Məhkəmə qərarları › İş №2(106)-41/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-41/2025

05.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-41/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İmişli Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(036)-212/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İmişli şəhəri S.Fətəliyev küçəsində qanunsuz inşa etdiyi kanalizasiya qurğularını öz hesabına sökməsi və qanunsuz hərəkətlərə son qoymasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli şəhəri S.Fətəliyev küçəsində özünə məxsus olan fərdi yaşayış evində yaşayır. Cavabdeh onunla eyni küçədə qonşusudur və onun özünə məxsus fərdi yaşayış evi var. İddiaçının evinə gedən küçə və yol cavabdehin evinin yanından keçir. Cavabdeh iddiaçının evinə gedən yolun üzərində gediş-gəliş yeri kimi ümumi istifadə yolunda iki ədəd kanalizasiya quyusu qazmış və üstünü örtmüşdür. Həmin quyular küçənin səthindən hündür olmaqla iddiaçının evinə yük avtomaşınlarının gedib-gəlməsinə ciddi maneə yaradır. Belə ki, iddiaçı cavabdehin həmin kanalizasiya quyularını tikməsindən sonra öz evinə və həyətinə yük avtomaşınlarını gətirə bilmir və ona lazım olan müxtəlif əşyaları, kənd təsərrüfatı məhsullarını, yem məhsullarını həyətinə gətirə bilmir. Dəfələrlə tələb etsə də, cavabdeh həmin iki ədəd kanalizasiya qurğusunu söküb yerini dəyişdirmir. İmişli Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(036)-212/2023 saylı qətnaməsi ilə (hakim Qurban Hacıyev) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi düzgün araşdırmamışdır. Belə ki, cavabdeh tərəfindən onun evinə gələn yolun üzərində qanunsuz olaraq kanalizasiya quyusunun tikilməsi nəticəsində iddiaçının qapısına maşın gələ bilmir. Bu da onun hüquqlarını pozur. Məhkəmə iş üzrə heç bir araşdırma aparmadan və ekspertiza təyin etmədən təyin etmədən ədalətsiz qətnamə qəbul etmişdir. Ona görə də, işin halları yenidən araşdırılmalıdır. Məhkəmə cavabdeh tərəfindən inşa edilmiş qanunsuz kanalizasiya quyusunun tikildiyi yerin cavabdehə aidiyyəti olub-olmaması məsələsini də araşdırmamışdır. Əgər həmin məsələ araşdırılsaydı, onda müəyyən olunardı ki, cavabdehin həmin yerdə kanalizasiya quyusu tikməyə icazəsi yoxdur. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, mübahisəli yolun eni 8-9 metr olmalıdır, lakin hazırda yolun eni 5,7 metr qalıb. Onun da bir hissəsini cavabdehə məxsus kanalizasiya quyusu tutub. Yol ensiz olduğundan həyətə yük maşını gələ bilmir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, 40 ildir ki, həmin yerdə kanalizasiya quyusu var. Cavabdeh böyük yük maşınları ilə həmin yoldan istifadə edərək həyətinə yük apara bilir. Birinci instansiya məhkəməsində icraat zamanı hakim gəlib həmin yerə baxış keçirib. Onun kanalizasiyası quyusu iddiaçının yolunu tutmayıb. Kanalzasiya quyusu hasardan bayırda yerləşir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(036)- 212/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İ Ş İ N H A L L A R İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil omuş xx.xx.2024-cü il tarixli 10/4083 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki: - İmişli şəhərinə aid xəritə materiallarında (kompleks yerquruluşu planında) mübahisəli quyuların yerləşdiyi İmişli şəhəri S.Fətullayev küçəsinin eni 8 metr nəzərdə tutulmuşdur; - İmişli şəhəri S.Fətullayev küçəsinin eni X2 X3 əsasən quyular qazılan hissədə 6.7 metr təşkil etsə də, 3.7 kv.m ölcüdə kanalizasiya quyusunun qazıldığı ərazidə hal-hazırda mövcud yolun eni 5 metr təşkil edir; - İmişli şəhəri S.Fətullayev küçəsində cavabdeh tərəfindən qazılmış mübahisəli quyular yolun hərəkət hissəsinə düşür; - İmişli şəhəri S.Fətullayev küçəsində cavabdeh tərəfindən qazılmış yolun hərəkət hissəsinə düşdüyü üçün iddiaçının evinə və ya həyətinə iri həcmli yük avtomaşınların gedib-gəlməsinə mane olur; - İmişli şəhəri S.Fətullayev küçəsində olan mübahisəli quyuların cavabdehin istifadəsində olan həyətyanı sahədə qazılması mümkündür. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Tərkib işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 14 fevral 2023cü il tarixdə mübahisə olunan əraziyə yerli baxış keçirilən zamanı müəyyən edilmişdir ki, mübahisə olunan kanalizasiya quyusu cavabdehin həyət qapısının yaxınlığında, yol kənarında inşa edilmişdir, cavabdehin çirkab sularını axıtması üçün öz həyətində kanalizasiya quyusu inşa etmək üçün münasib yer yoxdur, inşa etdiyi kanalizasiya quyusu avtomobillərin hərəkətinə mane olmur. Tətbiqedilənhüquq: Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə görə tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 239.1-ci maddəsinə görə fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər, həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Habelə MM-in 180-ci maddəsinin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Belə ki, məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmini istiqamətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi əsas kimi çıxış edə bilər. Lakin birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizalarını təyin etmədən yalnız yerli baxış keçirərək iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etməmişdir. Belə ki, kollegiya diqqətə çatdırır ki, İddiaçı tələbində göstərmişdir ki, Cavabdeh onun evinə gedən yolun üstündə gediş-gəliş yeri olan ümumi istifadə yolunda kanalizasiya quyularını qazaraq onun həyətinə gedən avtomaşınların gedib-gəlməsinə ciddi maneə yaradır. Cavabdeh isə öz izahatında kanalizasiya qurğusunun yolun kənarında yerləşməsinə rəğmən heç bir nəqliyyat vasitəsinin keçidinə mane olmadığını və istənilən növ yük avtomobilinin həmin yoldan sərbəst keçə biləcəyini göstərmişdir. Qeyd edilənlərə rəğmən tərkib diqqətə çatdırır ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4083 nömrəli ekspert rəyinə əsasən Cavabdeh tərəfindən qazılmış mübahisəli quyular yolun hərəkət hissəsinə düşməklə iddiaçının evinə və həyətinə iri həcmli yük avtomaşınların gedib-gəlməsinə mane olur. Bununla yanaşı, İmişli şəhəri S.Fətullayev küçəsində olan mübahisəli quyuların Cavabdeh istifadəsində olan həyətyanı sahədə qazılması mümkündür. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin diqqətə çatdırılmalıdır ki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat, ümumilikdə 150 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Habelə məhkəmə tərkibi hesab edir ki, xx.xx.2024-cü il tarixli 10/4083 saylı ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(036)-212/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh İmişli şəhəri S.Fətəliyev küçəsində qanunsuz inşa etdiyi kanalizasiya qurğuları onun öz hesabına sökülsün və qanunsuz hərəkətlərinə son qoyulsun. İddiaçı tərəfindən dövlət rüsumu qismində iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat, ümumilikdə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar