Məhkəmə qərarları › İş №2(106)-428/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-428/2025

30.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-428/2025 30.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh-yə qarşı “istehsalatda alınan xəsarətlə əlaqədar aylıq ödəncin hesablanaraq cavabdeh müəssisədən tutulması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-də “qaynaqçı” vəzifəsində çalışdığı vaxt istehsalatda aldığı xəsarətlə əlaqədər 01 sentyabr 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək (20 ay) ona əksik ödənilmiş 1280 (min iki yüz səksən) manat və 01 iyun 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1680 (min altı yüz səksən) manat pulun, həmçinin 55 (əlli beş) manat məbləğində mediasiya xərcinin, 01 yanvar 2023-cü il tarixdən hesablanmalı olan 276 (iki yüz yetmiş altı) manat aylıq ödəncin təshih edilməsi və cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" ASC-də qaynaqçı vəzifəsində çalışmışdır. 1988-ci ildə həmin müəssisədə işləyərkən travma almış, iki onurğa fəqərəsi sınmış, kəllə-beyin travması almışdır. Hal-hazırda da aldığı kəllə-beyin travmasından əziyyət çəkir və epilepsiya xəstəsidir. Uzun müddət Lənkəran Rayon Mərkəzi Xəstəxanasında və Bakı şəhərində yerləşən neyro-cərrahi xəstəxanalarda müalicə olunmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışa əsasən istehsalatda aldığı xəsarətə görə ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 001/19/SS nömrəli əmri ilə yaradılmış müavinət komissiyası yığıncağının xx.xx.2019-cu il tarixli protokol qərarına əsasən ona hər ay 136 manat aylıq ödəncin verilməsi barədə qərar qəbul edilmiş və ödənilməsi təmin edilmişdir. Lakin sonradan “Minimum əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli, 1265 nömrəli Sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixdən ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 250 manat müəyyən edilməsi ilə bağlı aylıq ödənci təshih edilməmiş və heç bir əsas olmadan aylıq ödəncin ödənilməsi 01 iyun 2021-ci il tarixdən dayandırılmışdır. Prezident sərəncamı ilə minimum aylıq əmək haqqı məbləği qaldırıldıqdan xeyli müddət sonra, yəni 2021-ci ilin aprel-may aylarında "xxxx" ASCyə minimum aylıq əmək haqqının qaldırılması səbəbindən ona verilən aylıq ödəncin də artırılmalı olduğunu bildirmiş və bunu cavabdehdən tələb etmişdir. Bundan sonra ona verilən aylıq ödənc artırılmaq əvəzinə tamamilə kəsilmişdir. Cavabdeh "xxxx" ASC-yə yazılı müraciətinə xx.xx.2021-ci il tarixli, 20/21 saylı məktubla cavab olaraq bildirilmişdir ki, Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışına əsasən ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlillik dərəcəsi verilərkən əmək fəaliyyəti göstərdiyi müəssisə olan “X3” daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. "xxxx" ASC özəlləşdirilən müəssisə olduğu üçün ona aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinətin verilməli olduğu cavabdeh tərəfindən bildirilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.2-ci bəndi qeyd olunan fikrə əsas olaraq qeyd edilmişdir. Qeyd olunan hallarla əlaqədar 23 dekabr 2021-ci il tarixdə X6 Xidmətinin Lənkəran Regional Ərazi Şöbəsinə müraciət etmişdir. DƏMX Lənkəran Regional Ərazi Şöbəsi 26 yanvar 2022-ci il tarixdə müraciətinə cavab olaraq onun istehsalatda aldığı xəsarətə görə aylıq ödəncinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi” Qaydalarının 3.5-ci bəndinin tələblərinə (ölkə üzrə minimum əmək haqqının 01 sentyabr 2019-cu il tarixdən 250 manat müəyyən olunması nəzərə alınmaqla) əməl edilməklə yenidən təshih edib ödənilməsini təmin etmək məqsədi ilə "xxxx" ASC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixli, **********2 nömrəli göstəriş xarakterli məktub göndərmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən ona verilən 136 manat aylıq ödəncin qanunsuz olaraq dayandırılması barədə qərarından narazı qaldığı üçün və cavabdeh müəssisənin X6 Xidmətinin göstəriş xarakterli məktubuna əməl etməməsi səbəbindən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etmişdir. Araşdırma zamanı "xxxx" ASC-nin ləğvetmə prosesində olduğu məlum olmuşdur. "xxxx" ASC-nin ləğvetmə komissiyasının sədrinin X6 Xidmətinə təqdim etdiyi məktubda 01 iyun 2021-ci il tarixdən ödəncin verilməsinin dayandırılması və səhmdarların ümumi yığıncağında "xxxx" ASC-nin ləğv edilməsinin qərara alındığı bildirilmişdir. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatı tərəfindən verilən 10 fevral 2022-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh "xxxx" ASC DƏMX-nin Lənkəran Regional Ərazi Şöbəsinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) qanuni göstərişlərinə məhəl qoymayaraq ödənilməsi dayandırılmış aylıq ödənci verməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi (hakim N.Ağabəyov) ilə İddiaçı Cavabdeh-yə qarşı “istehsalatda alınan xəsarətlə əlaqədar aylıq ödəncin hesablanaraq cavabdeh müəssisədən tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə işin hallarından müəyyən etmişdir ki, İddiaçı X2 işləmiş, 1988-ci ildə istehlasat qəzası nəticəsində iki onurğa fəqərəsi sınmış, kəllə-beyin travması almış, ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra X3 özəlləşdirilmiş Cavabdeh adı altında fəaliyyət göstərmişdir. 2021-ci ilədək İddiaçı X2 istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə Cavabdeh tərəfindən 136 manat məbləğində müavinət verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müavinətin ölkə üzrə minimum əmək haqqına uyğun şəkildə yenidən hesablanaraq ona ödənilməsini tələb edir. Cavabdeh isə tələbin əsassız olduğunu bildirərək, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində xəsarət aldığı zaman, yəni 1988-ci ildə X3 dövlət müəssisəsi olmuş, həmin müəssisə xx.xx.1997-ci il tarixdə özəlləşdirilmiş və adı dəyişdirilərək 98,28 % payla «X7» MMC-yə məxsus Cavabdeh adı altında fəaliyyət göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisələrində istehsalatda baş vermiş qəza nəticəsində xəsarət almış şəxslərə müavinət həmin müəssisə tərəfindən deyil, dövlət büdcəsi tərəfindən ödənilməlidir. Belə olan halda hazırki iş üzrə Cavabdeh-nin İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə hər hansı müavinət ödəmək öhdəliyi mövcud deyildir. Həmçinin istehsalat zamanı işçinin aldığı xəsarətə görə işəgötürən o halda məsuliyyət daşıyır ki, işəgötürən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməsin və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilməsin. Lakin hazırki işin hallarından isə müəyyən olunur ki, İddiaçı xəsarət aldığı zaman dövlətə məxsus X2 işləmiş, yalnız həmin müəssisə özəlləşdirildikdən sonra müəssisənin adı Cavabdeh olmuşdur ki, həmin qəzanın baş verməsində Cavabdeh-nin təqsiri mövcud olmamışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh-yə qarşı “istehsalatda alınan xəsarətlə əlaqədar aylıq ödəncin hesablanaraq cavabdeh müəssisədən tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 238, 239-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları»nın 3.5-ci bəndi, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 2.1, 3.1, 5.1-ci bəndləri, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi, Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77, 81, 14.2, 217.4, 218.3, 76.1, 76.2, 76.3, 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya Məhkəməsindəki birinci icraat Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsindən İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsi ilə (hakimlər S.Mayılov, İ.Əsədov və T.Heydərov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş,Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-113/2024 saylı qətnaməsindən İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-3579/2024 saylı qərarı ilə (hakimlər Z.Əliyev, Z.Babayev və Ə.Əhmədov) kassasiya şikayətinin qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-113/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı işləmiş olduğu "xxxx" kombinatı özəlləşdirilərək yenidən təşkil edildiyindən hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə (cavabdeh "xxxx"ASC-yə) keçir. Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023- cü il tarixli 2(049)-1980/2023 saylı qətnaməsində Qaydaların 5.1-ci bəndinə istinad olunsa da, əsassız olaraq 5.6-cı bəndin tələblərinə əməl edilməmişdir. İddiaçı "xxxx" kombinatında “qaynaqçı” vəzifəsində işlədiyi vaxt (1989-cu ildə) istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alıb. "xxxx" kombinatı daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində özəlləşdirilərək "xxxx"ASC adlandırılmışdır. "xxxx" ASC rəhbərliyinin xx.xx.2019-cü il tarixli 001/19/SS nömrəli əmri ilə yaradılmış müavinət komissiyası yığıncağının xx.xx.2019-cu il tarixli protokol qərarına əsasən ona hər ay 136 (yüz otuz altı) manat aylıq ödəncin verilməsi barədə qərar qəbul edilmiş və ödənilməsi təmin edilmişdir. Lakin sonradan "Minimum əmək haqqının artırılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019cu il tarixli 1265 nömrəli sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixindən ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 250 manat müəyyən edilməsi ilə bağlı aylıq ödənci təshih edilməmiş və heç bir əsas olmadan ona aylıq ödəncin ödənilməsi 01 iyun 2021-ci il tarixindən dayandırılmışdır. 01 sentyabr 2019-cu il tarixdən minimum aylıq əmək haqqı məbləği 136 manat deyil, 250 manat olmuşdur. 01 sentyabr 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək ona 250 manatın 80 faizi miqdarında, yəni 200 manat aylıq ödənc verilməli idi. Buna baxmayaraq cavabdeh "xxxx" ASC tərəfindən ona 200 manat ödənilmək əvəzinə, 136 manat ödənilmiş, 01 iyun 2021-ci il tarixdən isə ümumiyyətlə ödənişin verilməsi dayandırılmışdır. Buradan aydın olur ki, 01 sentyabr 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək (20 ay) ona 1280 manat əskik ödənilmiş (20x136=2720; 20x200=4000; 4000-2720=1280), 01 iyun 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1680 manat ümumiyyətlə ödənilməmiş (7x240=1680), 01 yanvar 2023-cü il tarixdən hesablanmalı olan 345 manat pulun 80 faizinin, yəni 276 manat aylıq ödəncin verilməsindən isə imtina edilmişdir. Ona görə də Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Ekspert rəy verməkdən imtina etmişdir ki, sənədlərin hamısı iş materialında yoxdur. Amma onlar bununla bağlı bütün sənədləri rəsmi qaydada təqdim etmişdirlər. Əlilliklə bağlı aktların və digər rəsmi sənədləri təqdim etməklərinə baxmayaraq imtina verilmişdir.Təqdim etdikləri aktda əmək qabiliyyətinin itirilməsi halları da vardır. Onlar tələbdə sadəcə dəymiş ziyanın məbləğini qoymuşdurlar. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Rüstəm Şikarlının izahat verərək bildirmişdir ki, iddiaçı müraciət edərək aylıq ödənişin minimum əmək haqqı ilə hesablanmasını xahiş etmişdir. İddiaçının tələbində aylıq ödəniş həqiqətən də minimum əmək haqqı ilə hesablanır. Buna görə də iddia tələbində fikrincə haqlıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 vəsatətlə məhkəməyə müraciət edərək Bakı şəhərindən gəldiyini nəzərə alaraq məhkəmə iclasının günün ikinci yarısına salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmə iclası barəsində məlumat cavabdehin nümayəndəsi və vəkilinə iclasdan daha öncə çatdırıldığından verdiyi vəsatət əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239.3-cü maddəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının: 1.2-ci bəndində göstərilir ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının: 5.2.-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3-cü bəndində göstərilir ki, bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. 5.5-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. 5.6-cı bəndində göstərilir ki, Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Yüksək instansiya məhkəməsinin hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddia tələbini tam rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı X2 işləmiş, 1988-ci ildə istehlasat qəzası nəticəsində iki onurğa fəqərəsi sınmış, kəllə-beyin travması almış, ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra X3 özəlləşdirilmiş Cavabdeh adı altında fəaliyyət göstərmişdir. 2021-ci ilədək İddiaçı X2 istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə Cavabdeh tərəfindən 136 manat məbləğində müavinət verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müavinətin ölkə üzrə minimum əmək haqqına uyğun şəkildə yenidən hesablanaraq ona ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsalandırmışdır ki, İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində xəsarət aldığı zaman, yəni 1988-ci ildə X3 dövlət müəssisəsi olmuş, həmin müəssisə xx.xx.1997-ci il tarixdə özəlləşdirilmiş və adı dəyişdirilərək 98,28 % payla «X7» MMC-yə məxsus Cavabdeh adı altında fəaliyyət göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisələrində istehsalatda baş vermiş qəza nəticəsində xəsarət almış şəxslərə müavinət həmin müəssisə tərəfindən deyil, dövlət büdcəsi tərəfindən ödənilməlidir. Belə olan halda hazırki iş üzrə Cavabdeh-nin İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə hər hansı müavinət ödəmək öhdəliyi mövcud deyildir. Həmçinin istehsalat zamanı işçinin aldığı xəsarətə görə işəgötürən o halda məsuliyyət daşıyır ki, işəgötürən İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməsin və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilməsin. Lakin hazırki işin hallarından isə müəyyən olunur ki, İddiaçı xəsarət aldığı zaman dövlətə məxsus X2 işləmiş, yalnız həmin müəssisə özəlləşdirildikdən sonra müəssisənin adı Cavabdeh olmuşdur ki, həmin qəzanın baş verməsində Cavabdeh-nin təqsiri mövcud olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı tam olaraq rədd etmişdir. Apellyasiya şikayətinin dəlililəri ondan ibarətdir ki, Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023- cü il tarixli 2(049)-1980/2023 saylı qətnaməsində Qaydaların 5.1-ci bəndinə istinad olunsa da, əsassız olaraq 5.6-cı bəndin tələblərinə əməl edilməmişdir. Hansı ki həmin bəndin tələblərinə uyğun olaraq aylıq ödənc dövlət büdcəsinin vəsaiti hesabına deyil, müəssisənin vəsaiti hesabına təmin edilməli idi. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirərək qeyd edir, apellyasiya şikayəti qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-428/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərardadları ilə hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdır. Lakin hər ikisində məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İlkin imtinanın səbəbi iş materiallarında Əmək və Əhalinin Sosial müdaifəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspertiza Agentliyi tərəfindən əlilliyin olması ilə bağlı sənədlər olmadığından hesablamaların aparılmasının mümkün olmamışdır. İkinci dəfə isə vəsatətdə göstərilən sənədlər ekspertiza tədqiqatına tam şəkildə təqdim edilmədiyindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ekspert rəyi sübut vasitələrindən biri olmaqla, digər sübutlarla müqayisədə üstün hüquqi qüvvəyə malik deyildir. Ekspertizanın keçirilməməsi və ya ekspert rəyinin əldə edilməməsi iddianın rədd edilməsinə əsas ola bilməz. Belə hallarda məhkəmə işdə mövcud olan digər sübutları hərtərəfli, tam və obyektiv şəkildə qiymətləndirməklə hüquqi nəticəyə gəlməlidir. Belə ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği ilə bağlı münasibətlər Əmək Məcəlləsinin 239-cu maddəsi ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında”, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları ilə nizama salınır. Qərarın 1.2-ci bəndinə əsasən, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Qaydaların 5.2-ci və 5.3-cü bəndlərinə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. Göründüyü kimi, özəlləşdirilməsi həyata keçirilən hər üç növ (özəlləşdirilməsi başa çatmış dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən) dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. Bununla belə, Qaydaların 5.5-ci və 5.6-cı bəndlərində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Qeyd edilən bəndlərin məzmunundan aydın olur ki, dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdıqda dövlət orqanı sözügedən müavinətin ödənişini dayandırır. Bundan sonra isə ödənclərin Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq ödənilməsi təmin edilir. Həmin maddənin 1-ci hissəsində isə müvafiq ödənişləri həyata keçirməli subyekt olaraq işəgötürən göstərilmişdir. Belə olan halda hazırkı işdə iddiaçının daha əvvəl işlədiyi dövlət müəssisəsinin 1997-ci ildə özəlləşdirilməsi nəticəsində "xxxx" ASC yaradıldıqdan sonra sözügedən ödənişlərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə mövqe əsaslı sayıla bilməz. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam rəd etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-də “qaynaqçı” vəzifəsində çalışdığı vaxt istehsalatda aldığı xəsarətlə əlaqədər 01 sentyabr 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək (20 ay) ona əksik ödənilmiş 1280 (min iki yüz səksən) manatı tələb etməsi qismən əsaslıdır. Ona görə də iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. (Mülki Məcəllə 384.0.3) Göründüyü kimi iddiaçı zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər üzrə ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün tələb hüququ olmuşdur. İddiaçının iddia ərizəsindən görünür ki, o, 04 may 2023-cü ildə məhkəməyə müraciət etmişdir. Ona görə də 3 il geri hesablandığı təqdirdə iddiaçının zərərin əvəzinin tələb etmə hüququ 04 may 2020-ci ildən sonrakı dövrü əhatə edir. Bununla da belə nəticəyə gəlinir ki, 04 may 2020-ci ildən iddiaçıya ödəniləcək pulun məbləği 768 manat təşkil edir. Məhkəmə tərkibi qeyd edir ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hal-hazırda tələbdən görünür ki, iddiaçı 01 yanvar 2023-cü il tarixdən verilməli olan ödəncin məbləğini 276 manat qeyd etmiş və cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Yüksək instansiya məhkəməsinin hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan məhkəmə tərkibi hesab edir ki, iddia tələbi digər hissələrdə tam təmin edilməlidir. Belə ki, iddia 01 iyun 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1680 (min altı yüz səksən) manat pulun cavabdehdən tutulması və 01 yanvar 2023-cü il tarixdən hesablanmalı olan 276 (iki yüz yetmiş altı) manat aylıq ödəncin təyin edilməsi hissəsində təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən qaydaların bəndlərinin məzmunundan aydın olur ki, dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdıqda dövlət orqanı sözügedən müavinətin ödənişini dayandırır. Bundan sonra isə ödənclərin Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq ödənilməsi təmin edilir. Həmin maddənin 1-ci hissəsində isə müvafiq ödənişləri həyata keçirməli subyekt olaraq işəgötürən göstərilmişdir. Belə olan halda hazırkı işdə iddiaçının daha əvvəl işlədiyi dövlət müəssisəsinin 1997-ci ildə özəlləşdirilməsi nəticəsində "xxxx" ASC yaradıldıqdan sonra sözügedən ödənişlər"xxxx" ASC tərəfindən ödənilməlidir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 04 may 2020-ci ildən iddiaçının iddia ərizəsiylə məhkəməyə müraciət edildiyi 04 may 2023-cü ilədək ödəniləcək 768 manat, 01 iyun 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1680 (min altı yüz səksən) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 01 yanvar 2023-cü il tarixdən cavabdeh "xxxx" ASC tərəfindən iddaçıya 276 (iki yüz yetmiş altı) manat aylıq ödənc təyin edilməli və "xxxx" ASC tərəfindən iddaçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 04 may 2020-ci ildən iddiaçının iddia ərizəsiylə məhkəməyə müraciət edildiyi 04 may 2023-cü ilədək ödəniləcək 768 manat, 01 iyun 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1680 (min altı yüz səksən) manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. 01 yanvar 2023-cü il tarixdən cavabdeh "xxxx" ASC tərəfindən iddaçıya 276 (iki yüz yetmiş altı) manat aylıq ödənc təyin edilsin və "xxxx" ASC tərəfindən iddaçı İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar