Məhkəmə qərarları › İş №2(106)-379/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-379/2023

03.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-379/2023 03.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı “cehiz əmlaklarının yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “cehiz əmlaklarının yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(007)- 3452/2022 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh X2 qarşı cehiz əşyaların mənzildən çıxarılması tələbinə dair 2(007)3452-2022 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh X1 rayonu, Qızılburun Ərazi Dairəsi, Qızılburun kəndində qeydiyyatdadır. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mülki işə cavabdehin qeydə alındığı yer üzrə Hacıqabul rayon Məhkəməsində baxılmalıdır. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-219/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh X2 qarşı “cehiz əmlakların yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərarı alınmışdır. Məhkəmə kollegiyası mülki iş materiallarını tədqiq edərək müəyyən etdi ki, iddiaçı onun mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən keçmiş gəlini - cavabdeh X3 məxsus olan cehiz əşyalarının çıxarılmasını tələb etmişdir. Başqa sözlə desək, cavabdehə aid cehiz əşyaları iddiaçıya məxsus yaşayış sahəsində yerləşdiyindən, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi kimi həmin əmlakdan istədiyi şəkildə istifadə edə bilmək üçün cavabdehə aid əşyaların yaşayış sahəsindən çıxarılmasını tələb etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq ərazi aidiyyətinə görə məhkəmələr arasında yaranan fikir ayrılığına hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi aidiyyəti üzrə mülki işin Hacıqabul Rayon Məhkəməsinı göndərilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən yol verilmiş prosessual hüquq normasının pozulması ilə bağlı gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 2 iyun 2021-ci il tarixli qərarına əsasən qeyd olunur ki, Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; -sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Göründüyü kimi, hazırki iddia İddiaçı cavabdeh X2 qarşı cehiz əşyalarının mənzildən çıxarılması məhz yuxarıda şərh olunan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) növünə aiddir. Belə olan halda iddia, məhz mübahisəli əmlakın olduğu yerə (Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi ev 15, mənzil 24), yəni Nizami rayonunun ərazisində yerləşdiyindən iddia ərizəsi Nizami Rayon Məhkəməsinə verilməlidir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Beləliklə kollegiya hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı “cehiz əmlaklarının yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 39.1, 45.1, 45.4, 45.5, 263, 264, 400 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı “cehiz əmlaklarının yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar