Məhkəmə qərarları › İş №2(106)-493/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-493/2024

07.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-493/2024 07.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: əmək haqqının ödənilməsi X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Sulidddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və cavabdeh Şirvan şəhəri 11 saylı orta məktəbin direktoru X2 iştirakı ilə, İddiaçı cavabdeh qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(032)-1683/2023 saylı qətnaməsindən (hakim Ceyhun Mustafayev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona 2017- 2022-ci illərə görə kəsilmiş dərs saatlarına görə ödənilməmiş 28512 manat əmək haqqının və ilkin mediasiya sesiyasında iştirakla bağlı ödənilmiş 50 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1994-1996-cı illər ərzində Gəncə şəhəri təsərrüfat hesablı Məişət Xidmət Kollecində təhsil almışdır. xx.xx.1996-cı il tarixdən bu günə qədər Şirvan şəhəri T.Bağırov adına 11 saylı orta məktəbdə ixtisası üzrə ibtidai sinif müəllimi vəzifəsində işləyir. 2015-ci ildə ilk dəfə X1 İmtahanında iştirak edərək 20 bal toplamışdır. Diaqnostik qiymətləndirməni keçəndən sonra müəllimlərin əmək haqqları ona uyğun olaraq artırılmış və ona dərs saatları və sinif rəhbərliyi buna uyğun verilmişdir. Lakin 2017-ci ildən dərs saatları bölünərkən ona məktəb direktoru Kamandar Rüstəmov tərəfindən cəmi 6 saat dərs yükü verildi. Halbuki həmin vaxta qədər onun 20 saat dərs yükü və sinif rəhbərliyi olurdu. Direktor tərəfində onun dərs saatlarının azaldılmasının səbəbi kimi onun ixtisas balının az olması göstərildi. xx.xx.2019-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş X7 İmtahanında iştirak edərək İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı, eyni zamanda nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişlər. Cavabdeh direktoru X4 iddia tələbini etiraf etməyərək iddia tələbinin təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, dərs saatların 6 saat olması problemi 2019-cu ildən 2023-cü ilə qədər davam edib. İddiaçı ilə qərəzli münasibəti olmayıb. Həmişə onun maksimum dərs yükünü vermişdir. Lakin 2015-ci ildə Azərbaycan Respublikasında müəllimlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə diaqnostik qiymətləndirmə aparılmış, X6 ixtisas balı 10, metodika 10 bal olaraq ümumilikdə 20 bal toplamışdır. Nazirlər Kabinetinin qərarına, eləcə də Təhsil Nazirliyinin əmrinə əsasən müəllimlərin dərs yükü diaqnostik qiymətləndirmədən topladığı ixtisas balına əsasən verilmişdir. Eyni zamanda Təhsil Nazirliyinin əmrinə əsasən ixtisas balı 10 və aşağı olan müəllimlərin dərs yükü 6 saata endirilmişdir. 2017-ci ildə təhsil müəsissələrində işləyən müəllimlərin sənədləri yoxlanılmış, Ülviyyə xanımın, o cümlədən 2700 yaxın müəllimin sənədi dövlət nümunəvi hesab edilməmişdir. Sonradan həmin müəllimlərə şans verilmiş və 6 saat dərs yükü ilə təmin edilmişdir. İddiaçı tərəfindən verilmiş iddia 2023-cü ilin fevral ayına kimi davam etmiş, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və İddiaçı diaqnostik qiymətləndirməyə əsasən dərs saatı verilmiş, lakin sinif rəhbəri hissədə iddia təmin edilməmişdir. Qətnamə icra olunan kimi iddiaçının dərs yükü 18 saata qaldırılmışdır. Həmin proses ərzində iddiaçının 18 saat dərs saatı olmayıb, 6 saat dərsi olub və bu jurnalda qeyd edilib, əmək haqqı da 6 saat dərs yükünə uyğun verilib. Hesab edirik ki, iddiaçı 18 saat dərsdə iştirak etmədiyindən ona keçmədiyi dərslərin pulu da ödənilə bilməz. Odur ki, iddia tələbini əsassız hesab edirlər. Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(032)-1683/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə əsasən işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci bəndinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. İddiaçı iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddi hüquq normasına istinad edərək iddiaçıya 2017-2022-ci illər üzrə kəsilmiş dərs saatlarına görə ödənilməmiş pul məbləğinin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qətnamədə əvvəlki məhkəmə qətnamələrinə əsasən Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edildiyini, İddiaçı 18 saat dərs yükü ilə təmin edildiyini, lakin qəbul edilmiş edilmiş olan qətnamədə məhz buraxılmış olan müddətlərin nəzərə alınması və buraxılmış olan müddətə görə əmək haqqının hesablanmalı olması hallarının öz əksini tapmadığı əsası ilə iddianın təmin edilməməsi qətnaətinə gəlsə də, bildirmək istəyir ki, iddiaçı əvvəlki iddia ərizəsində əmək haqqı ilə bağlı tələbi olmamış və belə olan halda işə baxan məhkəmələr iddia tələbindən kənara çıxaraq ona əmək haqqının ödənilməsi ilə bağlı mövqe bildirə bilməzdilər. Çox təəssüf ki, birinci instansiya məhkəməsi qətnamədə bu hala hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, iddiaçının əvvəlki iddia tələbində əmək haqqı ilə bağlı heç tələbinin olmadığını, dərs saatlarının kəsilməsinin iddiaçının günahından deyil məhz Pedaqoji Şuranın qərarı ilə olduğu və həmin qərarın məhkəmə qətnaməsi ilə ləğv edildiyini aydınlaşdırmadan düzgün olmayan nəticəyə gəlmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 2017-2022-ci illər üzrə tələb etdiyi illər üzrə ona 6 saatdan artıq dərs yükü verilməmiş və belə bir dərs yükünü şagirdlərə tədris etməmişdir. Cavabdeh Şirvan şəhəri 11 saylı orta məktəbin direktoru X4 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin həmin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki- Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin Məcəllənin 158.1 -ci maddəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. "Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 215 saylı xx.xx.2010-cu il tarixli Qərarının 1 -ci bəndinin 2-ci abzasına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü — 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşlar sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 270 saylı 11 iyul 2016-cı il tarixli qərarına əsasən Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü İ8 saat olmalıdır. "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoii kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə gostərdiyi nəticələri nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saat hesabı qaydasında müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçun təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin verdiyi apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əli Bayramlı şəhər Təhsil şöbəsi üzrə xx.xx.2005-ci il tarixli, 63 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, Rüstəmov X5 şəhər 11 saylı orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2021-ci il tarixli 3 saylı pedaqoji şuranın protokolundan çıxarışda qeyd edilmişdir ki, 1. Şirvan şəhər məhkəməsinin ibtidai sinif müəllimi Orucova (Əzizova) Ülviyyə Əli qızının müraciəti ilə bağlı xx.xx.2020-ci il tarixli 2(032)-1467/2020 saylı qərarının müzakirəsi məsələsi haqqında məktəbin direktoru Rüstəmov Kamandar Adil oğlunun arayışı nəzərə alınsın. 2. Orucova (Əzizova) Ülviyyə Əli qızının 20 saat dərs yükü və sinif rəhbərliyinin verilməsi haqqında iddiası əsassız hesab olunsun. 3. Təhsil Nazirliyinin tövsiyyəsinə uyğun olaraq verilmiş 6 saat dərs yükü məqsədə müvafiq hesab edilsin. 4. Orucova (Əzizova) Ülviyyə Əli qızına tövsiyyə edilsin ki, orta ixtisas və ya ali təhsil müəssisələrində təhsilini davam etdirsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli xx-xx-1655/13 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə Məişət Xidməti Kolleci tərəfindən 1996-cı ildə X3 yazılmış AZ seriyalı 012907 nömrəli diplomu blankı dövlət nümunəli təhsil sənədi deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020- ci il tarixli 09-09-474/2013 saylı məktubunda qeyd edilmişdir ki, ümumitəhsil müəssisələrində dərs yükü bölgüsü zamanı təhsil sənədi dövlət nümunəli olmayan müəllimlər üçün minimum dərs yükü 6 saat müəyyənləşdirilir. İş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2021 -cil tarixli, 2(032)-434/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Şirvan şəhəri TBağırov adına 11 saylı tam orta məktəbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Şirvan şəhəri TBağırov adına 11 saylı tam orta məktəbin direktoru və Pedaqoji Şurasının sədri Rüstəmov Kamandar Adil oğlunun sədrliyi ilə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarının qanunsuz olduğu üçün ləğv edilməsi və qanuna uyğun olaraq 20 saat əvvəlki qaydada dərs saatlarının və sinif rəhbərliyinin verilməsi barədə iddia ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2249/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-434/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Şirvan şəhəri TBağırov adına 11 saylı tam orta məktəbin direktoru və Pedaqoji Şurasının sədri Rüstəmov Kamandar Adil oğlunun sədrliyi ilə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın qanunsuz olduğu üçün ləğv edilməsi və qanuna uyğun olaraq 20 saat əvvəlki qaydada dərs saatlarının və sinif rəhbərliyinin verilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh Şirvan şəhəri TBağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının üzərinə İddiaçı pedoqoji kadrların işə qəbulu və yerdəyişmə Qaydalarının və digər normativ sənədlərin tələbinə uyğun olaraq heç bir məhdudiyyət qoyulmadan müvafiq dərs saatları ilə təmin edilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(102)-1162/2022 saylı qərarından görünür ki, cavabdeh Şirvan şəhər TBağırov adına 11 saylı tam orta məktəbinin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2249/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1043/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-434/2021 saylı, xx.xx.2021 -cil il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdeh Şirvan şəhəri TBağırov adına 11 saylı tam orta məktəbin Pedaqoji Şurasının xx.xx.2021- ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı 18 saat dərs yükü ilə təmin edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5791/2022 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)- 1043/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)-1043/2022 saylı icra sənədi icra olunduğundan icra sənədinə xitam verilmişdir. İddiaçı hazırda əmək haqqı tələbinə dair cavabdehə qarşı iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, iddiaçı 2017- 2022-ci illərdə onun dərs saatlarının kəsilmiş olduğunu iddia etməsi hələ ona həmin dərs saatlarına görə əmək haqqının ödənilməli olması kimi qiymətləndirilməsinə rəvac vermir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının dərs saatlarının azaldılması Pedaqoji şuranın qərarı ilə olmuşdur və iddiaçı həmin qərarla razılaşmayaraq onu mübahisələndirmiş və mübahisəyə məhkəmə müstəvisində baxılaraq hüquqi qiymət verilmişdir. İddiaçının apellyasiya şikayətində qətnaməni əsassız hesab etmiş və şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas deyildir, buna görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İddiaçı işləmədiyi illər üzrə əmək haqqını tələb etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, əmək haqqı müvafiq işin qarşılığında ödənilən ödənişdir, iddiaçının işləmədiyi müddətə görə əmək haqqı tələb etməsi hüquqi cəhətdən əsassızdır. İddiaçı apellyasiya şikayətində qeyd etdikləri formal mülahizələrdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kollegiya hesab edir ki, iddiaçının vermiş olduğu apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda iddiaçı tərəfindən tələb olunan məbləğ 5000 manatdan çox olduğundan, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2(032)-1683/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar