Məhkəmə qərarları › İş №2(106)-56/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-56/2023

08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-56/2023 08.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikahları dövründə inşa edilən tikiliyə qoyulmuş vəsaitin bölünməsi və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası üzrə Beyləqan Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(020)-26/2022 saylı qətnaməsindən (hakim S.Seyfullayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “birgə nikahları dövründə inşa edilən tikiliyə qoyulmuş vəsaitin bölünməsi və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən yarımçıq tikiliyə sərf olunmuş 50000 manat məbləğində pulun 1/2 hissəsi, yəni 25000 manat məbləğində pulun, ona hədiyyə olaraq verilmiş ümumi dəyəri 2300 manat olan üç üzük, cavabdehin ona hədiyyə kim aldığı 400 manat məbləğində mobil telefonun qaytarılmasını, əgər onları qaytarmaq mümkün deyilsə, o zaman dəyərlərinin ona tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə el adəti ilə toy edib 17 avqust 2015-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından 08 yanvar 2017-ci ildə X25 və 30 oktyabr 2Q18-ci ildə X20 adlı övladları olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan kəskinləşmiş və bu fonda baş verən anlaşılmazlıqlara, dava-dalaşlara dözməyərək iki uşağını da götürüb yaşadığı evi tərk etmişdir. Hazırda valideynləri ilə birgə yaşayır. 05 may 2020-ci il tarixdə Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahda olduqlqrı dövrdə keçmiş əri Cavabdehlə birlikdə Beyləqan rayonu, Təbriz küçəsi, ev 35 ünvanında yerləşən torpaq sahəsində ev tikmək qərarına gəlmişlər və evlərini tikməyə başlamışlar. Lakin müəyyən müddət sonra baş vermiş narazılıqlar səbəbindən yaşadığı evini məcburiyyətdən tərk etmiş, tikintisi aparılan ev isə yarımçıq qalmışdı. Qeyd etdiyi ünvanda yerləşən torpaq sahəsini Cavabdeh ünvan 2iyyəti başçısının 05 may 2010-cu il tarixli qərarı ilə əldə etmişdir. Sözügedən yarımtikili birgə nikahları dövründə tikilmiş, inşasında onun valideynlərinin maddi cəhətdən böyük rolu olmuşdur. Tikiliyə xərclənmiş məbləğlər birgə nikahları dövründə əldə edilmiş qazanc hesabına deyil, məhz onun valideynlərinin onlara etiyi maddi yardım hesabına olmuşdur. Belə ki, valideynləri müxtəlif məbləğlərdə pul verərək evi tikməyə köməklik etmişlər. Tikiliyə ümumilikdə 50000 manat məbləğində pul sərf olunduğu üçün, həmin məbləğ cavabdehlə aralarında 1/2 hissəyə bölünməli və pulun ona aid olan hissəi, yəni 25000 manat ona qaytarılmalıdır. Məhkəmə iclasında şahidlər də təsdiqləyə bilərlər ki, 2018-ci ildə keçmiş həyat yoldaşı Cavabdehlə birlikdə onun evinə getmişlər, Beyləqan rayonu, Təbriz küçəsi, ev 3 ünvanında yerləşən 6 sot torpaq sahəsinin üzərində ev tikmək istəmişlər. Sonra da həmin 6 sot torpaq shəsində 2 mərtəbəli ev tikməyə başlamışlar. Sözügedən yarımtikilinin qiymətləndirilməsi üçün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü X6 müraciət edilmiş, lakin qiymətləndirici tərəfindən tikilinin qiymətini müəyyən etmək mümkünsüz olmuşdur. Belə ki, qiymətləndirici tikiliyə baxış keçirmək üçün qeyd olunan əraziyə getmiş, lakin orada olan şəxslər ona daxil olmağa icazə verməmiş və bildirmişlər ki, Jdanov şəhər XDS İcraiyyə Komitəsinin 27 fevral 1989-cu il tarixli iclasının “Vətəndaşlara həyətyanı torpaq sahəsinin verilməsi barədə” qərarına əsasən, həmin torpaq sahəsi X21 ayrılmışdır. Həmin adı çəkilən qərar tamamilə saxta və əsassızdır. Tikilidə olan şəxslər qiymətləndiriciyə yalan məlumat vermişlər. Həmin torpaq sahəsi məhz Cavabdeh adına olmuş və sonradan onun razılığı olmadan qanunsuz olaraq başqasına bağışlanmışdır. Bundan başqa ona hədiyyə kimi verilən 3 üzük keçmiş qayınanası X7 tərəfindən götürülmüşdür. Həmin üzüklərdən biri anası X11 tərəfindən, biri nişanlarında keçmiş həyat yoldaşı Cavabdeh xalası oğlu Mübariz tərəfindən, digəri isə keçmiş qayınanası X7 tərəfindən hədiyyə kimi verilmişdir. Anasının ona hədiyyə kimi verdiyi üzük 1000 manat, keçmiş həyat yoldaşı Cavabdeh xalası oğlu Mübariz tərəfindən hədiyyə kimi verilən üzük 600 manat və keçmiş qayınanası X7 tərəfindən hədiyyə kimi verilən üzük isə 700 manat dəyərində olmuşdur. X4 dəfələrlə həmin üzüklərin qaytarılmasını xahiş etsə də, o həmin əşyaları qaytarmaqdan imtina etmişdir. Bunlardan da başqa keçmiş həyat yoldaşı Cavabdeh birgə nikahları dövründə ona hədiyyə kimi 400 manat məbləğində smart markalı mobil telefon almışdır. Lakin evdən məcbur qalıb tələsik çıxdığı üçün həmin mobil telefon cavabdehdə qalmışdır. Ona görə də həmin əmlakların cavabdehdən alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı ilə el adəti ilə toy edib 17 avqust 2015-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından iki övladları olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan kəskinləşmiş və 05 may 2020-ci il tarixdə Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Beyləqan rayonu, Təbriz küçəsi, ev 35 ünvanında yerləşən torpaq sahəsi anası X1 məxsusdur və həmin torpaq sahəsi anasının mülkiyyətindədir. Həmin torpaq üzərində yarımçıq tikilini atası X14 qardaşı X12 öz vəsaiti hesabına tikdirirdi. Həmin tikili ona yox, qardaşına məxsusdur. O, həmin yerdə ev tikdirməyib. İddiaçı onun evindən küsülü gedərkən evdə heç kəs olmayıb. Birgə nikah dövründə qızıl-zinət əşyaları alınsa da, həmin qızl-zinət əşyaları iddiaçıda olmuş, həmin qızıl-zinət əşyalarını iddiaçıdan almamışdır. İddiaçı bütün qızıl-zinət əşyalarını, sənədlərini və telefonunu da aparmışdır. Hazırda iddiaçıya məxsus onun evində heç bir əmlakı qalmamışdır. Beyləqan Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(020)-26/2022 saylı qətnaməsi ilə iddia rəd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırır ki, İddiaçı Cavabdeh ilə birgə nikahları dövründə Beyləqan rayonu, Təbriz küçəsi, ev 35 ünvanında yerləşən torpaq sahəsində inşa olunan yarımçıq tikiliyə 50000 manat vəsaitin sərf olunduğunu bildirərək 1/2 hissəsini, yəni 25000 manat məbləğində pul tələb etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin həmin iddiaçı məhkəmə iclasında tikilinin onlara məxsus olması barədə hər hansı bir sənəd təqdim etməmişdir. Belə olan halda iddiaçının izahatı inandırıcı olmamaqla, iş materialları ilə təkzib olunur. Qızl-zinət əşyaları iddiaçıda olmuş, iddiaçı evdən məcbur qalıb, tələsik çıxdığı üçün həmin qızıl-zinət əşyaları və birgə nikahları dövründə iddiaçıya hədiyyə kimi verilən 400 manat dəyərində smart markalı mobil telefonun cavabdehin evində qalmasına dair iş materiallarına heç bir əsaslı sübut əlavə olunmamışdır. Həmin hal məhkəmədə sübuta yetməmiş, həmin əmlakların cavabdehin evində olması öz təsdiqini tapmışdır. Çünki heç bir təzyiqin olmamasını nəzərə alaraq iddiaçının özünün istifadəsində olmuş qızıl zinət əşyalarını və mobil telefonu ər evini tərk edərkən özü ilə görürmək imkanının olması istisna deyildir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa istinad olunaraq, belə əsaslandırılmışdır ki, işə baxan hakim işi hərtərəfli, tam və obyektiv araşdırmamış, tərəfli olmuşdur. Buna görə də çıxarılmış qətnamənin əsassız və qanunsuz olduğunu, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini güman edir. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bununla əlaqədar olaraq bildirir ki, birgə nikahda olduqları dövrdə (2015-2020-ci illərdə) keçmiş həyat yoldaşının mülkiyyətində olan (**********№- li, xx.xx.2019-cu il tarixli çıxarışla) Beyləqan rayonu, Təbriz küçəsi, ev 35 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində tikilini tikməyə başlamışlar. Lakin onlar artıq boşanmaq ərəfəsində olduqları zaman Cavabdeh 26 sentyabr 2019-cu il tarixdə 1 saylı "Səyyar Asan Xidmət Mərkəzi"ndə notariat ofisinin xüsusi notariusu C.M.Qasımov tərəfindən təsdiqlənmiş 4Ə-445 reyestr nömrəli 26 sentyabr 2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən qardaşı X12 bağışlamışdır. Bundan başqa, birgə nikahları dövründə tikintiyə başlamamışdan öncə tikəcəkləri ev üçün ideya olsun deyə X2 evinin tikilmə formasına baxmaq üçün getmişlər. Sonra da həmin 6 sot torpaq shəsində 2 mərtəbəli ev tikməyə başlamışlar. Həmçinin atası, X13 2019-cu ildə Araz Kərimovun mağazasına getmiş və evin tikintisi üçün müxtəlif sayda kubik almaq istədiyini bildirmişdir. A.Kərimov da həmin kubikləri tikilməkdə olan evlərinin həyətyanı sahəsinə gətirmişdir. Kubiklərin pulunu da A.Kərimova vermişdir. Habelə atası özünə məxsus mal-qarasını sataraq satışdan əldə olunmuş pulu onlara borc olaraq vermiş, onlar da həmin pulu evlərinin tikintisinə xərcləmişlər. Keçmiş həyat yoldaşı Cavabdeh anası X11gilə gedərək ondan evin tikintisi üçün borca pul almışdır. Bütün bu qeyd olunanları şahidlər də məhkəmədə dindirilərkən ifadələrində göstərmişlər. Qeyd olunanları iddia ərizəsində qeyd etməyinə, tələbini təsdiqləyən şahidlərin verdiyi ifadələrin olmasına baxmayaraq, birinci instansiya məhkəməsi yalnız cavabdehin izahatını, cavabdeh tərəfindən çağırılmış yalnız bir şahidin ifadəsinə "söykənərək" əsassız və qanunsuz qətnamə çıxartmışdır. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Baxmayaraq ki, Cavabdeh ilə aralarında bağlanmış nikah 05 may 2020-ci il tarixdə Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur, özünün və balalarının haqqını tələb edir. Sözügedən tikiliyə tərəfindən də xeyli miqdarda vəsait qoyulmuşdur. Odur ki, Cavabdeh guya "sözügedən tikili onun atası və qardaşının vəsaiti hesabına məhz qardaşı Murad Mirzəyev üçün tikilib"- kimi verdiyi ifadəsinə məhkəmənin inanması, tərəfindən təqdim edilmiş sübutların isə nədənsə məhkəməyə inanadıncı görünməməsi, işə baxan hakimin işdə maraqlı olmasını, onun işə qərəzli münasibət bəsləməsini sübut edir və buna görə də həmin hakim məhz maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə çıxarmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və işdə olan sübutlar əsasında yeni qətnamə çıxarılaraq iddia tələbi tam təmin edilməlidir. Məhkəmə tərəfindən iş kifayət qədər hərtərəfli araşdırılmamış, tərəfindən təqdim olunmuş sübutlar nəzərə alınmamış, şahid ifadələri sadəcə qətnamədə qeyd edilməklə kifayətlənilmiş, nə üçün tərəfindən çagırılıb dindirilmiş şahidlərin ifadələrinin mötəbər hesab edilmədiyi əsaslandırılmamış, cavabdeh tərəfindən çağırılmış yalnız bir nəfər şahidin ifadəsinə və cavabdehin izahatına əsasən məhkəmə iddianı rədd etmişdir. Qətnamədə cavabdeh keçmiş həyat yoldaşı Mirzəyev X17 rayonu, Təbriz küçəsi, ev 35 ünvanında yerləşən tikilinin atası X9 və qardaşı X10 vəsaiti hesabına tikildiyini bildirmiş, lakin bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Tərəfindən isə X11, X15, X22 və X16 şahid kimi çağırılıb dindirilmişlər və onlar şöz, ifadələrində Beyləqan rayonu, Təbriz küçəsi, ev 35 ünvanında yerləşən tikilinin məhz onunla Cavabdeh tikdirdiklərini bildirmişlər. Həmçinin şahid qimində çağırılıb dindirilən X15 qeyd olunan ünvanda ev tikdirmək məqsədilə pul verdiyini, lakin Cavabdeh həmin pulu qaytarmadığını da bildirmişdir. Cavabdeh isə vıcdansızcasına, yalandan tikilinin atası və qardaşının vəsaiti hesabına tikdirildiyini, onun tərəfindən isə tikintiyə vəsaitin qoyulmasını danmışdır. Məhkəmə Ailə Məcəlləsinin 35-d maddəsinin tələbini pozmuş, sözügedən tikilinin məhz birgə nikah dövründə tikilməsini və həmin tikiliyə tərəfinədn xeyli miqdarda vəsaitin qoyulmasını nəzərə almamışdır. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının anasıdır və mübahisəli ev onların köməkliyi ilə tikilib. Cavabdehə evi tikməsi üçün üç min manat məbləğində pul vermişlər. Evin sənədlərini gözlərilə görmüşdür, ev Cavabdeh adına olub. Qızı boşanma üçün ərizə verəndən bir gün sonra isə cavabdeh gedib qardaşına bağışlayıb evi. Dəfələrlə evin qiymətlədirilməsi üçün mütəxəssiz göndərsələrdə, cavabdeh evə baxmağına imkan verməyib. Qızılları iddiaçının əlindən qaynanası alıb, sadəcə qızıllar Elgünə çatır deyə ondan tələb etmişlər. Məhkəmədə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında göstərdi ki, onun adına heç bir mülk yoxdu. Qarşı tərəf qiymətləndirmə üçün müraciət edəndə cavab gəlib ki, Cavabdeh adına heçnə yoxdur qeydiyyatda. Torpaq onun adına olmayıb, Mirzəyev Sakitin adına olub. Qardaşı həmin torpaqda ev tikdiyi üçün, torpağı qardaşına bağışlamışdır. Mübahisəsi aparılan ev onun qardaşına bağışladığı torpaq sahəsində, o, Beyləqan rayonuna gələndə, yəni 2017-2018ci ildə tikilib. İş üzrə təyin olunmuş ekspertizanın rəyi ilə də razı deyildir, çünki ekspert onun iştirakı olmadan kənardan evə baxmaqla rəy verib. Digər əşyalara gəldikdə isə, iddiaçı evdən çıxanda hər şeyini götürüb, necə oldu ki, bir tək qızılları yadından çıxardı ? Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında qismən ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki,İddiaçı və Cavabdeh birgə xahişlərinə əsasən onlara Beyləqan rayonu, Təbriz küçəsində ev tikdirmək məqsədilə 4000 manat pul vermişdir. Həmin pulu o, 2018-ci ildə İddiaçı həyat yoldaşı Cavabdeh vermişdir. Sonra həmin pulu ona Cavabdeh qaytarmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Beyləqan rayonu, Təbriz küçəsində yerləşən iki mərtəbəli evi 2018-ci ildən Cavabdeh tikdirirdi. Həmin evin həyətinə o, çox gəlmişdir və ustaların işlədiyini görmüşdür. Hazırda həmin ev yarımçıq tikili kimi qalıb. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur. Beyləqan rayonu, Təbriz küçəsində yerləşən evə ustalara yemək gətirmişdir. Ustalar həmin evi Cavabdehlə İddiaçı tikdirdiklərini ona demişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dölət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş X27 kitabında 18 oktyabr 2010-cu ildə 2358 nömrə ilə uçota alınmış A№301336 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh mülkiyyətində Beyləqan şəhərində 599.5 kv.metr həyətyanı torpaq sahəsi vardır, plan və ölçü sənədinin tərtib edilməsinin əsasını ünvan 2iyyəti başçısının 05 may 2010-cu il tarixli 28 nömrəli sərəncamı təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon 1 saylı notariat ofisi tərəfindən vəkil sorğusu əsasında təqdim edilən "torpaq sahəsinin bağışlanması"na dair notariat işindəki sənədlərdən aşağıdakılar müəyyən olunur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 sentyabr 2019-cu ildə verilmiş **********49 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Beyləqan şəhəri, Təbriz küçəsində yerləşən 0.06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərindən tam pay üzrə Cavabdeh xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır, Cavabdeh 24 sentyabr 2019-cu ildə notariat ofisinə ərizə ilə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 sentyabr 2019-cu ildə verilmiş çıxarış əsasında Beyləqan şəhəri, Təbriz küçəsində yerləşən torpaq sahəsini bağışlamaq istədiyini bildirərək, həmin torpaq sahəsi üzərində qadağanın olub-olmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş etmişdir, Hədiyyə verən Cavabdeh ilə hədiyyə alan X23 arasında 26 sentyabr 2019-cu ildə bağlanmış "daşınmaz əmlakın bağışlanması müqaviləsi"nə əsasən hədiyyə verən mülkiyyət hüququ ilə ona məxsus olmaqla Beyləqan şəhəri, Təbriz küçəsində yerləşən 0.06 ha torpaq sahəsini qardaşı olan hədiyyə alanın mülkiyyətinə vermişdir. İş materiallarına əlavə olunmuş İddiaçı keçmiş əri tərəfindən Beyləqan rayonu, Təbriz küəsində yerləşən torpaq sahəsinin qanunsuz olaraq başqa şəxsə özgəninkiləşdirilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsi tərəfindən verilmiş cavab məktubunda qeyd olunur; aparılan araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsinin bağışlanması barədə Beyləqan rayonu notariat ofisində 26 sentyabr 2019-cu ildə notariat hərəkəti aparılmışdır. Notariat işində mövcud olan sənədlər araşdırılarkən sözügedən torpaq sahəsinin Beylqan rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli qərarı ilə ayrılması müəyyən edilmişdir. Toplanmış sənədlərə əsasən Cavabdehlə nikahınız 17 avqust 2015-ci ildə qeydiyyata alınmışdır. Torpaq sahəsi birgə nikah dövründə əldə olunan əmlak hesab edilmədiyindən, özgəninkiləşdirilməsi zamanı qanunvericiliyə uyğun olaraq razılığı alınmamışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 21 yanvar 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 3 ünvanında 0.06 ha torpaq sahəsi üzərində inşa olunan yarımçıq tikilinin torpaq sahəsi nəzərə alınmaqla likvid bazar dəyəri 36830.00 manat müəyyən olunur. Mülki işin apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq, ekspertiza qarşısında cavablandırılmasından ötrü aşağıdakı sual qoyulmuşdur; Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X27 kitabında 18 oktyabr 2010-cu il tarixdə 2358 nömrə ilə uçota alınmış A№ 301336 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ünvan 2iyyəti başçısının 05 may 2010cu il tarixli 28 nbmrəli qərarı əsasında Cavabdeh Beyləqan şəhəri ərazisindən ayrılmış 599.5 kv.metr torpaq sahəsində (sonradan DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********49 reyestr nömrəli çıxarışda Beyləqan şəhəri, Təbriz küçəsində yerləşən 0.06 ha ölçüdə yaş. mənt. torp. kimi qeyd olunub) inşa olunan, iş materiallarında fotoları əks olunmuş yarımçıq tikiliyə (materiallar, usta pulu və digər xərclər daxil olmaqla) çəkilən xərc müəyyən edilsin? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli 10/5391 saylı ekspert rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş sual üzrə aşağıdakı formada cavablandırılmışdır; Beyləqan şəhəri, Təbriz küçəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində inşa edilmiş yarımçıq tikilinin inşası üçün çəkilmiş xərcin ümumi dəyəri təqribən 31217.00 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə işin faktiki hallarnın tam araşdırılmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə tərəflərin birgə nikahları dövründə yarımçıq tikiliyə sərf olumuş pulun ½ hissəsinə iddiaçının payının müəyyən edilməsi və cavabdehdən alınmasının təmin olunmaması hissədə ləğv edilərək, iddianın həmin hissədə qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki iddia tələbi üzrə iddianın təmin edilməsi üçün Ailə Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulmuş hər iki dispozisiya şərtinin sübuta yetirilməsi zəruridir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından hesab edir ki, Ailə Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulmuş hər iki dispozisiya şərti təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapır. Belə ki, mübahisəli tikili tərəflərin birgə nikahları dövründə cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş, inşasına 31217.00 manat məbləğində vəsait sərf edilmiş, tərəflərin münasibətləri pozulandan sonra inşası dayandırılmış, iddiaçı tərəfindən məhkəmədə nikahın pozulmasına dair iddia qaldırılandan sonra isə torpaq sahəsi cavabdeh tərəfindən qardaşına bağışlanmaqla özgəninkiləşdirilmişdir. Kollegiya hesab edir ki, iddiaçı yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından birgə nikahları dövründə özlərinə yaşamaq üçün tikilən evin inşasına sərf olunmuş pul vəsaitinin ikidə bir hissəsində payının müəyyən edilməsi, payına mütənasib məbləğin cavabdehdən alınması tələbini irəli sürməkdə tam haqlı olmuşdur. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin tərəflərin münasibətləri faktiki olaraq pozulandan sonra cavabdeh tərəfindən qardaşına bağışlanması yolu ilə özgəninkiləşdirilməsinə, torpağın mülkiyyətçisinin hazırda cavabdeh deyil, başqa şəxs olmasına baxmayaraq, hazırki iddiaya cavab verməli olan şəxs məhz cavabdehdir. Belə ki, cavabdeh qardaşı ilə bağlamış olduğu əvəzsiz əqd üzrə torpaq sahəsini bağışlamaqla, üzərində inşa olunan tikili başa çatdırılandan sonra tikiliyə də, mülkiyyət hüququnun qardaşının adına qeydə alınmasına hüquqi zəmin yaratmışdır. Burada cavabdehin qardaşı əsassız varlanan şəxs deyildir, lakin cavabdeh iddiaçı ilə birgə nikahları dövründə əldə etdikləri qazanc hesabına inşa olunan tikilini də bağışladığından, tikilinin inşasına sərf olunan vəsaitdəki iddiaçının payını verməlidir. Apellyasiya şikayətinin dəlillərini iddianın təmin olunmayan qızıl-zinət əşyalarına və mobil telefon aparatına münasibətdə tədqiq edən kollegiya dəlilləri həmin hissədə əsaslı hesab etmir. Əvvəla ona görə ki, iddiaçı iddia ərizəsində qeyd edir, nümayəndəsi isə məhkəmə baxışında bildirir ki, qızılları əlindən qaynanası alıb, lakin həmin hissədə tələb qaynanaya qarşı deyil, keçmiş ərinə qarşı qaldırılıb. Bundan başqa iş materiallarında həmin qızılların mövcudluğuna, həqiqətən iddiaçıya hədiyyə olunmasına, ər evini tərk edərkən hansı şəraitdə tərk etməsinə və ər evində qalmasına dair hər-hansı bir sübut yoxdur. Mobil telefon aparatına gəlincə, cavabdeh telefonu iddiaçıya həddiyyə etdiyini bildirsə də, iddiaçı ər evini tərk edərkən telefonun da evdə qalmasına dair sübut verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması mahiyyət etibarı ilə qismən düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Bundan başqa iddiaçı məcburi köçkün olaraq məhkəmədə verilən iddialar üzrə dövlət rüsumunu ödəməkdən azad olduğundan, idda qaldırılan zaman qüvvədə olan "Dövlət rüsumu haqqında" Qanuna müvafiq olaraq ödənilməli olan 30 manat dövlət rüsumu da, cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1,385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(020)-26/2022 saylı qətnaməsi tərəflərin birgə nikahları dövründə inşa olunan yarımçıq tikiliyə sərf olunan pulun ikidə bir hissəsinə iddiaçının payının müəyyən edilməsi və cavabdehdən alınması tələbinin təmin olunmaması hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 15608.5 (on beş min altə yüz səkkiz manat əlli qəpik) alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar