Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-409/2025 18.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Mahir Abdulla oğlu Əsədlidən ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, tərəflərin iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı xəstə heyvan satdığına görə pul tələbinə dair iddia əizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli inəyin alqı-satqısına dair müqavilənin ləğv edilməsi, bir baş inəyin alınması üçün ödədiyi 1400 manat, müalicəsi üçün xərclədiyi 200 manat, yol xərci olaraq çəkdiyi 100 manatın və ödənilmiş dövlət rüsumuna görə 37 manatın, cəmi 1737 manat pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir. İddia tələbini aşağıdakı kimi əsaslandırılmışdır: 03 may 2024-cü il Sabirabad rayonunun Şəhriyar kəndində yerləşən mal-qara bazarına gedərək sonradan adını bildiyi Sabirabad rayonu Şəhriyar kənd sakini Cavabdeh 1390 manata bir baş inək almışdır. İnəyi həyətinə gətirdikdən sonra inəyin yaxşı yemədini görmüş, xəstə olduğunu hiss etmiş cavabdehə zəng edərək heyvanın yemədiyini və nasaz olduğunu bildirmişdir. Cavabdeh isə heyvanın həmin həyətə yadlıq etdiyini bildirərək ona yem verməyi tapşırmış və 1-2 günə düzələcəyini bildirmişdir. Sonradan heyvanın qızdırmasını ölçərək inəyin 40-41 dərəcə qızdırması olduğunu bilmişdir. Dərhal inəyi aldığı şəxsə oğlunun mobil telefonu ilə zəng edərək heyvanın xəstə olması və qızdırmasının olduğu barədə məlumat vermişdir. Cavabdeh inəyin 1-2 gün ərzində sağalmayacağı halda gəlib geri götürəcəyini bildirsə də sonradan sözündən yayınmışdır. Aldığı vaxtdan 2 gün ərzində heyvanın daha da pisləşdiyini görən iddiaçı əvvəldən tanıdığı baytar həkim Şahid zəng edərək bu barədə məlumat vermiş və onu inəyi müayinə etməsi üçün dəvət etmişdir. İnəyi müayinə edən baytar həkim bildirmişdir ki, inək yüksək qızdırma xəstəliyi keçirib, artıq iltihablaşıb, təcili müalicə olunmalıdır. Məcbur qalaraq 15-20 gün ərzində inəyi müalicə etdirmişdir. İnəyin sağalması üçün çəkdiyi 100 manat yol xərcinə və 200 manat dava-dərmanına çəkdiyi xərcə baxmayaraq inək ölmüşdür. Ölmüş inəyə baytar həkim Şahid diaqnoz qoyaraq müəyyən etmişdir ki, inək qaraciyər sirrozu, ağciyərin tam iltihabı, ürəkdə çatışmamazlıq, öskürək, ağız boşluğunun selikli qişa iltihabı xəstəliyindən ölmüşdür. O, cavabdehə bu barədə bildirdikdə, cavabdeh müxtəlif bəhanələr gətirərək inəyin xəstə olmasında günahının olmamasını izah etmişdir. Bu səbəbdən o, cavabdehdən pulunun geri alınması üçün Sabirabad Rayon Polis Şöbəsinə müraciət etmiş, RPŞ-də cavabdeh inəyin xəstə olmasını bilmədiyini, lakin inəyi ona satdığını etiraf etmişdir. Sonra isə ona RPŞ-də bildirmişlər ki, onun şikayəti mülki xarakterli olduğundan müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Sabirabad Rayon Məhkəməsinin (hakim F.Pənahov) 11 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, bir baş inəyin alınması üçün ödənilmiş 1390 manat, həmin inəyin müalicəsi üçün xərclənmiş 50 manat və ödənilmiş 37 manat dövlət rüsumu olmaqla - cəmi 1477 manat pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, 03 may 2024-cü il tarixdə Şəhriyar mal-bazarında olarkən orada özünə məxsus bir yanı balalı inək gətirmişdi ki, satsın. Bu vaxt bir qadın bir cavan oğlanla gəldi və ondan 1390 manata bir ədəd inək aldı. Pulundan 50 manat borclu qaldı. Həmin borcu isə bir həftəyə qaytaracaqdı. İnəyi yolun qırağına çıxartdı və inəyi Qazel markalı avtomaşına yerləşdirib apardılar. Bir həftə gözlədi lakin, borclu qaldığı 50 manatı gətirib çıxartmadı. Bir ay keçdikdən sonra ona xəbər gəldi ki, hazırki iş üzrə İddiaçı bildirir ki, guya onun satdığı heyvan xəstə çıxmışdır. O da bildirmişdir ki, malı xəstə idisə gətirib özünə təhvil verərdi. O, bu sözləri Şamamaya telefon vasitəsi ilə bildirmişdir. O, heyvanı balası ilə birlikdə sağlam vəziyyətdə Şamamaya təhvil vermişdir. Həkimin verdiyi rəy əsassızdır. Həkim ümumiyyətlə, heyvanı düzgün müayinə etməmişdir. Heyvan avtomaşına yükləyərkən heyvan özü maşına atlanmışdır. Heyvanı təhvil verəndə heyvanda heç xəstəlik olmamışdır. Həkim heyvanı heç bir aparata salmadan əsassız rəy vermişdir. Heyvanı satarkən yanında əmisi oğlu X1 olmuşdur. Heyvan diribaş heyvan olmuşdur. Xəstə heyvan uzaqdan bilinir ki, xəstədir. Çünki heyvanı iddiaçı ondan alarkən özü şəxsən heyvanı gözdən keçirdib aralarında olan razılıq əsasında almışdır. Heyvan süd verən cins olmuşdur. Əgər heyvan xəstə olsaydı ona bu barədə xəbər verərdi. Onun iştirakı ilə akt tərtib olunardı və bu barədə heyvanın ölməsi müvafiq xüsusi bilik tələb etdiyindən ekspert rəyi əsasında heyvanın ölməsinin və onun ilk dəfə ekspert rəyi əsasında xəstəliyinin tarixi və nədən baş verməsi müəyyən edilərdi. Ona görə də hazırki iddia tələbi əsassızdır. İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında qeyd etmişdir ki, iddiaçıya inəyi bir il əvvəl satmış və iddiaçının ona 50 manat borcu qalmışdır. Növbəti həftə verəcəyini bildirmişdir. Bir həftə sonra bazara getmiş, lakin iddiaçı qalan borcu gətirməmiş, nə də inəyin xəstə olması barədə heç-bir məlumat verməmişdir. 3-4 ay keçəndən sonra ona dedi ki, heyvan xəstədir və ölüb. O, inəyi satanda inək sağlam idi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı öz etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstəmişdir ki, cavabdehlə aralarında 10 manat pul borcu qalmışdı. İnəyi aldığı günün səhəri inək yemədi, oğluna dedi inək yemir, ona bildirdi ki, maşınla uzaq yol gəldiyinə görədir bir-neçə gün keçsin düzələcək. Sonradan zəng edib cavabdehə məlumat vermiş, cavabdeh ona bildirmişdir ki, gəlib razılaşarıq. Oğlu Qarabağda işlədiyindən o da tək olduğu üçün qaytara bilmədi. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı, tələbində xəstə heyvan satdığına görə cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli inəyin alqı-satqısına dair müqavilənin ləğv edilməsi, bir baş inəyin alınması üçün ödədiyi 1400 manat, müalicəsi üçün xərclədiyi 200 manat, yol xərci olaraq çəkdiyi 100 manatın və ödənilmiş dövlət rüsumuna görə 37 manatın cəmi 1737 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı Mülki Məcəllənin 587.2.1, 589.1, 589.7, 425.1, 612.1.3, 612.2, 612.3, 421.1, 421.2, 447.4, 447.7, 21-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi bir baş inəyin alınması üçün ödənilmiş 1390 manat və müalicəsi üçün xərclənmiş 50 manat hissədə təmin etmiş, qalan hissədə iddianı təmin etməmişdir. Cavabdeh qətnaməni iddianın təmin edilməsinə dair hissədə mübahisələndirmişdir. Kollegiya MPM-in 372.6-cı maddəsinə işə apellyasiya şikayəti həddində baxır. Birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 581.2, 582.2, 609.1, 609.2 və 609.2.2-ci maddələrinə əsaslanmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında heyvanın satılması ilə bağlı alqı-satqısı razılaşması olmuş və bu razılaşma əsasında iddiaçı cavabdehə 1390 manat pul vermiş, cavabdeh isə bu pulun əvəzində iddiaçıya inək satmışdır. Mülki Məcəllənin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Həmin Məcəllənin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Mülki Məcəllənin 609.2-ci maddəsinə əsasən, faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: ... 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya qüsurlu, yəni xəstə heyvanı satmışdır. Cavabdehin iddiaçıya xəstə heyvanı satmasını məhkəmə iclasında şahid qismində dindirilmiş baytar həkim Şahid ifadəsində və iş materiallarına əlavə edilmiş rəyində də təsdiq etmişdir. Heyvan xəstə olduğundan baytar həkim ona müalicə etmiş, lakin müalicə öz bəhrəsini verməmiş və heyvan ölmüşdür. Heyvanın ölməsinin səbəblərindən birinin ağ ciyərinin tam iltihab etməsi olmuşdur. Qanunvericiliyin normasına görə faydalı və damazlıq heyvan satıldığı halda ağ ciyərinin tam iltihabına görə 28 günlük qarantiya müddəti şamil edilir. Qeyd olunan qarantiya müddəti ərzində iddiaçı cavabdehə inəyin xəstə olduğu və inəyi qaytarmaq istədiyi barədə cavabdehə məlumat vermişdir, cavabdeh isə bununla bağlı heç bir tədbir görməmişdir. Bundan başqa, inək 28 günlük qarantiya müddəti ərzində ölmüşdür. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehə verdiyi 1390 manat pulu geri tələb etməkdə haqlıdır. Kollegiya hesab edir ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, işin hallarını düzgün müəyyən etməmiş, nəticə etibarı ilə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Sabirabad Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Saatlı rayonu Azadkənd kənd sakini İddiaçı xx.xx.2024-cü il tarixdə saat 08:51-də Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək, xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu Şəhriyar kəndində yerləşən mal-qara bazarından tanımadığı şəxsdən 1400 manata aldığı heyvanın xəstə çıxması ilə bağlı heyvanı geri qaytarmaq istəməsi, lakin qaytara bilməməsi barədə narazılığını bildirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə saat 18:43-də və xx.xx.2024-cü il tarixdə saat 11:00-da Azərbaycan Respublikası DİNnin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək, yuxarıda qeyd olunan şikayətinin nəticəsinin olmadığını və bu səbəbdən də narazılığını bildirmişdir. Əvvəla, qeyd edilməlidir ki, satın alınan inəyin ölümünün səbəbi barədə müvafiq sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi şahid ifadəsinə və baytar həkimin iştirakı ilə tərtib edilmiş akta əsaslanmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, özəl baytar həkimidir. 10 ildən çoxdur ki, bu işlə məşğul olur. Təxminən bu ilin may ayında İddiaçı ona zəng edərək, 2 gündür mal bazarından inək aldığını və inəyin xəstə olduğunu deyərək, inəyə müalicə etmək üçün onu evlərinə çağırmışdır. O da Şamamagilə getmişdir. Şamamagildə səhər vaxtı inəyi müayinə etmiş və inəyin 41 qızdırması olduğunu görmüşdür. İnəyin qızdırmasını aşağı salmaq üçün ona antibiotik, kafein tərkibli iynələr vurmuş və inəyə sistem köçürmüşdür. Səhər yenədə Şamamgilə gəldikdə inəyin qızdırmasının düşdüyünü görmüş, lakin inəyin vəziyyətinin hələ də pis olduğunu müəyyən etmişdir. Təxminən 15-20 gün müalicə etməsinə baxmayaraq inək ölmüşdür. İnək öləndən sonra onu yarmış, baxış keçirən zaman onun qarnından məftil çıxdığını görmüş, eyni zamanda inəyin ürəyinin böyüməsini, qaraciyərinin serroz olmasını, ağciyərinin tam iltihab etməsini, ağız boşluğunun selikli qişa iltihab etməsini müəyyən etmişdir. Fiziki şəxslər Şahid, İlkin Orucovun, İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta görə, aktın tərtib edilməsinə səbəb İddiaçı xx.xx.2024-cü il tarixdə mal- qara bazarından aldığı inəyin xəstə olması, inəyə 15-20 gün müalicə olunması, lakin olunan müalicədən inəyin sağalmaması və nəticədə inəyin ölməsi olmuşdur. İnəyin ölməsinə səbəb inəyin ürəyinin böyüməsi, qaraciyərin sirroz olması, ağciyərinin iltihab etməsi, ağız boşluğunun selikli qişa iltihab etməsi olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya qeyd edir ki, cavabdehin iştirakı olmadan və laboratoriya şəraitindən kənar tərtib edilmiş həmin akt inəyin ölümünün səbəbini müəyyən edən sübut kimi qəbul edilə bilməz. Sözügedən akt ekspert rəyi deyil. Bundan başqa, akta görə inəyin ölməsinin səbəbi konkret məlum deyil. Belə ki, inəyin ölməsinin səbəbi- konkret olaraq qaraciyər sirrozu, ağciyər iltihabı, ürək çatışmazlı, yoxsa ağız boşluğunun selikli qişasının iltihabı olduğu bəlli deyil. Digər tərəfdən şahidin bildirdiyinə görə, inəyin qarnından məftil çıxdığı da müşahidə edilmişdir. Bundan əlavə, Mülki Məcəllənin 609.2.2-ci maddəsinin tələbinə görə, satılan qaramalın qüsurları ilə bağlı- heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti müəyyən edilir. Qanunla müəyyən edlən qarantiya müddətində iddiaçının satıcıya etirazını, (pretenziyasını) bildirməsi, ona inəyin xəstəliyi barədə məlumat verməsi müəyyən edilmir. Tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı inəyi alanda (iddiaçının bildirdiyinə görə- 10 manat, cavabdehin bildirdiyinə görə- 50 manat) borcu qalmış, borcu növbəti həftə gətirib qaytarcağını bildirsə də qaytarmamışdır. Cavabdeh izahatında bildirmişdir ki, qalıq borcunu almaq üçün növbəti həftə bazara gəlmiş, lakin iddiaçı gəlməmişdir. Cavabdeh etirazında bildirmişdir ki, inək xəstə idisə iddiaçı inəyi qaytara bilərdi. Lakin cavabdeh inəyi qaytarmamış, bir aydan çox vaxt keçdikdən sonra inəyin öldüyünü ona bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 609.1-ci maddəsinin tələbinə görə, heyvan, quş və balıq satıcısı yalnız Qanunda göstərilən müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Kollegiya qeyd edir ki, hazırki halda satın aldığı inəyin alanda xəstə olmasını, bu halın Qanunda göstərilən müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) olmasını və bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığını sübuta yetrirmək iddiaçının üzərindədir. İddiaçı bu halları sübuta yetirə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddianı təmin etmək üçün əsas yoxdur. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən mübahisələndirilən hissədə ləğv edilməli, iddia təmin edilməməlidir. Cavabdeh dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(056)-1929/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-409/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-409/2025
18.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver