Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-577/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borc məbləğinin tərəflər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə yaranmış borc məbləğinin tərəflər arasında bölünməsi, sübutetmə yükü) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borc məbləğinin tərəflər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3130/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə yaranmış və iddiaçı tərəfindən ödənilmiş 23.656.36 manat borca münasibətdə 11.828.18 manat pulun, mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 60 manat pulun və dövlət rüsumu kimi ödədiyi 170 manat pulun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov doğulmuşdur. Cavabdeh ilə 05 iyun 2005-ci ildə el adəti ilə toyu olmuş və onlar faktiki nikaha daxil olmuşlar. Birgə nikahdan onların 05 mart 2006-cı ildə Zəhra, 07 avqust 2007-ci ildə Elvin adlı iki uşaqları doğulmuşdur. Uşaqlar hal-hazırda iddiaçının himayəsində və yanında yaşayır. Cavabdeh ilə nikahını 29 mart 2006-cı ildə rəsmiləşdirmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2248/2021 saylı 25 avqust 2021- ci il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur. Lənkəran Rayon Qeydiyyat Şöbəsinin AZ-İ № 463301 saylı şəhadətnaməsi ilə 27 sentyabr 2021-ci il tarixdə nikahına xitam verilmişdir. Cavabdehla birgə nikahda olduğu dövrdə ailəyə sərf etməkdən ötrü onun adına olmaqla kredit götürmüşlər. Belə ki, cavabdehin təkidi ilə o, 02 fevral 2021-ci il tarixdə “GL’’ QSC ilə GL/0xx/xx/258276 saylı kredit (borc) müqaviləsi bağlayaraq 26350 manat kredit götürmüş və həmin pulu ailəsinin problemlərinin həll edilməsindən ötrü cavabdehə vermişdir. O, həmin pulu ailəsinin problemlərini həll etməkdən ötrü sərf etmişdir. Lakin həmin krediti iddiaçı tərəfindən həmin borc məbləği tam şəkildə ödənilmişdir. Sözü gedən kredit müqaviləsi üzrə verilmiş ödəniş cədvəlinə əsasən nikah pozulduqdan sonra cavabdehlə birgə nikah dövründə götürdüyü kreditin ödənilməsinin 23.656.36 manat hissəsi qalır. Cavabdeh həmin pulun ödənilməsindən ötrü ona heç bir köməklik göstərməmişdir. Həmin kredit borcunu özü ödəmişdir. Dəfələrlə şifahi müraciətinə baxmayaraq cavabdeh ona heç bir maddi yardım göstərməmişdir. O, da məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3130/2024 saylı qətnaməsi ilə (hakim M.Aslanov) İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 11.828.18 manat pul tutularaq iddiaçı X3 ödənilməsi və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 170 manat və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflər birgə nikahda olduğu dövrdə, yəni xx.xx.2021-ci il tarixdə GL/0xx/xx/258276 saylı kredit (borc) müqaviləsi bağlayaraq 26350 manat kredit götürmüş, bundan bir müddət sonra, yəni xx.xx.2021-ci il tarixdə tərəflər boşanmış və xx.xx.2021-ci il tarixdə tərəflər nikahın pozulması haqqında şəhadətnamə əldə etmişlər. Göründüyü kimi kredit müqaviləsi üzrə 26350 manat birgə nikah dövründə əldə edilmişdir. Hazırda isə tələb 23656.36 manata münasibətdə olmaqla həmin məbləğin yarısını, yəni 11.828.18 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qanunvericilik normalarına, habelə Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, 36.1, 36.3, 37.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 213.3, 214.1-ci maddələri “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 4, 4.7, 6.39-cu bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1 ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar 2020-ci ilin mart əvvəllərindən faktiki olaraq ayrılmışdırlar. Elə bu səbəbdən də iddiaçı “sabit pul məbləğində aliment tələbi” ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 2(008)-3017/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2020-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X2 verilməsi qət edilmişdir. İddiaçı həmin işə baxılarkən məhkəmə iclasında uşaqların onun himayəsində olduğunu və atasının uşaqları ilə maraqlanmadığını qeyd etmişdir. Yəni, burda heç də söhbət rəsmi olaraq uşaqların məhkəmə qərarı əsasında ananın himayəsində olmalarınan deyil, faktiki olaraq onun himayəsində olmasınan gedir. Nəticə etibarilə də, burdan aydın olur ki, iddiaçı həmin iddia ilə (aliment iddiası) məhkəməyə müraciət edərkən tərəflər faktiki olaraq ayrılmışlar. Bundan əlavə iddiaçı mübahisələndirilən qətnamənin çıxarılmasına əsas olan iddia ərizəsində təkrar-təkrar xx.xx.2021-ci il tarixdə nikahlarının pozulduğunu əsas gətirərək həmin tarixdən qabaq yəni, xx.xx.2021-ci il tarixdə sözügedən kredit məbləğini onun təkidi ilə götürdüyünü qeyd etməklə bir növ birgə nikah dövründə həmin öhdəliyin yaranmasını sübut etməyə çalışır. Lakin, iddiaçı onların faktiki olaraq 2020-ci ilin mart ayının əvvəllərində ayrıldıqlarını gizlətməklə və ya bunun fərqinə varmadan düşünmüşdür ki, bu kredit birgə nikah dövründə götürülüb. Həmin kredit məbləğindən onun xəbəri yoxdur və iddiaçının dediyi kimi onun təkidi ilə götürülməyib. Onlar faktiki ayrıldıqdan sonra iddiaçı həmin kredit məbləğini götürmüşdür. Yəni, iddiaçı həmin məbləğin məhz birgə nikah dövründə götürüldüyünü rəsmi olaraq məhkəmə qətnaməsinin çıxarıldığı tarix ilə ( nikahın pozulması barədə) əsaslandırsa da, faktiki olaraq ayrılma tarixini gizlətmiş və məhkəmədə həmin halı araşdırmamış və qətnaməsində iddiaçının əsaslandığı rəsmi ayrılma tarixini elə faktiki ayrılma tarixi kimi qəbul etməklə iddianı təmin etmişdir. Nə aliment tələbi ilə olan iş üzrə, nə nikahın pozulması tələbi ilə olan iş üzrə qəbul edilən qətnamələrlə onların faktiki ayrıldıqları tarix dəqiq göstərilməyib. Hər iki qətnaməyə nəzər saldıqda tərəflərin ailə münasibətləri zəminində faktiki olaraq ayrıldığı qeyd olunur. Hətta məsələyə belə yanaşdıqda yenə də, faktiki ayrıldıqları tarixin nikahın pozulması barədə qətnamənin tarixi ilə əlaqələndirmək yanlış olardı. Məhkəmə tərəflərin birgə nikahda olduğu dövrü xx.xx.2021-ci il tarixə kimi yəni, tərəflər arasında olan nikahın pozulması tarixinə kimi qəbul etmişdir ki, bu da qanunvericiliyin normalarına ziddir. Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ərarvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi qanunvericilik nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaratdığını qeyd etmişdir. Burda “nikah dövründə” anlayışı tərəflərin rəsmi olaraq nikaha daxil olduqları və rəsmi olaraq nikahın pozulması barədə qətnamənin çıxarıldığı aralığında olan dövrü deyil, faktiki olaraq nikah münasibətlərinə daxil olmaqla faktiki olaraq ayrıldığızaman kəsiyini əhatə edir. Bundan əlavə ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi (ər və arvad) kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Həmin kreditin hətta birgə nikah dövründə götürüldüyünü nəzərə alınsa belə yenə iddiaçı həmin məbləğin ailə ehtiyacları üçün sərf olunduğunu və ya həmin pulun ona verildiyi ilə bağlı məhkəməyə sübut təqdim etməmiş və məhkəmə də həmin halları sübut etməmişdir. Ona görə də Lənkəran Rayon Məhkəməsinin 2(049)-3130/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bildirir ki, onun sözügedən kreditdən heç bir məlumatı yoxdur. Qeyd edir ki, onların əvvəlcə iddiaçı ilə faktiki nikah münasibətləri pozulmuş, bundan sonra iddiaçı ona qarşı aliment tələbinə dair iddia qaldırmış, bundan sonra evdən çıxaraq əvvəlcə dostugildə, daha sonra qardaşıgildə yaşamağa başlamışdır. Sözügedən krediti iddiaçı münasibətləri faktiki pozulduqdan sonra öz ehtiyacları üçün götürmüşdür və həmin kreditin ona heç bir aidiyyəti yoxdur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Bildirir ki, tərəflərin nikahlarına 2021-ci il avqust ayında rəsmi qaydada xitam verilsə də, onların ailə münasibətləri faktiki olaraq daha əvvəldən pozulmuşdur. Belə ki, iddiaçı 2020-ci ildə cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sözügedən kredit müqaviləsi isə 2021ci ilin fevral ayında bağlanılmışdır. Nikahın pozulmasına dair çıxarılan məhkəmə qətnaməsində də əks olunmuşdur ki, kredit götürülən zaman tərəflər faktiki olaraq birlikdə yaşamamışdırlar. Cavabdehin həmin kreditdən heç bir məlumatı olmamış, həmin kredit ailənin ümumi ehtiyacları üçün götürülməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Bildirir ki, cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman cavabdeh evdə olmuşdur. Bankdan 26000 manat məbləğində kredit götürmüş və həmin məbləği evin alınması üçün cavabdehə təqdim etmişdir. Evin alqısatqısı baş tutmamışdır və bütün kredit ödənişlərini özü ödəmişdir. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır və apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il 23 iyul tarixli Qərarı; G.Həsənzadənin şikayəti üzrə Azərbaycan Respublikası 5 Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, cavabdeh Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3130/2024 saylı qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(049)-3130/2024 saylı qətnaməsini cavabdehin apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni cavabdeh tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı yanlış olaraq yuxarıda qeyd edildiyi kimi təmin etmişdir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3130/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia rədd olunmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi dəqiq göstərilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Tərəflər birgə nikahda olduğu dövrdə, yəni xx.xx.2021-ci il tarixdə iddiaçı GL/0xx/xx/258276 saylı kredit (borc) müqaviləsi bağlayaraq 26350 manat kredit götürmüş, bundan bir müddət sonra, yəni xx.xx.2021-ci il tarixdə tərəflər boşanmış və xx.xx.2021-ci il tarixdə tərəflər nikahın pozulması haqqında şəhadətnamə əldə etmişlər. Göründüyü kimi kredit müqaviləsi üzrə 26350 manat birgə nikah dövründə əldə edilmişdir. Hazırda isə tələb 23656.36 manata münasibətdə olmaqla həmin məbləğin yarısını, yəni 11.828.18 manat təşkil edir. Məhkəmə qanunvericilik normalarına, habelə Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, onlar 2020-ci ilin mart əvvəllərindən faktiki olaraq ayrılmışdırlar. Elə bu səbəbdən də iddiaçı “sabit pul məbləğində aliment tələbi” ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 2(008)-3017/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.İddiaçı həmin işə baxılarkən məhkəmə iclasında uşaqların onun himayəsində olduğunu və atasının uşaqları ilə maraqlanmadığını qeyd etmişdir. Yəni, burda heç də söhbət rəsmi olaraq uşaqların məhkəmə qərarı əsasında ananın himayəsində olmalarınan deyil, faktiki olaraq onun himayəsində olmasınan gedir. Nəticə etibarilə də, burdan aydın olmuşdur ki, iddiaçı həmin iddia ilə (aliment iddiası) məhkəməyə müraciət edərkən tərəflər faktiki olaraq ayrılmışlar. Bundan əlavə iddiaçı mübahisələndirilən qətnamənin çıxarılmasına əsas olan iddia ərizəsində təkrar-təkrar xx.xx.2021-ci il tarixdə nikahlarının pozulduğunu əsas gətirərək həmin tarixdən qabaq yəni, xx.xx.2021-ci il tarixdə sözügedən kredit məbləğini onun təkidi ilə götürdüyünü qeyd etməklə bir növ birgə nikah dövründə həmin öhdəliyin yaranmasını sübut etməyə çalışır. Lakin, iddiaçı onların faktiki olaraq 2020-ci ilin mart ayının əvvəllərində ayrıldıqlarını gizlətməklə və ya bunun fərqinə varmadan düşünmüşdür ki, bu kredit birgə nikah dövründə götürülüb. Həmin kredit məbləğindən onun xəbəri yoxdur və iddiaçının dediyi kimi onun təkidi ilə götürülməyib. Onlar faktiki ayrıldıqdan sonra iddiaçı həmin kredit məbləğini götürmüşdür. Yəni, iddiaçı həmin məbləğin məhz birgə nikah dövründə götürüldüyünü rəsmi olaraq məhkəmə qətnaməsinin çıxarıldığı tarix ilə ( nikahın pozulması barədə) əsaslandırsa da, faktiki olaraq ayrılma tarixini gizlətmiş və məhkəmədə həmin halı araşdırmamış və qətnaməsində iddiaçının əsaslandığı rəsmi ayrılma tarixini elə faktiki ayrılma tarixi kimi qəbul etməklə iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə səhvə yol vermişdir. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsi nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı iddiasının təmin edilməsi üçün özü tərəfindən kredit müqaviləsi üzrə götürmüş olduğu pul məbləğini cavabdehə verməsi və ailə məsrəfləri üçün istifadə edildiyinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarında aşağıdakılar qeyd edilmişdir; Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmışdır. İddiaçı məhkəmə iclasında həmin məbləğin cavabdehə verildiyini bildirmiş və həmin məbləğin ailə məsrəfləri üçün istifadə edildiyini qeyd etmişdir. Ancaq iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının cavabdehlə faktiki ailə münasibətlərinə son qoyulduğu dövrdə ailə məsrəfləri üçün istifadə edilmək məqsədilə kredit götürməsi ağlabatan deyildir. İş materialları və tərəflərin izahatları ilə müəyən edilmişdir ki, tərəflərin faktiki ailə münasibətlərinə 2020-ci ildə son qoyulmuşdur. İşin bu halı eyni zamanda iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-3017/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə də təsdiq olunur. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3017/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X1 iddiası təmin edilmiş, xx.xx.2020-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə tərkibinin qənaətinə görə işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarındakı müddəaları, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 23 iyul tarixli Qərarında sərgilədiyi hüquqi mövqeyə uyğun araşdırma aparmamış, Ailə qanunvericiliyinin normasını, eyni zamanda yuxarıda qeyd edilən qərarların müddəalarını mübahisəyə düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3130/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3130/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-577/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-577/2025
13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver