Məhkəmə qərarları › İş №2(106)-539/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-539/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-539/2024 01.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əbilov Əbil Mahmud oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı ümumi birgə əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1931/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 aprel 2024-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı; İddiaçı Cavabdeh qarşı ümumi birgə əmlakın bölünməsi tələbi barədə iddia qaldıraraq Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində birgə nikah dövründə əldə edilmiş gəlirlər hesabına inşa edilmiş 787 saylı fərdi yaşayış evinin tikintisinə və təmirinə sərf edilən 60.000,0 ( altmış min) manat üzərində ½ hissə üzrə paylarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, cavabdeh İddiaçı ilə 2001-ci ildə rəsmi nikaha daxil olaraq evlənmiş, onunla birlikdə İmişli rayonu Aranlı kəndində yaşamış və üç uşaqları olmuşdur. 2006-cı ildə o, Bakı şəhəri, Novxanı kəndi ərazisindəki bağlarda bağban kimi işə düzəlmiş və ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçərək işlədiyi bağın bağban evində yaşamışdır. 2018-ci ilin fevral ayında ailə üzvləri ilə birlikdə bacısı X2 məxsus olan Bakı şəhəri, Novxanı kəndi, İ.Qayıbov küçəsi 124 A-da yerləşən fərdi yaşayış evinə köçərək müvəqqəti olaraq yaşamış və 2023-cü ilin yanvar ayında münasibətlərinin pozulması səbəbindən İddiaçı ilə birdəfəlik ayrılaraq boşanmışlar. X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Novxanı kəndi, İ.Qayıbov küçəsi 124 A-da yerləşən mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsində tikilmiş digər fərdi yaşayış evində yaşamış və boş olduğu üçün həmin evi onun ailə üzvlərinin müvəqqəti istifadəsinə vermişdir. Həmin ünvanda 0,02 ha torpaq sahəsində yerləşən başqa bir ev isə bacısı X5 məxsusdur. Bakı şəhəri, Novxanı kəndi, İ.Qayıbov küçəsi 124 A-da yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi X4 miras qalmış və vərəsəlik yolu ilə arvadı X1 mülkiyyətinə keçmişdir. X6 bacıları buna etiraz etdikləri üçün xx.xx.2011-ci il tarixdə həmin ərazidən 0,02 ha torpaq sahəsi görüntü yaratmaq məqsədilə ona bağışlamış və xx.xx.2022-ci il tarixdə eyni qaydada geri qaytarılmışdır. 2018-2023-cü illər ərzində onun ailə üzvlərinin istifadəsində olan 2 otaqlı fərdi yaşayış evi həmin 0,02 ha torpaq sahəsində X3 tərəfindən tikilmiş və xx.xx.2023- cü il tarixdə tam mülkiyyət hüququ ilə adına qeydiyyata alınmışdır. İddiaçı ilə birgə nikahda olduğu müddətdə qazandığı məbləğlər ailənin maddi təminatını tam şəkildə ödəməmiş, həmin müddətdə heç bir daşınmaz əmlak əldə edilməmişdir. Üçüncü şəxs X3 göstərmişdir ki, Bakı şəhəri, Novxanı kəndi, İ.Qayıbov küçəsi 124 A-da yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi əri X4 miras qalmış və vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. Yaşadıqları ev 1 otaqlı olduğuna görə həmin ünvanda 2 otaqlı təzə ev tikmiş və həmin evi baldızı X7 yiyələnməməsindən ötrü Cavabdeh müvəqqəti istifadəsinə verərək yerləşdiyi 0,02 ha torpaq sahəsini də görüntü yaratmaq məqsədilə ona bağışlamışdır. Cavabdeh 2018-2023-cü illərdə ailə üzvləri ilə birlikdə həmin evdə yaşamış və 2023-cü ilin yanvar ayında İddiaçı ilə boşanaraq evdən çıxmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Novxanı kəndi, İ.Qayıbov küçəsi 124 A-da yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi zərurət aradan qalxdığı üçün geri alınmış və üzərində yerləşən ümumi sahəsi 62,60 kv/m olan 2 otaqlı fərdi yaşayış eviilə birlikdə xx.xx.2023-cü il tarixdə tam mülkiyyət hüququ ilə adına qeydiyyata alınmışdır. Həmin ünvanda Cavabdeh məxsus olan heç bir daşınmaz əmlak obyekti yoxdur. a) Birinci instansiya məhkəməsində icraat; İmişli Rayon Məhkəməsinin 2(036)-1931/2023 saylı, 01 noyabr 2023-cü il tarixli (hakim Ülvi Qənbərov) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 135.1, 135.8, 136.1 və 140-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vəkili və nümayəndəsi Vəkil İmişli Rayon Məhkəməsinin 2(036)-1931/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər keçirilən iclasda iştirak etməmiş, İddiaçı vəkili və nümayəndəsi Vəkil elektron qaydada ərizə ünvanlıyaraq iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya icraatın tezliyini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri həddində, İmişli Rayon Məhkəməsinin 2(036)-1931/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 37.1-ci maddəsinə əsasən müvafiq olaraq ərlə-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1931/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının nümayəndəsi tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. İşdə olan AA 032261 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinə əsasən planda sərhədləri göstərilmiş Bakı şəhəri,Novxanı kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi Abşeron rayonu 1saylı DNK-da bağlanmış xx.xx.2011-ci il tarixli 4ə/1736 nömrəli Bağışlama müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə **********71 reyestr nömrəsi ilə Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşdə olan Abşeron rayonu 1 saylı DNK-da bağlanmış xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən Bakı şəhəri, Novxanı kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi xx.xx.2011-ci il tarixdə ********** (reyestr nömrəsi:**********71 ) nömrəsi ilə Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri»ndən Çıxarışın surətinə əsasən Bakı şəhəri, Novxanı kəndi, İ.Qayıbov küçəsi 124 A-da yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 62,60 kv/m olan fərdi yaşayış evi (reyestr nömrəsi:**********71-10301) xx.xx.2023-cü tarixdə ********** nömrəsi ilə tam mülkiyyət hüququ ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri»ndən Çıxarışın surətinə əsasən Bakı şəhəri, Novxanı kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi (reyestr nömrəsi: **********73) xx.xx.2011-ci il tarixdə ********** nömrəsi ilə tam mülkiyyət hüququ ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan AR ƏM DX DƏDKR PHŞ Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01/56940 nömrəli Arayışa əsasən Bakı şəhəri, Novxanı kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsinin həmin vaxta olan bazar dəyəri 16.000,0 manat təşkil edir. İşdə olan AR ƏM DX DƏDKR PHŞ Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01/70464 nömrəli Arayışa əsasən Bakı şəhəri, Novxanı kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 62,60 kv/m, yaşayış sahəsi 22,8 kv/m, köməkçi sahəsi 39,8 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin həmin vaxta olan bazar dəyəri 45.000,0 manat təşkil edir. İşdə olan iş AR İN ƏM DX Daşınmaz Əmlakın DKR PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********71 saylı məlumata əsasən daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində inşa edilmiş 787 saylı fərdi yaşayış evi üzərində Cavabdeh əmlak hüququnun qeydiyyatı aşkar edilməmişdir. İşdə olan "xxxx"ASC "xxxx"MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 1xx-xx/1556 saylı Texniki şərtin surətinə əsasən Cavabdeh sifarişi ilə Bakı şəhəri, Novxanı kəndində yerləşən yeni tikilmiş fərdi yaşayış evinə öz 0,4kV-luq SİP kabel xəttindən elektrik veriliş xətti çəkilməsinə razılıq verilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı cavabdehlər birgə nigah dövründə inşa edilmiş fərdi yaşayış evinin tikintisinə və təmirinə xərclənmiş 60000 manat pulun ½ hissəsində payının müəyyən edilməsini tələb edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 31-37-ci maddələrinə istinad edir. İddiaçı iddia edir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində 3 sot torpaq sahəsi alınaraq onun üzərində 787 saylı fərdi ev birgə nikah dövründə iddiaçı tərəfindən tikilmişdir. Tikilən yaşayış evi bir mərtəbəlidir və 3 otaqdan ibarətdir. Həmin ev birgə nikah dövrü zamanı əldə olunan gəlirlər hesabına tikilmişdir. Tikintisinə təxminən 60 min manat civarında pul xərclənmişdir. Hal-hazırda ev tam təmirlidir. Lakin nə torpağa, nə də həmin torpaq üzərində tikilən evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Hesab edir ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən torpaq torpaq sahəsi üzərində və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə və təmirinə xərclənən 60.000 manat pul məbləği üzərində tərəflərin ½ hissədə payları müəyyən edilməlidir. Cavabdehin iddia ərizəsinə etirazından müəyyən edilir ki, İddiaçı ilə 2001-ci ildə rəsmi nikaha daxil olaraq evlənmiş, onunla birlikdə İmişli rayonu Aranlı kəndində yaşamış və üç uşaqları olmuşdur. 2006-cı ildə o, Bakı şəhəri, Novxanı kəndi ərazisindəki bağlarda bağban kimi işə düzəlmiş və ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçərək işlədiyi bağın bağban evində yaşamışdır. 2018-ci ilin fevral ayında ailə üzvləri ilə birlikdə bacısı X2 məxsus olan Bakı şəhəri, Novxanı kəndi, İ.Qayıbov küçəsi 124 A-da yerləşən fərdi yaşayış evinə köçərək müvəqqəti olaraq yaşamış və 2023-cü ilin yanvar ayında münasibətlərinin pozulması səbəbindən İddiaçı ilə birdəfəlik ayrılaraq boşanmışlar. X3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Novxanı kəndi, İ.Qayıbov küçəsi 124 A-da yerləşən mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsində tikilmiş digər fərdi yaşayış evində yaşamış və boş olduğu üçün həmin evi onun ailə üzvlərinin müvəqqəti istifadəsinə vermişdir. Həmin ünvanda 0,02 ha torpaq sahəsində yerləşən başqa bir ev isə bacısı X5 məxsusdur. Bakı şəhəri, Novxanı kəndi, İ.Qayıbov küçəsi 124 A-da yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi X4 miras qalmış və vərəsəlik yolu ilə arvadı X1 mülkiyyətinə keçmişdir. X6 bacıları buna etiraz etdikləri üçün xx.xx.2011-ci il tarixdə həmin ərazidən 0,02 ha torpaq sahəsi görüntü yaratmaq məqsədilə ona bağışlamış və xx.xx.2022-ci il tarixdə eyni qaydada geri qaytarılmışdır. 2018-2023-cü illər ərzində onun ailə üzvlərinin istifadəsində olan 2 otaqlı fərdi yaşayış evi həmin 0,02 ha torpaq sahəsində X3 tərəfindən tikilmiş və xx.xx.2023- cü il tarixdə tam mülkiyyət hüququ ilə adına qeydiyyata alınmışdır. İddiaçı ilə birgə nikahda olduğu müddətdə qazandığı məbləğlər ailənin maddi təminatını tam şəkildə ödəməmiş, həmin müddətdə heç bir daşınmaz əmlak əldə edilməmişdir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, sübutlara obyektiv, düzgün qiymət verməyəyək maddi və prosessual hüquq normalarını pozmuşdur. Kollegiya iddiaçının bu dəlili ilə əlaqadar qeyd edir ki, İddiaçı iddia etdiyi kimi birgə nigah dövründə Sumqayıt şəhəri, Corat bağları ərazisində 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evində deyil, Cavabdeh hədiyyə edilmiş Bakı şəhəri, Novxanı kəndi, İ.Qayıbov küçəsi 124 A-da yerləşən 0,02 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 62,60 kv/m olan 2 otaqlı fərdi yaşayış evində yaşamışdır. Həmin torpaq sahəsi xx.xx.2011-ci il tarixdə ********** (reyestr nömrəsi:**********71 ) nömrəsi ilə Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə isə X2 bağışlanmış və üzərində yerləşən ümumi sahəsi 62,60 kv/m olan 2 otaqlı fərdi yaşayış evi ilə birlikdə xx.xx.2023-cü il tarixdə tam mülkiyyət hüququ ilə (reyestr nömrəsi: **********71-10301) onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının iddia etdiyi kimi, həmin pul vəsaiti birgə nigah dövründə Cavabdeh bağışlanmış əmlaka sərf edilsə də həmin əmlak yenə birgə nigah dövründə X2 bağışlanmışdır. Ona görə də həmin əmlak ər-arvadın ümumi birgə əmlakının tərkibinə daxil edilmədiyindən iddia tələbi haqlı sayıla bilməz. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində ehtiva edilən məhkəmə müdafiəsi hüququnun prosessual təminatını realizə edən mülki prosessual qanunvericilikdə göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarını hazırkı münasibətlər üzrə tətbiq etməzdən öncə müqayisəli təhlil edərək müəyyən edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. O, da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət edən şəxsin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək yekun nəticə kimi qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla heç bir sübut əhəmiyyəti daşımayan formal mülahizədən ibarətdir. Odur ki, kollegiya birinci instasniya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşaraq İmişli Rayon Məhkəməsinin 2(036)- 1931/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərləəsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və İmişli Rayon Məhkəməsinin 2(036)-1931/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1931/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar