Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-466/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, X17 oğlunun katibliyi, İddiaçı, cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı ödənilmiş alimentin geri qaytarılması və aliment tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(048)-406/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Lerik Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(048)-406/2023 saylı qətnaməsi (hakim Atabəy Kiçibəyov) ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixdə anadan olmuş X15 və xx.xx.2017-ci ildə anadan olmuş X13 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, həmçinin iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə görə cavabdehdən 50 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Leriki Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(048)-636/2022 saylı qətnaməsini nəzərə alaraq övladlarının onun himayəsində olmasına baxmayaraq xx.xx.2019-cu il tarixdən başlayaraq 14 noyabr 2022-ci ilə qədər X5 ödədiyi alimentin geri qaytarılması və X1 iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X12 ilə nikahlarını xx.xx.2015-ci il tarixdə 02 saylı qeydlə Lerik rayon Züvüç kənd Ərazi İcra Nümayəndəliyində rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X14 və xx.xx.2017-ci il tarixdə X13 adlı iki uşaqları doğulmuşdur. Nikahları rəsmi ləğv olunduğdan bir müddət sonra uşaqlar onun yanına qayıtmışdır. Hazırda uşaqlar onun yanında yaşayırlar. Lerik Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(048)-434/2019 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 18 yaşına çatanadək saxlanılması üçün ondan xx.xx.2019-cu il tarixdən başlayaraq hər bir uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qərara alınmışdır. Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(048)- 157/2022 saylı qətnaməsinə əsasən onlar arasında xx.xx.2015-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin Züvüç ƏİN tərəfindən bağlanmış 02 saylı nikah qeydi ləğv edilmişdir. Uşaqlar onun himayəsində olduğu halda, ondan hər ay 200 manat məbləğində aliment tutulur. Uşaqların onun himayəsində olması Lerik rayon Züvüç kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 154 saylı arayışdan da görünür. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(048)-297/2021 saylı qətnaməsi ilə azyaşlı uşaqların ondan alınaraq X5 verilmişdir. Halbuki uşaqlar analarını istəmir və onunla birgə yaşamaqdan imtina edirlər. Bu hal məhkəmədə tərtib olunan xx.xx.2022-ci il tarixli aktla və videoçəkilişlə təsdiq olunmuşdur. Lerik RİH Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Arzu Vəliməmmədova və məsul katibi Anar Rəhimov uşaqları təkrarən dindirdikdən sonra xx.xx.2022-ci il tarixli rəyi Lerik Rayon Məhkəməsinin icra şöbəsinə göndərmişlər. İş materiallarından da görünür ki, uşaqlar onun yanındadır və X8 istəmirlər. Buna baxmayaraq, ondan hər ay 200 manat məbləğində aliment cavabdehin xeyrinə tutulur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh X12 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Valideynlərinin aldığı pensiya ilə dolanır. Birinci instansiya məhkəməsində işə baxılarkən onun maddi və ailə vəziyyəti aydınlaşdırılmamışdır. İddiaçı işləyir və ailənin dolanışığını o təmin etmişdir. İddiaçı ona övladlarının qayğısına qalmağa imkan vermir. İddiaçı dəfələrlə uşaqların ondan alınaraq özünə verilməsi barədə məhkəməyə müraciət etmiş, lakin hər dəfəsində uşaqların ananın yanında qalması müəyyən edilmişdir. Lakin iddiaçı bu günədək məhkəmə qətnamələrini icra etməmişdir. Cavabdeh X12 məhkəmədə izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi əsasında uşaqların onun yanında saxlanması müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçı uşaqları ondan alaraq onun uşaqlarla ünsiyyətdə olmasına maneçilik törədirlər. Uşaqla ünsiyyət barədə məhkəmə qətnaməsi yoxdur. O, övladlarından imtina etməmişdir. Övladlarının iddiaçının təsiri altında olduğunu düşünür. İddiaçı məhkəmədə izahat verərək bildirmişdir ki, övladlarının cavabdehlə ünsiyyətinə maneçilik törətmir. Cavabdeh istədiyi vaxt uşaqları ilə görüşə bilər. Övladlarını saxlamağa maddi imkanı yoxdur. Buna görə də, cavabdehdən aliment tələb edir. Ancaq hazırkı vaxta kimi uşaqlarının onun yanında saxlanmasını qət edən məhkəmə qətnaməsi yoxdur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Lerik Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(048)-406/2023 saylı qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X13 adlı uşaqları doğulmuşdur. İşdə olan Lerik Rayon İcra hakimiyyəti Başçısının Züvüç kənd ƏİN-i tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli 5-65-41/2-106/2023 saylı arayışdan görünür ki, İddiaçı Lerik rayonu Züvüç kəndində qeydiyyatda olmaqla hal-hazırda orada yaşayır. İşdə olan Lerik Rayon İcra hakimiyyəti Başçısının Züvüç kənd ƏİN-i tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli 5-65-41/2-105/2023 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X13 adlı ailə üzvləri vardır. İşdə olan Lənkaran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-ci il tarixli MŞL00532 saylı arayışından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat pul ödəmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 22.2-ci maddəsinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AMin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Apellyasiya instansiya məhkəməsi tərəfindən tam hüquqlu məhkəmə olaraq mülki işin tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi uşaqların faktiki olaraq iddiaçının yanında qalmasına əsaslanaraq cavabdehdən hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması ilə bağlı yanlış qənaətə gəlmişdir. Belə ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(048)-157/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X7 anaları X9 yanında saxlanması qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Yəni nə qədər ki, uşaqların cavabdehin yanında saxlanmasını qət edən məhkəmə qətnaməsi mövcuddur, hazırkı halda cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması müəyyən edilə bilməz. Belə ki, AM-in 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşağın yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 2(048)-406/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X5 qarşı ödənilmiş alimentin geri qaytarılması və aliment tələbinə dair iddiası rədd edilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-466/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-466/2024
05.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver