Məhkəmə qərarları › İş №2(106)-422/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-422/2024

29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-422/2024 29.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Açar sözlər: aliment tələbi X19 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X20 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(048)-560/2023 saylı (hakim Atabəy Kiçibəyov) qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı uşağları xx.xx.2008-ci il taridə doğulmuş X14, xx.xx.2010-cu il tarixdə doğulmuş X15 və xx.xx.2011 ci il tarixdə doğulmuş X7 yetkinlik yaşı çatanadək saxlanması üçün hər ay bir uşaqa 220 manat olmaqla cəmi ümumilikdə 660 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il taridə X14, xx.xx.2010-cu il tarixdə X15 və xx.xx.2011-ci il tarixdə X16 adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduğdan sonra bir müddət münasibətləri normal olsa da bir nüddət keçdikdən sonra münasibətləri pozulmuş cavabdeh heç bir səbəb olmadan onunla tez-tez narazlıq etməyə başlamışdır. Xasiyyətləri uyğun gəlmədiyindən ailələri dağılmışdır.Cavabdehlə heç bir əlaqələri olmadığından nikhaları formal xarakter daşıdığından məhkəmə qaydasında pozulmuşdur.Bu səbəbdən də məhkəməyə aliment tələbi ilə bağlı müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Lerik Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(048)-560/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2008-ci il taridə doğulmuş X14, xx.xx.2010cu il tarixdə doğulmuş X15 və xx.xx.2011-ci il tarixdə doğulmuş X16 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaqa görə 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, əlavə olaraq Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin tutularaq İddiaçı verilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsini, xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2010cu il təvəllüdlü X8 münasibətdə alimentin tutulmasının başlanğıcının 20 noyabr 2023-cü il tarixdən hesablanmasını, xx.xx.2011-ci il təvəllüdlü X9 münasibətdə isə uşaq cavabdehin himayəsində olduğuna görə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, hazırkı halda alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən hesablanmamalıdır. Uşaqlar hələ iddia ərizəsi verilməmişdən əvvəl (xx.xx.2011-ci il təvəllüdlü X16 isə hal-hazıradək ) atasının yanında qalmış və onun saxlanılması xərcləri də cavabdeh tərəfindən ödənilir. Aliment isə uşağın saxlanılması ilə bağlı tələb olunan pul vəsaiti olduğu üçün hazırkı halda iddiaçı ərizə verdiyi gündən onun tutulmasını tələb edə bilməz. Çünki o, uşağın saxlanılması xərclərini çəkməmişdir, hazırda da xx.xx.2011-ci il təvəllüdlü X9 münasibətdə həmin xərclər onun tərəfindən çəkilmir. Ona görə də, müəyyən edilmiş aliment məbləği cavabdehdən iddiaçının xeyrinə yalnız uşaq saxlanılması üçün iddiaçının himayəsinə faktiki verildiyi tarixdən 20 noyabr 2023-cü il tarixdən hesablanmaqla ödənilməlidir. Məhkəmədə çəkişmə prinsipi təmin edilməmiş, onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 18 iyul 2023-cü il tarixdən başlayaraq hesablanması nəticəsinə gəlsə də, uşaqların 20 noyabr 2023-cü il tarixədək cavabdehin yanında olmasını, xx.xx.2011-ci il təvəllüdlü X7 isə hal-hazıradək cavabdehin himayəsində olmasını nəzərə almamışdır. Belə ki, cavabdehlə boşandıqları 2023-cü ilin may ayından 20 noyabr 2023-cü il tarixədək uşaqların üçü də cavabdehin himayəsində olmuşdur. 20 noyabr 2023-cü ildən isə qızlar anasının yanında qalmış, oğlan isə cavabdehin himayəsindədir. Məhkəmə cavabdehə məlumat verməmiş, uşaqların kimin yanında olduğunu aydınlaşdırmamış iddia tələbini qismən təmin edərək səhv nəticəyə gəlmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışına iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Həmçinin əlavə olaraq göstərmişlər ki, tərəflər boşansalarda sonradan bir yerdə yaşamağa davam etmişlər. Uzun müddətdir ki, tərəflər Bakı şəhəri, Xəzər rayonu Qres adlanan ərazidə yaşayırlar. Özü fəhlə, iddiaçı isə mağazada işləyir. xx.xx.2023-cü ildən ayrı yaşayırlar. Uşaqlardan 2-si anasının yanında, 2011-ci il təvəllüdlü kiçik oğlu isə onunla yaşayır. İddiaçının (atası) nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin göstərmişdir ki, iddiaçı ilə cavabdeh xeyli müddətdir ki, Bakı şəhərində yaşayırlar. Cavabdeh ev sifarişləri götürərək evlər inşa edir və onların təmiri ilə məşğul olmaqla yaxşı qazanc əldə edir. O, balaca uşağı gələcəkdə ona avtomobil almaqla aldadaraq öz yanında saxlayır. Hər 3 uşaq Bakıda eyni məktəbdə oxuyur. Həmçinin iddiaçı ilə cavabdeh Bakıda eyni ərazidə 80-100 metrlik fərqlə qonşuluqda yaşayırlar. Uşaqların hər üçü məhkəmə qətnaməsi əsasında iddiaçının yanındadırlar. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnaməni qismən mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı yalnız cavabdeh tərəfindən mübahisələndirilən hissədə yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Ailə Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş; doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il taridə X14, xx.xx.2010-cu il tarixdə X15 və xx.xx.2011-ci il tarixdə X16 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş; X11 1 saylı Mediasiya təşkilatının X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-01595 saylı arayışdan görünür ki, iddiaçı Quliyeva X5 1 saylı Mediasiya təşkilatına Ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 (əlli) manat rüsum ödəmişdir. Kollegiyanın iclasında müəyyən edildi ki, hər iki tərəf Bakı şəhəri, Xəzər rayonu, Şimal Qres adlanan ərazidə uzun müddətdir ki, yaşayırlar. Hər 3 uşaq qətnaməyə əsasən iddiaçının yanında saxlanılmışdır. İddiaçı mağazada satıcı işləməklə 345 manat əmək haqqı alır. Cavabdeh də Bakı şəhəri ərazisində tikinti işləri görməklə fərdi əməklə məşğul olur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv oluna, dəyişdirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə alimentin hesablanması vaxtı ilə bağlı olduğundan qətnamədən kassasiya şikayəti verilə bilər. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunu iddiaçıının özünə aid edilir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(048)-560/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar