Məhkəmə qərarları › İş №2(106)-435/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-435/2025

05.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-435/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X7 Cavabdeh qarşı “uşaqların atadan alınaraq onun himayəsinə verilməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(041)-13/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İddiaçı X15 Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və nikahlarını Kürdəmir rayon Topalhəsən kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 25 nömrəli nikah qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2014-cü ildə X10 və xx.xx.2016-cı ildə isə X17 anadan olmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-683/2021 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış və Kürdəmir rayon Topalhəsənli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 25 nömrəli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X8 ataları Cavabdeh Raqif oğlunun yanında qalmaları müəyyən edilmişdir. Hazırda cavabdehlə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü ildə X10 və xx.xx.2016-cı ildə isə X12 atalarından alınaraq ona verilməsini cavabdehdən tələb etsə də, buna nail ola bilməmiş və mediasiya prosesində də, bu barədə razılıq əldə olunmamışdır. İş materiallarına əlavə edilmiş Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbi tərəfindən X13 verilmiş xx.xx.2022-ci il tarixli, 274 nömrəli Arayışdan görünür ki, o, həqiqətən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbində xadimə vəzifəsində çalışır. Ştat cədvəli üzrə aylıq əmək haqqı 468,00 manatdır. Kürdəmir rayon İcra hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri, Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Şahin Əhmədov tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli, 5-56-6/2-73/2023 nömrəli məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, X5 və X12 gələcəkləri, tərbiyələri, sağlamlıqları və onların psixi, fiziki, mənəvi inkişafları, azyaşlı uşaqların atalarının yanında qalmaq istəmələri barədə fikirlərini, onların atalarının nəzarəti halında böyümələrinin onlar üçün faydalı olmasını əsas tutaraq uşaqların ataları Cavabdeh yanında qalmaları məqsədə müvafiq hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X17 Cavabdeh alınaraq himayəsinə verilməsi, mübahisənin həlli ilə bağlı mediasiya xərci kimi ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat və 110 manat vəkil xidməti haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və nikahlarını Kürdəmir rayon Topalhəsən kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 25 nömrəli nikah qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2014-cü ildə X10 və xx.xx.2016-cı ildə isə X17 anadan olmuşdur. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-683/2021 saylı qətnaməsinə əsasən ailədaxili münaqişələri olduğu üçün Cavabdeh ilə aralarında bağlanmış və Kürdəmir rayon Topalhəsənli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 25 nömrəli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2016-cı il təvəllüdlü X8 ataları Cavabdeh Raqif oğlunun yanında qalmaları müəyyən edilmişdir. Hazırda cavabdehlə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü ildə X10 və xx.xx.2016-cı ildə isə X12 atalarından alınaraq ona verilməsini cavabdehdən tələb etsə də, buna nail ola bilməmiş və mediasiya prosesində də, bu barədə razılıq əldə olunmamışdır. Nikah pozularkən uşaqların atalarının yanında qalmasına razılıq verməyinin səbəbi həmin vaxt heç bir yerdə işləməməsi, təhdid altında olması və maddi vəziyyətinin çətin olması olmuşdur. Ona görə də o, uşaqların müvəqqəti olaraq atalarının yanında qalmasına razılıq vermişdir. Lakin hazırda Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 saylı Respublika Xüsusi İnternet Məktəbində işə qəbul olunmuş, orada xadimə olaraq işləyir və aylıq vəzifə maaşı 468,00 manatdır. Hazırda uşaqlarına baxacaq maddi vəziyyətdədir və daimi iş yeri var. Cavabdehin pis vərdişləri var və bütün bu hallar uşaqların təlim-tərbiyəsinə mənfi təsir göstərir və eyni zamanda Ailə Məcəlləsinin tələblərinə ziddir. Bütün cehiz əmlakları gəlin köçərək yaşadığı ünvanda qalmaqdadır. Ona görə də xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X12 Cavabdeh alınaraq onun himayəsinə verilməsi, mübahisənin həlli ilə bağlı mediasiya xərci kimi ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat və 110 manat vəkil xidməti haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X7 nümayəndəsi və vəkili Fərəcov X4 Günel Aqil qızı ilə eyni məzmunda izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Raqif oğlu iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçı ilə evlənib ailə quraraq nikahlarını xx.xx.2013-cü il tarixdə qeyd etdirmişlər. Birgə nikahlarından birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Rafiq və xx.xx.2016-cı il tarixdə Dəniz adlı iki uşaqları olmuşdur. Əvvəllər iddiaçı ilə mehriban şəraitdə yaşasalar da, sonradan ər-arvad münasibətləri pozulmuş və iddiaçı heç kimə demədən evdən çıxıb getmiş uşaqlar isə onun yanında qalmışdır. Aralarında bağlanmış nikah məhkəmənin qətnaməsinə əsasən pozularkən iddiaçı özü uşaqlarını saxlamaq iqtidadında olmadığını bildirmiş və iddiaçının özünün razılığı ilə uşaqlar onun yanında saxlanılmışdir. İddiaçı onunla ər-arvad bir yerdə yaşadığı müddətdə bir neçə dəfə qollarını kəsməklə özünə qəst etməyə cəhd etmişdir. Onun psixi problemləri var. Bununla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılmışdır. İddiaçı gecə yarısı uşaqları evdə tək qoyaraq qaçıb getmişdir. Hətta iddiaçı ilə münasibətləri pozulandan sonra o, bacısının yanında qaldığı vaxtda yenə də qollarını kəsmişdir. Onun uşaq tələbinə dair məhkəməyə müraciət etdiyi işlə əlaqədar Kürdəmir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası uşaqların qalma şəraitini yoxlayaraq hər iki uşağın gələcək taleləri nəzərə alınaraq onun yanında saxlanılması barədə rəy verilmişdir. İddiaçı ilə birgə nikahımızdan doğulmuş uşaqların hər ikisi uzun müddətdir ki, onunla birlikdə yaşayır və hazırda özləri də onun yanında qalmaq istəyirlər. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin iclasında Kürdəmir rayon Təhsil şöbəsinin Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbin direktoru X6 və T.İsmayılov adına Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin psixiatrı X1 iştirakı ilə dindirilmiş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X10 hazırda atasının yanında qaldığını və atasının yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmənin iclasında Kürdəmir rayon Təhsil şöbəsinin Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbin direktoru X6 və T.İsmayılov adına Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin psixiatrı X1 iştirakı ilə dindirilmiş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X17 hazırda atasının yanında qaldığını və atasının yanında qalmaq istədiyini bildirmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim Müseyib Bayramov) 2(041)-13/2024 saylı, 20 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X12 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi, mübahisənin həlli ilə bağlı mediasiya xərci kimi ödənilmiş 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat və 110 manat vəkil xidmət haqqısı olmaqla, ümumilikdə 210 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə, 34-cü maddəsinin 4-cü bəndinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5, 8, 13, 19-cü maddələrinə, «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3, 27-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52, 49.2, 49.3, 58.2, 60.1, 60.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4 və 233.1-ci maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X8 məhkəmədə atalarının yanında qalmasını bildirsələr də, onların Cavabdeh aparılmış eksperiental-psixoloji müayinə nəticəsində fərdi-psixoloji xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, öz fikirlərini üstün tutmaq, başqalarının hiss və yaşantılarına laqeydlik, nümayişkar davranışlara meyillilik, hövsələsizlik, kobudluq aşkar edildiyinə görə Rafiq və Dəniz adlı uşaqların atalarının himayəsində saxlanılmasını məqsədəmüvafiq hesab etmir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, işdə olan sübutlara dügün qiymət verilməmişdir. Uşaqların 10 və 8 yaşları olması ümumiyyətlə nəzərə alınmamışdır. Belə ki, məhkəmə 10 yaşına çatmış uşağın mütləq nəzərə almalıdırsa, 8 yaşına çatmış uşağın fikrini nəzərə ala bilərdi. Göründüyü kimi, hakim bunları nəzərə almadan, uşaqların maraqlarına zidd olaraq məhkəmə aktı qəbul etmişdir. İşin faktiki halları, işdə olan sübutlar, ən əsası isə onların iradəsinə zidd olaraq uşaqların gələcəkdə anasının himayəsinə verilməsi onların psixologiyasına pozulması səbəb olubolmayacağı, olacağı təqdirdə nə kimi fəsadlar yaradacağı aydınlaşdırılmamışdır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirərək, dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında bildirdi ki, onu təhdid etdiklərindən bugünədək məhkəməyə müraciət etməmişdir. Uşaqlardan imtina etməmişdir. Hazırda Bakı şəhərində kirayədə qalır, iş yeri var, 580 manat əmək haqqı alır. Apellyasiya baxışında iştirak edən İddiaçı onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu bildirərək, dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında bildirdi ki, uşaqlar iki dəfə dindirilmiş, ekspertiza keçirilmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh və onun vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh izahatında bildirdi ki, tərəflər arasında nikah 2021-ci il tarixdə pozulmuşdur. Həmin tarixdə məhkəmə qətnaməsi ilə uşaqlar onun himayəsinə verilmişdir. Uşaqlar artıq müəyyən yaş həddinə çatmışdır, ona görə də onların fikirləri nəzərə alınmalıdır. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 59.1-ci maddəsinə əsasən, valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 7.4-cü bəndində göstərilir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 7.6-cı bəndinə görə, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməməlidir. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-683/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, X9 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış və Kürdəmir rayon Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 25 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəlludlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X17 ataları Cavabdeh yanında saxlanılmışdır. İddiaçı Cavabdeh qarşı uşaqların atadan alınaraq onun himayəsinə verilməsi barədə məhkəməyə müraciət etmiş, qeyd etmişdir ki, nikah pozularkən uşaqların atalarının yanında qalmasına razılıq verməsinin səbəbi həmin vaxt heç bir yerdə işləməməsi, təhdid altında olması və maddi vəziyyətinin çətin olması olmuşdur. Ona görə də o, uşaqların müvəqqəti olaraq atalarının yanında qalmasına razılıq vermişdir. Lakin hazırda Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 saylı Respublika Xüsusi İnternet Məktəbində işə qəbul olunmuş, orada qadimə olaraq işləyir və aylıq vəzifə maaşı 468,00 manatdır. Cavabdeh tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iclasında Kürdəmir rayon Təhsil şöbəsinin Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbin direktoru X6 və T.İsmayılov adına Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbin psixiatrı X1 iştirakı ilə dindirilmiş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X17 hazırda atasının himayəsində yaşadıqların və onunda yanında qalmaq istəyirlər. Bundan başqa eksperiental-psixoloji müayinənin nəticələrindən görünür ki, X2 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur. Həmçinin yaş xüsusiyyətlərinə uyğun söz bazasına malik olmaqla öz fikirlərini digər şəxslərə sərbəst ifadə edə bilir. Aparılmış müayinənin və keçirilmiş metodikaları təhlil edərək belə nəticəyə gəlinir ki, X3 atasına qarşı mehriban münasibətdə olması, anası anası ilə olan münasibətində küskünlüyü, incikliyi, onu bağışlaya bilməməsi, ona qarşı neqativ hiss və yaşantıları müəyyən edildi. Bunun səbəbi anasının qardaşı və onu evdə tək qoyaraq getməsi, geri qayıtmaması, bu səbəbdən anasının onları istəmədiyini düşünməsi, həmçinin digər ailə üzvlərinin anası barəsində söylədiyi fikirlərlə əlaqədar onda anasına qarşı formalaşmış mənfi fikirlərlə əlaqədar olması müəyyən edilir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi və beynəlxalq hüquq normalarına əsasən, uşaqların valideynlərdən hansının yanında qalacağını müəyyən edərkən əsas götürülən prinsip uşağın mənafeyidir. Məhkəmələr qərar qəbul edərkən uşağın fiziki, psixoloji və sosial rifahını nəzərə almalıdırlar. İşin faktiki hallarından görünür ki, uşaqların analarının himayəsinə verilməsi ilə bağlı İddiaçı iddia ərizəsində yeni əsas kimi maddi vəziyyətinin yaxşılaşması, daimi iş yeri olmasını, cavabdehin pis vərdişlərinin olmasını vurğulamışdır. Halbuki, İddiaçı maddi rifahının yaxşılaşması uşaqların onun himayəsinə verilməsi üçün yeganə və kifayətedici əsas kimi qəbul edilə bilməz. Uşaqların mənafeyi prinsipi beynəlxalq hüquq və milli qanunvericiliyin əsas prioritetlərindən biri olmaqla, məhkəmənin qərar vermə prosesində müəyyənedici rol oynamalıdır. Oxşar mövqe “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.2-ci bəndində qeyd edilmişdir: 7.2.-ci bəndinə əsasən valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. İşin hallarından göründüyü kimi, uşaqlar Dəniz və Rafiq uzun müddətdir ki, ataları Cavabdeh himayəsində yaşamış və onların stabil ailə mühiti məhz bu şəraitdə formalaşmışdır. Müəyyən müddət ərzində yaranmış ailə münasibətlərinin, sosial və psixoloji bağlılığın qəfil dəyişdirilməsi uşaqların emosional sabitliyinə mənfi təsir göstərə bilər. Uşaqların artıq ataları Cavabdeh alışmaları, onunla dərin ailəvi bağlarının mövcud olduğu, həmçinin bacı-qardaş olaraq bir-birlərinə bağlı olduqları nəzərə alındıqda, onların indiki mühitdən ayrılması məhz uşaqların mənafeyinə zidd ola bilər. Bundan əlavə, Kürdəmir Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyində də aydın şəkildə göstərilmişdir ki, uşaqların atalarının yanında qalması daha məqsədəuyğundur. Həmin rəydə qeyd olunmuşdur ki, Rafiq Abdullayev izahat verərək atası Cavabdeh yanında yaşadığını, onun tərəfindən qayğı ilə əhatə olunduğunu, atasının yanında yaşamaq istədiyini bildirmişdir. Komissiya uşaqların gələcəklərini, tərbiyələrini, sağlamlıqlarını və onların psixi, fiziki, mənəvi inkişaflarını nəzərə alaraq X5 və X2 atalarını Cavabdeh yanında qalmalarını məqbul hesab edilmişdir. Həmçinin eksperiental-psixoloji müayinənin nəticələrindən görünür ki, aparılmış eksperientalpsixoloji müayinə zamanı X5 əqli və psixi inkişafında lənglik və ya gerilik əlamətləri aşkar olunmamışdır. Müayinə gedişində əhvaliruhiyyə fonunun aşağı olması, anasının onları evdə tək qoyaraq getməsi, geri qayıtmaması, anasının onları atıb getdiyini, onları istəməməsini düşünməsi, həmçinin bundan başqa atasının da onda anasına qarşımənfi fikir yaratması səbəbindən anasına qarşı küskün, aqressiv münasibət göstərməsi, onunla ünsiyyətə daxil olmaq istəməməsi, danışarkən gərginləşməsi, ağlaması, onunla kəskin davranması və s. kimi hallar müəyyən edildi. Aparılmış eksperiental-psixoloji müayinənin nəticələrindən görünür ki, X2 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur. Həmçinin yaş xüsusiyyətlərinə uyğun söz bazasına malik olmaqla öz fikirlərini digər şəxslərə sərbəst ifadə edə bilir. Aparılmış müayinənin və keçirilmiş metodikaları təhlil edərək belə nəticəyə gəlinir ki, X3 atasına qarşı mehriban münasibətdə olması, anası anası ilə olan münasibətində küskünlüyü, incikliyi, onu bağışlaya bilməməsi, ona qarşı neqativ hiss və yaşantıları müəyyən edildi. Bunun səbəbi anasının qardaşı və onu evdə tək qoyaraq getməsi, geri qayıtmaması, bu səbəbdən anasının onları istəmədiyini düşünməsi, həmçinin digər ailə üzvlərinin anası barəsində söylədiyi fikirlərlə əlaqədar onda anasına qarşı formalaşmış mənfi fikirlərlə əlaqədar olması müəyyən edilir. Kollegiya qeyd edir ki, uşaqların anaya qarşı mənfi emosional münasibəti, küskünlük və aqressiv reaksiya göstərmələri, psixoloji adaptasiyada çətinlik çəkmələri ananın himayəsində qalmalarının onlar üçün əlavə emosional travma yaratma ehtimalını artırır. Uşaqların atası Cavabdeh qarşı daha rahat və mehriban münasibətdə olmaları göstərir ki, onlar üçün hazırda emosional sabitliyi qorumaq baxımından atanın yanında qalmaq daha məqsədəuyğundur. Anaları İddiaçı qarşı yaranmış neqativ emosional münasibət, uşaqların onunla yaşadığı halda psixoloji gərginliyin artmasına və emosional pozuntuların dərinləşməsinə səbəb ola bilər. Kollegiya vurğulayır ki, uşaqlar Dəniz Abdullayeva və Rafiq Abdullayev öz fikirlərini sərbəst şəkildə ifadə edə biləcək yaş həddindədirlər. Uşaqların istək və arzularına, onların özlərini rahat və güvənli hiss etdikləri mühitə məhkəmə tərəfindən xüsusi həssaslıqla yanaşılmalıdır. Məhkəmə təcrübəsində dəfələrlə vurğulanmışdır ki, uşaqların fikirləri, emosional bağlılıqları və onların gələcək inkişaf perspektivləri qərar qəbul edilərkən əsas amillərdən biri kimi nəzərə alınmalıdır. Belə ki, uşaqların maraqlarının qorunması prinsipinə əsasən, qərar qəbul edərkən bütün hüquqi və psixoloji aspektlər qiymətləndirilməli, əsas diqqət uşağın rifahına yönəldilməlidir. Odur ki, onların yaş xüsusiyyətləri, psixoloji vəziyyəti və onların qərarvermə qabiliyyətinin yetkin olması nəzərə alınmalıdır. Uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin də “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X14rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər. Oxşar mövqe “Neulinger və Shuruk İsveçrəyə qarşı” iş üzrə qərarında vurğulanmışdır. AİHM müəyyən etmişdir ki, uşaqların mənafeyi hər zaman prioritet hesab olunmalıdır. Bununla yanaşı, uşaqların mənafeyini müəyyən edərkən onların öz fikirlərinin də nəzərə alınması vacibdir. Məhkəmə vurğulayıb ki, uşaqların böyüdükləri və yaşadıqları mühitə bağlılığı onların rifahı üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən qəbul edilmiş qərarın obyektiv və hərtərəfli araşdırmaya əsaslanması ədalətli məhkəmə araşdırmasının və hüquqi prinsiplərin təmin edilməsi baxımından fundamental əhəmiyyət kəsb edir. Lakin işin faktiki hallarının tam araşdırılmaması, xüsusilə uşaqların üstün mənafeyi ilə bağlı məsələlərin düzgün qiymətləndirilməməsi, qəbul olunmuş qərarın hüquqi cəhətdən etibarlılığını və ədalətliliyini şübhə altına alır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm halların tam və hərtərəfli araşdırılmadığı görünür. Xüsusilə, aşağıdakı məqamlar məhkəmə tərəfindən nəzərə alınmayıb və ya yetərincə qiymətləndirilməyib:

1. Uşaqların psixoloji vəziyyəti: Eksperiental-psixoloji müayinə nəticələrindən görünür ki, uşaqların anaya qarşı küskünlük və aqressiya nümayiş etdirməsi, anasının onları tərk etdiyini düşünməsi, onunla ünsiyyətə daxil olmaqdan imtina etməsi və bu mövzuda emosional gərginlik yaşaması ciddi psixoloji faktorlar kimi dəyərləndirilməli idi.

2. Uşaqların öz fikirlərinin nəzərə alınması: Məhkəmə uşaqların üstün mənafeyini müəyyən edərkən onların yaşı və yetkinlik səviyyəsinə uyğun şəkildə öz istəklərini ifadə etmək hüququnu nəzərə almalı idi. Uşaqların üstün mənafeyi ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olmaqla, onların fiziki, psixoloji və emosional rifahını təmin etməyə yönəlmişdir. Bu kontekstdə məhkəmə aşağıdakı məsələləri yetərincə qiymətləndirməyib: -Emosional sabitlik baxımından- Uşaqların anaya qarşı aqressiv münasibət göstərməsi onların psixoloji travma keçirdiyini göstərir. Onların ananın himayəsinə verilməsi bu travmanın dərinləşməsinə səbəb ola bilər. -Sosial və emosional bağlılıq- Məhkəmə uşaqların hansı valideynlə daha güclü emosional və sosial bağlılıq qurduğunu araşdırmadan qərar qəbul edib. Halbuki, bu bağlılıq uşaqların gələcək inkişafına təsir edən mühüm faktordur. -Uşaqların yaşadıqları mühit- Uşaqların indiyə qədər yaşadıqları və öyrəşdikləri mühitdən ayrılmaları onların psixoloji tarazlığını poza bilər. Məhkəmə bu amili tam dəyərləndirmədən qərar qəbul edib. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, uşaqların himayəsinə verilməsini tələb edən valideynin öz arzusu ilə verdiyi hər iddia tələbinə məhkəmədə baxılması həmin valideynin ona verilmiş hüquqdan sui-istifadə etməsi anlamına gəlir. Bu səbəbdən də yuxarıda qeyd edildiyi kimi iddiaçı hansı yeni əsaslardan uşaqların onun himayəsinə verilməsinin zəruri olduğunu əsaslandırmalıdır. Lakin nəzərə alınmalıdır ki, hər yeni hal özlüyündə uşaqların yanında qaldığı valideyndən alınaraq digər valideynin himayəsinə verilməsinə əsas vermir. Bu hal əsaslı və qanuni olmalıdır. Bu halla bağlı kollegiya bir daha vurğulayır ki, X7 maddi vəziyyətində dəyişiklik olması yeni yaranmış hal olsa da, hazırki iddia tələbinin təmin edilməsi üçün yetərli əsas deyil. X7 digər əsası kimi cavabdehin pis vərdişlərinın olmasını, uşaqların təlim-tərbiyəsinə mənfi təsir göstərdiyini bildirilsə də, bu hallar iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(041)- 13/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 2(041)-13/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X7 Cavabdeh qarşı “uşaqların atadan alınaraq onun himayəsinə verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar