Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-550/2023 12.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kоllеgiyаsı hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)- 1166/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 280 manat dəyərində 1 ədəd qızıl nişan üzüyünün, 2030 manat dəyərində komplekt qızıl dəstinin (üzük, sırğa, qolbaq və zəncirdən ibarət) və ya sözügedən əşyalar olmadıqda, onların dəyəri olan ümumilikdə 2310 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21 may 2021-ci ildə onunla cavabdeh arasında Sabirabad Regional “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində 412 saylı nikah qeydə alınmışdır. Heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmiş, cavabdehdən boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Nəticədə Saatlı Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(055)-768/2022 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış 21 may 2021-ci il tarixli, 412 saylı nikah qeydi pozulmuşdur. İddiaçıya məxsus qızıl-zinət əşyaları keçmiş əri olan cavabdehdə qalmışdır. Ayrıldıqdan sonra dəfələrlə iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını cavabdehdən istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək, iddiaçıya məxsus qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etmişdir. Həmin qızıl-zinət əşyaları 280 manat dəyərində 4 qram çəkisi olan 585 əyarlı 1 ədəd qızıl nişan üzüyündən və 2030 manat dəyərində ümumi çəkisi 29 qram olan 585 əyarlı komplekt qızıl dəstindən (üzük, sırğa, qolbaq və zəncirdən ibarət) ibarətdir. İddiaçı ona hədiyyə edilmiş və özünə məxsus olan qızıl-zinət əşyalarının qiymətini təyin etmək üçün Sabirabad rayonu Kooperativ Cəmiyyətinin əmtəəşünasına ərizə ilə müraciət etmiş, mütəxəssis rəyi ilə iddiaçıya məxsus qızıl-zinət əşyalarına qiymət qoyulmuşdur. İddiaçıya məxsus qeyd edilən qızıl-zinət əşyalarının ümumi satış qiyməti təqribən 2310 manat təşkil edir. Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(055)-1166/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mirlətif Sadıqov) iddia qismən təmin edilmiş, Cavabdeh 1 ədəd qızıl qolbağın, olmadıqda isə onun dəyəri kimi 200 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia qaldırılarkən ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(055)-1166/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməyən hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qızıl-zinət əşyalarının onun razılığı olmadan satıldığını dəfələrlə bildirsə də, məhkəmə bunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 34.1-ci maddəsinə istinad etsə də, iş üzrə heç bir araşdırma aparmadan, yalnız cavabdeh tərəfin verdiyi izahatlara əsaslanaraq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni qızıl-zinət əşyalarının iddiaçının iştirakı ilə satılsa belə, onun razılığı olmadan satılması halını nəzərə almamış və düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının izahatında guya qızılları özünün müalicə xərclərinə görə satdığını bildirməsi qeyd olunmuşdur. Lakin iddiaçı qızılların satıldığını bildirsə də, qızılların özü tərəfindən satıldığını yox, cavabdeh tərəfindən və onun müalicəsi üçün satıldığını bildirmişdir. İddiaçı qızılları satmaq istəməmiş, cavabdeh qızılları məcburi satmışdır. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək onu müdafiə etdiyini bildirdi. O qeyd etdi ki, həqiqətən də birinci instansiya məhkəməsinin iclasında qolbaqdan başqa digər qızıl-zinət əşyalarının onun iştirakı ilə satıldığını və satışdan əldə olunan pulu cavabdehə verdiyini bildirmişdir. Onların uşaqları olmadığına görə bir sıra müalicələr almış, sonda isə süni mayalanma prosedurundan istifadə etmişlər. Süni mayalanma üçün 3700 manata yaxın xərc çəkilmişdir. Lakin qızılların satışından əldə olunmuş pulun cavabdeh tərəfindən məhz süni mayalanma üçün ödənilib-ödənilməməsi barədə iddiaçıda məlumat yoxdur. Süni mayalanmadan sonra iddiaçı hamilə qalmış, lakin əsəb pozğunluğu səbəbindən orqanizm dölü rədd etmişdir. İddiaçı bildirdi ki, qızılların satışı ona edilmiş psixoloji təsirin nəticəsində baş vermişdir. Belə ki, onun qaynanası, baldızı və cavabdehin digər qohumları onların uşağı olmadığını dəfələrlə xatırlatmış, qızılların satılmaqla müalicəyə sərf olunmasını bildirmişlər. İddiaçı qeyd edilən hərəkətləri ona edilmiş psixoloji təsir hesab edir və belə qənaətə gəlir ki, nə qədər ki qızıllar ona edilmiş psixoloji təsir nəticəsində satılmışdır, onda həmin qızılların dəyəri cavabdehdən tutularaq ona ödənilməlidir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və qeyd etdi ki, iddiaçı qızılları onunla birlikdə gedərək satmışdır. Qızılların satılması ilə bağlı iddiaçıya qarşı hər hansı məcburedici hərəkət etməmiş, uşaqları olmadığına görə qızılları satıb əldə olunan məbləği müalicə məqsədilə, daha dəqiq desə, süni mayalanma prosesinə sərf etmişlər. Qızıllar da iddiaçının öz razılığı ilə satılmışdır. Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin qismən – iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni qismən – iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Saatlı Rayon Məhkəməsinin 2(055)-768/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında 21 may 2021-ci il tarixdə Sabirabad Regional “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış 412 saylı nikah pozulmuşdur. İşdəki birinci instansiya məhkəməsinin 20 dekabr 2022-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin iclasda iştirak edən iddiaçı övladları olmadığından iddia ərizəsində göstərdiyi əmlaklardan bir ədəd qızıl nişan üzüyünü və komplektə daxil olan bir ədəd qızıl üzüyü müalicə xərclərinin qarşılanması üçün lombarda qoyduğunu, sonradan həmin qızıl əşyalarını lombarddan götürüb satdığını və lombarda olan borcunu ödədiyini bildirmişdir. İddiaçı qeyd etmişdir ki, komplektdə olan zəncir və sırğa da müalicə ilə əlaqədar pula ehtiyacları olduğundan özü tərəfindən satılmış və xərclənmiş, qızıl qolbaq isə cavabdeh tərəfindən 200 manata satılmış və xərclənmişdir. O, qolbağın qiymətinin 200 manat olması ilə razı olduğunu bildirmiş, iddia ərizəsində göstərdiyi əmlakların əksəriyyəti özü tərəfindən satılsa da, həmin əmlaklar iddiaçıya məxsus olduğundan cavabdeh tərəfindən əvəzinin ödənilməli olmasını hesab etdiyini qeyd etmişdir. İşdəki birinci instansiya məhkəməsinin 20 dekabr 2022-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, həmin iclasda iştirak edən cavabdeh iddia ərizəsində göstərilənlərdən təqribi qiyməti 200 manat olan qolbağın onun tərəfindən, digər əşyaların isə müalicə ilə əlaqədar iddiaçı tərəfindən satıldığını bildirmiş, iddianın qismən, yəni qolbağa aid hissədə təmin olunmasına etiraz etmədiyini qeyd etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbində göstərdiyi qızıl-zinət əşyalarından yalnız dəyəri 200 manat olan qolbağın cavabdeh tərəfindən satılıb pulunun xərcləndiyini, qalan qızıl-zinət əşyalarının isə müalicə məqsədilə özü tərəfindən satılıb müalicəyə sərf olunduğunu bildirmişdir. İddiaçı apellyasiya şikayətində onun ifadəsinin qətnamədə təhrif edildiyini bildirsə də, iş materiallarında iddiaçının məhkəmə iclasının protokoluna qeydlər verilməsinə dair ərizəsi aşkar olunmur. Birinci instansiya məhkəməsi isə məhz iddiaçının qeyd etdiklərinə əsaslanmaqla haqlı olaraq iddia tələbini 200 manat dəyərində olan qolbağa münasibətdə təmin etmiş, qalan hissədə isə iddianı rədd etmişdir. Apellyasiya məhkəməsinin iclasında da iddiaçı qızılların onun iştirakı ilə satıldığını, lakin qızılların satılmasına razılığı olmadığını, onu buna cavabdehin məcbur etdiyini bildirmişdir. İddiaçının apellyasiya məhkəməsinin iclasında bildirdiklərinin onun birinci instansiya məhkəməsinin iclasında bildirdikləri ilə ziddiyyət təşkil etməsi ilə yanaşı, iddiaçı cavabdehin onu qızılların satılmasına məcbur etməsi halını təsdiq edən hər hansı sübut təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. İddiaçının hazırkı tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). İddiaçı iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyalarının ona hədiyyə edildiyini, bu səbəbdən də həmin əşyalar üzərində mülkiyyət hüququnun olduğunu bildirmişdir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulmuş qaydada öz mülkiyyətində olduğunu bildirdiyi qızıl-zinət əşyaları üzərində sərəncam verərək, onları satmışdır. Bu hal iddiaçının birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatla da təsdiq olunur. Bundan əlavə, iddiaçı apellyasiya məhkəməsinin iclasında da qızılların onun da iştirakı ilə satıldığını bildirmiş, cavabdehin onu buna məcbur etməsi halını sübut edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməmiş hissəsində birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrə əsaslandığından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi çıxış edə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-1166/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-550/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-550/2023
12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver