Məhkəmə qərarları › İş №2(106)-565/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-565/2025

13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-565/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 qarşı aliment tələbinə dair mülki iş üzrə Q ə r a r d a d İş № 2(106)-565/2025 Açar sözlər: aliment tələbi. (xitam) X14 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçının cavabdeh X1 qarşı aliment tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(022)-1532/2024 saylı qətnaməsindən (hakim N.Mirzəyev) İddiaçı və vəkili X4 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2010-cu ildə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 235 manat alimentin Cavabdeh Zülfuqar qızından alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə el adəti ilə ailə həyatı qurmuş, nikahlarını isə 08 iyun 2010-cu il tarixdə Biləsuvar RİHB-nın Bəydili kənd İƏD üzrə nümayəndəliyində qeyd etdimişlər. Birgəyaşayış dövründə xx.xx.2010-cu il tarixdə Nicat, xx.xx.2013-cü il tarixdə isə Aytac adlı uşaqları anadan olmuşdur. Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(022)-33/2024 saylı qətnaməsinə əsasən iddiaçı ilə Cavabdeh arasında 08 iyun 2010-cu il tarixdə Biləsuvar rayon Bəydili kəndi üzrə inzibati ərazi nümayəndəliyində qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından xx.xx.2013-cü ildə doğulmuş X8 anası Cavabdeh, xx.xx.2010-cu ildə doğulmuş X7 atası İddiaçı yanında saxlanması, xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin iddiaçıdan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmənin qeyd edilmiş qətnaməsinə əsasən xx.xx.2010-cu ildə doğulmuş X7 iddiaçının yanında saxlanılması müəyyən edildiyindən həmin uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində aliment Cavabdeh alınaraq cavabdehə verilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdeh X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(022)-1532/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı vəkili X4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun tələblərinə müvafiq olaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu ildə doğulmuş X7 məhkəmə qərarına əsasən onun yanında saxlanılması müəyyən edildiyindən həmin uşağın mənafeyi ilə əlaqıdar onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində alimentin onun tərəfindən tələb edilməsi qanuni və əsaslıdır. Çox qəribə bir mənzərə yaranmışdır. Hər iki uşaq nigahda olan valideynlərdən dünyaya gəlmişdir. Ananın yanında saxlanılan uşağa görə o aliment ödəməlidir, lakin onun yanında saxlanılan yetkinlik yaşına çatmayan uşağa görə isə ana aliment ödəməməlidir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ilə maddi hüquq norması pozulmuşdur. Qadın və kişi olmasından asılı olmayaraq qanun qarşısında valideynlər bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin məhkəmə qərarından isə belə məlum olur ki, ana olan valideynin hüquqları, kişi olan valideyn kimi onun hüquqlarından üstündür. Həm o, həm də Cavabdeh rəsmi qaydada işləyir və əmək haqqı alırlar. Çiçəyin əmək haqqı onun əmək haqqından çoxdur. Çiçək əlavə olaraq hər ay ondan 120 manat alment alır. Onun maddi durumu iddiaçının maddi durumumdan qat-qat yaxşıdır. Lakin qərar qəbul edən məhkəmə hansı əsasla aliment tələbi barədə iddianı təmin etməməyini əsaslandırmamışdır. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı bundan əvvəl hazırkı cavabdehə qarşı nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə çıxarılan xx.xx.2024-cü il tarixli qətnamə ilə iddiaçının iddiası qismən təmin edilmiş, nikah pozulmuş, uşaqlardan biri iddiaçının, digəri isə cavabdehin yanında saxlanılmış, lakin cavabdehin yanında saxlanılan uşaq üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulması müəyyən edilsə də iddiaçının yanında saxlanılan uşaq üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı ilk dəfə məhkəməyə müraciət edən zaman uşaqların hər ikisi iddiaçının yanında olmuş və iddiaçı hər uşaq üçün cavabdehdən 200 manat aliment tələb etmişdir. Hazırkı iddia ilə isə iddiaçı cavabdehdən 235 manat aliment tələb edir. Cavabdeh tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Hazırkı işdə iddiaçı vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etməklə, mahiyyətcə qətnaməni tam olaraq mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının şikayətinin dəlilləri üzrə, tam yoxlanılmasını qanunauyğun hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)- 33/2024 sayl qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 08 iyun 2010- cu il tarixdə Biləsuvar Rayon Bəydili kəndi üzrə inzibati ərazi nümayəndəliyində qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2013-cu il tarixdə doğulmuş X10 anası Cavabdeh, xx.xx.2010-cu il tarixdə doğulmuş X11 atası İddiaçı yanında saxlanılması, xx.xx.2013-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmiş, alimentin tutulması 02 aprel 2024-cü il tarixdən müəyyən edilmişdir. İş materiallarında olan AZ-İ № 424939 saylı X6 Şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahına Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)- 33/2024 sayl qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən xitam verilmişdir. İş materiallarında olan AZ-İİİ № 200303 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur.Uşağın ata adı qrafasında İddiaçı, ana adı qrafasında Cavabdeh göstərilmişdir. İş materiallarında olan AZ-İİ № 455711 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2010-cü il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında İddiaçı, ana adı qrafasında Cavabdeh göstərilmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı daha əvvəl Biləsuvar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, nikah qeydinin pozulmasını, yetkinlik yaşına çatmayan uşaqların atanın yanında qalmasının müəyyən edilməsini və yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər uşaq üçün 200 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-33/2024 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 08 iyun 2010- cu il tarixdə Biləsuvar Rayon Bəydili kəndi üzrə inzibati ərazi nümayəndəliyində qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2013-cu il tarixdə doğulmuş X10 anası Cavabdeh, xx.xx.2010-cu il tarixdə doğulmuş X11 atası İddiaçı yanında saxlanılması, xx.xx.2013-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmiş, alimentin tutulması 02 aprel 2024-cü il tarixdən müəyyən edilmişdir. MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi İddiaçı daha əvvəl də Cavabdeh qarşı aliment tələbi əsası ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-33/2024 nömrəli qətnaməsi ilə iddia aliment tələbi hissəsində təmin edilməmiş, əksinə xx.xx.2013-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Kollegiya hesab edir ki, hazırkı iddia tələbi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə olan iddiadır. Belə ki, iddiaçı Biləsuvar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-33/2024 nömrəli qətnaməsi üzrə də cavabdehdən aliment (hər uşaq üçün 200 manat olmaqla) tələb etmiş, lakin iddiaçının iddiası aliment ntələbi hissədə təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehdən onun yanında saxlanılmış uşaq üçün 235 manat aliment tələb edir. Göründüyü kimi hazırkı iş üzrə tərəflər eynidir, iddianın predmeti və əsası da eynidir. Həmçinin bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi - Biləsuvar rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-33/2024 nömrəli qətnaməsi mövcuddur. Kollegiya həmçinin diqqətə çatdırır ki, iddiaçının bunda əvvəl 200 manat hazırkı iddia üzrə isə 235 manat tələb etməsi fərqli predmet və ya əsas kimi qiymətləndirilməməlidir. Yuxarıdakılara əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(022)-1532/2024 saylı qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 262.1, 262.5 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və vəkili X4 tərəfindən verilmiş birgə apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(022)-1532/2024 saylı qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar