Məhkəmə qərarları › İş №2(106)-552/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-552/2023

04.04.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-552/2023 04.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X4, iddiaçılar İddiaçı2, İddiaçı1, Cavabdeh2 nümayəndəsi Nümayəndə1 və vəkili Nümayəndə2 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 avqust 2022-ci il tarixdə Maraqlı şəxs1 xüsusi notariusu X2 tərəfindən ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçılara və Cavabdeh1, eləcə də X1 məxsus olan (qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2021, reyestr nömrəsi: **********83) Lənkəran rayonunun Xarxatan kəndində yerləşən 0.9274 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmış daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsində tərtib edilmiş ilkin hüquqi sənədlərin etibarsız hesab olunmasını xahiş etmişlər. İddiaçılar sonra tələblərini dəqiqləşdirmiş, 0,9274 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmış daşınmaz əmlakın bağışlanmasına dair müqavilənin, eləcə də onun əsasında torpaq sahəsinə dair Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmış (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********83) Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar ərizələrində göstərmişlər ki, cavabdehlərdən Cavabdeh1 onların bacısı, Cavabdeh2 isə qardaşları Namiqin oğludur. Birgə mülkiyyətçi olaraq, İddiaçı1 və İddiaçı2 torpaq sahəsini qanunsuz istifadə edən Nümayəndə1 çıxarılmasına dair iddia ilə əvvəllər məhkəməyə müraciət etmişlər. Həmin işə məhkəmədə baxılarkən məlum olmuşdur ki, 26 avqust 2022-ci il tarixdə birgə mülkiyyətçilərdən Cavabdeh1 birgə mülkiyyətdə olan torpaq sahəsindən özünə məxsus hissəsini qardaşı oğlu, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 bağışlamışdır. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi cavabdehlər tərəfindən imzalanarkən digər mülkiyyətçilərin hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, birgə mülkiyyət hüququnu təsdiq edən Çıxarışda mülkiyyətçilərin hansı ölçüdə paya sahib olması göstərilməmişdir. Yəni bağışlama müqaviləsinin predmeti olan daşınmaz əmlak paylı deyil, ümumi birgə mülkiyyətdədir. Ümumi birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə birgə mülkiyyətçilərin razılığı ilə ilə mümkündür. Hazırkı halda isə belə bir razılıq olmamışdır. Birinci instansiya məhkəməsində, cavabdeh, həmçinin digər cavabdehin nümayəndəsi olan Cavabdeh2 iddianı qəbul etməmiş, etiraz edərək izahatında bildirmişdir ki, mülkiyyətçi Cavabdeh1 adından bağışlama müqaviləsini Nümayəndə1 imzalamış, sonuncunun sözügedən bağışlama müqaviləsini imzalamaq səlahiyyəti olmuşdur. Belə ki, onun adına Maraqlı şəxs1 xüsusi notariusu tərəfindən təsdiq olunmuş 30 iyul 2022-ci il tarixli etibarnamə olmuş və ona müvafiq səlahiyyətlər verilmişdir. Cavabdehin mövqeyinə görə, torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olması və digər mülkiyyətçilərin razılığının olmaması bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə əsas deyil. Birinci instansiya məhkəməsində İddiaçı3, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi və Maraqlı şəxs1 xüsusi notariusu iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin (hakim T.Məmmədov) 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin və s. hüquqi sənədlərin etibarsız hesab olunması» tələbinə dair iddiası rədd edilmişdir. Birinci istansiya məhkəməsi iddianı əsassız saymış və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 359, 666.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrini tətbiq etmişdir. Qətnamədən iddiaçılar Bünyamin, Famil və Failə Hüseynovlar birgə apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçılar apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətdə göstərilir ki, mübahisəli əmlak, yəni bağışlama müqaviləsinin predmeti olmuş 0.9274 ha torpaq sahəsi yalnız və bütövlükdə Cavabdeh1 mənsub deyil və o, birgə mülkiyyətdə olan əmlak barəsində öz istədiyi kimi sərəncam vermək iqtidarında ola bilməz. Hazırkı vəziyyətdə Cavabdeh1 hərəkəti 0.9274 ha torpaq sahəsinin digər mülkiyyətçilərinin qanunla qorunan hüquqlarını pozur. İ z a h a t l a r, p r o s e s s u a l m ə s ə l ə l ə r Apellyasiya baxışında iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar izahatlarında bağışlama müqaviləsinin qanunsuz olduğunu, müqavilə bağlanarkən digər mülkiyyətçilərin razılığının olmadığını, cavabdeh Mirnasir Hüseynovun adına olan çıxarışın etibarsız hesab edilməsini tələb etməklə, əslində onun adına olan qeydiyyatın etibarsız hesab edilməsini xahiş etdiklərini bildirmişlər. Cavabdeh2 nümayəndəsi Nümayəndə1 və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlilərinə qarşı etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabadehin nümayəndəsi izahatında bildirmişdir ki, bağışlama qanunidir. Belə ki, Hüsniyyənin torpaqda payı bəllidir və onun payını bağışlamaq hüququ olmuşdur. Bağışlama əsasında Mirnasirin adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Digər iddiaçılar, cavabdeh, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi və Maraqlı şəxs1 xüsusi notariusu X2 apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən işə xəbərdar edilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir. Lənkəran rayonu, Xarxatan kəndində yerləşən 0.9274 ha torpaq sahəsi Cavabdeh1, İddiaçı2, İddiaçı3, X3, İddiaçı1, Cavabdeh1 ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Maraqlı şəxs1 xüsusi notariusu tərəfindən təsdiq olunmuş 26 avqust 2022-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətçi Cavabdeh1 adından onun qardaşı Nümayəndə1, Lənkəran rayonu, Xarxatan kəndində 0.9274 ha torpaq sahəsinin Cavabdeh1 məxsus hissəsini öz oğluna- (mülkiyyətçinin qardaşının oğluna) Cavabdeh2 bağışlamışdır. Hazırkı tələblərində iddiaçılar bağışlama müqaviləsinin və Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmış daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız sayılmasını tələb etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, bağışlama müqaviləsinin bağlanmasına digər mülkiyyətçilərin razılığı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, sözügedən torpaq sahəsində mülkiyyətçilərin payı bərabərdir, ona görə mülkiyyətçi Cavabdeh1 öz payını satmaqda və ya payına dair sərəncam verməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Kollegiya hesab edir ki, iddia aşağıdakılara görə əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İddiaçıların tələblərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-ci və 222.2-ci maddələri təşkil edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Lənkəran rayonu, Xarxatan kəndində yerləşən 0.9274 ha torpaq sahəsi ilkin olaraq Cavabdeh1, İddiaçı2, İddiaçı3, X3, İddiaçı1 və Cavabdeh1 ümumi birgə mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Torpaq sahəsi üzrə mülkiyyətçilərin paylarının bərabər olması mübahisə doğurmur. Təsadüfi deyil ki, Mülki Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Kollegiya hesab edir ki, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzrə mülkiyyətçilərdən birinin, digər mülkiyyətçilərin razılığı olmadan, sərəncam verməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin şərtlərinə ziddir. Belə ki, həmin Məcəllənin 222.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Kollegiyanın mövqeyinə görə, ümumi mülkiyyətdə olan əşya üzrə mülkiyyətçilərin paylarının bölünməsi və ondan payın ayrılması baş vermədən, digər mülkiyyətçilərin razılığı olmadan əşya barəsində sərəncam verilməsi qanuni deyil. Kollegiya onu da izah etməyi lazım bilir ki, Qanunda “əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir” ifadəsi digər mülkiyyətçilərin razılığı olduğu halda əqdi mülkiyyətçilərdən birinin imzalamasını ehtiva edir. Belə halda digər mülkiyyətçilərin yazılı olmasa da ümumən razılığının olması (etirazlarının olmaması) ortada olmalıdır və əqdi imzalayan tərəf digər mülkiyyətçilərin razılığının olmasını da sübuta yetirməlidir. Mübahisəli bağışlama barədə müqavilənin imzalanmasında digər mülkiyyətçilərin razılığının olması barədə iş materiallarında hər-hansı dəlil yoxdur. İşin hallarından görünür ki, mübahisəli bağışlama müqaviləsinin bağlanmasını digər mülkiyyətçilər nəinki bəyənməyib, əksinə onların alıcı Cavabdeh2 ilə aralarında torpaqdan çıxarılma və torpağın naturada bölünməsi ilə bağlı hələ əvvəldən mübahisələri olmuşdur. Müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Nümayəndə1 qarşı onlara məxsus pay torpaq sahəsi və həmin pay torpaq sahəsində olan tikilinin zəbtdən azad olunması tələbinə dair iddiası Lənkəran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payların müəyyən edilməsi və torpaq sahələrinin naturada bölünməsi tələbinə dair mülki işə baxılana qədər dayandırılmışdır. Bundan başqa, iddiaçılar Nümayəndə1 və Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 və İddiaçı3 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahələri üzərində payların müəyyən edilməsi və torpaq sahələrinin naturada bölünməsi tələbinə dair iddiası Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Bu hal həm də ona dəlalət edir ki, mübahisəli müqavilənin tərəfləri, o cümlədən alıcı Cavabdeh2, birgə mülkiyyətçilərdən Cavabdeh1 torpaq sahəsinin özünə aid hissəsinin birinciyə bağışlamasına digər mülkiyyətçilərin razılığının olmamasından məlumatlı olmuşdur. Göstərilənlər onu deməyə əsas verir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında olan xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi bağlanarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlər pozulduğundan etibarsızdır, ona görə bu hissədə iddia əsaslıdır və təmin edilməlidir. İddiaçıların tələbinin ikinci hissəsi- Cavabdeh2 adına yazılmış çıxarışın etibarsız hesab edilməsi, iddiaçının tələbinin birinci hissəsi ilə, yəni bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlıdır. Bağışlama müqaviləsinin etibarsızlığı həmin müqavilənin nəticələrinin etibarsızlığına səbəb olur. Kollegiya qeyd edir ki, iddiaçılar ərizəsində Cavabdeh2 adına olan çıxarışın etibarsızlığını xahiş etməklə, mahiyyətcə daşınmaz əmlakın Dövlət Reyestrində sonuncunun adına olan hüquqi qeydiyyatın etibarsızlığını tələb etmişlər. Ona görə, bu hissədə də iddia əsaslıdır və təmin edilməli, mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 adına olan hüquqi qeydiyyat və mülkiyyət hüququnu təsdiq edən çıxarış etibarsız hesab edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, iddia əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, Lənkəran rayonunun Xarxatan kəndində yerləşən 0,9274 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Maraqlı şəxs1 xüsusi notariusu tərəfindən təsdiq olunmuş (4Ə-1622 nömrə ilə reyestrdə qeydə alınmış) 26 avqust 2022-ci il tarixli bağışlama müqaviləsi, eləcə də onun əsasında 0,9274 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsində Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmış (qeydiyyat nömrəsi: **********), Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab olunmalıdır. Apellyasiya şikayəti təmin edildiyindən, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi- 150 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçılar Bünyamin, Famil və Failə Hüseynovlara ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(049)-3146/2022 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Lənkəran rayonunun Xarxatan kəndində yerləşən 0,9274 ha torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Maraqlı şəxs1 xüsusi notariusu tərəfindən təsdiq olunmuş (4Ə-1622 nömrə ilə reyestrdə qeydə alınmış) 26 avqust 2022-ci il tarixli bağışlama müqaviləsi, eləcə də onun əsasında 0,9274 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsində Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmış (qeydiyyat nömrəsi: **********), Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab olunsun. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 150 manat məbləğində pul vəsaiti tutulub, İddiaçı1, İddiaçı2, İddiaçı3 ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar