və alimentin artırılması tələbinə dair məhkəməyə etdiyi müraciətlə əlaqədar mediasiya təşklilatına ödədiyi rüsumun iddiaçı tərəfindən geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 27 avqust 2013-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 21 noyabr 2015-ci il təvəllüdlü X6 adlı övladları vardır. Cavabdeh ilə ailə həyatı qurduqları ilk gündən psixi və fiziki şiddətə məruz qalmağa başlamış, bu səbəbdən ailədə tez-tez narazılıqları olmuşdur. Bütün bunlara bir müddət övladına görə dözsə də, cavabdehin azyaşlı uşağın yanında etdiyi qeyri-etik davranışlar və hərəkətlər gələcəkdə övladının tərbiyəsinə mənfi təsir göstərəcəyindən və müxtəlif psixi travmalarla böyüyəcəyindən ehtiyat edib boşanmaq qərarına gəlmişdir. Lerik Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(048)- 867/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş və məhkəmənin müvafiq qərarı ilə qızı Dəniz Ağazadə onun himayəsində saxlanılmışdır. Uşağın saxlanılmasına görə cavabdehə 180 manat məbləğində aliment təyin edilmişdir. Boşandıqdan sonra da cavabdeh onu mütəmadi olaraq övladını ondan alacağı ilə bağlı təhdid edir. Bu azmış kimi məhkəməyə müraciət edərək ona qarşı əmlak, uşağın alınması, uşaqla ünsiyyət kimi əsassız iddialar qaldırır. Qaldırmış olduğu iddialarla əlaqədar məhkəmə icraatı zamanı qəyyumluq orqanı əməkdaşları və icraçılar tərəfindən uşağın fikirlərinin öyrənilməsi zərurətləri yaranır. Teztez qeyd etdiyi orqanların əməkdaşları uşağı dövlət orqanlarına ya dəvət edir, ya da özləri gəlib yerində dindirməli olurlar. Hazırda məktəblilərin tətil dövrü olduğundan uşağın istirahət hüququ demək olar ki, məhdudlaşmışdır. Uşağın dindirilməsi, ailə-məişət məsələləri, eləcə də valideynlərə qarşı münasibəti ilə bağlı verilən suallar ona çox pis təsir etməyə başlamışdır. Bütün bunlar onda qorxu, stress, gərginlik və travmalar yaradır, ətrafa qarşı aqressiv münasibət formalaşdırır. Heç vaxt ata kimi sevgisini göstərməyən Cavabdeh bütün bu davranışları övladını da ondan soyutmuşdur. Düşünür ki, övladının qayğıları ilə məşğul olmaq, onunla ünsiyyətdə olmaq istəyən ata üçün əmlak və maddiyyat önəmli olmazdı. O, övladını özündən uzaqlaşdırmaq əvəzinə ilk öncə ona çox sevgi göstərərdi. Hal-hazırda X5 9 yaşı var. Lerik Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Övladı məktəb-litseydə təhsil alır, əlavə ödənişli dərs məşğələlərinə gedir. Ona görə də xərcləri artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o ödəyir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdehin onlara yaşatmış olduğu travmaların aradan qaldırılması, xüsusən övladının səhhətində yaranan problemlərin aradan qaldırılmasına xeyli zaman və maddi vəsait lazımdır. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, birgə nikahdan əvvəl onun Sumqayıt şəhəri, Yaşıldərə ərazisində iki evi var idi. Birgə nikah zamanı qaynatası Sucəddinin təkidi ilə həmin evləri satmış və xx.xx.2021-ci il tarixdə Saray qəsəbəsində 2 sot torpaq alıb orada 1 mərtəbəli 4 otaqlı 140 kv.m. ev tikdirmişdir. Bildirir ki, evin tikilməsinə və təmirinə bütün xərcləri özü çəkmişdir. Ev tikiləndən sonra o cavabdeh və uşağı həmin evdə qalmışdır. Daha sonra münasibətləri pozulmuş, münasibətlərinin pozulmasına səbəb iddiaçının xəyanət etməsi və münasibətlərinin kəskinləşməsi olmuşdur. Belə ki, iddiaçı axşam saat 10-dan sonra işdən gəlib həkimə gedirəm deyib gedirdi və gecə saat 2-də gəlirdi. Daha sonra o, iddiaçının telefonunda digər şəxslə SMSlərini tutmuşdur. O, bu məsələni iddiaçının atasına bildirmiş, bundan sonra münasibətləri kəskinləşmiş, iddiaçının atası və iddiaçı ona şər atmağa başlamışlar. Lerik Rayon Məhkəməsinin 2(048)-867/2023 saylı 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşağı anası X3 himayəsində qalmış, hər ay hər uşağa 180 manat alimentin tutulub verilməsi qət edilmişdir. Bundan əlavə də bildirir ki, o vaxtı-vaxtında alimenti ödəyir. Əfsanə və atası uşaqdan sui-istifadə edirlər. O, uşağını sonuncu dəfə 2023-cü ilin sentyabr ayının 4-də görmüşdür. İddiaçı və atası xx.xx.2023-cü il tarixdən uşağı ondan gizlədirlər, dəfələrlə telefonla uşaqla danışmaq istəsə də, iddiaçı tərəf telefonunu götürmürlər, uşağı görməyə getdikdə isə iddiaçı və atası onu uşaqla görüşməyə imkan vermirlər. xx.xx.2023-cü il tarixdə uşağın ad günündə uşağı görməyə getsə də, iddiaçı və atası uşağı onunla görüşməsinə imkan verməmişlər. Uşağı ilə telefonla danışmağa belə şərait yaratmırlar. İddiaçı və atası uşağın ona qarşı münasibətinin soyuması üçün psixoloji təzyiqlər edirlər. İndi də deyirlər evdən imtina elə uşaqla görüşməyə icazə verək. Uşaqdan sui-istifadə edirlər. İddiaçı tərəf onun uşaqla görüşməyinin qarşısını almaq və onu uşaqdan uzaqlaşdırmaq üçün ondan Sumqayıt şəhər 1 saylı Polis şöbəsinə şikayət etmişdir. Bundan əlavə. Əfsanə Ağayeva digər uşağını xəstəlik adı ilə 2018-ci ildə 6 aylıq hamilə ola-ola Sumqayıt şəhərində klinikaların birində abort etdirmişdir. İddiaçının və atasının uşaqdan sui-istifadə etmələri qız uşağının normal böyüməsinə, mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl gətirir. İddiaçının guya onun uşağı deyil, madiyyata önəm verməsinə dair qeydidə əsassızdır. Belə ki, əgər maddiyyat onun üçün önəmli olsa idi o, 1 ildən artıqdır ki, görə bilmədiyi uşağına aliment ödəməzdi. Maddiyyat iddiaçı və ailəsi üçün önəmlidir ki, Saray qəsəbəsində olan ev üçün bir uşağı ata ilə ünsiyyətinə imkan vermirlər, evdə imtina edəcəyi təqdirdə uşaqla görüşə imkan verəcəklərini bildirirlər. Əlavə olaraq bildirir ki, onun faktiki iş yeri yoxdur, fəhlə kimi iş olanda isləyir, olmayanda belə atasının pensiyası ilə düzəldib alimenti ödəyirəm ki, uşaq əziyyət çəkməsin. Əvvəl o, yaxşı yerdə işləyirdi, lakin iddiaçı və atası gizlincə keçmiş iş yerinin rəhbəri ilə görüşüb onun barəsində yalan məlumatlar vermələri nəticəsində həmin iş yerindən çıxarılmışdır. Ev, əmlak üstündə hər cür şər böhtana əl atan, ata ilə övladının ünsiyyətinə mane olan, psixoloii problemləri olan, uşağının yanında uşağının atasına, atanın valideynlərinə qarşı nalayiq ifadələr işlədən ananın haqsızlıqlarına, uşaqdan suiistifadə etməsinə baxmayaraq, normal işi olmadığı halda, arada fəhlə kimi işləyib, atasının pensiyası ilə uşağına aliment ödəyən atadır. Həmçinin bildirir ki, rayonda işsiz olan atalar 150 manat ödəyirlər. O, isə məhkəmə tərəfindən təyin edilən 180 manat alimentə dair apellyasiya şikayəti verməmiş və bacardığı qədər alimenti vaxtında ödəyir. Birinci instansiya məhkəməsində icraat; Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-902/2024 saylı qətnaməsi ilə (hakim Y.Zeynalov) iddia qismən təmin edilmiş, Lerik Rayon Məhkəməsinin 2(048)- 867/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında Cavabdeh aylıq 180 (yüz səksən) manat sabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq aylıq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 220 (iki yüz iyirmi manat) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməsi, Cavabdeh 46,4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, ödənilmiş mediasiya xərcinin 40 (qırx) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X6 iddiaçının (anasının) himayəsindədir. Lerik Rayon Məhkəməsinin 2(048)-867/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, cavabdehin qazancı və ya başqa stabil gəlirinin olması barədə məhkəməyə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də belə bir hal müəyyən edilməmişdir. Lakin, məhkəmə alimentin miqdarını müəyyən edərkən alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq tərəflərin uşağı xx.xx.2015- ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması məqsədəuyğun hesab edir. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 46,4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu və eyni zamanda, ödənilmiş mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ona görə də, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)- 867/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında Cavabdeh aylıq 180 (yüz səksən) manat sabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq aylıq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməli, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 220 (iki yüz iyirmi manat) manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməli, Cavabdeh 46,4 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, ödənilmiş mediasiya xərcinin 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 19-cu maddəsi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4, 78.1, 112.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanunu, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli Qərarının 8.14-cü bəndi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci bəndi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3, 108.2, 119.1, 233.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, o, vaxtlı-vaxtında alimenti ödəyir. Əfsanə və atası uşaqdan sui-istifadə edirlər. O uşağını sonuncu dəfə 2023-cü ilin sentyabr ayının 4-ündə görmüşdür. İddiaçı və atası xx.xx.2023-cü il tarixdən uşağını ondan gizlədirlər, dəfələrlə telefonla uşaqla danışmaq istəsə də iddiaçı tərəf telefonunu götürmür, uşağı görməyə getdikdə isə iddiaçı və atası ona uşaqla görüşməyə imkan verməmişdirlər. xx.xx.2023-cü il tarixdə uşağın ad günündə uşağı görməyə getsə də iddiaçı və atası uşağın ad günündə belə uşağı onunla görüşməyə qoymamışdırlar. Uşağı ilə telefonla danışmaq üçün belə şərait yaratmırlar. İddiaçı və atası uşağı ona qarşı münasibətinin soyuması üçün ona psixoloji təzyiqlər etmişdirlər. İndi də evdən imtina etməyi əvəzində uşağı onunla görüşməyə qoyacaqlarını bildirmişdirlər. Uşaqdan suiistifadə edirlər. İddiaçı tərəf uşağın mənafeyini və psixoloji durumunu deyil, ancaq öz mənafeyini düşünür. İddiaçının özünün psixoloji durumu yaxşı deyil. İddiaçı tərəf onun uşaqla görüşməyinin qarşısına almaq üçün, onu uşaqdan uzaqlaşdırmaq üçün uşaqla görüşmək istədiyini bildirəndə ondan əsassız olaraq Sumqayıt şəhər 1 saylı Polis Şöbəsinə şikayət etmişdir. Bundan əlavə, Əfsanə Ağayeva digər uşaqlarını xəstəlik adı ilə 2018-ci ildə 6 aylıq hamilə ola-ola Sumqayıt şəhərində klinikaların birində abort edilmişdir. İddiaçının və atasının uşaqdan sui-istifadə etmələri qız uşağının normal böyüməsinə, mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl gətirir. Həmçinin ən böyük problemlərdən biri də iddiaçının psixoloji problemləri olması, əsassız olaraq qışqırması uşağın psixologiyasını pozur, iddiaçının və hətta anasının belə qadına, hətta insana yaraşmayan şəkildə uşağın yanında təhqir, nəlayiq sözlər işlədirlər, onlar uşağı ona qarşı öyrədirlər, uşağa ona qarşı əsassız, nəlayiq fikirlər yeridirlər. İddiaçının iddia ərizəsində guya onun uşağı deyil maddiyyata önəm verməyə dair qeyddidə əsassız və şərdir. Belə ki, əgər maddiyyət onun üçün önəmli olsa idi mən 1 ildən artıqdır görə bilmədiyi uşağına aliment ödəməzdi. Maddiyyət iddiaçı və ailəsi üçün önəmlidir ki, Saray qəsəbəsində olan ev üçün bir uşağı ata ilə ünsiyyətinə imkan vermirlər, evdən imtina edəcəyi təqdirdə uşaqla görüşə imkan verəcəklərini bildirirlər. Onun faktiki iş yeri yoxdu, atası İ qrup əlildi, yataq xəstəsidir, fəhlə kimi iş olanda işləyir, olmayanda belə atasının pensiyası ilə düzəldib alimenti ödəyir ki, uşaq əziyyət çəkməsin. Əvvəl o yaxşı yerdə işləyirmiş, iddiaçı və atası gizlincə keçmiş iş yerinin rəhbəri ilə görüşüb ona barəsində yalan məlumatlar vermələri nəticəsində həmin iş yerindən çıxarılmışdır. Ona görə də Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-902/2024 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunu; “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarı; “Uşaq hüquqları haqqında” Qanun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-902/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-902/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə aliment məbləğinin bir uşağa görə 220 manat müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-902/2024 saylı qətnaməsi dəyişdirilməli, 21 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Alimentin tutulmasının əvvəli iddiaçının iddia ərizəsi ilə məhkəmə müraciət edildiyi vaxtdan yən xx.xx.2024-cü idən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibinin iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X6 iddiaçının (anasının) himayəsindədir. Lerik Rayon Məhkəməsinin 2(048)-867/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq bildirir ki, həqiqətən də, hazırkı işin müəyyən edilmiş halları birgə nikahdan doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını zəruri edir. Bununla yanaşı, məhkəmə tərkibi təyin edilmiş alimentin məbləğinin müəyyən edilməsi zamanı işin hallarının, tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq olan digər halların tam nəzərə alınmadığını bildirir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə alimenti miqdarı ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbləri, tərəflərin maddi və ailə vəziyyəti baxımından düzgün qənaətə gəlməmişdir. Məhkəmə tərkibi hesab edir ki, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olaraq qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli yuxarıda göstərilən Qərarında qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Bundan başqa “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarına əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Buna görə də 21 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli (345 x 0,61= 210,45 manat) həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə tərkibi işin yuxarıda qeyd edilən hallarını, uşaqların ananın himayəsində qalmasını və onun üzərinə uşağın saxlanması ilə bağlı daha çox yük düşdüyünü nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, aliment məbləğinə aid hissədə dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Eyni zamanda alimentin tutulmasının əvvəli iddiaçının iddia ərizəsi ilə məhkəmə müraciət edildiyi vaxtdan yən xx.xx.2024-cü idən hesablanmalıdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-902/2024 saylı qətnaməsi dəyişdirilməli, 21 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(048)-902/2024 saylı qətnaməsi dəyişdirilsin. 21 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli iddiaçının iddia ərizəsi ilə məhkəmə müraciət edildiyi vaxtdan, xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-378/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-378/2025
06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver